“Xalq yazıçısı Çingiz Abdullayev” adlı kitab sərgisi

Xəbərlər

Xalq yazıçısı Çingiz Abdullayevin doğum günü ilə əlaqədar Milli Kitabxanada “Xalq yazıçısı Çingiz Abdullayev” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə müəllifin əsərləri, redaktor, rəyçi olduğu, “Ön söz” yazdığı, həyat və yaradıcılığı haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Azərbaycanın məşhur yazarı, detektiv janrın ustası, əsərləri təkcə ölkəmizdə deyil, bütün dünyada tanınan Xalq yazıçısı Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Yazıçının ilk böyük əsəri “Mavi mələklər” romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Sonralar trilogiya “Əclafların qanunu”, “Əclafların əqidəsi” və “Əclafların vicdanı” nəşr olunub.

Çingiz Abdullayev ümumi tirajı 30 milyon nüsxə olan 200-dən çox kitabın müəllifidir. Onun əsərləri dünyanın hər yerində bütün yaş təbəqələrindən olan oxucular tərəfindən maraqla qarşılanır. Kitabları dünyanın bir çox ölkələrində, Almaniyada, İrlandiyada, Fransada, Rusiyada və s. kütləvi tirajla buraxılıb, 32 dilə tərcümə olunaraq nəşr olunub.

Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə “Azərbaycanın Xalq yazıçısı” fəxri adı və “Şöhrət” ordeni ilə təltif olunub, həmçinin dünyanın bir çox nüfuzlu beynəlxalq mükafatlarına və medallarına, çox sayda ədəbi mükafatlara layiq görülüb.