MƏHƏMMƏD ƏLİ yazır…

Ədəbiyyat

Dedim

 

Yalanla yoxdur aram,

nə söylədim, düz dedim,

Çəkinmədən, birbaşa

Sözü gözə-göz, dedim.

 

Adillərdən dərs aldım,

Elmlərə meyil saldım.

Ömür keçdi, qocaldım,

vaxt ötdü nə tez, dedim.

 

Həyat sirli bir ümman,

dəyişir zaman-zaman.

Qopanda çovğun, tufan,

hünərin var, döz, dedim.

 

Mən bu yurdun oğluyam,

ona qəlbdən bağlıyam.

Hələ ki, varam, sağam,

yurdu dolan, gəz, dedim.

 

Başımda eşq sevdası,

bir aləmdir dünyası.

Nədir bunun mənası?

Könül, bunu, çöz, dedim.

 

Neçə sədləri aşdım,

Çaylartək axdım, coşdum.

Şer yazdım, nəğmə qoşdum.

Yaşar yenə, söz, dedim.

 

Durmuşam mətin-mətin

 

İllər ömrümü yeyir,

Ömrüm yetişir başa.

Qarlı son bahardayam,

Hazırlaşıram qışa.

 

Keçdiyim ömür yolu

Olmayıbdır çox asan.

Sərt sınaqlarda keçib

Həyatım zaman-zaman.

 

Yenə olmayıb mənim

Həyatdan şikayətim.

Tanrı verdiyi güclə

Dayanmışam mətin-mətin.

 

Düşmən xar olsun

 

Düşməndən azaddır Qarabağ,

Bu xəbər dünyaya car olsun.

Qoy dostlar sevinsin, şadlansın,

Düşmənlər qəhərdən xar olsun.

 

Bilər

 

Eşqdə yanıb kül olmaq nədir,

Eşqdə yanan pərvanə bilər.

Tanrı eşqin nə olduğunu

Hər yetən yox, mövlanə bilər.

 

Sevgi olsa qəlblərə hakim,

Onda olmaz nə küdurət, nə kin.

Qüdrətini saf məhəbbətin

Məcnun kimi divanə bilər.

 

Ay Məhəmməd, fanidir həyat,

Durma, gecə-gündüz yaz, yarat.

Səndən sonra bir iz, əlamət

Qalacaqsa, zamana bilər.

 

Dönüb

 

Rəbbim, yaratdığın əşrəti-insan

Haqq yolunu azıb, şeytana dönüb.

Gözləri kor olub, ağlı da çaşıb,

İnsanlıqdan çıxıb, nadana dönüb.

 

Hər yanda qırğınlar, müharibə, qan,

Titrədir göyləri qalxan ah-fəqan.

Sanki son ömrünü yaşayır cahan,

Dünya çalxalanır, virana dönüb.

 

Şah kürsüsündədir başı küt başlar,

Özünü ilahi sayır büt başlar.

Məclislər başında durub qaloşlar,

Üzü qara olsun, zamana dönüb.

31.01.2024

 

Qar yağır

 

Qar yağır

dünənimdən bu günümə,

yağır toy-düyünümə,

qar yağır.

Bürüyür ruhumu, canımı,

qar yağır.

Dondurur damarımda qanımı,

qar yağır.

Şaxta vurur,

süfrəmdə

daşdan çıxan çörəyimi dondurur,

köksümdə odu sökən ürəyimi.

Qar yağır.

Heç kəs məni görməyir, duymayır.

Yaddan çıxmışam, unudulmuşam,

Bilmirlər ki, yoxam, varam.

Olmuşam gözdən, könüldən uzaq.

Atılmış buz heykəl,

Cansız qar adam.

 

Qar yağır.

Baxıram pəncərədən çölə,

həyətdə uşaqlar gülə-gülə

atılıb-düşürlər,

qartopu oynayıb gülüşürlər.

Qar üstündə sürüşürlər.

Üzlərindəki sevincə,

fərəhə bax,

göyə ucalan gülüşə,

qəh-qəhə bax!

Gör, necə də şaddılar,

qəm-qüssədən azaddılar!

Yağdıqca qar

çıxardılar

yağan qarın dadını.

Yaşayırlar qəm-kədərdən uzaq

xoşbəxt uşaqlıq həyatını.

 

Qar yağır.

Kəndlinin evində

yanmasa da sobası,

yenə yaxşıdır

əhval-havası.

Gülüb üzündə çiçək açır arzusu,

gözlərində coşub çağlayır

yayda çaylarda axan su.

Görünür gözünə

yetişən barı, sərvəti; –

itməyən çəkdiyi zəhməti.

Aşıb-daşır süfrəsində çörəyi.

Duyduqca bunları

gülür üzü,

dağa dönür köksündə ürəyi.

 

Qar yağır.

Buz bağlayır yollar, küçələr.

Burdan yolçular yıxıla-dura keçirlər.

(daha təhlükəli olur gecələr)

Uzanır yollar boyunca tıxaclar,

bağlayır yolları yıxılan ağaclar.

Qar yağır.

Qırılır naqillər,

sönür işıqlar.

Kənd-obaları bürüyür

qara zülmət.

Bu zülmlər içində

vurnuxur,

çabalayır millət.

 

Qar yağır.

Necə yağır yağsın, heyhat,

yenə gözəldir həyat.

 

İçimdə şimşəklər çaxır

 

İçimdə şimşəklər çaxır,

İçimi yandırır, yaxır.

Bu halımı bir duyan yox,

Hamı durub yandan baxır.

22.12.2023

 

 

Bilmədim

 

Haqq yolunu tutdum mən,

Haqqa çata bilmədim.

Bu necə sirdir, buna

Cavab tapa bilmədim.

 

Yurd saldım, qurdum yuva,

Bu yolda çəkdim cəfa.

Gen qaldı məndən səfa

Əlini tuta bilmədim.

 

Hara baxdım, qəm gördüm

Zülmdədir aləm, gördüm.

Nə gördümsə, kəm gördüm

Bu nə qəda? Bilmədim.

 

Gecələr

(yuxuda)

 

Bəzən buludlu olur,

Bəzən də ayazlı, gecələr;

-Ay-ulduzlu gecələr.

Bəzən qəm-kədərli olur;

Susqun olur, lal olur.

Bəzən də

nəğməli, sözlü gecələr.

 

Anbaan dəyişir donunu

Dəyişdikcə zaman, gecələr.

Özünə əsir edibdir

Ömrümə sultan, xan gecələr,

Ömrümün sonuna çıxan gecələr.

 

Bəzən uzun olur, bəzən qısa,

Ömrümdən keçən gecələr.

Aparır özü ilə həyatımı,

Məndən qaçıb, itən gəcələr.

Unuda bilmirəm,

taleyimlə,

baxtımla olubdur tən gecələr,

Ömrümdən keçən gecələr.