YADİGAR SIRQALAR (hekayə) FİRAVAN MAHİR

Ədəbiyyat

 

Məzahir yenə də balaca həyətində işləyirdi. Heç kəs onu nə vaxtsa işsiz, yəni, gəlib yatan vəziyyətini demək olar ki, xatırlamırdı. Həyatın min bir sınağından çıxmış bu kişi övladlarına da zəhməti sevdirməyə çalışır, bağyanı sahədə işlərkən oğlunu, qızını da yanında götürərdi. Ən gözəl keçirdiyi vaxtlardan biri övladlarıyla bir yerdə keçirdiyi anlar idi. Hər zaman övladlarının, xüsusən də qızlarının nazıyla oynayan Məzahir onlar üçün mahnı oxuyar, oyun oynayar, dərslərilə məşğul olar, hətta gecələri nağıl da uydurub danışardı.

Bu axşam da yorğun-arğın, bitkin gələn atanı qızlar əməlli-başlı yormuşdular. Böyük qızın şıltaqlıqları bitmir, yenə də deyirdi.

-Ata, Bakıya nə vaxt gedirsən?

-Bu ay da göndərəcəklər, ay qızım. Yenə könlünə nə düşüb?

-Ay ata, bu dəfə dəqiq alacaqsansa deyəcəm, yoxsa yox.

-Nə imiş görəsən, hər dəfə bir şey tapırsan.

-Mən tapmaqla deyil ki, sən yenə də gedib öz bildiyini alırsan .

-Bir az insaflı danış, ay bala, mən aldıqlarım sənə daha çox yaraşır. İnsan özünə yaraşanı geyinər. Səni də məndən çox sevən olmaz, bunu bil.

Qızının saçlarını oxşayan ata sakitcə “Qaragöz boy-boy” mahnısını dodağının altında zümzümə edirdi. Mətbəxdən gələn səs mahnını bölür.

-Ay Məzahir, bu balaca qız yenə saçlarını daramağa qoymadı. Sən allah, çağır onun saçlarını dara.

-Yaxşı, yaxşı, ay xanım. Gəl görüm bura, Laloçka. – deyə o balaca qızını səsləyir.

Adını Lalə qoysa da o həmişə ona “Laloçka” deyə müraciət edərdi. Qapqara gözləri olan Lalə atasının yanına gəlib dizinin üstündə oturur, böyük qıza göz-qaş edir ki, darağı gətirsin. Ata-bala başlayırlar söhbətə:

-Bu nədi əlində?

-Kuklamdı. Baax, nə qəşəngdi…

-Düzdü qəşəngdi, amma mənim Laloçkamdan yox, çünki onun saçları dolaşıb, gəl darayaq.

-Hə, ata, darayaq.

Ata-qız kuklanı darayırlar. Sonra ata bir kuklaya, bir də Laloçkaya baxıb deyir:

-Gəl sənin də saçlarını darayaq. Axı sən də qəşəng olmalısan. Sonra deyərlər ki, kuklası Laloçkadan qəşəngdi.

Laloçka razılaşır. Məzahir özündən əmin şəkildə ehmalca mahni zümzümə edərək qızının saçlarını darayır. Balaca qız sevincək ona oxunan mahnının sədaları altında kuklasını oxşayır.

Ay uzun saç, qara göz,

Ağıllı qızım mənim.

Gəl əlifba oxuyaq,

sən şagird ol, mən məllim.

-EE yox, ata, mənəm məllim.

-Yaxşı, qızım. Hə, indi olar, çünki saçların məllim saçına oxşadı.

Anası mətbəxdən boylanıb səsləndi:

-Bəh, bəh, nə qəşəngdi mənim qızım.

Uşaqlarla oynayıb həm özlərini, həm də uşaqları yorduqdan sonra uşaqlar yatmağa yollanır. Qəribə sakitlik çökür evə. Məzahir danışmaq istəmir, kefi pozulmuş halda söykənib mütəkkəyə yerdən ayaqlarını uzadıb oturur. Dərin fikrə gedir. Gah dodağının altında zümzümə edir, gah da sakitcə bir nöqtəyə zillənib qalır.

-Yenə fikrə getdin, ay kişi? Nolub? – Xanım əlində çayları gətirirdi.

-Heç. Bu gün də maaşları vurmadılar, heç bilmirəm necə olacaq. O qədər ağır vəziyyətdə olan işçilər var ki, adam üzlərinə baxa bilmir. Yenə gələn həftə gedəcəm, görək bizə pul ayırırlar.

-Özgələrin dərdi səni birtəhər elədi, bir az da özünü fikirləş. Mudir sən deyilsən ki, hər işə də səni göndərirlər. Vallah, sən olmayanda uşaqlara baxa bilmirəm. Mənim sözümə baxmıllar.

Xanım nə fikirləşdisə, qaşlarını çatdı, elə bil ərinin bayaqkı sözləri indi ona çatırdı.

-Bəs bu gün maaş olmadı, ay Məzahir, sabah neyniyəcəm? Dayım qızları deyib ki, sizə gələcəyik. Mən də onların qabağına sup bişirib qoymaycam haa?

Məzahir gözlərini yerə dikmiş əli ilə xalçanın üstündəki qırıntılı sapları dartmağa başlamşdıı artıq, bilirdi ki, verəcək cavab tapmır. Bu onun çarəsiz, köməksiz anlarında başını qatacağı ən sadə və primitiv məşğuliyyət  idi. Bundan ötrü bəzən danlanırdı da ki, xalça təmizdi, nə axtarırsan o xalçada. Amma neynəməli? Sakit və rəvan xasiyyətdə olan bu insan başqalarına əsəbini tökməkdənsə, acığını xalçadan çıxırdı.

-Əslində bir şey demək istəyirəm. – deyə xanımı dilləndi. – Atamgilin böyük qıza aldığı qızıl sırqalar var, onsuz da qırılıb, bəlkə onu sataq. Baxma da qızıldı, əməlli pul edər, sabah qonaqları da yola salaram, bir müddət də dolanarıq, nə deyirsən?

-Nə deyim, vallah, axı yadigardı. Bir də ki, onu sənin atan alıb, özü də Moskvadan.

-Düzdü, amma neyniyək, heç gəlməyən qonaqlardı, bizi də yaxşı adam kimi tanıyırlar, deməzlər ki, getdik üzümüzə yaxşı baxmadılar?

-Vallah, məsləhət sənindi, amma səhər icazəsini qızından al, sonra. Qızızmız nə desə, onu da edərik.

Bunu da belə yoluna qoyan ev sahibləri çaylarını içib gedib yatırlar.

Səhər tezdən masa başında hamı yığılanda ana başlayır söhbətə:

-Bu gün bizə qonaq gələcək. Heç kim oyuncaqlarını, kitablarını ortalığa tökməsin. Qızlar həyəti sahmana salarsız.

-Nə də olsa, bizə iş var. Qonaq sizi görməyə gəlir. Evə baxmayacaq ki?

-Bəsdi dəə, ay qızım, nə deyirəm, onu da edin. Bir də ki, sənə işimiz düşüb. Bu qonaqların gəlməyi səndən asılıdı.

– Ay amaaan , yeməkləri də mən bişirəcəm? Hər halda özünüzü biabır eləmək istəməzsiz.

Bu zaman ata övladların başını öpərək masadan qalxdı və oğlunu da özüylə apardı həyətə.

Ana qırtdana-qırtdana sözə başladı:

-Qızım, bilirsən ki, atan nə qədər vaxtdı maaş almır və bu gün qonaqlar gəlir. Ata çıxışdıra bilmədi, ona gorə də mən səndən xəbərsiz ona dedim ki, sənin baba alan qızıl sırqalarını sataq, onsuz da qırılıb, taxmırsan, ata da çox fikir etməmiş olar. Bilmirəm, düz elədim, ya səhv, amma düşündüm ki, sən də atanın fikir çəkməsini istəməzsən. O sırqalar yadigardi, bilirik, amma ata sənə vaxt gələr, daha gözəlini alar.

-Ana, sən gördüyüm ən qayğıkeş qadınsan, niyə mənim atam onun-bunun yanında utanmalıdı. Əgər belə qərara almısızsa, mən də razı, amma məni çox işlətməzsən. – deyib gülüb qaçdı həyətə.

Ana gedib məxmər boğçada saxladığı yadigar sırqaları götürüb gətirib həyətdə özü üçün bir məşğuliyyət tapan ərinə verdi. Sırqaları alarkən Məzahir nə hiss etdiyini deyə bilmədi, çünki bazara getmək vaxtı idi, yoxsa qonaqlar gələnə çox şey çatmazdı.

Qonaqlar gəldi, masalar açıldı, hamı şən, mehriban söhbətlər etdi. Evin abu-havası tamam dəyişdi, çünki ev yiyələrinin üzü gülürdü. Atasını, anasını şən görən uşaqlar da mehribancasına oynayırdılar. Bu gün onların yaddaşında xoş anlarla yadda qalacaqdı.

Axşam düşdü, qonaqlar da evlərinə getdilər. Gedərkən çox minnətdarlıq etdilər.

Ailə bir araya yığıldı. Atanın ağzından bu kəlmələr sükutu pozdu:

-Əllərin dərd görməsin, ay ceyran.

Böyük qız bu kəlimələri gözləyirmiş kimi yerindən sıçrayıb atasının boynuna sarıldı. Bu sarılma gündəlik sarılma sayılmırdı. Bilinmirdi kim kimə minnətdarliq edirdi. Ata qızına onları çətin vəziyyətdə çaş-baş qoymadığı üçün, qız isə atasına və anasına gözəl həyat dərsi üçün sarılmlışdı. O, ailəsindən insanın hisslərinin, qürurunun, izzətinin ən gözəl zinət olduğunu, başqalarına qoyulan hörmətin əslində özünə qoyulan hörmət olduğunu öyrənmişdi. Bu duyğunu, bu düşüncəni o heç yerdə, heç bir pedaqoqdan ala bilməyəcəkdi. Bunun üçün o, atasına minnətdar olmalıydı.