Elxan Məcnunov

Ədəbiyyat

Ana eşqi sönməz olur

 

Ocağımda sönməz közüm,

Cismindəki canım mənim.

Bir əvəzi tapılmayan,

Ağbirçəyim, Anam mənim.

 

Üzündəki qırışların,

Həyat çəkən bir naxışdır.

Xəyallara dalmağınsa

Keçmişinə bir baxışdır.

 

Sıx bağrına möhkəm-möhkəm,

Laylayınla yatır məni.

Ya istəsən hərdən danla,

Ya sevginə batır məni.

 

Düşünmə ki, böyümüşəm,

Oğlun olub böyük kişi.

Səndən ötrü mən körpəyəm,

Bil, haqlasam da yetmişi.

 

Ehtiyac var, hər an sənə,

Laylasına, sığalına.

Gecə-gündüz doymaq olmur,

Baxdıqca nur camalına.

 

Həyat doğma, həyat əziz,

Həyat şirindir səninlə.

Daim firavan yaşanır,

Varlığınla, nəfəsinlə.

 

Çox əfsuslar zaman ötür,

Köçüb gedən dönməz olur.

Cismən bizdən ayrılsa da,

Ana eşqi sönməz olur,

Ana eşqi sönməz olur.

 

Həkim var olsun

 

Gecəsin gündüzə qatan hər zaman,

Andına vəfalı həkim var olsun.

Xəstəyə doğmatək yaxın, canyanan,

Qəlbi xoş əhvallı həkim var olsun.

 

Ah desən, ahına can ilə qaçan,

Gecəni zəng etsən, zəngini açan,

Ümidsiz xəstəyə ümüd, nur saçan,

Əlləri şəfalı həkim var olsun.

 

Qoymayan halını pərişan ola,

Qoymayan ölümü qaşına qona.

Qoymayan həyatı vuraraq sona,

Ölümə yox deyən həkim var olsun.

 

 

Şəhid ailəsi

 

Azad vətənimin hər vətəndaşı,

Sizə minnətdardır, şəhid ailəsi.

Mavi göy Xəzəri, torpağı, daşı,

Sizə minnətdardır, şəhid ailəsi.

 

Üzlərdə qürurlu, dolu baxışlar,

Sevinc göz yaşları, vaxtsız naxışlar,

Şəhidlər şəninə olan alqışlar,

Sizə minnətdardır, şəhid ailəsi.

 

Uca Tanrımıza açılan əllər,

İnsanın köksünə sıxılan güllər,

Şəhidlər ölməzdir, – söyləyən dillər,

Sizə minnətdardır, şəhid ailəsi.

 

Qürurla yaşayın, gəzin həyatda,

Qüssəni Zəfərlə əzin həyatda,

Bu zalım, özündən razı həyat da,

Sizə minnətdardır, şəhid ailəsi,

Sizə minnətdardır, şəhid ailəsi.

 

Tövsiyə

 

Neylərəm öləndə mərmər baş daşı,

Qədrimi sağ ikən bilginən, oğul.

İsrafı daşlara etməzdən əvvəl,

Dəyəri ölməmiş verginən, oğul!

 

Qınama, özünü bir parça daşla,

Hər şeyi ölçüb biç ağılla, başla.

Xatırla atanı qəlbində yaşla,

Qərq olma, gözünün yaşına, oğul!

 

Diləyən rəhmətin, etdiyin duan,

Çıxacaq həyatda bir gün qarşına.

Doğum-ölüm günü, bir də adımı,

Yazarsan sadə bir məzar daşına.

 

Hərdənbir özünə əziyyət etsən,

Ailəni məzarım üstə gətirsən,

Halallıq verərək imdada yetsən,

Dönərəm, ruhumla başına, oğul,

Dönərəm, ruhumla başına, oğul.

 

Darıxmışam, ata

 

Salam, əziz ata, hər vaxtın xeyir,

Məzarın üstünə gəlmişəm yenə.

İstədim yad edim, bir daha səni,

Doğmalar salamı yetirim sənə.

 

Necədir əhvalın, kefin necədir,

Bu soyuq, qaranlıq, ensiz məzarda?

İxtiyar olsaydı əlimdə əgər,

Qoymazdım səni tək, mənsiz məzarda.

 

Yaman darıxmışam səninçün, ata,

Sənsizlik çox üzür qəlbimdə məni.

Əfsuslar, cisminlə yoxsan yanımda,

İstərdim, qoxunla bir doyam səni.

 

Bilirəm, biz bir də görüşmərik heç,

Baxmaram, gözümlə bir də gözünə.

Nə olar, ruhunla qucaqla məni,

Qoy, isti nəfəsin dəysin üzümə.

 

Altmış altıca yaş sürüb ömrünü,

Vəfasız həyatla tez vidalaşdın.

Bəs niyə mənimlə – son beşiyinlə,

Mən səndən doymamış əlvidalaşdın?

Mən səndən doymamış əlvidalaşdın?

 

 

Nə var ki

 

İllər boyu qazanılan isməti,

Bir qırpımda itirməyə nə var ki.

Düz-çörəyi, haqq-salamı, imanı,

Bir söz ilə bitirməyə nə var ki?

 

Danılmazdır, haqq-nahaqla vururlar,

Düzə tələ əyri əllə qururlar.

Qan damardan məlhəm əvəz sorurlar,

Zəli olub yaşamağa nə var ki?

 

Canımdişdə, üzüm gülər gəzirəm,

Öz çəkimlə, öz pəncəmi əzirəm.

Pəncəm mənə, mən həyata dözürəm,

Dözməyə sağ canım olsa nə var ki?

 

Haqqı sanıb haqsız öndə ölürəm,

Mərdi zərrə, namərdi çox görürəm.

Bir mərdimə mincə namərd bölürəm,

Mərdin sayı min bir olsa nə var ki?

 

İnsan ölür, ölmür onun əməli,

Dolmaq bilməz, imansızın bəd əli.

Hər kəs əgər olsaydı Şeyx, ya Əli,

Bu dünyada yaşamağa nə var ki?