E. Zeynalovun “Nadir şah” romanını oxuyarkən – Xaliq Məmmədov

Xaliq Məmmədov

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” kitabı axır ki, işıq üzü gördü. Niyə “axır ki” ifadəsi işlətdim – çünki qocaman yazıçı Allahın bəxş etdiyi ömür payının beş ildən çoxunu bu romanı yazıb ərsəyə gətirmək üçün sərf etdi. Mən öz fikrimi deyəcəm: beş ildən artıq vaxtı bir roman yolunda qoymaq yalnız klassik ruhda yazan, əsil ədəbiyyat məktəbi keçmiş yazıçılara məxsusdur.

Bu əsərə “xərclənən” illər özü, yazıçının öz əsərinə necə yanaşmağına, faktları dəqiqləşdirmək, hadisələri olduğu kimi öz tarixi boyaqları ilə birlikdə oxucuya çatdırmaq arzusunun şahididir.

Nadir şah kimi tarixi şəxs barədə əsər yazmaq asan iş ola bilməz, hətta, təcrübəli qələm sahibi üçün də! Əgər, min illər tarixi olan dünya yazılı ədəbiyyatında haqqında ən çox yazılan, anılan on nəfər sərkərdə varsa, Nadir şah onların sırasındadır və birincilərdəndir. Belə bir tarixi şəxs barədə böyük həcmli əsər yazmaq üçün təkcə yazıçı olmaq azdır, burada həm tarixşünaslıq, həm də şərqşünaslıq elmlərinə də baş vurmalısan. E. Zeynalov bu işlərin ohdəsindən bacarıqla gəlib.

“Nadir şah” romanı bədii ədəbiyyat nümunəsi olmaqla yanaşı, həm də tarixi əsərdir. Roman əsrlərlə birlik təşkil edərək, eyni siyasi-iqtisadi yolla getmiş iki bölgənin – Azərbaycanın və İranın az qala yüz əlli illik tarixini əhatə edir. Burada Şah Süleyman və oğlu Sultan Hüseyn zamanında dövlətin düşdüyü acınacaqlı vəziyyətdən tutmuş, Nadirin hakimiyyətə gələrək, zəmanəsinin ən böyük dövlətini yaratdığı illər təsvir olunur.

Bir neçə əsr boyu tarixi səlnamələrdə xalqımızın, türk mənşəli sərkərdələrin aparıcı qüvvə olduğu dövlətlər “İran dövləti”, “Fars dövləti” kimi qələmə verilmişdir. Bu hal tarixi həqiqətdir.  Tarixin özünü yaratmış böyük sərkərdələrin keçdikləri yollara, yaratdıqları qüdrətli dövlətlərə həsr olunmuş araşdırmalarda bu sərkərdələrin türk mənşəliliyinə, azəri türklərinin bu imperiyalarda aparıcı qüvvə olduqlarına aid bir qayda olaraq, çox cüzi məlumatlar verilib, ya da ki, tam heç nə yazılmayıb. Bunun da iki əsas səbəbi olub. Birinci səbəb, ərəblərdən tutmuş farsına, avropalısına kimi hamısında türkə qarşı sönmək bilməyən rəqabət, paxıllıq, düşmənçilik mövqeyi, ikinci səbəb isə, öz tariximizə qarşı özümüzün göstərdiyimiz biganəlik olmuşdur.

Şah İsmayıl, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar kimi böyük sərkərdələrin həyatları, onların dövlətçilik siyasətləri, böyük imperiyalar yaratmaq yolunda apardığları müharibələr barədə tariхi məlumatları biz ya fars, ya rus, ya da Avropa mənbələrindən almışıq. Ən yaxşı halda mənbəmiz osmanlı türklərinin yazdıqları olmuşdur. Tarix elə gətirmişdir ki, yuxarıda sadlanan mənbələr-ölkələr özləri yüz illərlə ölkəmizə düşmən mövqedə dayanmışlar. Təbii ki, onlardan heç biri qabaqlarına əsil tarixi həqiqəti yazmaq, baş verənləri olduğu kimi qələmə almaq məqsədi qoya bilməzdilər. Bu tarixi səlnamələr, bu xalqların (dövlətlərin) ölkəmizə və tariximizə olan şəxsi münasibətləri kontekstindən yazılmışdır.

Bu nöqteyi-nəzərdən Eyvaz Zeynalovun “Nadir şah” tarixi romanı ölkəmizin tarixinin daha dərindən araşdırılmasında atılan yeni addımlardan biridir.

Nadir şahın apardığı siyasəti araşdırmaq, yetərincə qiymət vermək günü-bu gün də çətindir, ziddiyətlidir. Onun adı ilə bağlı ən çox sorğulanan suallardan biri, o dövrdə müsəlmançılıq – məzhəb, sünni-şiə qarşıdurmaları və bu qarşıdurmalarla bağlı şahın hansı addımları atdığı ilə əlaqədardır. Nadir şahın dini baxışları ilə bağlı fikir ayrılıqları çoxdur.

Romanda Nadir şahın dinə öz şəxsi münasibətinin dövlət idarəçiliyində dinə söykənmək prinsipləri arasında, əksər suallarda ziddiyyətlər təşkil etdiyi, üst-üstə düşməyən yanaşmalar olduğu çox açıq şəkildə təsvir olunur. Burada görürük ki, Nadir təklikdə, yaxınları, qohum-əqrəbası yanında dünyəvi baxışların sahibidir. Taxt-tacın, özünün yaratdığı dövlətin mənafeyini qoruyan qayda-qanunlar şah üçün həmişə birincidir. Amma rəiyyət qarşısında, idarəçilik, əmim-amanlıq xatirinə şah, şiə məzhəbinə qulluq edən əsl mömindir, şiə məzhəbinə böyük hörmət, sədaqət bəsləyir. Bununla yanaşı, Nadirin İmam Cəfər Sadiq məzhəbini qəbul etməsi, şiə-sünni ixtilaflarına son qoymaq arzusu tarixi bir faktdır. Bu addımı bir siyasi uzaqgörənlik kimi də qəbul etmək olar, siyasi qazanc kimi də. Necə qəbul edilməsindən asılı olmayaraq son həqiqət budur: şah nə edibsə, dövləti möhkəmləndirmək, ixtilaflara son qoymaq naminə edib, yaxud, etməyə çalışıb. İki məzhəbin bişləşdirilməsi dövlətdə ictimai-siyasi dəyişikliklərə başlama startına yol verməli idi. Nadir, xarici siyasət aləmində də, ilk növbədə, osmanlılarla qarşdurmanın əsas səbəbini şiə-sünni çəkişmələrinin mövcudluğunda görürdü. O, osmanlılarla sülh müqaviləsi bağlamaq məqsədi ilə Sultana yazdığı beş şərtin üçünü eyni məzhəbə gəlmək yollarına həsr etmişdi. “1. Cəfəri məzhəbi sünniliyin beşinci məzhəbi kimi tanınmalı; 2. Kəbədə dörd sünni məzhəbinin mehrabı yanında Cəfəri məzhəbi üçün beşinci ibadət yeri (rükn) olmalı; 3. Ölkə zəvvarlarının həcc əmiri ilə digərləri kimi rəftar edilməli; 4. Əsirlər qaytarılmalı; 5. İki dövlətin paytaxtında daimi səfirlik təsis olunmalıdır.”

Əfsuslar, romandan göründüyü kimi, bu birləşmənin həyata keçməsi üçün lazım olan şərtlər yox dərəcəsində idi. İki məzhəb arasında birlik və əmin-amanlığa nail olmaq yolunda Nadir tərəfindən edilən cəhdlər sadə əhalinin, ən başlıcası isə, din-ruhani rəhbərliyinin və bəy-xan zümrəsinin  kor düşüncə tərzləri qarşısında aciz qaldı. Müasir oxucu “Nadir şahı”ı oxuduqca təəssüf hissiylə yenilikləri anlamağa əqli-fərasəti çatmayan kütləni, başda molla-qazi, varlı elita olmaqla, islhata dəstək ola bilməyən qüvvələri görür.

Nəticədə şahın istəyi, istək olaraq qaldı. Şiə-sünni ixtilafı aradan qaldırılsaydı, birlik təşkil edə bilsəydi, bu birlikdən xeyirlənən bütün islam dünyası, bizim üçünsə ən başlıcası, iki türk ölkəsi – osmanlılar və Azərbaycan olacaqdı, əsrlərlə davam edən qarşıdurmaya son qoyulmağa əsas yaranacaqdı.

Əsər ilk səhifəsindən sona qədər dayanmadan dəyişən, gah üzü zirvəyə, gah da, ildırım kimi uçurumlara tuşlanan hadisələrdən ibarətdir. Romanda ədəbi boyaqlarla təsvir olunan xoronoloji qaydada ingişaf edən bu hadisələrin əksəriyyəti tarixi faktlardır, beş ildən çox müddətdə yazıçının üstündə “tər töküb” araşdırdığı çoxsaylı arxiv sənədlərinə əsaslanmışdır. Təvazökarlıqan uzaq da olsa, qeyd edim ki, bu arxivlərin araşdırılmasında, daha dəqiq desəm, Nadirin Rusiya ilə bağlı siyasətinə dair dövrü araşdırarkən, Tambov, Peterburq, Krasnozrsk arxivlərində mən də müəyyən qədər çalışmışam.

Sadə bir ailədə anadan olmuş və ancaq öz gücü və bacarığı sahəsində özünə yol açmağa çalışan Nadirin həyatı olduqca maraqlı boyalarla təsvir olunur. Qarşısına qoyduğu məqsədə çatmaq qətiyyəti, misli görünməyən cəsarəti Nadiri şah taxtına sahib edir. Romanda Nadir səxavət və rəhmdillik nümayiş etdirməyi bacaran fatehdir.  Amma, məqsədi uğrunda qəddarlıq etməkdən də çəkinmir. Səbrlidir, amma, haradasa səbr kasasına qılınc vurur, amansızlıq edir. Tarixə qılıncı ilə adını yazmış fatehin amansızlıq “bacarığı” axırda onu fəlakətə gətirir. Oğlu Rzaqulunun gözlərini çıxartdırır, elə bununla da özünün məhvini qaçılmaz edir.

“– Sən mənim deyil, Avşar ölkəsinin gözlərini kor etdin. Ehtiyatlı ol, öz başını əldən vermə.” – Atasının əmri ilə gözləri çıxarılmış şahzadə Rzaqulunun bu sözləri, Nadir şaha onun özünü gözləyən fəlakətin lap yaxın olduğuna ilk işarə idi.

***

Nadir şahın dini islahatlarla bağlı planı tam həyata keçməsə də, öz dövrü üçün olduqca mütərəqqi sayıla biləcək cəsarətli addımları atmaqda davam edirdi. Romanın “Nadir şah Qəzvində” bölməsində, şahın iki məzhəbi uyğunlaşdırmaq məqsədi ilə verdiyi fərmanlar barədə qeydlərə diqqət verək: “…Quranın I surəsi Fatihə və Allahü-əkbər təkbirindən sonra oxunan dua vəli nemət adlandırılan imam Mehdiyə, olmayana deyil, var olana oxunmalıydı. Amma “xudavənd, şahımızı əbədi qoru” sözlərini, Quranda olmasa da, azana artırılmış “Əliyyən vəliyullah” (Əli rəhbər, himayəçi) əlavəsini ləğv etdi. “Əlinin buna ehtiyacı yoxdu, – dedi, – ancaq məzhəblər arasında ayrı-seçkilik salır. Himayədar tək Allahdı.”

Nadir şah, Məhərrəm ayında imam Hüseynə keçirilən təziyədarlığa qadağa qoydu. Mütəni (siğə, müvəqqəti nikah), üç rəşidi (əsl) xəlifənin (Əbu Bəkr, Ömər və Osmanın) lənətlə anılmasını yasaqladı. “Sasani imperiyasını dağıdan Ömərə türk niyə lənət oxumalıdı?”

Türklərdə təbiətin oyanması, canlanması kimi qəbul və bayram etdikləri Novruzu Səfəvilər xurafi bayrama çevirmişdilər. Novruzda əyanlardan saraya daş-qaş, zinət vermələrini tələb edirdilər.

Ölkənin işindən xəbəri olmayan Sultan Hüseynin sarayında “at oynadan”, “Dünya bu gündə yaranıb, Adəm bu gündə anadan olub, İbrahim bu gündə bütləri qırıb, Musa İsrail oğullarını bu gündə əsarətdən qurtarıb, Məhəmməd peyğəmbərliyə bu gündə yüksəlib, Mehdi bu gündə zühur edib Dəccalı Kufədə döyəcək…”- deyən tanınmış şiə müctəhidi Məclisinin şaha təkidlə qəbul etdirdiyi bir çox fərmanlar ləğv edildi. Nadir şah dini dövlət idarəçiliyindən ayırdı.

Razılaşaq ki, müsəlman dünyasında şiə-sünni hərc-mərcliyinə son qoymaq üçün bu hərəkət Nadirin hansı islahatçılıq arzuları ilə yaşadığına gözəl sübutdur.

***

Romanı oxuyarkən, ilk səhifələrdən hiss olunur ki, əsər  xalqı, Vətəni, tarixi ilə fəxr edən hər bir Azərbaycan türkünün  qəlbinə fəxr, qürur hissinin yüklənməsinə yönəlib. On illər Nadiri bizə qaniçən, qəddar, Azərbaycanın düşməni, “iran şahı” kimi qələmə vermişlər. Tariximiz yad təzyiqlər təsiri altında “qaramatlanıb”, onsuz da az saylı olan dünya ölçülü şəxslərimizdə yalnız “qara ştrixlərin” olması aşılanıb. Romanda isə biz hər obanın-şəhərin özbaşınalığına, pərənliyinə sədd çəkən, dövləti dünya miqyasında qüdrətlilər sırasına çıxaran, Azərbaycan torpağının yetişdirdiyi, qanı – qanımızdan, canı – canımızdan olan böyük  sərkərdə Nadiri görürük. Belə də olmalıdır. Bu mövqe əsl vətənpərvər yazıçı mövqeyidir. Bütün Asiyanı birləşdirən, az qala sərhədləri Avropaya gedib çatan dövlət yaratmış böyük fatehlə, azəri türkü olmuş cəsur sərkərdə ilə niyə fəxr etməyək?! Şimaldan Rusiyanın, cənubdan osmanlıların, şərqdən əfqanların fasiləsiz hücumlarının qarşına dəmir sədd çəkməyi bacaran sərkərdə zəif ola bilərdimi? Tariximizdə az olmayıb, mərkəzi hakimiyyətin zəifliyi. Bu zəifliyin nələrə, neçə “cırtan dövlətlərin” yaranmasına gətirib çıxarmağı yaddaşımızdan silinməməlidir.

Hansı xalqda var belə bir hal ki, tarixə belə səviyyədə iz qoymuş məşhur sərkərdə oğluna “qəddar”, “despot” nişanı vuraraq, yalnız xoşagəlməz hisslərlə xatırlansın?

Hakimiyyət uğrunda mübarizə bütün dövrlərdə aktual olub. Taxt-tacı əldə saxlamaq, yaxud ələ keçirmək üçün güc sahibləri hər cür cinayətə əl atıblar. Tarix belə nümunələrlə doludur. Eramızdan əvvəl 44-cü ildə Romada Qay Yuli Sezarın öldürülməsi, 1286-cı ildə Danimarka kralı Erik V, 1801 çevrilişi kimi də tanınan I Pavelin qətli…

Qədim və orta əsr dövlətlərində şahların, sultanların, kralların öz əcəli ilə ölməsi nadir hadisələr idi. Ona görə də, Nadir şahın hakimiyyəti qoruyub saxlamaq yolunda etdiyi qəddarlıqlar, sonda onun öldürülməsi o dövrün saraylarında mövcud olan ənənələrə tam uyğun şəkildə baş verdi.

Tarixdə belə hallar az deyil. Dövlət bütövlüyünü qoruyub saxlamaq xatirinə şahların, çarların etdikləri cinayətlər, Nadir şahın etdiklərindən heç də az olmayıb. Ən maraqlısı da budur ki, həmin tarixi şəxsiyyətlər günü bu gün də öz xalqının qəhrəmanı kimi yad edilir, dövlətçilik naminə atdıqları addımlar söylənilir.

Götürək, misal üçün zəmanəsinin böyük tarixi şəxslərindən sayılan rus imperatoru, l Pyotru.

Sankt-Peterburq – “sümüklər üzərində şəhər” kimi tarixi qeydlərə çox rast gəlmək olar. Çünki rus xalqının hörmətlə yad etdikləri həmin Pyotr l indiki Peterburq şəhərini inşa etdirərkən, ətraf ərazilərin kəndlilərini səfərbərliyə almış, bataqlıqlar üzərində, çox çətin şərautdə tikintidə işlətmişdir. O vaxtlar Danimarkanın rus çar sarayındakı nümayəndəsi Just Yul 1710-cu il üçün “Qeydlər”ində qeyd edir: ” Sankt-Peterburq qalasının tikintisi zamanı təkcə 1703-cü ilin yayı-payızında 60 min və 1703/04-ün qışında Kronshlotun tikintisi zamanı isə – 40 mindən çox adam öldü”, yəni bir ildə 100 mindən çox adam ölmüşdür. [Беспятых 1991, 49, 26-27, 104; Описание 1975, 205; Хавен 1997, 351].

5 iyul 1718-ci ildə Pyotr l oğlu Alekseyi xəyanətdə günahlandıraraq həbsxanada boğdurub, qətlə yetirmişdir. Bu gün Pyotru heç kim lənətləmir, rus dövlət quruculuğunda atdığı addımlara görə, əksinə, hörmət və fəxrlə yad edirlər.

Böyük fatehin adı ilə bağlı ən ağır qəddarlıqla hallanan əməllərindən biri, öz oğlu Rzaqulu xanın atasına qəsd etməkdə günahlandırılıb, gözlərinin çıxarılmasıdır. Bununla yanaşı, müəllifin tarixi roman olan “Nadir şah”ı yazarkən istifadə etdiyi çoxsaylı arxiv sənədlərinə nəzər salsaq, görərik ki, asudə həyat sevən Rzaqulunun şah taxtına sahib olmaq, dövrünün ən nəhəg dövlətinə şahlıq etmək istəyinin yalan olduğunu sübut edən heç bir əsas yoxdur. Demək olar ki, əksinə, məlum olan sənədlərdə, şahzadənin atasına düşmən olan qüvvələrin şaha qarşı qurduqları tordan xəbərdar olduğunun gerçəkliyinə dəlillər daha çoxdur.

Əldə qılınc, üzbəüz döyüş meydanında məğlub etməyə gücü çatmayan mənfur qüvvələr, cəsur sərkədəni yatağında qətlə yetirdilər. Bu qətlin nəticəsi isə böyük bir dövlətin çoxsaylı xanlığa-bəyliyə parçalanması oldu. Belə sonluğun kimlərə, hansı dövlətlərə xeyirli olduğunu isə sadalamağa ehtiyac yoxdur.

***

Romanı oxuduqca, bir halın şahidi oluruq: burada bədiiliklə yanaşı, hadisələrin xoroniki gedişi elə gözəl qələmə alınmışdır ki, istənilən oxucu əsəri akademik araşdırma kimi də qəbul edə bilər. Əhatəlik etibarı ilə belə genişlik əsəri Nadir şah barədə ortada olan əksər yazılardan fərqləndirir.

Roman hər bir oxucu üçün gözəl ədəbiyyat nümunəsidir.Tariximizlə maraqlanan şəxslər üçünsə həm bədii ədəbiyyat, həm tarixi hadisələr arxividir.