Hüseyn İsaoğlu (Məmmədov) “Papiros dağı” (Hekayə)

Kəndimizdən gələn səs

Uşaq idim, hələ məktəbə getmirdim. Onda əmim Vilayət səkkizinci sinifdə oxuyurdu. Məcid babam arı saxladığı üçün məhlənin bir hissəsində tütün əkmişdi. Tütün yarpaqlarını sapa düzüb qurudurdu ki, yaz-yay aylarında arı yeşiklərinə rahat baxa bilsin. O, tütünün bir giləsini köhnə əskiyə büküb körüyün içinə qoyur, tüstü verirdi ki, arılar onu sancmasın. Vilayət əmim tütünün qurumuş yarpaqlarından papiros düzəldib çəkirdi. Artıq Nazilə ana hiss etmişdi ki, evdən papiros iyi gəlir. Ancaq bilmirdi ki, otaqda papiros çəkən kimdir. Bir dəfə Vilayət əmim tütün yarpağından iki ədəd büküm düzəltdi, yandırdı, birini mənə verdi, birini isə özü yavaş-yavaş sümürməyə başladı. Arada mənə papirosu barmaqların arasında necə tutmağı da başa salırdı. Birdən Nazilə ana otağa gəldi. Dərhal da hirslənərək qəzəblə dedi;

– Bu nədir, otaq papiros tüstüsü ilə dolub…

Söz anamın ağzından çıxıb qurtarmamış Vilayət əmim özünü cəld pəncərədən çölə atdı. Mən isə barmaqlarımın arasında papiros donub qalmışdım. Anam papirosu barmaqlarımın arasından götürüb Vilayətin arxasınca deyindi:

– Gör, körpə uşağa nə öyrədir. – Barmağını silkələdi: – Axşam qardaşın gəlsin, deyəcəm. – Sonra bütün hirsini məndən çıxdı, papirosu barmaqlarımın arasından götürüb dodağıma basdı, qolumdan tutub eyvana çıxartdı, yaxşıca danladı.

Mən dağ basılmış dodağımın ağrısına dözə bilmirdim. Göynəyə-göynəyə ucadan qışqırırdım ki, bir də çəkməyəcəm. Səsimə Nazlı nənəm gəldi, otağın qapısını bərkdən örtüb soruşdu:

– A gəlin, o uşağı səhər tezdən oyadıb niyə ağladırsan?

– Bəs nə edim, ay bibi ? Vilayət əmisinə qoşulub papiros çəkir, daha demirlər ki, evi-eşiyi yandırarlar.

– A gəlin, vallah, bu uşaqda bir günah yoxdur, günahkar Vilayətdir.

Qəfildən nənəmin gözləri yanmış dodağıma sataşdı, soruşdu:

– Uşağın dodağına nə olub?

– Papirosu dodağında söndürdüm.

– Səndə insaf yoxdu, vallah. – Nənəm başımı tumarlıyıb məni sakitləşdirməyə çalışdı, sonra dedi: – Bugündən bir daha əlinə papiros götürmə. O, pis şeydir. Görürsən, nə baban, nə də ki, atan papiros çəkmir. Cana da ziyandır, cibə də. Sən də çəkmə, ağıllı balam !

Vilayət əmim atasının, həm də böyük qardaşı İsanın qorxusundan evə gəlmədi, bir neçə gün qonşu kənddə yaşayan bacısının evində qaldı.

Atam kolxozda birqadir işləyirdi. Axşamlar evə bir az gec gəlirdi. Evə  gələn kimi birinci Nazlı ana ilə görüşür, sonra məni qucağına alıb oxşayır, olandan-keçəndən söhbət edirdi. Ancaq bu dəfə mən atamdan gizlənmək üçün yatmışdım. Birdən atamın gur səsini eşitdim:

– Ay ana, bəs Vilayət hanı?

Nənəm dedi:

– Ay oğul, bilmirəm, səhər tezdən çıxıb gedəndir. Əlbət bacılarının evinə gedib.

– Bəs gedəndə demədi hara gedir?

– Yox demədi.

– Burda bir iş var… De görüm nə iş qarışdırıb?

– Heç nə, a bala. Səhər tezdən gəlin gedib görüb ki, atanın əkdiyi tütündən papiros büküb çəkirlər.

– Kiminlə?

– Hüseynlə. Uşaqda günah yoxdur. Məcbur birini büküb verib ona. Vilayət işin üstünün açıldığını görən kimi qaçıb, gəlin də papirosu uşağın əlindən alıb dodağına basıb.

– Deyirəm axı, o, elə-belə getməz harasa.

Bu ani dialoqdan sonra atam məni yanına çağırdı, alnımdan öpdü, sonra da soruşdu:

– Düzünü desən, sənə heçnə etməyəcəm. Siqareti haradan aldınız?

– Ata, heç hardan almadıq, əmim babamın tütünündən büküm düzəldib çəkirdi. Birini də mənə verdi, dedi, çək, heç kim bilməz.

Atam qaşlarını çatdı, hiss etdim ki, əsəbiləşdi:

– Ay oğul, papiros pis şeydir, onu çəkmək olmaz. Bir daha eşitsəm ki, yenə papiros çəkirsən, dodağınla bərabər, barmaqlarını da yandıracam.

Mən qorxu basmış gözlərimi yerə dikdim, ancaq başımın işarəsi ilə sanki atama kişi sözü verdim. O da məni bağrına basdı, qabar bağlamış barmaqları ilə saçlarımı sığalladı…

Vilayət əmim bir neçə gün bacısıgildə qaldı, sonra bacısı onu evə gətirdi. Məcid babam Vilayəti danladı. Pis vərdişlərdən uzaq durmağı tapşırdı. O gündən sonra Vilayət əmim bir daha papiros cəkmədi.

Vaxt çatdı, mən məktəbə getdim, aylar, illər bir-birini əvəzlədi. Orta məktəbi bitirdim. Bu müddətdə papirosdan tamamilə uzaq durdum. Hərbi xidmətə gedəndə bəzi yoldaşlar dedilər ki, onsuz da əsgərlikdə çəkəcəksən. Ora elə bir yerdir ki, çəkməmək mümkün deyil. Ancaq mən bütün iradəmi toplayıb bir daha əlimə siqaret almadım.

Həmişə anama təşəkkür edir, əllərindən öpürdüm ki, əgər o vaxtlar dodağımı yandırmasaydın, bu gün siqaretdən əl çəkə bilməzdim.