CƏFƏRQULU BABAMIN ULU BABASI (oçerk-xatirə) Əli Bəy Azəri

Kəndimizdən gələn səs

Cəfərqulu babam

 

Biz Azərbaycandanıq. Uzun müddət Zəngilan adlanan bölgənin mərkəzindən qırx kilometr ucqarda, dağlar qoynunda, xüsusən də əzəmətli Bürünc qayasının yamacında, üç dərənin qovuşduğu, üç bulağın, bir kəhrizin çağladığı yerdə, ulu babalarımızın cənnətməkan sayıb yurd saldıqları Vejnəli kəndində yaşamışıq. 1993-cü ilin oktyabrında ermənilər bütövlükdə Zəngilan bölgəsini işğal etdilər. Bir müddət başqa yerlərə üz tutub oralarda yaşamağa məcbur olduq. Düz 27 ildən sonra şanlı Azərbaycan ordusu Zəngilanı işğaldan azad etdi. Lakin hakimiyyətin qərarına görə Vejnəli kəndi qızıl yatağında yerləşdiyindən yaşayış məntəqəsi kimi bərpa olunmayacaq. Elə buna görə də xayirə olaraq qalsın deyə nəslimizin bəzi xüsusiyyətlərini sadalamaqla bəzi mühüm məlumatları qeyd etmək qərarına gəldim.

Babam Cəfərqulunu görməmişəm. Mən dünyaya gələndən altı il əvvəl o, dünyasını dəyişib. Vejnəli kənd qəbiristanlığının qərb qurtaracağında – ora qəbiristanlığın girişi hesab olunur – arvadı Həvva nənəmlə yanaşı dəfn olunub. Baş daşı üzərində heç bir yazısı yoxdur, eləcə, hər ikisinin qəbirinə mişar daşından başdaşı qoyulub.

Babamı bizə anam (bizdə anaya nənə, nənəyə qoca deyərdilər) Səryad tanıtdırıb. Atam həddən artıq qaraqabaq adam olduğundan ondan çox şey soruşmazdıq, soruşanda da qısa və konkret cavab verərdi, nənəm kimi təfsilatı ilə, sicilləmə danışmazdı. Səryad nənəm uzun payız-qış gecələrində xalq nağılları ilə bərabər keçmişdən, yaşlı adamlardan eşitdiklərindən, xüsusən də babam Cəfərqulunun öz nəsilləri barədə söylədiklərindən bizə danışardı. Çox maraqla qulaq asardıq, babamı görmədiyimizə heyfslənərdik. Babam böyük qardaşımın uşaqlıq qırxı töküləndən bir neçə gün sonra rəhmətə gedib.

Nənəmin dediyinə görə, Cəfərqulu babam dolu bədənli, ortaboylu bir kişi olub. Möhkəm bədən quruluşuna malik imiş, yeriyəndə, sanki yer titrəyirmiş. Zəhmətsevən olub, əlindən hər bir bənna-dülgər işləri gəlirmiş. Qumu ələkdən keçirtməkdən tutmuş palçıq qatıb divar hörməklə bərabər yaxşı suvaq vurmağı da varmış. Heç kimin söhbətini etməz, başqalarının da işinə qarışmazmış. İşgüzarlığı öz evində, öz həyətində işlədiyi vaxtlar qazanıbmış. Səliqəli geyinərmiş, yaxalıq bağlamadan, əlcək geymədən işə başlamazmış. Yaxşı cüt əkdiyindən “Rəncbər” ləqəbi qazanıb. Əkdiyi yerlərdə bir toxum itməzmiş, hamısı cücərərmiş. Bir sözlə, insani keyfiyyətləri ilə seçilən, nəslinin adını uca edən bir kişi kimi yaddaşlarda qalıb.

Cəfərqulu babamın danışdığına görə, onun ulu babası Cəfərqulu xan olub, sərkərdə olub, ordu böyüyü, başçısı olub. Adlı-sanlı yeddi qardaş imişlər, hamısı da vəzifədə. Xanlar, bəylər ortaya nifaq salıblar, qardaşların arasına girərək onları bir-birinə vurub düşmən eləyiblər. Qardaşlar həddən artıq qürurlu olublar, bir-birinə yendirməyiblər, güzəştə getməyiblər. Cəfərqulu xan onları bir yerə yığmaq, barışdırmaq üçün çox çalışıb. Axırı aravuranlar onun özünə də şər atıblar, qardaşları ilə onun da arasını vurublar. Guya ki, o, böyük qardaşının yerinə, mülkünə göz qoyubmuş. Cəfərqulu da baxıb ki, başqa çarəsi yoxdu, var-dövlətini dəyər-dəyməzinə satıb, ən yaxın adamları ilə aradan çıxıb. Heç kimə sirr verməyib, ondan sonra heç kim də bilməyib ki, hara yoxa çıxıb. Axtarsalar da tapa bilməyiblər. Neçə il gizlində yaşayıb.

Cəfərqulu xan çox uzaq yol qət eləyib, gəlib çıxıblar buralara. Niyə buralara gəliblər? Əvvəlcədən buraları tanıyırmışlarmı? Babam bunları bilmirmiş. Bircə onu bilirmiş ki, Cənubi Azərbaycanın Estarabad vilayətindən Qacar nəslindən imişlər. Belə uzaq gəlməkdə məqsədləri də o ola bilərmiş ki, onları axtarıb tapa bilməsinlər.

Biz böyüdükcə nənəmlə birlikdə xəritədə bu yeri çox axtarsaq da tapa bilmədik. Bəzən Astaranı nəzərdə tuturduq – İran Astarasını – ora da bizdən çox uzaqda yerləşirdi. Maşın olmadığı dövrdə aramızda gediş-gəliş müşgül sayılardı. “Bəlkə Astarabaddan gəliblər?” – deyə nənəmdən dönə-dönə soruşardıq. “Yox, baban Estarabad deyib dururdu” – nənəm belə deyirdi.

 

İlk məskunlaşdıqları yer – Daşkənd

 

Bizim kəndin cənubunda – Araz çayının sahilində (daha dəqiq olsun deyə qonşu Sürtün kəndi yaxınlığında, qonşu Ağbənd kəndi ilə Sığırt düzü arasında, Hasanı bağı deyilən yerə yaxın) Şahtaxtı deyilən bir yer var. Nənəm deyirdi ki, babamın ulu babası Cəfərqulu xan öz tayfa-toluğu ilə gəlib Arazı həmin yerdə bu taya adlayıb. Sonra Şahtaxtı deyilən yerdə toplaşıblar, çadır qurub bir gecə qalıblar. Ertəsi gün bölgəni gəziblər, özlərinə daldalanacaq, yaşayış üçün etibarlı yer axtarıblar ki, o taydan arxalarınca gəlib tapan olmasın. Tapıb yaşayış üçün seçdikləri ən etibarlı yerin adı Daşkənddir.

Daşkənd Vejnəli kəndinin başı üzərində əzəmətli görünən Bürünc qayasının şərq qurtaracağında yerləşir. Qayanın hündürlüyü iki yüz metrə yaxın olar. Şərqdan qərbə, hardasa iki kilometrlik məsafədə uzanır. Üzərində bir neçə kuful var, bəlkə də ibtidai icma dövründə həmin kufullarda insan yaşayıb. Tədqiqat işləri heç vaxt aparılmayıb.

Çox güman ki, Daşkənd deyilən yerdə əvvəllər də yaşayış olub. Kəndin xarabalıqları, evlərin, komaların kalafaları buna sübutdur. Bura su kilometrdən artıq uzaqlıqda – şimal istiqamətində yerləşən Xanazor pirinin üstündəki bulaqdan saxsı borularla yeraltı çəkilib gətirilirmiş. Daşkəndin təxminən altı yüz-yeddi yüz metr cənubunda Qala daşının zirvəsində Qız qalası adlanan bir gözətçi qalası var. Deyilənə görə Babək dövrünün yadigarıdır. El arasında dolanan əfsanələrdə isə lap qədimdə – Atəşpərəstlik dövründə tikildiyi eyham olunur. İstənilən halda Babək dövründə gözətçi qalası kimi istifadə olunub. Kənddən yan keçməklə saxsı boruların bir qolu ilə qalaya da su çəkilibmiş.

Babam danışırmış ki, Cəfərqulu xan qalaya dərhal gözətçi qoyub və Daşkəndi özlərinə məskən seçiblər. Onlar gələndə burada heç kim yaşamırmış. Əhalisi harasa köçüb gedibmiş, yoxsa yaylağa qalxıbmış, arana enibmiş, Cəfərqulu babam bu barədə heç nə bilmirmiş. Eləcə qalaya görə buranı seçiblər. Əgər Cənubi Azərbaycandan onların dalınca gəlib-eliyən olsa, gözətçi dərhal xəbər ötürər, onlar da meşələrə çəkilər, gizlənə bilərlər. Bu qaladan Araz çayı boyunca o tayın, hardasa, on kilometrlik ərazisi yaxşı müşahidə olunur.

Daşkənddə məskunlaşandan sonra qonşu kəndlərdən qoyun alıb təsərrüfat yaradıblar.

Bürünc qayasının şərq qurtaracağına yaxın “Kuful eşiyi” deyilən bir yer var, dərin mağaranı xatırladır. Daşın həmin hissəsi alovdan, tüstüdən qapqara qaralıb, uzaqdan müşahidə olunur. İndi ora getmək mümkünsüzdür, hansısa təbiət hadisəsi nəticəsində qayanın alt hissələri qopub aşağıya yuvarlanıb. Yuvarlanan qaya parçaları arasında ikimərtəbəli ev boyda olan böyük hissələri də var. Kənardan baxanda mağaraya qaya üzərində olmuş cığırın yeri bilinir, həmin cığırla insanlar məhz Daşkənd tərəfdən gəlib-gedirmişlər. Ehtimal etmək olar ki, qaya uçqunundan sonra insanlar mağaraya gedə bilməyib, qayanın qurtaracağında kənd salıblar, adını da Daşkənd qoyublar.

“Kuful eşiyi”nin altından uçan daşların yuvarlandığı aşağı yamacda üç böyük Ağcaqayın ağacı var. El arasında belə ağacları bəzən kakeyin də adlandırırlar. Ağcaqayın ağaclarının dibi həm mağal, həm də arxac kimi istifadə olunub. Arxacın yeri bəllidir, heyvan növbəsində özüm müşahidə eləmişəm. Kənd camaatı ora Cəfərqulu arxacı deyərdi. Heç şübhəsiz ki, Cəfərqulu xan burda məskən salandan sonra bir müddət heyvan sürüsünü həmin arxacda saxlayırmış. Bura daldada yerdir, Arazın o tayından ümumiyyətlə müşahidə olunmur.

 

Kaha yeri, Yurd yeri

 

Kəndin yuxarısında – Abu Seyid dərəsinin Söyüdlü adlanan hissəsinin başlanğıcında bürünc qayasının qurtaracağından üzüaşağı bir dərə var, adına Əyridərə deyirlər. Quru dərədir, Abu Seyidə qoşulmağına səksən-yüz addım qalmış ulas ağacları, qamışlıqla əhatə olunmuş hissəsində sızqa çeşmələri çıxır və əlli-altmış addımlıq şəlalə ilə axıb dərənin suyuna qarışır. Su bol olsaydı, şəlalədə möhtəşəm mənzərəli görüntü yaradardı. Yalnız yağışlar gur yağanda bulanıq sular yığışıb dərə ilə üzüaşağı axır. Əyri dərədə bir kaha var, tamamilə uçub dağılmayıb. Adına Cəfərqulu kahası deyirlər. Kahada 120-150 baş qoyunu saxlamaq olarmış. Ara-sıra Cəfərqulu babam da kolxozlaşma dövrünə kimi həmin kahadan istifadə edib, qoyunlarının bir hissəsini orda saxlayırmış.

Ötən əsrin səksəninci illərində dədəm Qurban (biz atamıza dədə deyə müraciət edirdik) məni də özü ilə götürüb Abu Seyid dərəsi ilə yuxarı apardı. Gərək ki, fevral ayının axırları idi, bəlkə də mart ayının əvvəlləri olardı, dəqiq yadımda deyil. Biz Abu Seyid dərəsinin Söyüdlü adlanan hissəsinin qurtaracağına gedib çıxdıq. Orda dərə iki yerə ayrılır, yaxud, başqa cür desək, yuxarıdan gələn iki dərə həmin yerdə birləşir. Üzüyuxarı baxdıqda soldan gələn dərə Sağaltop dərəsi, sağdan gələn dərə isə Naxırçı cəvizi dərəsi adlanır. Yolumuza davam edib Naxırçı cəvizi deyilən yerə çatdıq. Sıx meşəlik idi. Dərədən üzü qərb istiqamətində səksən-yüz addım aralandıq. Burada böyük palıd ağacları vardı. Nəhəng palıd ağaclarının üstündə həmişəyaşıl olan bitki vardı, bizdə onun adına “bağabürcü” deyirlər. Dədəm ağaca çıxıb bağabürclərini qırıb yerə tökür, mən isə bir yerə toplayırdım. Təzə otuxmuş çəpişlər üçün göydəndüşmə yem sayılır. Üç böyük kisə topladıqdan sonra oturub dincimizi aldıq. Həmin palıd ağaclarının əhatəsində səkkiz-doqquz kalafalıq vardı, nə vaxtsa insan yaşayışından, Yurd yeri olduğundan xəbər verirdi. Dədəm uçub dağılmış ev, koma yerlərini göstərib dedi:

-Ulu babamız tayfa-toluğunu Daşkənddən bura köçürdüb. Bura ordan daha təhlükəsiz və gizlin yer sayılırmış. Əyri dərədə kahanı da o vaxt tikdirib, gecələr həmin kahaya yığırmış.

“Ulu babamız kimdən və niyə gizlənirmiş?” sualını versəm də dədəm cavablandırmadı. Heç nənəm də bu sualın cavabını bilmirdi, bir neçə dəfə soruşmuşdum. Nənəm həmişə Cəfərqulu babamdan eşitdiyini deyirdi: “O taydan gəlib-eliyən olsa, onları tapmasınlar deyə ehtiyatlı davranırmış…”

O taydan dallarınca kim gəlməliydi? Ulu babamız kimdən və niyə qaçıb? Varı, dövləti, tayfa-toluğu olan, gələn kimi heyvan alıb təsərrüfat yaradan insan öz vətənindən niyə didərgin düşməliydi?

Bu suallar məni daima düşündürürdü, di gəl ki, onlara cavab ala biləcəyim bir adam yox idi. Cəfərqulu babam bilirmiş, bilmirmiş, deyə bilmərəm. Hər halda bilsəydi oğlanlarına, nənəmə danışarmış.

Dədəmin mənə göstərdiyi həmin Yurd yerinin Təkə daşı tərəfindəki qənşər yamacında bir neçə qəbir də vardı. Güman etmək olardı ki, onlar bir müddət burda yaşayıblar. Bəlkə də həmin qəbirlərdən biri Cəfərqulu xana məxsusdur.

Ərazidə Sağaltop deyilən böyük bir düzəngah var. Düzəngahın bir hissəsi ot biçmək üçün yararlıdır. Biçənəyə Cəfərqulu biçənəyi də deyirlər. Kəndimiz 1993-cü ildə ermənilər tərəfindən işğal olunana kimi biz həmin biçənəkdən mal-heyvanın qış azuqəsinə ot toplayardıq. Biçənəyin otu qara yoncası ilə başqa yerlərin otundan seçilərdi.

 

Daha üç kaha yeri

 

Əyri dərədəki kahadan başqa Vejnəli kəndinin ərazilərində daha üç kaha yeri vardır. Bu da bölgədə heyvandarlığın, xüsusən də davar təsərrüfatının əhalinin əsas məşğuliyyəti və dolanışıq yeri olduğundan xəbər verir.

Kahalardan biri lap yaxınlıqda, kəndin üst – Bürünc daşı tərəfində yerləşirdi. Bürünc daşının dibindən başlanğıcını götürüb kənddə o biri dərələrə qovuşan həmin dərəyə elə Kaha dərəsi deyirdilər. Bu kahanın lap yaxınlığında – əlli-altmış addımlığında Xırman da var, Mətinin xırmanı kimi tanınır. Kahanı, nənəmin dediyinə görə, Cəfərqulu babamın əminəvəsi sayılan Məti kişinin atası Mirsaqulu kişi tikdirib, heyvan saxlamağa başlayıb. Sonralar Məti kişi atasından qalma təsərrüfatı davam etdirib, qaçaq-quldur dövründə müflis olub. Həmin nəsildən olan Əli Mirsaquliyev iki kahanın yerləşdiyi ərazini çəpərləyib özünə bostan yeri düzəltmişdi.

İkinci kaha kənddən Araz çayı istiqamətdə 3,5 kilometr məsafədə Qala daşına çatmamış, Güneydən başlanan Pəyə dərəsinin ümumi dərəyə qovuşduğu yerdə, düzəngahda yerləşir. Ora, nədənsə, Damdaş deyirdilər. Kaha yerləri Cəfərqulu kişiyə məxsus olub.

Üçüncü kaha isə ordan Araz çayı istiqamətdə beş yüz – altı yüz metr aşağıda yerləşirdi. Kimə məxsusluğunu bilmirik. Kolxoz təsərrüfatı yaradılandan sonra həmin kahalar bərpa edilərək xeyli müddət istifadə olunub.

 

Xırmanlar

 

Kəndin ərazisində beş xırman vardı. Xırmanlar qütblərə uyğun tikilmişdi; şərq, qərb, şimal və cənubda. Ən yaxında olan birinci xırman kəndin güney tayındaydı, adına Mətinin xırmanı deyərdilər. İkinci xırman onunla üzbəüz yerləşirdi, Cəfərqulunun xırmanıydı. Daha üç xırmanın adı yoxuydu. Beşinci xırman kənddən beş yüz – altı yüz metr yuxarıdaydı. Buğdanı sovurmaq üçün külək yetərli olmayanda dəryazları həmin xırmana qaldırarmışlar. Hər xırmanın yanında mərək tikilmişdi. Buğda sovrulandan sonra küləş-samanı mərəyə yığıb qışa saxlayarmışlar. Kollektivləşmə dövründə də bu xırmanlardan istifadə olunub.

Cəfərqulu xırmanının altında cır armud ağacı vardı, hər il dolu gətirərdi, yaxşı sortdandı. Nənəmin dediyinə görə onu Cəfərqulu babam özü basdırıbmış. Babamın əli bərəkətliymiş. Kolxoz qurulanda babamın zəhmətindən toxumçu kimi istifadə olunub. Babama məxsus Daşqoz deyilən yerdə o, qarpız, yemiş, soğan, balqabaq, xiyar, lobya və digər bostan məhsullarının kolxoz üçün toxumunu hazırlayarmış. Onun tutduğu toxumlar bol məhsul yetirərmiş. Kənd camaatı uzun müddət bunu danışardı.

 

Cəfərquluyla bağlı yer adları

 

Cəfərqulunun arxacı (Kuful eşiyinə yaxın)

Cəfərqulunun çuxuru (Armudun yalın altında, bəlkə də Armudlu yalın. Çuxurun yaxınlığında daha bir armud ağacı vardı)

Cəfərqulunun zəmi yerləri (Kənddən üzü Xaçamaş yalına tərəf iki zəmi yeri, oralarda buğda əkərmiş)

Cəfərqulunun armudu (Xırmanın altında və Çuxurun yaxınlığında)

Cəfərqulunun xırmanı (Kəndin qənşərində, üzbəüz)

Cəfərqulunun biçənəkləri (Sağaltopda, Şütürü dərəsində Qaralpa yerində, Mizarda yol dönəndə, Dərə zəminin yanında – hazırda fəaliyyət göstərən Vejnəli Qızıl zavodunun bir hissəsi həmin Palıddibi adlanan biçənəkdə yerləşir)

Cəfərqulunun kolavatı… (Şütürü dərəsində, Battaqlıq deyilən yamacda)

Bir sözlə, Vejnəli kəndi ərazisində Cəfərqulunun adı ilə bağlı çoxlu yer adlarına rast gəlmək mümkündür. Bu da, heç şübhəsiz ki, sonuncu Cəfərqulu babama aid ola bilməzdi. Onun kolxoz quruculuğuna qədər və sonralar da qismən istifadəsində olduğundan ulu babalarından miras qaldığını ehtimal etmək mümkündür.

Belə ki, Şimali Azərbaycan Çar Rusiyasının ucqarlarından hesab olunduğundan 1861-ci ildəki “Təhkimçilik hüququnun ləğvi” Qanunu buralara da şamil edilib. Şimali Azərbaycanın bəzi bölgələrində bu qanunun həyata keçirilməsi müşkülə çevrilib və illərlə uzanıb. Bunun üçün bölgəyə Petrburqdan müfəttişlər göndərilib. Zelenski soyadlı müfəttiş Zəngəzurun doqquz kəndində bu islahatı həyata keçirib, həmin kəndlərdən biri də Vejnəlidir. Onun keçirdiyi islahatdan sonra Vejnəli ərazilərinə Cəfərqulunun adı ilə bağlı yer adlarından əlavə daha iki ad əlavə olundu; Nağının güneyi və Kəlba İsmayılın zəmisi.

Nağının güneyi kənddən Şütürü dərəsi boyunca üzüyuxarı üç kilometrlik məsafədə ərazinin güney tayında yerləşir. Daş-çınqıllı yer olduğundan əkin-biçin üçün yararlı sayılmır. Bulaq, çeşməsi də yoxdur. Yağış suları hesabına ot bitir, təkəmseyrək kolluq yamacdır. Heyvan otarmaq üçün münasibdir.

Kəlbə İsmayılın zəmisi kənddən iki kilometrə yaxın aşağıdadır. Dərə zəmi Bərə yeri və Xaçamaş tərəfdən gələn quru dərələrin əsas çaylağa qovuşduğu kiçik düzəngahdır. Xaçamaş tərəfə yamacda ardıc ağacları və qarışıq kolluq ərazidir. Azacıq yerdə biçənək kimi istifadə olunub.

Nağı (Nağdalı) və Kəlbə İsmayıl Cəfərqulu babamın (sonuncudan əvvəlki Cəfərqulu) əmioğlanlarıymış. Çox güman ki, həmin dövrə qədər hamısı bir təsərrüfatda birləşmiş imiş. Görünür, islahatdan sonra təsərrüfatlarını ayırıblar. Ya da ərazilər simvolik olaraq bölünüb. Zelenskiy 1886-cı ildə Tiflisdə, “Menşikov” mətbəəsində çap etdirdiyi kitabında bu barədə müfəssəl məlumat verib.

Kəndin aşağısında Daşqoz deyilən bir yer var, dərənin cənub yamacında yastanalı zəmi yeri olub. Daşqozun qurtaracağında kəndin ən bolsulu bulağı – Kəhriz çıxır. Cəfərqulu babam bir müddət Daşqozdan kolxoz təsərrüfatı üçün toxum tutmaq məqsədilə istifadə eləyib. Yaşlananda isə ərazilərini oğlanları arasında bölüşüb. Daşqozun bir hissəsi evin sonbeşiyi Yusifə, bir hissəsi isə ata ocağında yaşayan Qurbana düşüb. Qurban digər bağ-bostan yerləri ilə kifayətləndiyindən daşqozdan ona düşən payı Yusifə istifadə üçün güzəştə gedib.

1976-cı ildə kənddə səkkizillik məktəbin açılışına icazə verilir, o vaxta kimi ibtidai məktəb fəaliyyət göstərirmiş. Məktəbin tikilişi üçün yer seçilməkdə problem yaranır. Kənddə heç kim bağından, bostanından vaz keçmək istəmir. O zaman Qurban ona məxsus Daşqozdakı payını təklif edir. Məktəb həmin yerdə tikilir və işğala qədər fəaliyyət göstərir.

 

Şah bərəsi, Bərə yeri və Qız qalası

 

Kəndin qərb qənşərində Şah bərəsi adlanan bir təpə var. Təpənin başında iki balaca komanın kalafası olduğunu çəpiş-quzu otaran vaxtlarımda görmüşdüm. Burda kim yaşayıb, deyə düşünmüşdüm. Niyə kənddən aralıda özünə koma tikib? Ümumiyyətlə, bura niyə Şah bərəsi adlanır? Kənddə də şah olarmı?

Bərə yeri isə kəndin cənubunda, hardasa, Xaçamaş yolu istiqamətində iki kilometrlikdə yerləşir. Düzəngaha bənzər yamac bir yerdir. Yamacın ətəyində iki böyük saqqız ağacının yanında Şah bərəsindəki kimi iki balaca daxmanın, yaxud komanın kalafalıqları məlumdu. Bəs burda, görəsən, kim yaşayıb? Bu suallar məni daima düşündürürdü.

Bərə kənd yerində ovçuluğa aid yer adıdı. Çöl və vəhşi heyvanların gəlib keçəcəkləri ehtimal olunan yerlərə bərə yerləri deyilir. Bizdə isə bu yerlərin heç birində ovun gəlib keçə biləcəyi ehtimalı yox idi, olsaydı da az idi. Həm də yerin Şah bərəsi adlandırılması mənə çox qəribə görünürdü. Məmləkətin ucqar bir dağ kəndində şah olubmuş ki, onun bərəsi də olsun?

Nənəm danışırdı ki, babamın ulu babası bir müddət bu yerlərdə gözətçi qoyub. Qardan, yağışdan, küləkdən qorunmaq üçün koma tikib qalıblar. Qız qalasındakı gözətçi Arazın o tayını müşahidə edirmiş, gələn təhlükəni Bərə yerində duran gözətçiyə ötürürmüş. Bərə yerində olan gözətçi Şah bərəsindəki gözətçiyə, o isə öz nəvbəsində Əyri dərədəki kahaya məlumat verirmiş. Bu yerlər beləcə müşahidə olunur. Əyri dərədə məlumatı alanlar isə həm davarı gizlədə bilir, həm də Naxırçı cəvizi tərəfdəki Yurd yerinə asanlıqla gedib xəbər çatdıra bilirmişlər.

Beləcə, babam Cəfərqulunun ulu babası Cəfərqulu haqqında, onun böyük adam olması barədə, bu yerlərdə onun gəlişindən sonra həyatın yenidən canlanması, bəzi yerlərə ad verilməsi təsəvvürü yaranırdı. Hətta “şah babam” deyib qürrələnirdik də.

 

Nəslin qərib Rzaqulu nisgili

 

Babam danışırmış ki, onun ulu babasının qardaşlarından birinin adı Rzaqulu olub. Ailədə yeddi qardaş imişlər. Ataları öləndən sonra necə olubsa hakimiyyətə gəliblər. Nəsə hakimiyyət məsələsində razılaşmayıblar, araya nifaq düşüb. Bundan istifadə edən varlılar sadəlövh Rzaqulunu öz tərəflərinə çəkiblər. Rzaqulu böyük qardaşına qarşı üsyana qalxıb. Böyük qardaşları bundan qəzəblənib üsyançılara divan tutdurub, qardaşı Rzaqulunu isə zindana saldırıb. Edam etdirmək qərarına gəlib. Cəfərqulu böyük qardaşını sakitləşdirmək üçün çox çalışıb. Nəhayət, bir nəticə əldə edə bilmədiyini görüb “sən qardaş qatili kimi tarixə düşə bilməzsən, onu edam etdirirsənsə, əvvəlcə məni öldür, onun qətlini görməyim” deyərək qəti etirazını bildirir. Böyük qardaş bundan sonra fikrini dəyişir. “Onda çıxıb buralardan getsin və bir daha qarşıma çıxmasın” deyə Rzaqulunu zindandan azad etdirir. Rzaqulu oralardan çıxıb gedir. Bir müddət ordan-burdan sorağını alsalar da sonralar xəbər tuta bilmirlər. Harda öldüyü, basdırıldığı qardaşlara bəlli olmur. Onu daima qərib sayırlar, nisgilini saxlayırlar. O vaxtdan Rzaqulu adını nəsilbənəsil yeniləyib yaşadırlar. Hətta soyad olaraq onun adını götürüblər.

Babam Cəfərqulunun atasının adı da Rzaqulu olub. Böyük oğluna da Rzaqulu adı qoyub. Rzaqulu Böyük Vətən Müharibəsinə yollanıb. Dnepr çayını keçərkən fədakarlıq göstərib və o biri sahilə çıxar-çıxmaz sinəsindən aldığı güllə yarasından şəhid olub. Onun qara xəbərini gətirən üçkünc məktub rayon işğal olunana kimi böyük əmimgildə əziz xatirə olaraq qorunub saxlanılırdı. Sonra Əsgər əmim oğluna Rzaqulu adını qoydu.

Cəfərqulu babamın danışdığına görə, ulu babası bu bölgədə yurd salandan sonra Rzaqulu adı hər dəfə yenilənib, hətta Cəfərqulu – Rzaqulu yenilənməsi hər dəfə təkrarlanıb.

 

Bir də Ceyran nisgili

 

Cəfərqulu babamın dediyinə görə, onların ulu babasının anasının adı Ceyran olub. Ceyran xanım o dövrdə tanınmış sima olub. Qoçaqlığı, at çapmağı, qılınc oynatmağı, qıvraqlığı ilə seçilirmiş, cavanlıqda igidlərdən geri qalmırmış. Oğlanlarının tərbiyəsi, təhsili ilə ciddi məşğul olub, onların şəxsiyyət kimi formalaşmasında böyük rol oynayıb. Odur ki, onun adını daima əziz tutur, nəsilbənəsil qız övladların birinə Ceyran adını qoyarmışlar.

Cəfərqulu babamın qardaşları tez ölüb. Qaraş evlənib, bir qızı olub, adını Zeynəb qoyublar. Bir il keçməmiş qara sancıdan (kor bağırsağa “qara sancı” deyərmişlər) dünyasını dəyişib. O biri qardaşı Sədətqulu hələ evlənmədən damın tirini qaldırarkən beli sərpib, onurğa sümüyü zədələnib və bir müddət sonra o da belə həyatla vidalaşıb. Cəfərqulu babamın isə dalbadal oğlanları olurmuş. Rzaqulu, Sədətqulu, Əsgər, Qurban və Yusif adlı oğlanları dünyaya gəlib, ancaq qız övladı olmurmuş. O, hər il pirlərə nəzir aparıb, qurbanlar kəsib paylayırmış ki, qızı olsun. Qızı olmadığına görə başı havalanırmış. Xüsusən də kolxoz qurulandan, var-dövləti əlindən çıxandan sonra bunu özünə yaman dərd edirmiş. Bəzən cütü buraxıb (həmin vaxtlar yer şumlayırmış), bəzən də elə belə qol qaldırıb oxuyarmış: “Ay mənim Ceyran balam heeyyy….” Deyirmiş bəlkə belə etsə Allaha xoş gedər, ona bir qız övladı verər.

-Mənim a Ceyran balam hey, Ceyran balam…

Bunu onun müasirləri dönə-dönə söyləyərdilər.

Nəhayət, ömrünün payız çağında – 1940-cı ildə Cəfərqulu kişinin ailəsində bir qız uşağı dünyaya gəlir. Dərhal adını Ceyran qoyur, Tanrıya şükr eliyir. “Şükür sənə, İlahi! Məni bu dünyadan nakam köçürmədin. Ceyran nənəmin adını yeniləyə, yaşada bildim”, deyir. Sevincini kənd camaatı ilə bölüşür. Patefonu qoşub konsert verir. Bir cöngə kəsir. Bir hissəsini camaata paylayır. Bir hissəsindən həyətində kabab çəkir, kənd camaatını başına yığır, kababı isti-isti yuxanın arasına doldurub paylayır ki, yeyin, şənlənin, oynayın. Özü də sevincindən qol qaldırıb oynayır, camaat ona qoşulur, şadyanalıq olur. Bunu Cəfərqulu kişinin müasirlərindən Nağı kişi, Əliş kişi, Məhərrəm kişi, Gülqız arvad, Mələy arvad, Badisəbah arvad, Ziyad qocam danışanda şəxsən eşitmişəm.

Cəfərqulu babam Ceyran bibimi ərköyün böyüdür. Ona at minməyi, tüfəng atmağı öyrədir, deyir qoy ulu nənələri kimi qıvraq olsun. Ceyran böyüyür, boya-başa çatır. Cəfərqulu babam onun ailə qurmasını görəndən sonra rahatlıqla dünyasını dəyişir.

Ceyran bibimin altı qızı olub. İkinci qızından olan nəvəsi qardaşının nəvəsi ilə nigaha girib.

Ailənin məsləhəti ilə həmin nigahdan olan qız uşağına Ceyran adını veriblər. Tərbiyəsi, təhsili ilə xüsusi məşğul olurlar.

 

On yeddi güllə deşiyi

 

Nənəmin dediyinə görə, ermənilər Nikolay taxtdan yıxılan ili hücum eliyiblər, özü də payızda. Qoç bəsləyirmişlər, bu gün-sabah kəsəcəkmişlər. Bizdə qoçu sentyabr, oktyabr, bəzən noyabr ayının da birinci yarısını bəsləyib, ayın 20-25-i arası kəsib qovurar, qış uzunu qovurmalı xörək bişirib yeyərlər. Nəsilbənəsil əməl olunan adətlərdəndi. Ermənilər hücum edəndə hələ bəslənmə qoçlar kəsilməyibmiş. Bu da, hardasa, 1917-ci ilin payızına düşür. Erməni qoşununun qabağı kəndin qənşərindəki babamın xırmanının üstündəki, o tay yalın başındakı qoşa ardıca dirənəndə arxası Armudun yalın görünməz tərəfindəymiş, bir ucdan gəlirmişlər. Kilometryarımlıq məsafədə heç olmasa, heç olmasa altı-yeddi yüz silahlı varıymış. Axşamüstü olduğundan hərə öz işində, gücündəymiş. Erməni kəndi gülləbaran edən kimi kim nə gəldi götürüb dərəaşağı qaçır. Babamın Abbas adında comərd bir qaynı varıymış. Aynalını iki kəmərlə götürüb çıxır kəndin güney tayına. İri daşlardan birinə səngərlənib ermənilərə müqavimət göstərir. Hərdənbir güllə atmaqla onların qabağın alır, kəndə girməyə qoymur. Kənd camaatının qaçıb aradan çıxmasına şərait yaradır. Patronu qurtarar-qurtarmaz ermənilər onu vururlar. Döyüşə-döyüşə həlak olur.

Zöhrə qocam həna asıbmış, gəbə toxuyurmuş. Gəbəni həna qarışıq büküb şəllənib, qoşulub köçə, qaç ki, qaçasan. Həmin vaxt babamın iki sürüsü var imiş. Boğaz heyvanları ayırıb kənddən aşağıda saxlayırmış, Damdaşdakı kahaya yığırmış. Herağaş quzular, doğmayan şişəklər, satdıq heyvanlar, döldən çıxmış erkəklər; hamısı yuxarıdakı sürüdəymiş. Həmin sürüyə əl çatmadığından hamısı qalır erməniyə. Kənddən aşağıdakı sürüyə babamın qaynatası Hüseyn kişi baxırmış. Babam Hüseyn kişi ilə həmin sürünü dərəaşağı qabağına qatıb qovalayır. Babamın qardaşları Sədətqulu, Qaraş da onlara kömək edir. Ermənilər sürünü görcək düşürlər dalına. Babamgili basırlar gülləyə. Qaraşla Sədətqulu hərdən dayanıb ermənilərə cavab atəşi açırlar, onların qabağını saxlamağa çalışırlar.

Babam danışırmış ki, Tapan dərəsinin döngəsinə qədər ermənilər beşaçılandan onlara güllə atıblar. Döngəni keçib gözdən itəndən sonra nədənsə arxalarınca gəlməyiblər. Gecə ikən sürünü də camaatla bərabər Araz çayını o taya adladıblar. Ağbənd deyilən ağburun qayanın Araz çayına qarışdığı yerdə iki pələçi (bir az böyük olana, taxtadan hazırlanana bərəçi deyərlər) dururmuş. İrana gedib-gələnləri onlar adladırmış. Altı tulux pülənib doldurulubmuş. Üstünə sal deyilən quru ağaclar bağlanıbmış. Pələçi beş adam götürüb kürəklə pələni yelləyə-yelləyə çayın o tayına yön alırmış. Onları düşürüb geri qayıdırmış. Qoyunları isə başqa cür adladırmışlar. Uzun sicimi beş-onunun ortasındak keçirib suya buraxırmışlar. Pələçi dartdıqca sicimi yerdə qalanlara dolayıb suya atırmışlar. Pələçi o taya çatanda iyirmi-iyirmi beş qoyun çayda üzürmüş. Pələçi hamısını dartıb o taya çıxardar, sicimi açıb dəstələyər, bu taya qayıdarmış.

Beləcə, Arazı o taya adlayırlar.

Ertəsi gün babamın yapıncısında on yeddi güllə deşiyi sayırlar. Xoşbəxtlikdən babam yaralanmayıb, o güllələrin hamısı yapıncını deşib, sağdan, soldan, ayağının arasından keçib gedib.

Babam sürüsündən İrandakı ərbaba ailə sayına görə bir qoyun, sürünün qalmasına görə də əlavə on qoyun verib. Qışı İranda qalıblar. Novruz bayramından sonra geri qayıdıblar. Gəlib görüblər ki, ermənilər bütün evləri yandırıblar, uçurda bildiklərini də uçurdublar. Camaat yenidən ev tikib, meşədən ağac qırıb, komalarının üstünü örtüb yaşamaqlarına davam ediblər.

 

Ortabab kəndli kimi

 

İyirminci yüzilliyin əvvəlində Ordubaddan Ələsgər adında bir nəfər qalayçılıqla məşğul olurmuş. Qara adam olduğundan adına Qara, Qarakişi deyirmişlər. Ələsgər kəndləri dolaşar, səhəngi, sərnici sınan, qazanı deşilən, qulpu qırılan, samovarının lüləyi qopan olardısa, onların dər-dəmirin qalaylayar, özünə dolanışıq qazanarmış. Günlərin bir günü gəzə-gəzə gəlib çıxır Vejnəliyə. Burda iş çox olduğundan bir həftəyədək qalmalı olur. Kənddə Gülgəz adında gözəl, ərgən bir qız varıymış, Ələsgər ona vurulur. Daha çıxıb getmir Ordubada, qonşu kəndlərdə işini bitirib qayıdır Vejnəliyə. Əlqərəz, elçi göndərib Gülgəz ilə evlənir, qalır bu kənddə. Çox keçmir bir oğlan övladları olur, adını Qarakişi qoyurlar.

Qalayçı Ələsgər sonralar Arazın o tayına da ayaq açır. Arazqırağı kəndlərdən birində Humay bəy adında biri ilə dost olur. Humay bəy xırda alverlə məşğul olurmuş. Təbrizdən mal gətirib Arazqırağı kəndlərdə satarmış. Ələsgər də qalayçılığın daşın atıb qoşulur ona. Dayılarının köməyi ilə bir qatır alır. Qatırla Təbrizə gedib gəlirmiş, bir qatır yükü kəlağayı, şamaxı, dəstəmaz, möhür, çərəkə, təsbeh, xına, həna, sarıkök, darçın, zəncəfil, istiot, iynə-sancaq və sair xırdavat gətirib onları satırmış. Qonşu kəndlərdə də onu tanıyır, sifarişlər verirmişlər.

Elə olur ki, Ələsgər ölür. Humay bəy sifariş eliyir ki, oğlu gəlsin, alver şərikliyimizi onunla eliyək. O vaxtlar Qarakişi də həddi-bülluğa çatıbmış. Qarakişi gedib qoşulur Humay bəyə, atasının alver işini davam etdirir. Növbəti səfərlərin birində Təbrizdə bolşeviklərdən biri ilə tanış olurlar, dostlaşırlar. Qarakişi tacir kimi bolşevikə əyin-baş alır, onun karvansaray xərclərini ödəyir, səxavətini əsirgəmir. Onun bu mərdanəliyi bolşevikin xoşuna gəlir. Bolşevik ona bəzi sirrləri açıqlayır. Deyir ki, ay Qarakişi, siz tacirlər də bəy, xan, hacı, mülkədar, hətta ortabab kəndlilər kimi bizim sinfi düşmənimiz hesab olunursunuz. Hamınızın qulağınızdan tutub vızıldadacağıq Sibirə sürgünə. Madam ki, sən belə əliaçıq, ürəyiaçıq adamsan, gəl bu ticarətin daşını at. Get təsərrüfat yarat, kəndçiliyini elə. Qarakişi də qayıdır ki, ay qardaş, mən bu ticarətlə ancaq ki, ailəmi dolandırıram. Mənim pulum hardandı gedib özümə mal-heyvan alam, təsərrüfat yaradam. Bölşevik dostu başa salır ki, get kəndin ən varlı adamının yanına. Sənə dediklərimi ona da söylə. Ağıllı adam olsa sənə kömək edəcək. Olmasa, onu sürgünə göndərərik. Sənə də görək nə kömək edə bilirik.

Qarakişi səfərdən qayıdan kimi gəlir Cəfərqulu babamın yanına. Əhvalatı danışlr. Cəfərqulu babam onu dinlədikdən sonra sürüsündən on qoyun, dörd keçi, ağartıları olsun deyə yanıbalalı bir sağılan inək, bir düyə ayırıb verir. Dayılarına da sifariş eliyir ki, kömək eliyin, day Qarakişi alverin daşın atıb, təsərrüfat yaratsın. Kənd yerində ağartısı olmaq dolanışıq deməkdi, südün, qatığın, pendirin ki, öz təsərrüfatından çıxır, deməli, sənə zaval yoxdur.

Bolşevik Qarakişiyə bir də onu deyir ki, biz kəndə kollektiv təsərrüfat qurmağa gələndə, çıx qabağa, heyfslənmə, təsərrüfatında nəyin var, hamısını ver hökumətə. Biz də əvəzində səni qiymətləndirəcəyik. Qarakişi bunları da danışdığından Cəfərqulu kişi barmağını dişləyir. Fərdi təsərrüfatçılığın dövranı qalmadığını düşünür. Onsuz da ona olan olmuşdu. Ermənilər gələndə böyük bir sürüsünü yağmalayıb aparmışdı. Odur ki, Cəfərqulu babam heyvanın bir hissəsin satmaq qərarına gəlir.

1977-ci ildə dünyasını dəyişmiş Ziyad qocamın öz dilindən eşitmişəm. O, deyirdi ki, Cəfərqulu nə eşitdi, nə eşitmədi, heyvanın bir qismini aparıb Kənd Zəngilanın bazarında, bir qismini də Xocahan bazarında dəyər-dəyməzinə satdı. Üç torba pul elədi, gətirdi. Elə bil iy bilirmişlər, heç bir həftə keçmədi ki, üç ordubadlı tacir qapını kəsdi. Onlar əvvəllər də Cəfərqulu kişini tanıyırdılar, evə gəlib-gedən adamlardandı. Qatır almaq bəhanəsi ilə pulu borca götürdülər və o gedən getdilər. Bundan sonra Cəfərqulu kişi çox məyus dolanırdı. Əyri dərədə saxladığı iki yüz əlli-üç yüz baş qoyununu qaynatası Hüseyn kişi ilə otarırdı. Yer şumlanandan şumlanana, arpa-buğda səpiləndən səpilənə, biçindən-biçinə kəndə gəlirdi, çox vaxt elə kahada, heyvanın yanında qalırdı.

Ziyad (pasportda Zinyət) qocam Cəfərqulu babamın qardaşı Qaraşın arvadı olub. Əri öləndən sonra qızı Zeynəb ilə bir müddət qaynının himayəsində yaşayıb.

Beləliklə, illər tez gəlib keçib. 1929-cu ildə bolşeviklər qonşu Bartaz kəndinə gəlib çıxıblar. Sifariş eliyiblər ki, Vejnəlidən Qarakişi gəlsin. Qarakişi, arvadı Mirvari, dayısı Hüsü kişi atlanıb gediblər Bartaza. Bartazda onların hər üçünü Bolşevik partiyasına üzv qəbul ediblər. Hüsü kişini hətta Bartaz sovetliyinə sədr seçiblər. Baxmayaraq ki, Bartaz böyük kənd idi, ətrafındakı beş kənd həmişə ora tabeydi, yüzbaşılıq, sovetlik həmişə orda olmuşdu, ilk sovet sədri Vejnəlidən təyin edilib.

Növbəti 1930-cu ildə bolşeviklər Vejnəliyə gəliblər. Kollektiv təsərrüfat yaradıblar, Qarakişini kolxoza sədr təyin ediblər. Babam Cəfərqulu təsərrüfatının tən yarısını; 150 qoyun, 30 keçi, iyirmi baş iribuynuzlu, on dörd cüt öküz və dörd at hökumətə təhvil verib və deyilənlərə görə kollektiv təsərrüfatın böyük hissəsi babamın heyvanları olub. Qarakişinin zəmanətinə görə babamın nəyi var müsadirə edib Sibirə göndərməyiblər, qalan təsərrüfatına vergi qoyub gediblər.

Bir il babam öz təsərrüfatında qara nökər kimi işləyib. Hökumətin vergisini çıxandan sonra öz dolanışığına az qaldığını görüb atını minərək rayon mərkəzinə gedib. O vaxt rayon İcraiyyə Komitəsi rayon mərkəzindəki müsadirə olunmuş bəy evlərindən birində yerləşirmiş. Babam aşağıda duran postaçıya deyir ki, gəldiyini xəbər eləsin. O da tez yuxarıya xəbər eləyir. Qalife şalvarlı, xrom çəkməli, süvari gimnastyorkalı İcraiyyə Komitəsinin sədri eyvana çıxır və ucadan səslənir:

-Nə var, ay Cəfərqulu kişi, nolub?

Babam bir söz demir. Eləcə qoltuğunun dibində saxladığı orağı çıxardıb yuxarıya tolazmalayır. Oraq göydə fırlana-fırlana düz gedib düşür sədrin böyrünə.

-Bu nə hərəkətdi, ay Cəfərqulu kişi? – Sədr həyəcanlanır. – Gəlmisən mənim başımı kəsməyə?

-Yox, ay sədr. – Cəfərqulu babam asta-asta danışır. – Deyirəm, day bir şey qalmayıb. Al bu orağı, sən mənim başımı kəs.

-Bu nə deməkdir? – Sədr hirslənir. – Biz baş kəsən deyilik.

-Elə vergi qoymusan ki, bir ildir gecə-gündüz çalışıram, artırıb özümə bir qarın çörək qazana bilmirəm. Baş kəsmək day nətəri olur?

Sədr arif adamıymış. Babamı yuxarıya çağırır. Çay gətizdirir. Dilə tutur ki, gəl inad eləmə, o qalan mal-heyvanını da təhvil ver. Bir il, para il, bir də gördün gəlib zorla əlindən aldılar, özünü də gedər-gəlməzə yolladılar.

Babam kəndə qayıdan kimi nəyi var, hamısını təhvil verir. Qarakişi atını özünə təhkim edir. Bir də Daşqozdakı yeri verir, kolxoza toxum hazırlamağa. Babam kiminsə əlinin altında işləmir. Öz əli, öz başı olur. Belə həyat hər ortabab kəndliyə qismət olmayıb.

 

Zəngilanın canlı arxivi

 

Bütün bu sadaladıqlarımı öyrənəndən sonra üz tutdum bir nəfərin yanına. Dedilər ki, o, Zəngilanın canlı arxividir. Hamını tanıyır. Uzun müddət MTN-də işləyib. İşinin xüsusiyyətinə görə çox məlumatlıdır. Bilsə, ulu babalarınız haqqında o, biləcək.

Yaşı səksəni haqlamaqda olan Əfrayıl Hüseynov çoxdan təqaüdə çıxmışdı. Şəhərin Nizami rayonu ərazisində bina evlərdən birində yaşayırdı. Telefonla danışdıqdan sonra dediyi ünvana getdim. Məni qapıda özü qarşıladı və otağına apardı. Evdə ondan başqa heç kimi görmədim. Olsa da, mətbəxdə, yaxud başqa otaqda ola bilərdilər.

Bilmədim Əfrayıl müəllimin otağı kitabxanadır, yoxsa arxiv. Otaq kitabla və qovluqlarla dolu idi. Otağında ev telefonu da vardı.

Əfrayıl Hüseynovu şifahi tanıyırdım. Yazı-pozu ilə məşğul olduğunu da bilirdim. “Çaylar səmtinə axar”, “Altmış yeddi – Xankəndi, səksən yeddinin qıfılbəndi” sərlövhəli yazılarını da oxumuşdum. Odur ki, söhbətə başlamağımız çətin olmadı. Mən kəndimiz, məni maraqlandıran yerlər haqqında danışdım, ulu babamın kimliyi ilə maraqlandım. Diqqətlə dinlədi, nəsə təzə məlumat eşitdiyini hiss etmədim.

“Öz nəsil-nəcabətin haqqında maraqlanmağın xeyirdimi?” – sualı mənə qəribə gəldi. “Necə yəni? İnsan öz soy-köküylə maraqlanmazmı? Bəyəm adam öz kökündən güc, enerji alıb böyümürmü, pərvazlanmırmı?” Elə beləcə də dedim. Gülümsündü. Qəribə gülməyi vardı.

“Xoşdu”, dedi. Bizim nəsildən kiminsə gəlib maraqlanacağını gözləyirmiş. “Əminə bir-iki dəfə söz atdım, yan keçdi. Kommunistiydi, vəzifəsindən qorxurdu. Sovetlərdə köklü nəsillərdən olanları qabağa çəkmirdilər”. Əfrayıl Hüseynov böyük əmimi nəzərdə tuturdu. Adam qırx il büro üzvü olmuşdu, üç rayonu birləşdirən dəmiryol xətti üzrə partkom işləmişdi, tabeçiliyində altı yüzdən çox kommunist varıydı.

“Baban Cəfərqulu kişi ilə də görüşmüşəm. Ot biçini vaxtı Palıddibi deyilən kəndin aşağısındakı biçənəkdə xeyli söhbət eləmişik. Məni ayranaşına qonaq eləyib. Yaşlı olmasına baxmayaraq çox gümrah idi, yaxşı ot biçməyi vardı. Kərəntini elə çəkirdi ki, elə bil qılıncı sivirirdi…”

Əfrayıl kişi burda dayandı. Məni xeyli süzdü.

-Ulu babanın kim olduğunu bilib neyləyəcəksən? – deyə qəfildən soruşdu.

-Nəslimiz haqqında kitab tərtib etdirəcəyəm. – Qeyri-ixtiyari ağlıma gələni dedim.

-Əmin ola bilərsən. Qacarlardansan, özü də şah qolundan. Ulu baban Cəfərqulu xan Qacarlar hakimiyyətində sərkərdə, baş komandan olub.

Tüklərim biz-biz oldu.

Əfrayıl Hüseynov dəstəyi götürüb kiməsə yığdı. Xəttin o başından tez cavab verdilər. Salamlaşdılar, bir-birindən qısa hal-əhval tutdular.

-Sərvər, – dedi. – Bir eloğlumuz gəlib yanıma. – Nəsil şəcərəsindən kitab yazdırmaq istəyir. Ona kömək eləmək lazımdı.

Sərvər yüksək rütbəli dövlət xidmətçisi idi. Haqqında eşitmişdim.

-Kimlərdəndi?

-Qacarlardandı, özü də şah qolundan.

-Bizdə qacarlar var ki?

-Var, Sərvər, var. Sovet hökuməti çox nəsilləri qaralayıb deyə indi kimin kim olduğunu bilmirsiniz.

-Havalar bir az isinsin. May ayında üçlükdə görüşərik.

-Mən elə belə də bilirdim, Sərvər. Sən mənim yaşımı unutmamısan.

Sağollaşandan sonra mənə baxdı.

-Mayda səksəni haxlıyıram. Sağ olsun Sərvəri, yaddan çıxartmayıb.

Sağollaşıb ayrıldıq. Özünün zəng vurub xəbər verəcəyini dedi. İli dəqiq yadımda deyil, ay mart ayı idi. Novruz bayramından 3-4 gün keçmiş olardı. Ailə dostumuz Hüseyn bizə bayramlığa gəlmişdi. Əfrayıl müəllimin də telefonunu ondan aldım.

Gözlədim. Əfrayıl müəllim mənə bir daha zəng vurmadı. May ayının axırlarına yaxın onun ölüm xəbərini eşitdik.

 

Bir də Ramazan Hüseynovun monoqrafiyası

 

Ramazan Hüseynov Rusiya İnstitutlarının birinin Azərbaycan filialında prorektor vəzifəsində çalışırdı. “Qaçaq hərəkatı”, “İrəvan xanlığı” və başqa tarixi araşdırmalarını kitab şəklində çap etdirmişdi. “Ağa Məhəmməd Şah Qacar, (gerçəklər, həqiqətlər, uydurmalar)” üzrə araşdırmalar aparırdı. Araşdırmalarını qəzetlərdə çap etdirirdi ki, daha çox məlumatlar üzə çıxara bilsin. O, Jak Jevrin “Xacə şah” romanında yazıldığı kimi Cəfərqulu xanın sarayda öldürülməsinə inanmırdı. Onun araşdırmasına görə Cəfərqulu xan həmin ərəfədə yoxa çıxır və saraya çağrılaraq öldürüldüyü barədə şayiə uydururlar. Əks halda onun ölümündə iştirak edənlərdən kimsə sonralar da olsa bu barədə danışar, basdırıldığı yeri nişan verər, dövrün tarixçiləri bunu qələmə alardı. Söhbət sıravi ölkə vətəndaşından deyil, Qacarlar hakimiyyəti dövründə ordu komandanı sipənsar (general) sərkərdə Cəfərqulu xandan gedir.

Təəssüf ki, həmin ərəfədə Ramazan Hüseynov kimi nəcib bir ziyalı da şərin qəzəbinə tuş gələrək həbsə düşdü. Sonralar əlaqə saxlaya bilmədim.

Beləcə, nəsil şəcərəmiz barədə axtarışlarım yarıda qaldı. Yalnız məntiqim üzərindəki inandırıcı arqumentlərdən başqa söykənəcəyim bir mənbə tapa bilmədim. Deyirlər həyatda heç nə təsadüfdən olmur. Bəlkə elə, doğrudan da, belədir.

 

Böyük hörmətlə:

Əli bəy Azəri