QƏRBDƏ elədir, BİZDƏ belədir

Fikirlər Xatirələr

Qərbdə belə bir məsəl var: “Əgər sən ağıllısansa, niyə varlı deyilsən?”

Eyni zamanda onlarda başqa bir adətə də ciddi əməl edirlər. Varlılar fərasətli övladlarına var-dövlətlərini, əmlaklarını, işlərini tapşırırlar. Bivec övladı da atmırlar, onun adına çıxartmaq ixtiyarı verilmədən bankda hesab açdırıb pul qoyurlar ki, faizini alıb yaşasın, heç kimə möhtac olmasın.

Bunlar qərbdədi. Biz isə Şərq adət-ənənələri ilə yaşayırıq. Müdriklər, filosoflar, istedadlar həmişə ehtiyac içində qovrulublar. Qədimdən belə olub, indi də belədir, bu gedişlə çox güman ki, gələcəkdə də belə olacaq. Əgər biz təfəkkürümüzdə inqilab edib dəyişməriksə…

 

Bizim müdriklərdən biri ailəsi ilə Göy-göldə öz malikanəsində istirahət edirmiş. İstirahət və malikanə yeniyetmə qızının çox xoşuna gəlib. Atasına deyib, nə xoş ki, buralar bizimdir. Müdrik dərhal qızına cavab verib: “Yox, qızım. Buralar da hər yer kimi Tanrıya məxsusdur. İndi, sadəcə, dövran bizimdir!”

Azərbaycan sovet buxovundan qurtulandan üzübəri müstəqil medianın inkişafına büdcədən külli miqdarda pul ayrılır. Di gəl ki, pul ayrılan sahə yerində çabalayır, həmin puldan bəhrələnməyən hissə isə cüzi irəliləyişlə olsa da inkişaf edir. Mətbuat və İnformasiya nazirliyi, Mətbuat Şurası, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Medianın İnkişaf Agentliyi kimi təsisatlar və neçə-neçə də törəmə qürumlar bütün bu illər ərzində yalnız dövlət büdcəsindən ayrılan pulları yan-yön eləməklə məşğuldur. Doğrusu, heç kim bunların işinin təftişini doğru-dürüst aparmayıb. Yalnız yuxarıda anlaşılmazlıq yarananda kimsə gücü çatdığı başqasını sıradan çıxardıb. Vəzifədə olanlar kürsülərini itirib. Hətta, çox böyük yeyinti ilə birini həbsə də atıblar. Di gəl ki, vəziyyət düzələnə oxşamır. Dövlət büdcəsindən maliyyələşən qəzet redaktorlarının bəziləri adi məqalə yazmağı bacarmırlar, şəxsi təsərrüfatlarını idarə edirlərmiş kimi davranırlar.

Görəsən, onları hansı göstəricilərinə görə vəzifəyə təyin ediblər? Bax, əsl sual budur! Məqalələr yazmaq, araşdırmalar aparmaq, siyasi-analitik şərhlər vermək bir yana, normalda yoxlasan tərcümeyi-halını yaza bilməyəni redaktor vəzifəsinə təyin edəndə necə olmalıdır? Nə qədər sadəlövh olmalıyıq ki, bu cür yanaşma ilə medianın inkişafını gözləyək?

Qərbdə nə varsa, bizdə ondan da güclü deyimlər var. Dədələrimiz “Əmzikli quzudan qoç olmaz”, deyiblər. Üzrlü sayın, başqa cür müqayisə apara bilmədim.

 

Əli BƏY AZƏRİ, yazıçı, “XƏZAN” jurnalının baş redaktoru