Ayaz Imranoglu – şeirlər

Ayaz Imranoglu

ŞEİR KİMİ SEVDİM

Mən səni şeir kimi sevdim.

O şeirin içindəki məsum misraları,

Utancaq, saf sözləri sevdim.

 

Bəndləri çox olmayan,

Lap elə bir misralıq şeir kimi sevdim.

O misranın içındən kədərin boylansın

Göz yaşından nidalar, suallar yağsın.

Bir misralı şeir

Məhəbbət dastanı tək oxunsun, bitməsin.

 

Mən səni şeir kimi sevdim.

Nöqtəsi olmayan şeir.

Nöqtə qoymaqdan elə qorxuram ki…

Ayrılıq nəğməsidir,

Əlvida harayıdır,

Son dayanacaqdır.

 

Mən səni şeir kimi sevdim

Şeirim olan gözəlim.

 

 

BƏNÖVŞƏM

Biz atəşə, məsum eşqə bir adıq,

Bu torpağa sən də, mən də övladıq.

Birləşəndə biz ki, qoşa qanadıq,

Bənövşəm.

 

Üşümə, az qalır ilıq bir yaza,

Vermə ismətini ağlı dayaza.

Darıxsan üzünü çevir Araza,

Bənövşəm.

 

Arazımdan bir doyunca içib gəl,

Xudafərin körpüsündən keçib gəl.

İmranoğlu ünvanını seçib gəl,

Bənövşəm.

 

AĞRIM

Ürəyim ağrıdı həkimə getdim,

Ruhumun ağrısın de kimə deyim?

Orada bir sevgi hələ can verir,

Canıma can olan ağrımı yeyim?

 

Ağrıdan əyildi çiyinlərim də,

Ürəyim bir yetim uşağa dönüb.

Ovuda bilməyir ağılın gözü,

Kül altda qorunam demə ki, sönüb.

 

Çapılır, talanır bu vətən kimi,

Sökülüb obası, dağılıb yurdu.

Hələ əsirlikdə can verir canım,

De, hardan haylayım yatmış Boz qurdu?

 

Canımdan can kimi çıxır nəfəsim,

Uçuram, uçuram göyün üzündə.

Yelinli bulud tək yağım torpağa,

Adım da çəkilsin Tanrı sözündə.

 

Bölün şəhər-şəhər, kəndbəkənd məni,

Hər tində, döngədə dilənçi payım.

Yaltaqlıq, məddahlıq peşəmə dönüb,

Hanı əsilliyim, harayım, hayım.

 

Min ildi yatıram ağrı içində,

De niyə özünə gəlmirsən canım.

Babəkin kəsilmiş qolları kimi,

Donub yaddaşım da bu qara qan da.

 

Eyy!..qara qanın durulmağı var,

Vətən torpağa yox, quma ki, dönür.

Missoner su yolu edib bu yurdu,

Mənə sırıdığı kimin dinidir?

 

Qəsdi nə? döyüşmək əzmimi qırıb,

Bacı əsirlikdə, qardaş toydadır.

Bu ağrı, bu acı canıma sığmır,

Mənim ağrılarım Vətən boydadır…

 

 

RUH BAYATILARI

Əzizim əməl gərək,

Söz nədir, əməl gərək.

İnsanlıqdan yoğrulan,

Dünyaya təməl gərək.

 

Əzizim ulu tanrı,

Göylərin nuru tanrı.

Məhv et sən iblisləri,

Bəşərə yarı tanrı.

 

Yuxudan oyan qafil,

Bir azca dayan qafil,

Şeytana daş atınca,

İçindən oyan qafil.

 

Əzizim nə yerdədir,

Nə göydə, nə yerdədir.

İblis sənin içində,

Qəlbinin dibindədir.

 

Yenə də qan eyləyir,

İblis üsyan eyləyir.

Məndə haqqın nuru var,

Haqqı bəyan eyləyir.

 

Günəşdən nur alınsın,

Qaranlıqlar yarılsın.

Günəş olub insanlıq,

Qoy dünyaya yayılsın