Mirzə Əlil – Könlümə qar yağar, qırov tökülər…

Ədəbiyyat

Süleymanın xatirəsinə

 

Bir əsr ötdü, qardaş —

Gör haçandır  sən gedən!

Elə çoxalıb ki, yaş,

Düzü, utanıram mən…

 

Getmirəm daha yurda,

Məmə köçüb gedəndən.

Kənd hələ yadımdadır,

Unudulubdur Vətən.

 

Avtovağzala çatıb,
Avtobusdan düşərkən,

Məni qarşılasaydın,

Gələrdim yenə bəlkə.

 

Orda məni axtarır

Bəlkə ölüm mələyi,

Kimsə qalmayıb axı,

Yerimi bilib deyə.

 

Düşüb qarabaqara,
İzimə, gəlsə əgər,

Süleyman olan yerə,
Deyərəm məni göndər…

 

SABİR ƏLƏKBƏROVUN ÖLÜMÜNƏ

Niyə doğuluruq, niyə ölürük? –

Bilmirik mənası həyatın nədir.

Gah ilahi nemət, gah da ağır yük,

Sevinclə gün gəlir, ağrı tək gedir.

 

 

Mənası varsa da, o, sirdir ancaq,
Bilən yaradandır o sirri təkcə.

Tanrı tək əlçatmaz, Tantı tək uzaq,

Nə qədər düşünək, axtaraq necə.

 

 

Həyatda sevinc var, həyatda dərd var,
Sevir, sevilirik, aldanırıq da.

Sevən, qayğımıza qalan adamlar –

Gedəndə düşünək qalanları da.

 

 

Bilmirik mənası nədir həyatın,
Bizə açan deyil sirrini Tanrı.

Özün nə elədin, nəsə yaratdın –

Tək bunun mənası, qiyməti vardır.

 

 

Məna axtaraydın kaş bir əlli il,
Qolunun gücündən  yer-göy əsərdi.

Faciə yaratdı fəqət əllərin,
Mənasız. Dərdinsə anana bəsdir.

 

Ev

 

Bozarıb, qaralıb rəngin,

Doğma ev, yas içindəsən.

Köç eləyib yiyələrin,
Allah evisən indi sən…

 

Sabah toyundur…

 

Könlümə qar yağar, qırov tökülər,

Sabah öz taxtına çıxar qış yenə.

Sabah bir boyverməz hasar çəkilər,

Görüş yerinə.

 

Bilmirəm neyləyim ürəyimlə də,

Tar-kaman səsindən diksinib qorxur.

Yəqin inciyəcək sabah bu vədə —

Axı toyundur!

 

Hicran bir ürəkdə od qalayacaq,

Axacaq bir qəlbə sevinc sel kimi.

Bir ağ rəngli maşın tapdalayacaq,

Son ümidimi.

 

Qızlar “aparmağa gəlmişik” desə,

Cavanlar qol açıb girsə meydana,

Məhəl qoymayacaq kimsə bu səsə:

“Deyin, hayana?”

 

Maşın karvanını saxlayıb bir-bir,

Nəmər istəyənlər olacaq sabah.

Bəs mənim könlümün istəyi nədir?-

Bilmirəm, vallah.

 

Sənin aprdığın bir aləm cehiz,

Qüssədir, ağrıdır mənə qalanlar.

Sevgimdən qəlbində qalıbsa bir iz –

Onu da qaytar!

 

Nə oğul böyütdüm, nə ağac əkdim

 

Nə oğul böyütdüm, nə ağac əkdim,

Zəhmətə qatılıb tikmədim ev də.

Yad ağaclar altda, qərib ölkədə,

Təkliyi və yüngül həyatı sevdim.

 

 

Hərdən uşaq vaxtı Kür qırağında,

Adımı qum üstə yazıb baxardım.

Gilavar ya Xəzri kükrəyən anda,

Su qalxar, adım da yoxa çıxardı.

 

Uşaq həvəsləri qaldı arxada,

Adımı quma da yazmıram daha.

Haçansa hardasa kölgə axtaran,

Bəlkə yada salar məni, qınar da.