YAP-ın nümayəndələri “Yedinaya Rossiya” partiyasının təşkil etdiyi beynəlxalq tədbirdə iştirak ediblər

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin və Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Mixail Zabelin və Azər Badamov “Yedinaya Rossiya” partiyasının təşkilatçılığı ilə ölkənin Kalininqrad şəhərində “XXI əsrdə həqiqi sülhün və etibarlı təhlükəsizliyin təmin edilməsi üçün müxtəlif siyasi sistemlərə malik dövlətlərin dinc yanaşı yaşaması prinsiplərinin əhəmiyyəti haqqında” mövzusunda keçirilən dəyirmi masada iştirak ediblər.

YAP-dan AZƏRTAC-a bildirilib ki, görkəmli mütəfəkkir İmmanuel Kantın anadan olmasının 300 illik yubileyinə həsr edilən və 12 ölkədən ictimai-siyasi xadimlərin qatıldıqları tədbiri giriş sözü ilə açan “Yedinaya Rossiya” partiyası Ali Şurası Bürosunun və Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü Andrey Klimov onun siyasi fəlsəfəsinin günümüz üçün əhəmiyyətindən bəhs edib. O, mütəfəkkirin öz əsərlərində irəli sürdüyü müxtəlif siyasi sistemlərə malik dövlətlərin dinc yanaşı yaşaması ideyasının dövlətlərin suverenliyi və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanmaqla XXI əsrdə də aktuallıq kəsb etdiyini bildirib.

YAP İdarə Heyətinin üzvü Mixail Zabelin çıxışında bildirib ki, yeni dünya nizamı müxtəlif siyasi, sosial quruluşlara malik dövlətlərin suveren bərabərhüquqluluğu və dinc yanaşı mövcudluğu prinsiplərinə əsaslanmalıdır. Onun sözlərinə görə, xalqların əsrlərdən bəri formalaşmış ənənələrinin, milli dəyərlərinin və sosial strukturunun təhlükə qarşısında qoyulması, etnik, dini, siyasi müstəvilərdə nəzərəçarpan ayırıcı xətlər dövlətlərin sabitliyinə mənfi təsir göstərir. M.Zabelin Bakıda bu ilin martında Azərbaycanda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın və “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayıb. O, dünya miqyasında nüfuzlu ictimai-siyasi xadimlərin, ekspertlərin iştirakı ilə qlobal xarakterli məsələlərin müzakirə edildiyi belə tədbirlərin Azərbaycana olan etimaddan xəbər verdiyini söyləyib.

M.Zabelin deyib ki, ərazi bütövlüyünü təmin edən Azərbaycan yeni reallıqlar yaradıb və hazırda regionda sülhün təmin olunmasına çox yaxınıq. Lakin bu vəziyyət Fransa da daxil olmaqla Qərbdə bəzi dairələri narahat edir və onlar Ermənistana təsir göstərərək sülhün bərqərar edilməsinə mane olmağa çalışırlar.

Deputat, həmçinin qeyd edib ki, multikulturalizm və tolerantlıq ənənələrinin dərin kök saldığı Azərbaycanda müxtəlif dini, etnik mənsubiyyətə malik insanların dinc birgəyaşayışı dövlət siyasətinin prioritetlərindəndir.

YAP İdarə Heyətinin üzvü Azər Badamov diqqətə çatdırıb ki, bu gün beynəlxalq hüquqa hörmət edilmir, qlobal qütbləşmə prosesi sürətlənir, suveren dövlətlərin daxili işlərinə müdaxilə adi hala çevrilib. Onun sözlərinə görə, Azərbaycan da belə ikili standartlarla üzləşib, torpaqlarımız 30 ilə yaxın müddətdə işğal altında olarkən beynəlxalq hüquqa məhəl qoyulmayıb, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalıb. Lakin ölkəmiz öz gücü ilə tarixi ədalətin bərpasına nail olub və məlum qətnamələrin icrasını təmin edib.

A.Badamov bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək bütün ərazilərində suverenliyini tam bərpa etməsi ilə barışmaq istəməyən bəzi Qərb dövlətləri, o cümlədən Fransa ölkəmizə təzyiqlər göstərməyə çalışır.

Tədbir iştirakçıları İ.Kantın məzarını ziyarət edib, Kalininqrad şəhərinin müxtəlif tarixi abidələri və mədəni obyektləri ilə tanış olublar.