Yer kürəsində yeyilə biləcək bütün qidaların 17%-i tullantılara gedir

Xaliq Məmmədov

BMT-nin Ətraf Mühiti Mühafizə Proqramı dünyada qida tullantıları ilə bağlı hesabat təqdim edib. Bu hesabatda göstərilir ki, Yer kürəsində yeyilə biləcək bütün qidaların 17%-i tullantılara gedir. Eyni zamanda, dünyada 783 milyon insan daimi aclıq şəraitində yaşayır. Bu, dünya əhalisinin təxminən 10%-ni təşkil edir.

Orta hesabla Yer kürəsinin hər bir sakini hər il onlara heç bir faydası olmayan 79 kiloqrama yaxın ərzaq məhsulunu tullayır. Orta hesabla hər ABŞ sakini 115 kq, avropalı 65 kq, rusiyalı 56 kq “artıq” saydığı qidanı tullantı edir. 2022-ci ildə ərzaq tullantılarının ümumi həcmi 1,05 milyard ton təşkil edib. Bu, gündə təxminən 1 milyard yemək norması deməkdir.

Ərzaq məhsullarının ən böyük payı – 60% – fərdi istehlakçılar və ev təsərrüfatları tərəfindən atılır. Təxminən 28%-i ictimai iaşənin payına düşür, 12%-i pərakəndə satış mağazalarında və supermarketlərdə tələb olunmamış qalır.

BMT vurğulayır ki, “əlavə” qidalar təkcə zəngin ölkələrdə atılmır. Yüksək, orta və aşağı gəlirli ölkələrdə bir ailəyə düşən qida tullantılarının fərq miqdarı 10%-dən çox deyil.

Bəşəriyyətin bütün qidaların demək olar ki, beşdə birini tullantı etməsi təkcə israfçılıq deyil. Hesabatda müəyyən edilib ki, qida tullantılarının artması ətraf mühitə zərərlidir və mənfi iqlim dəyişikliyinə böyük “töhfə” verir. Çürüyən qida tullantıları atmosferə yayılan illik istixana qazı emissiyalarının 8-10%-ni yaradır. Bundan əlavə, sahələrin, otlaqların və digər kənd təsərrüfatı istehsalının dəstəklənməsi üçün çəkilən xərci xeyli artırır.

BMT-nin Ətraf Mühiti Mühafizə Proqramının icraçı direktoru İnger Anderssen deyib: “Bu gün milyonlarla insan aclıq çəkir və milyonlarla insan qida israf edir. Bu, təkcə sosial inkişaf üçün deyil, həm də ətraf mühit və iqlim üçün problemdir”. BMT, dövlətləri ərzaq məhsullarının yenidən bölüşdürülməsi və ərzaq təhlükəsizliyi ilə bağlı özəl və qeyri-kommersiya təşəbbüsçüləri ilə daha çox əməkdaşlığa çağırır.