“Bloklanmamaq” qayğısı

Xaliq Məmmədov

Dünən bir yaxın dostun səhifəsi boş açılırdı. Məni bu sual çox maraqlandırdı. Ona görə də, bütün axşamı oturub feysin quruluşu, işləmə funksiyası, texniki yardımı ilə tanış oldum. Birinci, onu deyim ki, 21 ildir internetlə tanışam, bilmədiyim bir şey bildim: sən demə, xüsusi saytlar var ki, ver pulunu, istənilən səhifəni “ban” etdir. Ən azından, 80-100% qarantiya vəd edirlər!!! Xüsusi “kontorlar”da var ki, ziyanlı saydıqlari insanların səhifələrini blok etdirməyə çalışırlar.

Amma, Feys də kart kolodu deyil ki, istənilən kimi qarışdırasan. Texniki xidmət hökmən qarışır işə, tez-gec yoxlayır.

Ən başlıcası isə, Texniki Xidmətdən  “FEYS kimləri və nəyə görə, hansı müddətə blok edə bilər?”ə cavab aldım. Aşağıda cavabı çox dəyişmədən sadələşdirib yazıram, bəlkə, kiməsə lazım olar.

1) Kimləri müvəqqəti blok edə bilər FEYS:

a) Bir saat ərzində tez-tez hərəkət: 100-dən çox bəyənmə, 60 abunə olmaq/abunədən çıxma, 15 oxşar şərh;

b) gündə 12-dən çox nəşr;

c) IP və ya cihazın tez-tez dəyişdirilməsi;

k) daxil olmaq üçün istifadə etdiyiniz cihazda virus və ya zərərli proqram var;

i) qaydaların kiçik pozuntuları: yazı altında çoxlu hashtaglar (>30), hansısa məzmunu paylaşmağa çağırış və ya saxta bəhanələrlə bəyənilməyə çağırış.

2)Daimi qadağa aşağıdakılar üçün təyin edilir:

a)Feys qaydalarının ciddi şəkildə pozulması: saxta addan istifadə, yazdığınız fikirlərdə nifrətin (ədavətin) qızışdırılması, spam və s.;

b)çoxsaylı istifadəçi şikayətləri.

3)Bloklanmamaq üçün nə etməli:

Qaydalara əməl edin. Şərhlərdə düşməncəsinə danışmayın, işıq sürəti ilə lenti vərəqləməyin və az vaxtda çoxlu kütləvi layklar etməyin.

Facebook-un məqsədi istifadəçilərin hüquqlarını qorumaq və onları spamerlərdən, fırıldaqçılardan və digər vicdansız insanlardan qorumaqdır. Buna görə də, əksər hallarda istifadəçilər bloklamanın səbəblərini izah edən xəbərdarlıq alırlar. İstifadəçi şübhə yaradan kimi təsdiq üçün ona forma göndərilir.

P.S.Facebook dəstəyi ilə əlaqə saxlamaq üçün formanı mən çox almışam. Rusiyada İP ilə qeyd olunmuş səhifəmi Bakıda açanda, iki dəfə Feys məni şübhəli saymış, qadağa qoyduğu barədə xəbərdarlıq göndərmişdir. Həmin FORMA deyilən cədvəldə suallara cavab verən kimi, blokdan çıxartmışlar.

 

Təsadüfən və pis niyyəti olmadan qaydaları pozanların narahat olmasına ehtiyac yoxdur. Onların bloklanma ilə bağlı şikayətlərinə diqqətlə baxılır və tezcə də blokdan çıxarılır.

Əhəmiyyətli məqam: səhifəsi yalnız dostlar üçün açıq olan şəxsə qarşı qəsd etmək olduqca çətindir, nəinki, akkauntu açıq olanlara qarşı. Açıq olanlara hücum çox asandır, aşağıdakı yazım elə həmin açıq akkauntlarla əlaqədardır.

 

Bloklama ilə məşğul olanlar, adətən tək olmurlar. Ümumilikdə onlarla hər ölkədə, (şəhərdə) mütəxəssis “blokçu” var, gəlin onları “antimoderator” adlandıraq. Onlar əsasən müxalifətçilərin, məşhur adamların bloklanması barədə qərar qəbul edirlər. Bu “blokatorların” maliyyə və texniki resursları güclü olsa da, imkanları məhduddur. İstənilən hər kəsi bloklaya bilmirlər. Ona görə də hər hansı bloklamanın birinci mərhələsi bloklanacaq adamın seçilməsi və onun barəsində qərarın qəbul edilməsidir – onu bloklayırıq, ya yox.

Məhz bu mərhələ gözünüzün qabağında baş verir, kənardan zərərsiz görünür, ancaq bu anda siz bloklanmağa başladığınızı aşkar edə və bu maneənin qarşısını ala bilərsiniz. Necə olur?

 

Kənardan belə görünür: “Antimoderatorlardan” biri, onun nöqteyi-nəzərindən bloklanmalı olan bir yazı aşkar edərək bu yazının altına adi bir şərh qoyur. Bu, mütləq müəllif üçün nəzərdə tutulmuş yazının mahiyyətinə dair bir şərh olacaq, amma əslində – bu şərh sizin üçün deyil, digər “anti-moderatorlar” üçün nəzərdə tutulub. Bu antimoderatorlar (blokçular) bir-birilərini şəxsən tanımaya da bilərlər.

Onların şərti – şəxsi statistikalarında onlardan birinin sizə qarşı şərh yazdığını görən digər “anti-moderatorlar” linki izləyir, bu şərhi oxuyur (bu şərhdə təklif olunan bloklama motivi var, baxmayaraq ki, siz o motivi görmürsünüz), yazını oxuyur və şərhi bəyənərək fikir bildirir. Şərti işarə işə düşür: “bloklamağa dəyər – bəyəndim”.

Kənardan belə görünür ki, səhifənizə hansısa yad adam gəlib, şərh yazıb və tanımadığınız digər insanlar birdən sizə lazım olmayan bu şərhi bəyənməyə başlayıblar. Bəzən belə bir şərh yad adam tərəfindən deyil, izləyicilərinizdən və ya hətta, dostlarınızdan biri tərəfindən ola bilər. Adətən, belə məqsədyönlü işlər məşhur insanlara qarşı olur. Nə isə…

Sizi bloklamaq qərarına gəldilər.

Sizin yazınızla bağlı yad bir fikrə layklar yığılmağa başladı.

Qalan hər şey sadədir – bu şərh müəyyən sayda bəyənmə həddinə çatana qədər heç nə baş vermir. Blok üçün neçə səsin bəs edəcəyi asılıdır sizin mətnin dəyərindən. Lakin o yad şərhə verilən laykın həddi lazım olan nöqtəyə çatanda, səhifənizin bloklanması prosesi başlayır. Blok etməyin bir çox yolu var, bu, botlardan kütləvi şikayətlər də ola bilər, “antimoderatorlara” məxsus adi yolla göndərilən tək şikayətlər də ola bilər, lakin sizin üçün fərqi yoxdur, əgər proses başlasa, səhifəniz Feys tərəfindən bloklanacaq və siz müəyyən vaxt heç nə edə bilməyəcəksiniz.

Postunuzun altında sizə tamamilə tanış olmayan, lap tanış olsa da, şübhəli görünən

fikrə (şərh, kommentariy) çox aktiv şəkildə bəyənilmə getdisə, eyni xarakterli şərh yazıldısa, dərhal, gecikmədən, bütün bu simvolları və yazıları qadağan etməli və şərhi silməlisiniz. Bu ardıcıllıqla: əvvəlcə – qadağa, sonra – silmək. Qarışdırmayın, söhbət məqalənizə yazılan şübhəli şərhdən gedir!

 

Bir qayda olaraq, bu kifayət edir. Amma əgər sizi bloklamaq onlar üçün prinsipial əhəmiyyət kəsb edirsə, o zaman bu personajlardan biri qayıdıb digər akkauntdan (hər birinin çoxlu hesabı var) başqa şərh yazacaq və yenidən şərhlər toplamağa başlayacaq. Yenidən hər kəsə qadağa qoymalı və onları silməlisiniz. Bir məqaləyə şikayəti Feys iki mərhələ qəbul edir. Üçüncü cəhdi etməyə blokatorların şansı yoxdur.

Əgər məşhur və populyar bir insansınızsa, prinsipiallığa girmiş blokatorlarla mübarizə sizin üçün daha çətindir. “Antimoderatorlar” çox güman ki, sizin dostlarınız olacaq. Məqalələriniz altında şərh bölməsində hər zaman bir-birinin şərhlərini bəyənməkdən başqa heç nə etməyən dostlarınızdan ibarət kompakt bir qrup tapmaq olduqca çətindir, lakin müəyyən zəhmət ilə mümkündür.