Türk dili (hekayə) Ayaz İmranoğlu

Ayaz İmranoğlu

Uşaq yaşlarımdan meylimi kitablara salmışam. Həmyaşıdlarım olan uşaqlar həyət-bacada oynayanda mən kitab oxuyurdum. Dərsdən sonra quzularımı kəndimizin yal-yamacında otaranda belə kitab əlimdən düşməzdi. Böyüdükcə kitablar mənim hobbimə çevrildi. Elə bir günüm olmazdı ki, kitabsız ötüşsün. Kolxoz, məktəb kitabxanalarındakı kitabların çoxunu oxumuşdum.

Orta məktəbi bitirib şəhərə üz tutdum. İnstituta qəbul olunub tələbəlik həyatı yaşayanda da şəhərin kitabxanalarını demək olar ki, ələk-vələk etmişdim.

İnstitutu bitirən kimi əsgəri xidmətə çağrıldım. Onda SSRİ adlandırdığımız vətənin ərazisində on beş respublika ilə birgə idik. Ona görə də əsgəri xidmətimizi çox vaxt həmin respublikaların ərazisində keçirirdik. Mən də Belarusiya SSR-nin Brest şəhərində əsgərlikdə oldum. On azərbaycanlı gəlsək də Brest şəhərində bizi ayırıb hərəmizi bir hərbi hissəyə yerləşdirdilər. Bizim hərbi hissəmiz tank qoşunları idi. Əsgərliyə gələn gündən hərbi hissəmizin balaca və kitabları məhdud sayda olan kitabxanasına üzv oldum. Təlim saatlarından sonra əsgərlərə verilən istirahət vaxtlarında kitabxanaya cumub ordan yeni kitab götürürdüm. Dərhal da “Leninskaya komnata”ya keçib acıgözlüklə oxuyurdum. Burada rus yazıçı və şairləri ilə yanaşı bir çox dünya yazıçılarının rus dilinə tərcümə olunmuş əsərləri də vardı. Bədii əsərlər mənə rus dilini dərindən öyrənməyə yardımçı oldular. Axı rus dili SSRİ ərazisində yaşayan xalqların bir-biriylə ünsiyyət qurmasında vasitəçi rol oynayırdı.

Artıq kitabların çoxunu oxumuşdum. Rəflərdəki kitablara o qədər isinişmişdim ki, hər biri elə bil insandır, bu az vaxtda tanışıma, dostuma, sirdaşıma çevrilmişdilər.

Bir gün yenə kitabxanada idim. Gözlərim oxumadığım kitabları axtarırdı. Birdən gözlərim dibdəki son rəfdə olan bircə ədəd kitaba sataşdı. Hiss olunurdu ki, heç kəs ona əl vurmayıb. Çünki üstünü toz basmışdı. Nəinki adını oxumaq, heç rəngini də təyin etmək mümkün deyildi. Rəfə yaxınlaşdım. Onu götürüb baxdım. Əvvəl üstünün tozunu üfürüb, sonra da cib yaylığımla kitabın hər tərəfini sildim.

İnstitutda bircə kurs öyrəndiyimiz, latın əlifbasında yazılmışdı. Ona görə də üz qabığında yazılanları höccələyib oxudum: ”Futbol kralı, Əziz Nesin, min doqquz yüz səksən dörd”. Kitabın içini açıb səhfələrini vərəqlədim. Vərəqlərin birində dayanıb yenidən oxudum. Bu əlifba mənə doğma, sözlər şipşirin idi. Bu bir səhifəlik oxuma məni həmin andaca qoynuna alıb vətənimə – elimə, obama apardı. Nənəmi yadıma saldı… Rəhmətlik nənəm cəmi-cümlətanı yeddi sinif oxumuşdu. Amma onu həmişə eyni kitabı oxuyan görürdüm. Özündən başqa bir kimsə o kitabı oxuya bilməzdi. Nədən? Çünki biz bildiyimiz kiril əlifbasında deyildi. O kitabdakı əlifbanı tək nənəm bilirdi. Babamsa yazı-pozu bilməzdi.

Gündüzlər övladlarına, biz nəvələrinə corab, şərf, əlcək toxuyan nənəm gecələrini o kitabla baş-başa qalardı. Həmişə də oturduğu döşəkçənin altında olardı o kitab. Dəfələrlə o kitabı oxuyub başa çatsa da nədənsə yenidən oxuyurdu. Sonradan öyrəndim ki, o kitab latın əlifbasında yazılmış Nihal Atsızın “Bozqurdlar” romanı imiş. Nənəm dünyasını dəyişəndə atam istəyib o kitabı da qəbrinə qoya, molla Bəhram icazə verməyib demişdi ki, insan dünyaya əliboş gəldiyi kimi, əliboş da o dünyaya köçməlidir.

…İndi mən də hər gün kitabxanaya gələn kimi bircə ədəd olan Türk ədəbiyyatının bu gözəl nümunəsini oxuyurdum. Kitabxanaçı Sokolov da bilirdi ki, mənim ən gözəl istirahətim bu kitabı oxumaqdı. Mən də rəhmətlik nənəm kimi dəfələrlə oxusam da doymurdum. Bu kitab mənə doymamazlıq halı yaşadırdı. Bir gün o kitabı görməsəydim darıxardım.

Bəs bu kitab bura necə gəlib düşmüşdü? Bu sual məni xeyli vaxt idi ki, düşündürürdü. Sonradan öyrəndim ki, bir türk zabiti bir neçə gün bu hərbi hissədə olub. Yəni SSRİ-nin yeritdiyi perostroykası (yenidənqurma) siyasəti Varşava müqaviləsi dövlətlərinin NATO blokunun üzvü olan dövlətlərlə yumşalma olduğundan hərbiçilər burada birgə təlim keçirmişlər. Türk zabiti də bu məqsədlə burdaymış. O gedəndən sonra məlum olmuşdu ki, özü ilə oxumaq üçün gətirdiyi bu kitab qonaq otağında qalmış, onu da xadimə xanım gətirib kitabxanaya təhvil vermişdi. İndiyə kimi bir kimsənin də bu kitabı oxuması haqda qeyd yoxdur.

“Futbol kralı” kitabı mənə Türk dilini öyrətdi, mənim Türkiyə sevgimin təməlini qoydu. Elə öyrəşmişdim ki, əsgər dostlarımla danışanda “evet”, ”hayır” deməkdən doymurdum. Bu bir neçə söz dilimin ucunda bitmişdi.

Bir gün hərbi hissəmizdə belə bir sorğu anketi doldurulurdu. Kim hansı xarici dili bilir? Hərə bir cavab yazırdı:

-İngilis dili.

-Alman dili.

-Fransız dili.

-İspan dili.

Mən “Türk dili” deyəndə sarı kürən zabitimiz İvanov gömgöy bulanıq gözlərini qıyıb, dodaqlarını büzüb üzümə şübhə ilə baxdı. Dediyimi eşitmirmiş kimi:

-Nə? …Hansı dili bilirsən?

-Türk dilini.

-Axı SSRİ ərazisində ingilis, alman, fransız, ispan dilləri tədris olunsa da Türk dili tədris olunmur. Sənə bu dili kim öyrədib?

-Özüm öyrənmişəm.

-Belə de… SSRİ-yə düşmən olan dövlətin – özü də NATO blokunun üzvi olan ölkənin dilini, – sonra sual dolu baxışlarla məni bir xeyli süzüb şübhəli-şübhəli, – Bəlkə sən türksən, biz bilmirik? – soruşdu.

Beləcə, qara günlərim başladı. Həftə səkkiz, mən doqquz siyasi şöbənin zabiti məni kabinetinə çağırıb sorğu-sual edirdi. Atamın, anamın, babalarımın kim olduğunu soruşurdu. “Azərbaycanlıyam” deyirdim. Sən demə, hərbi hissəmizdə erməni olan əsgərlər mənim türk olduğumu demişdilər. Azərbaycan sözünün coğrafi anlam daşıdığını, xalqın türk olduğunu başa salmışdılar.

“Futbol kralı” kitabı haqqında soruşanlara:

-Ruhumun özüdü bu kitab. Bu kitabla özümə inamım başladı, – deyəndə hiss edirdim ki, onları qıcıqlandırıram.

Bu sözümdən sonra mənimlə daha ciddi maraqlanmağa başladılar. Hətta strateji obyektlərdə keşikçi durmağıma qadağa qoyuldu. Mənim yerim hərbi hissəmizdə bağbanlıq etmək, ya da qazanxanada növbətçi durmağım olurdu.

Kitabxanaya getməyimə də məhdudiyyət qoyulmuşdu. İndi kitabxanaya icazə alıb gedirdim…

Bir gün yenə getmişdim kitabxanaya. “Futbol kralı” yerində yox idi. Kitabxanaçı Sokolov:

-Apardılar gedər gəlməzə, – deyib gülümsədi.

…Aradan neçə həftə keçdi, deyə bilmırım. Deyəsən, bir ay olmuş olardı. Bir gün yenə məni siyasi şöbəyə çağırdılar. Stolun üstündə nənəmin oxuduğu “Bozqurdlar” kitabını görüb çaşdım. Dalağım sancdı. Axı deyəsən bu türk dili məsələsi kəndimizə qədər gedib çıxıb. Bu işə görə, bəlkə də, ailəmizi də sıxma-boğmaya salmışdılar. Siyasi şöbənin rəisi kitabı əlinə alıb sonra da bic-bic üzümə baxıb:

-Həə, araşdırıldı. Demək sənə türk dilini sevdirən nənənin oxuduğu bu kitab olub. Yox, əslində sənin ruhun türk, damarlarında türk qanı axırmış. Türk millətçisi olmağınsa hələlik sual altında qalır, – deyib barmağı ilə məni hədələdi.

Yaxşı ki, hərbi xidmətim başa çatdı. Yoxsa başım çox ağrılar çəkəcəkdi. Hərbi xidməti başa vurub evə dönəndə hamı kimi mənə də verilən xasiyyətnamədə belə bir cümlə yer almışdı: “Millətçilik hissləri güclüdür…”

25.07.2018-ci il

Atakənd, Gözətçi odası