Eyvaz Zeynalov – beş illik zəhmətin bəhrəsi

Xəbərlər

Xəbər verdiyimiz kimi, yazıçının tariximizin uzun bir dövrünü əhatə edən romanı nəşr olunub.

Müəllif deyir: “Nadir şah” romanım, nəhayət, “Qanun” nəşriyyatında yayın evinin öz hesabına işıq üzü gördü. Say hesabı ilə 6-cı, həcminə görə (568 səhifə) ən iri romanımdı…” Şahbaz Xuduoğluna, əməyi keçən hər kəsə təşəkkür edirəm! Bu, “Qanun”da çap olunmuş 4-cü kitabımdı.

 

“Nadir şah”ın üzərində fasilələrlə, təxminən, beş ildən artıq işləmişəm. Çalışmışam Nadir haqqındakı bu vaxtacan çap olunmuş romanlardan tarixiliyi ilə daha da fərqlənsin. Nadir şahın həyatını, sərkərdə kimi yetişməsini, fəthlərini daha dolğun təsvir etmək üçün Rusiya, Osmanlı, Moğol imperiyalarında baş verən əlaqəli hadisələri xüsusi seçmişəm. Onun dinə, təriqətlərə münasibəti çox ziddiyyətlidir. Son nəfəsinəcən sünni-şiə ayrıntısına qarşı mübarizə aparmış, dini islahatlar həyata keçirmiş, elə onun da qurbanı olmuşdur.

Nadir şah düşmənlərinə qarşı nə qədər amansızdısa, yeri gələndə, bir o qədər də rəhmli, ədalətliydi. Düşmənlərini belə bağışlamağı bacarırdı. Aldığı ölkələrdə yerli əhali ilə yumşaq davranır, onların rəğbətini qazanırdı.

Bunu da deyim ki, tarixə sadiqliklə bərabər, romandakı bəzi hadisələr təxəyyülümün məhsuludur.

Fürsətkən, Nadir şahla bağlı kitabları, materialları tapmaqda mənə kömək etmiş, məni bu romanı yazmağa ruhlandırmış dostlardan Mayis Əlizadə, alim, tərcüməçi Ömər Küçükmehmətoğlu (Türkiyə), tarix elmləri doktoru Nigar Gözəlova, Əlabbas, Aslan Quliyev, Zahid Xəlil, RYB-nin üzvü Xaliq Məmmədov (Krasnoyarsk), filologiya üzrə fəlsəfə doktoru Şəmsi Pənahoğlu, Təbrizli şair Elyar Polad, “Xəzan” dərgisinin redaktoru Əli bəy Azəri, filoloq Vaqif Əjdəroğlu və filologiya üzrə fəlsəfə doktoru Namaz Manafa təşəkkürümü bildirirəm!