Sadəlik səmimiyyətdəndir. Və yaxud, ürək böyüklüyü sərhəd bilirmi. Xaliq Məmmədov

Xaliq Məmmədov

Səbuhi Rəhimlinin youtube kanalını dinləyirəm. Bir adamla pərdəarxası söhbət edirlər. Səsin həlimliyi, mövzunun doğmalığı məni özünə çəkir. Diqqətimi ekrana yönəldirəm. Tanıyıram danışan şəxsi. Çox qəribə bir insandır. Qəribəliyi xarici görkəmində deyil, xarakterində, davranışındadır. Mülayimliyi, ciddiliyi, tündməcazlığı bir an məsələsidir. Sözün, söhbətin mövzusundan, ciddiliyindən asılı olaraq dəyişir. Təmkinini pozmur, böyük sevgi, xoş niyyətlə bildiyini izah edir.

Həyatının, davranışının şah nöqtəsi mübarizlikdir, haqq-ədalət axtarışında olan mübarizlik. Bəzən kənardan baxana elə görünür ki, bu haqq-ədalət savaşındakı mübarizlik heç onun özünə lazım da deyil. Xalq üçün, el üçün, dost üçün, tanımadığı şəxslər üçün gərək olan fədakarlığa hazır olmaq – budur onun gözəlliyi, bütün bu yuxarıda sadalanan insani keyfiyyətləri.

Belə bir gözəllik isə, olduqca geniş bir ürəkdə yerləşə biləcək böyk bir sevgidən başlamalıdır və başlayır da. “Sevgi” deyəndə, mən sevginin hər hansı bir istiqamətini demirəm. Mən bu ali söz altında Vətənə, elə-obaya, dünyaya olan sevgini deyirəm. Ürəyin dərinliklərində qaynayaraq qonşuya, yaxına-uzağa, nəhayət, İnsana olan xoş məramlı arzuları, istəkləri deyirəm. Bu böyüklükdə bir sevgi yerləşə bilərmi bircə ürəyə? Bir halda ki, belə bir insan var, demək, yerləşə bilər.

Yəqin ki, çoxlarımız həyat yollarında rastlaşmışıq belə insanlarla. Sadəcə olaraq, kimsə başa düşüb, tanıyıb və yadda saxlayıb. Kimlərsə, qəbul etməyib bu qəlb gözəlliyinin böyük bir çələngini. Səbəb? Ola bilər ki, hər qəlb bir cür qəbul edir hörməti, sevgini, yaxşılığı. Vay o qəlbə ki, yolunda görməyib alicənab və xoş məramlı insanları, qəbul etməyib başqalarında ola biləcək  yaxşı xüsusiyyətləri. Başqalarında alicənablığı, el yolunda, (uzaq-yaxın) insan yolunda fədakarlığı görə biməyən qəlb özü dərdə, əzaba məhkumdur.

Yaxşı insani keyfiyyətlərdən nəyisə hər insanda tapmaq olar. Amma, əsl insan olmaq, bütün insani keyfiyyətləri özündə birləşdirmək, bəlkə də Allah vergisidir. Təkcə dostun yox, bəzən açıq-aydın, bəzən gizlidən sənə qarşı yaxşı olmayan düşüncələri yayan kənar bir şəxsin uğurlu işinə təmiz ürəklə sevinməyi bacarmaq böyük işdir. Son ayların gedişatında bir şeyi dəqiq başa düşdüm: bu gözəl Vətəndaşın apardığı istənilən diskussiya, mübarizə dilimiz, tariximiz, ədəbiyyatımız, hətta, əlavə edərdim – insani münasibətlərin qorunub saxlanması yolunda atdığı addımların əks-sədasıdır. Yaxud, təkbaşına gündəmə çıxmağa gücü çatmayan dəyərli bir gənc istedadın haqqsız hesaba alınmayaraq sayılmamasına qarşı etiraz səsidir. Bu hərəkətlərdə şəxsi münasibətlərin çəkişməsindən söhbət gedə bilməz.

Vaxtını, gücünü hansısa kənar görünən bir problemin ədalətli həllinə xərcləmək üçün əsil insan olmalısan və sonsuz enerji sərf etməlisən.

Ruslarda məsəl var: “Yaxşı insanı nə var-dövlət, nə də vəzifə poza bilməz. Əgər, siz həqiqətən yaxşı insansınızsa, var-dövlət, vəzifə sizdə heç vaxt olmayacaq!”

Haqqında bəhs etdiyim İnsan nə varlıdır, nə kasıb. Heç bir vəzifəsi yoxdur, işsiz də deyil. Vətən müharibəsində müxtəlif bölgələrdə vuruşub. İndi isə, minlərlə soydaşımız kimi öz sevinci-kədəri ilə Tanrının bəxş etdiyi ömür payını yaşayır. Titulu olmasa belə titul daşıyanların çoxundan fərqli olaraq (bu bir həqiqətdir!), Azərbaycanımızın tarixinin bizə bəlli olmayan səbəblər ucbatından unudulan səhifələrini gəzdirir mübariz sinəsində, ədəbiyyatımızın pozulan sətirlərini, bəzən tapdalanan bu gününü yuxarı qaldırmaq, tariximzin cırılıb atılmış səhifələrini bərpa etmək yolunda gecəsini-gündüzünü xərcləyir.

Əfsuslar, bu mübarizliyi, son nəticədə isə bu gözəlliyi görməyən şəxslər də olur. Bu “görməyənlər” (görmək istəməyənlər), mübariz bir insanın tariximiz, ədəbiyyatımız, dilimizin təmizliyi, düzgün istifadəsi yolunda apardığı mübarizəni “şəxsi iş” sayırlar. Çoxmu yazıçı, şair, ziyalı tapılar ki, tariximizi Dədə Qorquddan bu yana sətir-sətir danışsın, eyni zamanda, gözəl dilimizin bütün incəliklərinə bələd olsun və bu istiqamətlərdə hansı bir səhvi, haqsızlığı görüb hiss edəndə etiraz səsini qaldırsın? Əfsuslar, bu gün dilimizin saflığı və tariximizin bərpası yolunda gücünü əsirgəməyən, ədəbiyyatımızın inkişafında yol verilən səhlənkarlığa qarşı səs qaldıran belə mübarizlər azdır. Amma, arxa plandan dayanıb haqsız don geyindirənlərsə minlərlədir.

Böyük rus filosofu, ədibi Dostayevskinin bir əsəri var, “İdiot”(1868-ci il), bilmirəm niyə çox vaxt əsərin adını düz tərcümə etmirlər. “İdiot” – “Gic” deməkdir. İntellektual düşüncələrin amansız mübarizələri, daxili insan qəlbinin üzücü və sonu görünməyən ziddiyətləri üzərində qurulmuş bu dünyəvi əsəri yaradarkən əsas qəhrəmana (knyaz Mışkin) işarə olaraq, ədib bir fikir səsləndirir: “Dünyanı gözəllik xilas edəcək!” İndi qanadlı ifadə olaraq bütün dünyaya məşhur olan bu ifadədəki “gözəllik” heç də insanın xarici görkəminə işarə etmir. Ədib daxili gözəlliyin gələcəyin qurucusu olduğunu deyir.

İndi, böyük filosofun, ədibin fikrinə söykənərək, düşünürəm ki, çoxlarımızın gözəl insan, yaxşı dost, etibarlı yoldaş kimi tanıdığımız bu şəxsin daxili gözəlliyi də bizim gələcəyimizin, ən azından, tariximizin, ədəbiyyatımızın getdiyi yolda olan əyər-əksikliyin aradan qaldırılmasında öz sözünü həmişə deyəcək və uğurlar qazanacaq.   Bu şəxs, hamımızın tanıdığımız, sevdiyimiz yazıçı Əli Bəy Azəridir.

Qiymət