Müəllim ömrü – Hüseyn İsaoğlu (Məmmədov)

 

Ulu öndər Heydər Əliyev müəllim haqqında deyirdi: “Bizim hər birimiz elmi dərəcəmizdən aslı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə və müəllimə borcluyuq”.

Tez-tez orta məktəb illərini xatırlayıram. Ara-sıra məktəbli yoldaşlarım, elə dostlarla da o dövrdə bizə dərs deyən müəllimlərin necə, hansı şəkildə dərs keçdiklərini, hətta davranışlarını müzakirə edir, hazırkı müəllimlərlə 40-50 il əvvəl işləyən müəllimləri müqayisə edirik. O illərdən söz düşəndə müəllimlərim üçün darıxıram da. Xeyli vaxtdır orta məktəbi bitirmişəm. Bizə dərs deyən müəllimlərin bəziləri ilə demək olar ki, əlaqəm olmayıb. Bu, mənim laqeydliyim deyil, buna səbəb həyatın sıxıntıları, bir az da sosial tərəddüdlərdir…

2022-ci ilin yaz ayı idi. Anam Bakıda haqq dünyasına qovuşdu. Onun nəşini Bakıdan doğulub boya-başa çatdığım Hacılar kəndinə apardıq. Kənd sakinləri hüzrdə iştirak edir, başsağlığı verib mağara keçirdilər. Gələn adamlar arasında 45-50 il əvvəl mənə dərs deyən müəllimlər də vardı. Onlar dərdimə şərik olduqlarını bildirir, hal-əhval tutduqdan sonra sağollaşıb gedirdilər. Ancaq müəllimlərimdən birini görə bilmədim. O, mənə üç il Azərbaycan dili və ədəbiyyat fənnindən dərs keçən Məhərrəm Bağırov idi. Məhərrəm müəllim qonşuluqdakı Turşsu kəndində yaşayır. Qonaqları yola salandan sonra Məhərrəm müəllimin mobil telefonuna zəng etdim. Məhərrəm müəllim telefonu açıb xoş əhval-ruhiyyədə – “qadan alım, axşamınız xeyir, nə var, nə yox,” – dedi və sonra soruşdu:

– Haradasan? Səsin heç xoşuma gəlmədi. Ağrıyıb eləmirsən ki?

– Yox, müəllim ağrımıram, kənddəyəm.

– Nə vaxt gəlmisən?

– Bu səhər, – deyəndə səsimdəki titrəyişi hiss edib təkrarən soruşdu, xeyirdimi?

Mən göz yaşıma hakim ola bilmədim, sözümün arxasını deməyə gücüm çatmadı. Bir qədər fasilədən sonra bildirdim ki, anam haqq dünyasına qovuşub.

Məhərrəm müəllim kədərli, kövrək səslə soruşdu:

– Nə vaxt rəhmətə gedib?

– Bu gün dəfn etdik.

– Allah rəhmət eləsin. Allah səbr versin. Səbrli ol, yeddi mərasimi nə vaxtdır?

Mən atamdan soruşdum ki, üç-yeddi mərasimi nə vaxt olacaq? Atam dedi:

– Kimdi soruşan, a bala?

– Məhərrəm müəllimdir, ata.

– Üç-yeddi birlikdə sabah yox, biri gün olacaq.

Uzun müddətdən sonra Məhərrəm müəllimlə anamın hüzr məclisində görüşdük. Mənim boynuma sarıldı, təskinlik verdi, oğlu Mirzə ilə mənimlə üz-üzə əyləşdi, bir-birimizdən hal-əhval tutduq. Göndərdiyim kitablar üçün minnətdarlıq edib maşına əyləşmək istəyəndə dedim:

– Müəllim, olar sizinlə bir xatirə şəkli çəkdirək?

– Nə üçün olmur. – Oğlu Mirzəyə dedi ki, maşını sür qabağa, orada bizim şəklimizi çək.

Mirzə bizim bir neçə şəklimizi çəkdi. Məhərrəm müəllim əlini çiynimə qoydu, üzünü Mirzəyə tutub dedi:

– Bu, Hacılar məktəbində (əlini məktəbə tərəf uzatdı) dərs dediyim, 22 ildən çox müddətdə iki sevimli sagirdimdən biridir. Mən bu sözü həmişə demişəm, yenə deyirəm, o iki şəxsin biri Qasım müəllimin oğlu Sabir müəllim, digəri sənin bu gün tanıdığın, sənə qardaş qədər əziz olan Hüseyn müəllimdir.

Məhərrəm müəllim sonra xoş əhvalla oğluna dedi:

– Ay oğlum, mənim sizə tövsiyəm budur ki, bu dostluğu, qardaşlığı qoruyun. Bu şagirdlərimin hər ikisi etibarlı, sadiq dostlardır. Onlar mənə verdikləri sözün üstündə durdular.

Mən də üzümə xoş təbəssüm qondurub dedim:

– Məhərrəm müəllim, Sabir müəllim də, mən də bu gün nə nailiyyət qazanmışıqsa, sizin zəhmətinizin bəhrəsidir. Biz hər şeyə görə sizə borcluyuq. Çin filosofu və mütəfəkkiri Konfutsi deyib: ” Mən çox şeyi müəllimlərimdən öyrəndim, daha çox şeyi yoldaşlarımdan, bundan da çox şeyi şagirdlərimdən öyrəndim.”

Məhərrəm müəllim: – Sağ ol, oğlum! – İcazənizlə biz gedək, – deyib maşına əyləşdi.

Maşın aramla ötüb getdi. Yadıma böyük filosof Aristotelin bir deyimi düşdü: “Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu göstərib”.

Dünya şöhrətli alim Sokrat isə müəllimi belə dəyərləndirib. “Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz”.

Bəli, bu sözləri 85 yaşlı müəllimim Məhərrəm Bağırova aid edirəm. Müəllim haqqında nə qədər danışılsa, xoş sözlər deyilsə də, yenə də azdır.

Mən lap əvvələ – 1968-ci ilə qayıdıram. Birinci sinifə gedəndə əlimizdən tutub hərfləri bizə yazmağı öyrədən ibtidai sinif müəllimlərimiz Cahangir Rəsulovun, Qənbər Cəfərovun, Ziyad Əsədovun zəhmətini necə unutmaq olar? Şair necə də gözəl deyib:

Günəşə çatsa da nurlu taleyim,

Səninlə bağlıdır arzum, diləyim.

Nə bir dərdim olar, nə də bir qəmim,

Sən yüz il yaşasan, ilk müəllimim!

Biz bir balaca büdrəyəndə müəllimlər əlimizdən tutub qaldırırdı. Bir sözlə, onların çəkdiyi əziyyətlər unudulmazdır. Müəllimlik həm məsuliyyətli, həm də çətin peşə, müəllim isə çox şərəfdli bir yolun yolçusudur. Müqəddəs peşə sahibi olan müəllimlər öz fədakarlıqları, səbrləri, sədaqətləri ilə şagirdlərinə bilikdən əlavə, ürək və ruh zənginliyi bəxş edirlər. Əgər şagird səhv edirsə, onun səhvini düzəldən müəllimdir. Ona görə də müəllim müqəddəsdir.

Ulu öndər Heydər Əliyev müəllim haqqında deyirdi: “Bizim hər birimiz elmi dərəcəmizdən aslı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə və müəllimə borcluyuq”.

Müəllimsiz dünya ola bilər, ancaq müəllimsiz sivilizasiya heç vaxt ola bilməz. Müəllim elm, bilik, xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır. Bu xəzinəyə daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi, bacarığı ilə cəmiyyətin inkişafına öz töhfəsini verirlər. Elə ona görə də müəllim əməyinin qiyməti və bənzəri  yoxdur. Məhərrəm müəllim kimi. Hər birimiz belə müəllimlərin qarşısında baş əyir, onları xoş duyğularla yada salırıq.

Müəllim əməyi çox vaxt bağban əməyi ilə müqayisə edilir. Ona görə ki, bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, müəllim də yetişdirdiyi şagirdlərin xoş sorağını eşidəndə qəlbi dağa dönür. Məhərrəm müəllim də belələrindən biridir. Sevimli şagirdləri haqqında söz düşəndə Məhərrəm müəllim iftixar hissi ilə onlardan danışır. Onun layiqli yetişdirmələri olduqca çoxdur: Sabir Hüseynov, İmran Həsənov, Əli Süleymanov, Nəsib Hüseynov, Sahib Həsənov, Nəsrəddin Quliye və başqaları. Onlar bu gün də Məhərrəm müəllimə sanki yeni güc verir, daha da ruhlandırır.

Mənim Məhərrəm müəllim haqqında yazdığım “Xatirələrin izi ilə…” povestim oxucular tərəfindən çox yüksək səviyyədə qarşılanıb.

Dəyərli müəllimim Məhərrəm Bağırovu qarşıdan gələn 85 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram!

Hüseyn İsaoğlu (Məmmədov),

AJB- və AYB-nin üzvü.