Məhərrəm Anar – şeirlər

Ədəbiyyat

BİLSƏM

Yelkənsiz qayığam, qəm dəryasında,

Bu qədər üzməzdim dərinə, bilsəm.

Görərdin kim idim, kimə dönmüşəm,

Bir dəfə gözünə görünə bilsəm…

 

Mən ki, incimədim taledən, baxtdan,

Gözüm yollardadır, elə o vaxtdan,

Tay taqət də gedib əldən-ayaxdan,

Axtarıb gəzərdim, sürünə bilsəm…

 

Məhərrəm, sağalmaz ümidsiz xəstə,

Loğmanlar düzülə, dəstə-bə-dəstə,

Əbədi uyardım, qolların üstə,

İsti nəfəsinə, bürünə bilsəm…

 

NƏ LAZIM

Tanrı şahididir nökərin, bəyin

Xəlvətdə gizlənib, pusun, nə lazım.

Köçənin dalınca ya rəhmət deyin,

Ya heç nə deməyin, susun, nə lazım.

 

Rəhmandan al Cəbrayılın qoxusun,

Ərşə çəksin eşq, əhlinin yuxusun,

Oxuyan da, Elnarətək oxusun,

Necə gəldi oxumasın, nə lazım.

 

Uzaq dolan eli, dostu satandan,

Mərd oğulu, namərdlərə qatandan,

Ata olmaz, övladını atandan,

Lənət deyib, daşa basın, nə lazım.

 

Əbədi deyildi nə bülbül, nə gül,

Dostların qədrini, sağlığında bil,

İtirəndən sonra, əlli il, yüz il –

Gündə ağla, saxla yasın, nə lazım.

 

Məhərrəm, qəlbində bir Allah olsun,

Nə haqsızlıq olsun, nə günah olsun,

Bir kəs, qürbət eldə gedib şah olsun,

Unudarsa el-obasın , nə lazım…

 

 

QAYIT GƏI

Qayıt, inanıram mərhəmətinə,

Nə olub, yaddaşdan silib atanam.

Sənsiz, sevincimdə su qiymətinə,

Gecə – gündüz, dərd – qəm alıb, satanam.

 

Talehimlə barışsamda, nəhayət,

Sənsiz,  mənə nəyə gərək bu həyat?

Elə sevdim, Leyli – Məcnun qaldı mat,

Sevmədim ki, saf eşqimdən utanam.

 

Səni düşünürəm hər gecə, hər gün,

Eşqim əsir düşdü, özüm də sürgün,

Fikrin, yuxumu da salıb didərgin,

İlan vuran yatar, çətin yatanam…

 

Xəyallarda gəldim – getdim, elə mən,

Sənsiz ömrü , xırdaladım belə mən,

Ümidlərlə yaşıyıram hələ mən,

Bir yol görsəm, min arzuma çatanam.

 

Məhərrəm, hələ ki, gəzirəm sağam,

Bəzən az qalıb ki, leysan tək yağam,

Desəm də: – “Mən səni unudacağam”,

İnanma, mən sənsiz itib – batanam…