Dəmirdəki Möcüzə – Elsevər Bəydəmirli yazır

Elsevər Bəydəmirli

Şüurlu insan – Homo sapiens – yaranandan, hər bir insanın zəkasını, düşüncəsini istiqamətləndirən iki paralel anlayış olmuşdur: Din (İnam) və Elm. Fərq etmir, hansı xalq hansı dinə inanır, hansı qüvvəyə sitayiş edir. Ümumi formanı və son nəticəni götürdükdə, bütün dinlərin bir istiqamətə yönəldiyini, insanlara oxşar çağırışlar etdiklərini görürük. İki idarəedici anlayışın digər yarısı olan elm də hamı üçün eyni məna daşıyır. Kim bu iki anlayışın hansını özü üçün aparıcı qüvvə sayır – hər fərdi şüurun özündən, seçdiyi yoldan asılıdır. Bir sovet kinosu var: “Avtomobildən qorun”. Orada, bir xristian ruhanisi deyir: “Dünya əhalisi iki hissəyə bölünür. Bir hissəsi inanır ki, din haqqın işidir. Digər yarısı isə inanır ki, din yalandır. Demək, hər iki tərəfin öz inamı var.”
Bu nöqteyi-nəzərdən, heç bir dəyişiklik etmədən, aşağıda bir məqaləni saytımız diqqətinizə çatdırır. Müəllifi gözəl (elmi) təhsil almış ziyalı, şair və iş sahibi Elsevər Bəydəmirlidir. Oxuyub-oxumamaq, fikir bildirmək (bildirməmək) hər kəsin öz işidir.

 

Dəmirdəki Möcüzə

 

Və özündə bir sərtlik ve insanlar üçün (müxtəlif) faydalar olan dəmiri də endirdik (Hədid Surəsi: 25)

 

Qurani-Kərimin sırasına görə 57-ci surəsi olan Hədid surəsinin bu 25-ci ayəsi səthi oxuyarkən sadə görünsə də elmi tərəfdən təhlil etdiyiniz zaman çox sirli bir ayə olduğu ortaya çıxır. İndi buyurun bu sirr pərdəsini bərabər çəkildə aralayıb arxasında gizlənən möcüzələr aləminə birlikdə səyahət edək:

1) Uca Allahın bəşəriyyətə verdiyi ən böyük nemətlərdən biri də şübhəsiz dəmirdir. Qurani-Kərimdə “dəmir” mənasında “Hədid” surəsinin olması onun əhəmiyyətinə işarə kimi dəyərləndirilə bilər. “Qızıl” mənasında “Zəhəp” və ya “Mis” mənasında “Nuhas” adlı surələrin olmaması dəmirin qızıldan, misdən vəya başqa metallardan daha qiymətli olmasına işarə kimidir. Çünki qızıl olmasa, həyat davam edərdi, amma dəmir olmasaydı, bəşər sivilizasiyasından danışmaq mümkün olmazdı. Çünki dəmir;

– Bəşəriyyətin bütün sənaye sahələrinin əsasını təşkil edir,

– Dünyanın inkişafı dəmirin istifadə sahələrinin və imkanlarının yayılması ilə baş vermişdir,

– İnsan gücünün özəyində duran əsas maddədir.

İnsan əli ilə hazırlanan əşyaların böyük əksəriyyəti birbaşa və ya dolayı şəkildə dəmirlə bağlıdır. Onunla evlər, zavodlar, fabriklər tikilir, yerüstü, yeraltı nəqliyyat vasitələri, dəniz və hava nəqliyyat vasitələri düzəldilir. İstifadə etdiyimiz ən xırda əşyadan tutun ta nəhəng metal konstruksiyalara qədər hamısında əsasən dəmir istifadə olunur. Yeyinti, səhiyyə, təhsil, hərbi və s. bütün sənaye sahələrində ən çox istifadə olunan element dəmirdir. Məşhur mikrobioloq Michael Denton “Nature’s Destiny” (Təbiətin Taleyi) adlı kitabında dəmirin əhəmiyyətini bu sözlərlə vurğulamışdır:

Bütün metallardan heç biri dəmirdən daha vacib deyil. Ulduzun nüvəsində dəmirin toplanması supernova partlayışına səbəb olur və həyat üçün lazım olan atomların bütün kainata yayılmasına şərait yaradır. Yerin nüvəsində dəmir atomlarının yaratdığı cazibə qüvvəsinin ilkin mərhələlərində yaratdığı istilik Yerin ilkin kimyəvi müxtəlifliyinə səbəb olmuş və atmosferin və son nəticədə hidrosferin əmələ gəlməsinə səbəb olmuşdur. Yerin mərkəzindəki ərimiş dəmir nəhəng bir maqnit rolunu oynayır və yerin maqnit sahəsini yaradır. Bu sahə sayəsində Yerin səthini yüksək enerjili dağıdıcı kosmik radiasiyadan qoruyan və həyati əhəmiyyət daşıyan ozon təbəqəsini kosmik şüaların məhvindən qoruyan Van Allen radiasiya kəmərləri əmələ gəlir.

Dəmir atomu olmasaydı, kainatda karbon əsaslı həyat mümkün olmazdı; Nə supernova, nə yerin erkən istiləşməsi, nə atmosfer, nə də hidrosfer. Qoruyucu maqnit sahəsi, Van Allen radiasiya kəmərləri, ozon təbəqəsi, hemoglobini əmələ gətirən metal (insan qanında), oksigenin reaktivliyini tənzimləyən metal və oksidləşməyə əsaslanan maddələr mübadiləsi olmayacaqdı.

Həyat və dəmir arasındakı bu sirli və yaxın əlaqə, qanın qırmızı rəngi və uzaq ulduzun ölümü metalların biologiya baxımından əhəmiyyətli olduğunu göstərməklə yanaşı, kainatın bioloji əhəmiyyətini də vurğulayır. (Michael J. Denton, Nature’s Destiny, The Free Press, 1998, s.198)

Bəli, Uca Allahın yuxarıdakı ayətdə buyurduğu kimi dəmirdə insanlıq üçün müxtəlif faydalar vardır.

2) Ayədə “İnsanlar üçün yerdən dəmir qazdıq” və ya “İnsanlar üçün yerdən dəmir çıxardıq”deyil, “Dəmiri biz endirdik” deyilməsi dəmirin yer planetinə kənardan gəldiyinə vəya kosmosdan endirildiyinə işarətdir. Dəmir elementinin yaranması ilə əlaqəli elmin gəldiyi qənaət də Quran-i kərimin bu möcuzəvi ayətini təsdiq edir. Belə ki, dəmirin əmələ gəlməsi üçün ulduzlarda gedən nüvə reaksiyalarında bir neçə yüz milyon °C temperatura ehtiyac vardır. Aydındır ki yerin belə bir temperaturu olması mümkün deyil. Günəşin xarici qatlarındakı istilik 6000 °C, mərkəzindəki istilik isə 15000-20000 °C intervalında olduğunu nəzərə alsaq, dəmirin günəşdə də əmələ gələ biləcəyi istilik yoxdur. Dəmir və bir çox ağır metallar ancaq Nova və Supernova adlandırılan nəhəng ulduzlarda əmələ gələbilər.

Bu nəhəng ulduzlarda gedən zəncirvari nüvə reaksiyalarının nəticəsində əmələ gələn dəmirin miqdarı get gedə artır və o həddə çatır ki ulduz bu yükü daşıya bilmir və nəhəng partlayış baş verir. Bu partlayışın nəticəsində yaranmış dəmir kütlələri ətrafa dağılır. Günəş sistemimizdə var olan minlərlə asteroidlərin və meteorların əsas maddəsinin dəmir olması da bunun ən bariz isbatıdır.

3) Ayrıca ayət-i kərimədə yalnız “dəmiri” deyil “dəmiri də” ifadəsi işlədilir. Bu isə təkcə dəmirin deyil başqa bir çox elementlərin də yerə kənardan endirildiyinə işarətdir.

Günü bu gün elmin gəldiyi son nöqtə də onu deyir ki dəmirlə bərabər dəmirdən daha ağır elementlər də məhz eyni qaydada kənarda yaranmış və partlama nəticəsində kainata o cümlədən günəş sisteminə səpələnmişdir. “Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu” və ya qısaca TÜBİTAK öz elmi yayımlarında bunu aşağıdakı kimi qeyd edir: Supernova partlayışı zamanı dəmirdən daha ağır elementlərin əmələ gəlməsi ilə nəticələnən neytron tutma reaksiyaları baş verir (bu birləşmə deyil). Bundan əlavə, supernovalar zamanı baş verən proton tutma prosesləri də dəmirdən daha ağır elementlərin əmələ gəlməsinə imkan verir. Bu proseslərin baş verməsi üçün ulduzların mərkəzindəkindən qat-qat yüksək temperatur lazımdır. (https://bilimgenc.tubitak.gov.tr/makale/elementler-nasil-olustu)

4) Dəmirdəki sirlər təkcə yuxarıdakılarla bitmir. Son dövr araşdırmalarında Quran-i Kərimdə dəmirlə əlaqəli çox maraqlı riyazi kodlamalar ortaya çıxır. Amma bu riyazi kodlamaları anlamaq üçün gəlin birinci Kimyaya aid bəzi biliklərimizi yeniləyək və dəmir elementinin Mendeleyev cədvəlindəki xarakteristikasına nəzər salaq.

Bildiyiniz kimi hər bir element özünəməxsus atomlardan təşkil olunub. Hər bir atomun isə mərkəzində müsbət yüklü nüvə, onun ətrafında isə fərqli spinlər üzrə hərəkət edən mənfi yüklü elektronlar və ya elekton buludu yer alır. Atomların nüvələrini isə iki zərrəcik- müsbət yüklü protonlar və adından məlum olduğu kimi elektrik yükü cəhətində neytral olan Neytronlar təşkil edir. Nüvədə var olan proton sayısı elementin növünü təyin edir və eyni zamanda elementin Mendeleyev cədvəlindəki sıra nömrəsini göstərir. Atomun kütləsini əsasən nüvəsinin təşkil etdiyinə görə nüvədəki proton və neytronların toplamına nisbi atom kütləsi vəya atom kütləsi (sadələşdirilmiş qaydada) deyilir. Eyni sayda proton, lakin fərqli sayda neytron olan atomlara həmin elementin izotopları deyilir.

İzotoplar kimyəvi cəhətdən eyni xassələrə malikdir, lakin onların bəzi fiziki xüsusiyyətləri (məsələn, kütlə) fərqlidir. İndi isə keçid alaq Dəmirə.

Dəmirin atom sıra nömrəsi, yəni protonların miqdarı 26-dır. Dəmirin təbiətdə təbii olaraq var olan 4 sabit izotopu (növü) vardır. Təbiətdə dəmirin 4 sabit izotopu atom kütlə vahidləri (proton və neytronların cəmi) 54, 56, 57 və 58 olan izotoplardır; onun 26 proton və 28 neytrondan ibarət atom kütləsi 54 (26+28=54) olan izotopu, 26 proton və 30 neytrondan ibarət atom kütləsi 56 (26+30=56) olan izotopu, 26 proton və 31 neytrondan ibarət atom kütləsi 57 (26+31=57) olan izotopu və nahayət onun 26 proton və 32 neytrondan ibarət atom kütləsi 58 (26+32=58) olan izotopu var. Bunu aşağıdakı cədvəldə sistemləşdirsək:

Izotop Kütləsi Proton Neytron
Fe – 54 54 26 28
Fe – 56 56 26 30
Fe – 57 57 26 31
Fe – 58 58 26 32

Bu qısa izahlardan sonra, gəlin yenə qayıdaq dəmirin Quran-i Kərimdəki sirlərinə.

Quranda dəmir mənasına gələn  “ƏL HƏDİD” sözü Ərəbcə yazılışı ilə 6 hərfdən ibarətdir , bu hərflər və onların əbcəd elminə görə rəqəm qarşılıqları sırası ilə aşağıdakı kimidir:

1- ƏLİF = 1

2- LƏM = 30

================ 1 + 30 = 31 = NEYTRON sayısı

3- HA = 8

4- DAL = 4

5- YƏƏ = 10

6- DAL = 4

=========== 8 + 4 + 10 + 4 = 26 = PROTON sayısı

TOPLAM === 31 + 26 = 57

ƏL HƏDİD = 57 = DƏMİRİN FE-57 İZOTOPUNUN NİSBİ ATOM KÜTLƏSİ

 

Maraqlı burasındadır ki Hədid surəsinin Quran-i Kərimdəki sırası da 57-dir və Fe-57 izotopunun nisbi atom çəkisi ilə eyni ədəd alınır.

İndi sual yarana bilər ki, burada dəmirin 4 təbii izotopundan məhz Fe-57 izotopuna diqqət çəkilməsinin hikməti nə ola bilər? Bunun bir neçə hikməti vardır;

  1. Məlumdur ki, dəmirin bu izotopu insan sağlamlığı üçün ən faydalı stabil izotoplardan biridir. Aşağı dozalarda daha təsirli olur. Dəmir çatışmazlığı üçün verilən dəmir dərmanlarında Fe-57 izotopuna üstünlük verilir.
  2. Dəmir 57 izotopuna işarə etməkdə möcüzəli bir şey var. “Əl Hədid” (الحديد) sözü ayənin 13-cü kəlməsidir. 13-cü söz və 26-cı ayə bizə dəmir 57 izotopunun nüvə spin nisbəti olan ½ nisbətini verir. Bu spin nisbəti (−1⁄2) olan yeganə izotopdur. (Şəkil 1)
  3. Dəmir 57 izotopu nüvə spin nisbəti (−​1⁄2) ilə dövri cədvəldə “Nüvə Maqnit Rezonansına” (NMR) ən az həssas atomlardan biridir
  4. Yuxarıdakı 4 təbii izotopun neytron sayılarına baxarsanız 3 izotopun neytron sayıları cüt, yalnız bu izotopun neytron sayı 31 və təkdir.

Bütün bu cəhətləri ilə Fe-57 izotopu digərlərindən fərqlidir. Yenə də hər şeyin doğrusunu Allah bilir.

Ayrıca yuxarıda verilən əbcəd hesabına görə Ərəbcədə müəyyənlik artikli olan “Əl”-i nəzərə almadan sadəcə “Hədid” sözünün rəqəm qarşılığı 26-dır. Bu isə dəmirin Mendeleyev cədvəlindəki sıra nömrəsi (26) ilə eynidir.

Eyni zamanda bəhs olunan bu 57-ci surədə Allah sözünün sayı da çox maraqlıdır. 57-ci surənin əvvəlindən başlayaraq dəmir kəlməsinin keçdiyi ayəyə qədər (ayə də daxil olmaqla) cəmi 26 dəfə Allah zikr edilmişdir. Yenə dəmirin Mendeleyev cədvəlindəki sıra nömrəsi (26) ilə eynidir.Yenə maraqlı bir məqam, dəmirin simvolu olan “Fe”-nin Ərəbcə qarşılığı sayılan “ف” hərfi bu surədə tamı tamına 56 dəfə keçir ki bu da dəmirin təbiətdə ən geniş yayılmış Fe-56 izotopunun nisbi atom kütləsinə uyğun gəlir. Bütün bu təhlillərdən sonra bu nəticəyə gəlmək olar ki, Quran-i Kərim bəzi materialist, ateist və deist düşüncəli insanların iddia elədiyi kimi bəşər kəlamı ola bilməz! Çünki hələ elmin inkişaf eləmədiyi 14 əsir bundan öncəki cahiliyyə dövründə yaşamış və ümmi (təhsilsiz) olan Hz. Məhəmməd bu elmə sahib ola bilməzdi, bu ancaq uca Allahın elminin əks olunduğu ilahi bir kəlamdır. Bu möcuzələr onu göstərir ki dəmirin sahibi kimdirsə, Quranın sahibi də odur!