Mirze Sakit – şeirlər

Ədəbiyyat

UNUTMA

Bir axşam gələrsən həmənki yerə,

Görərsən ot basıb ayaq izlərin.

Baxıb həyətimdə solğun güllərə,

Yağmurlu bulud tək dolar gözlərin.

 

Sənin öz ətrindi gül bağındakı,

Sığal çək güllərə, güllər oyansın.

Ağlasan da barı elə ağla ki,

Gözünün yaşıyla güllər sulansın.

 

Sənə gülüm deyib o qədər yazdım,

Gülə qısqanardın, güllər solmasa.

Sənin göz yaşını arzulamazdım,

Solub susuz qalan güllər olmasa.

 

Sən orda qariban, mən burda qərib,

Becər güllərimi – Güllərim xəstə.

Sonra da o güldən bir dəstə dərib,

Gətirib qoyarsan qəbrimin üstə…

 

SƏNİ GÖRMƏK İSTƏYİRƏM

Səni görmək istəyirəm,

heç olmasa bir anlığa.

Dağ dumanın həsrətindən

yamacların yolan kimi,

sısqa cocuq

anasının sinəsini

qanan kimi,

pərvanələr şam başına

fırlanaraq

yanan kimi.

 

Səni görmək istəyirəm,

lap uzaqdan

yerişini izləyərək,

baxışımı gizləyərək,

tünd görünməz pərdə kimi,

qızmar günəş altındakı

səhradakı kölgə kimi.

 

Səni görmək istəyirəm,

su deyərək,

gecə-gündüz

qaysaqlanan dodaqlarım

su axtaran çeşmə kimi,

yüz illərlə

azadlığın carcısı tək

azadlığa təşnə kimi

qucaqlayam, öpəm səni

gözlərimə təpəm səni,

saçlarını çiçək edib,

sinəm üstə səpəm səni.

 

Səni görmək istəyirəm,

bahar vaxtı dərələrdən

axan sel tək,

kol dibində boynu bükük

bənövşəni siğallayan

sərin yel tek,

öz vaxtına hökm oxuyan

fəsil kimi,

dalğalari arzulayan

sahil kimi.

Səni görmək istəyirəm,

dumanlıqda azıb qalan

aydınlığa yol axtaran səyyah kimi,

bəndəsini dürüst gəzən

Allah kimi.

 

Can sirdaşım, xoş xəyallım,

sözü ballım, üzü xallım!

Səni görmək istəyirəm,

səni görmək istəyirəm…

 

DƏRVİŞƏM

O dünyamı bu dünyamda görmüşəm,

Vidalaşıb çıxıb gedən dərvişəm.

 

Gözləyirəm qədd-qamətim əyilsin,

Əcəl yetsin, son sözlərim deyilsin.

Dəmir əsa, dəmir çarıq yeyilsin,

Deyəm bəsdi, öz ömrümü sürmüşəm.

Vidalaşıb çıxıb gedən dərvişəm.

 

Məktub gəldi, öpüb aldım töhfəmi,

Varağladım bəxt yazılan səhfəmi.

Vətənimdə becərdiyim meyvəmi,

Qürbət eldə qorxa-qorxa dərmişəm,

Vidalaşıb çıxıb gedən dərvişəm.

 

Arzularım buxovlanan əsirdi,

Var-dövlətim altımdakı həsirdi.

Baş açmıram bu nə qovğa nə sirdi,

O həsiri öz arzumla hörmüşəm

Vidalaşıb çıxıb gedən dərvişəm.

 

Ana mehri möcüzədən əlamət,

Ata qəhri varlığıma zəmanət

Tanrı sehri ömür verdi əmanət,

Mən də onu sevdiyimə vermişəm.

Vidalaşıb çıxıb gedən dərvişəm.

 

Ruh Mirzədə, Mirzə ölüb bədəndə,

Bədən məndə, ruhum qalıb vətəndə.

Kaş görəydim bu dünyadan gedəndə,

Yar yaylığın ruhum ustə sərmişəm,

Vidalaşıb çıxıb gedən dərvişəm…