Xoşbəxtəm ki, siz mənim müəllimim olmusunuz – Hüseyn İsaoğlu Məmmədov yazır

Bu yazını Məhərrəm müəllimə sadəcə bir təşəkkür borcu hesab edirəm…

Ədəbi münasibətlər şeirlə səsləşən məqamları ədəbiyyata uyğun proses kimi ehtiva edir. Biz dəfələrlə şeir kitabları haqqında fikir ifadə edərkən bu nüansa xüsusi diqqət yetirmişik. Əziz müəllimim, gözəl ziyalımız, Gədəbəy rayonunun Turşsu kəndində anadan olmuş Məhərrəm Həmzə oğlu Bağırovun şeirlərində də bu təzahürlər özünü aydın şəkildə göstərir…

Səmimi etiraf edim ki, mən hələ şagird olanda Məhərrəm müəllimin istedadına heyran qalmışdım. O, təkcə müəllim kimi yox, bir yaradıcı şair kimi də biz şagirdlərə həyatın nə olduğunu, cəmiyyətdə necə mövqe tuta bilməyi təqdir edir, dürüst yaşamağın yollarını başa salırdı. Mən şəxsən Məhərrəm müəllimin, onun timsalında bütün müəllimlərimin nəvazişi ilə həyatda mövqe və yol-istiqamət seçə bildim. Xoşbəxtəm ki, bu gün də Məhərrəm müəllimin şeirləri – «Ömürdən keçən günlər» kitabı barədə söz demək şansım var…

Məhərrəm Həmzəoğlunun «Ömürdən keçən günlər» kitabı 2020-ci ildə «Pergament» Yayım evi tərəfindən çap olunub.  Kitabda əziz müəllimimin müxtəlif mövzularda şeirləri yer alıb. Bu şeirlərdə yer-yurd, Vətən, el-oba, insanlıq və s. kimi nüanslar  xalq, dilində, ifadə olunub. Müəllif çalışıb ki, oxucu həyatla bağlı prosesləri  başa düşsün, ən əsası, nəticə çıxarsın. Bu işdə ona təkcə ədəbi istedadı yox, həm də müdrikliyi, yaxşı insanolması,  müəllim – pedaqoq olması kömək edib.

Məhərrəm Bağırov əsasən el şairidir. Onun qələmə aldığı şeirlər el şənliklərində, bütünlükdə, xalqın dilində səslənir, ağızdan-ağıza gəzir.

«Ömürdən keçən günlər» kitabında ən çox Vətən ruhlu şeirlər, vətənpərvərlik hisləri aşılayan poetik nümunələr toplanıb. Bu şeirlər oxucuda yurd sevgisini artırır, onlarda Vətən hissini daha da gücləndirir.

Bu baxımdan “Bəxtiyarsan Azərbaycan”şeiri diqqəti cəlb edir.

 

Sönməz odun-alovun var,

Şölə saçan bir çıraqsan.

Xalqımızın ümid yeri,

Haqq qapısı – sən o haqsan.

Hər tərəfin gül-çiçəkli,

Bəxtiyarsan, Azərbaycan!

*

Şair ” Heydər yolu ” şerində Ulu öndərin xalqa inamını, xilaskarlığını səmimi qəlblə etiraf edir.

 

Səmamıza günəş doğdu,

İşıq saçdı hər tərəfə.

İnsanlığı tez qurtardı

Məhkumluqdan necə dəfə.

Xalq inandı, xalq gördü ki,

Həqiqətdi Heydər yolu.

*

Vətən, keşiyini çəkirəm hər an,

Çəkilsin başından bu çən, bu duman,

Qəlbimdə, ruhumda daim çağlayan

Bu könlümün şən nəğməsi Vətəndir.

*

Bərli-bərəkətli Vətən torpağı,

Sevinclər içində aranı, dağı.

Zirvədədir Azərbaycan torpağı,

Ey azad xalq, bax bu günə, şükür de.

 

Nümunə kimi gətirdiyimiz bu parçalarda bir ibrət, bir nəsihət, bir ağsaqqal münasibəti var. «Həqiqətdi Heydər yolu» deyən şair bir daha fəxarətlə vurğulayır ki, «Zirvədədir Azərbaycan torpağı». Və bunu deməkdə haqlıdır. Çünki Azərbaycana əzəli-əbədi yüksəlişi, inkişafı məhz Heydər Əliyev siyasəti bəxş edib, nə xoş ki, bu gün də o dahi şəxsiyyətin layiqli varisi ölkə rəhbəri İlham Əliyev Heydər Əliyev siyasi xəttini uğurla davam etdirir.

Kitabdakı digər şeirlərdə də bu xarakterdə ədəbi nüanslar çoxluq təşkil edir. Bəzi nümunələr gətirək:

 

Bəxtin üzə gülməyəndə

Döyünməyin nə faydası?

Kiçilibsə el gözündə

Öyünməyin nə faydası?

*

Ömür kələflənib bir yumaq kimi,

Baharı ötürüb, qışa düşmüşəm.

Heç tapa bilmirəm güman yerimi,

Elə bil ən ağır işə düşmüşəm.

*

Ulu dünya çox genişdir,

Gəl qoşulma zaya, könül.

Gördüklərin ibrət dərsi,

Nə düşübsən küyə, könül?

*

Həyat gözəl, həyat şirin,

Düşüncə çox, məna dərin,

Uzaq olsa bu səfərim

Oba, elə gümanım var.

 

Bu şeirlər onu ehtiva edir ki, Məhərrəm Həmzəoğlu xeyirxahlığı heç vaxt unudulmayacaq bir insandır, onun həyat, tale, düşüncə, fikir, hətta ən adi məsələ haqda dedikləri birbaşa insanlığa, xeyirxah ənənələrə əsaslanır. Yuxarıdakı nümunələrdə də bu ədəbi zəminlər aşkar görünür. Bu şeir parçalarında da, eynən, bir ibrət, bir nəsihətvermə, bir haqqa çağırış və s. özünü qabarıq şəkildə göstərir. Oxucu müəllifin yaşını nəzərə alıb onun dediklərinə daha çox inanır, yazdıqlarından daha çox nəticə çıxarır. Yaşı 85 olan qocaman müəllimin, vicdanlı, əxlaqlı bir insanın, nəhayətdə, bir el şairinin dedikləri əlbəttə, bir nəsihətdir.

Məhərrəm Həmzəoğlunun «Ömürdən keçən günlər» kitabını oxuduqca belə qənaətə gəlmək olur ki, xatirələr yaxşı insanları xoş məqamlarla düçar edir. Yaxşılığı özünün həyat kredosu hesab edənlər üçün həyat başdan-ayağa bir xatirədir… Elə əziz müəllimimin özünün də yaşadığı illər, uyğunlaşdığı həyat xoş xatirələrin qoynunda pərvaz edir, bir insanlıq salnaməsi kimi diqqət çəkir.

Məhərrəm müəllimin şeirlərində təmiz ürəyin, təmiz niyyətin və saf məqsədin müşahidəçisinə çevrilirik. O, sanki aydın üfüqlərdə oturub, hər kəsi oradan seyr edir. Təbii müşahidələrdən doğduğu üçün Məhərrəm müəllimin şeirləri bu qədər ləngərli, parlaq, həyat və tale notları ilə doludur.

 

Sevirəm oba, elatı,

Hər sözü nəğmə, bayatı,

Göy çəməndə köhlən atı

Süzdürməyə həvəsim var.

*

Söz qiymətsiz olar nadan yanında,

Çünki mənasını anlaya bilmir.

Gördüyü dəhşətdir, tutduğu dəhşət,

Nə abır gözləyir, nə həya bilmir.

 

Bu bəndlərdə insanlıq zərurətləri – şəxsiyyət amili əsas faktor kimi diqqət çəkir. Müəllif sanki haray çəkir, hamıya nəsihət verir, sanki hamını Vətəni və  insanlığı sevməyə məcbur edir. Çünki özü, aid olduğu kök-zat vətənpərvər, qayğıkeş, alicənab, əsilzadə, aristokrat, qeyrətli, cəsarətli,  məsuliyyətli, sədaqətli, duyuğsal, zəkalı olub. Belə bir əsilzadə insanın yazdıqları da təbii ki, hamının ürəyincə olmalıdır.

Kitabdakı şeirlərin hamısından nümunə gətirmək, geniş təhlil etmək olar. Ancaq biz buna ehtiyac duymuruq. Çünki Məhərrəm müəllimin şeirləri aydın, nizamlı və anlaşılandır. O, qələmə aldığı şeirlərdə həyatın, insanın, taleyin, qəmin, kədərin və s. obrazlı ifadəsini, bədii çalarını və fəlsəfi notlarını da məhz ictimai müstəvidə qabardır. Oxucu yaxşı, nümunəvi insan ola bilmək üçün bu şeirlərdən (yuxarıda dediyimiz kimi) çox şey götürür.

«Ömürdən keçən günlər» kitabındakı şeirlərin ümumi ruhu  insanlığa çağırışdır, bir müəllifin özünün insanlıq elminin ictimai zərurətidir. Əziz müəllimimin çöhrəsindəki Allah eşqi saf qəlbinə həmişə işıq salıb və bu, o, anlama gəlir ki, o, Vətənimiz və xalqımız üçün etdiklərinin hənirində bir ömür cilalayıb, varlığında təcəlla edən həyat duyğuları yüzlərlə insanın yaddaş qapılarına parıltı səpib.

Bu yazını Məhərrəm müəllimə sadəcə bir təşəkkür borcu hesab edirəm. Əslində, onun şeirləri haqqında cild-cild kitab yazsaq, bəs etməz.

Əziz müəllimim, sizə Allahdan can sağlığı arzulayıram. Nə xoşbəxtəm ki, siz  mənim müəllimim olmusunuz !

Hüseyn İsaoğlu Məmmədov,

AYB-nin və AJB-nin üzvü, yazıçı-publisist, “Bütöv Azərbaycan” qəzetinin şöbə müdiri.