İlaxir çərşənbəniz mübarək

Xaliq Məmmədov

Bu gün dörd çərşənbənin sonuncusu, torpağın və həyatın oyandığı İlaxır çərşənbədir. Su, Od və Yeldən sonrakı.

Xalq arasında bu çərşənbəyə cürbə-cür adlar deyirlər: “İlaxır çərşənbə”, “Ağır çərşənbə”, “Yer çərşənbəsi”,”Torpaq çərşənbəsi”.

Hələ İslamın torpağımızda bərqərar olmasından da əvvəl qeyd edilən Novruz bayramı və bu bayramın “elçiləri” sayılan dord çərşənbə Azərbaycan mədəniyyətində xüsusi yer tutur, onlara xüsusi diqqət verilir. Maraqlıdırki, Novruzun və çərşənbələrin bağlandığı 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələrin nə vaxt meydana gəlməsi mübahisələr yaradır.

(AMEA) Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məhərrəm Qasımlı REPORTa müsahibəsində qeyd edir: “Novruz bayramına aid olan adətlərin böyük əksəriyyəti ilk yarandığı dövrlərdə olduğu kimi qalır. Əsas təhriflər çərşənbələrlə bağlıdır. Tarixdə od, su, külək, torpaq adlı çərşənbələr olmayıb.

XX əsrin 80-ci illərinin sonlarından başlayaraq əvvəlcə elmi ədəbiyyatda, az sonra isə mətbuatda – televiziya, radio və qəzetlərdə Novruz çərşənbələrinin “yeni” – qurama adları yayılmağa başladı, hətta “su çərşənbəsi”, “od çərşənbəsi”, “külək çərşənbəsi”, “torpaq çərşənbəsi” kimi adlar orta məktəb dərsliklərinə də salındı. Bundan əvvəl bu adların mövcudluğunu əks etdirən hər hansı bir mənbə yoxdur. Xalqımızın folklor və etnoqrafiya mədəniyyətində də tarixən bu adların heç birinə təsadüf olunmur.

Hazırda adət-ənənələrimizin daha saf şəkildə qorunduğu Cənubi Azərbaycanda – Təbrizdə, Urmiyada, Zəncanda heç kəsin qeyd etdiyim uydurma çərşənbə adları barədə təsəvvürü yoxdur. Bununla bağlı hər hansı bir tarixi qaynaqda da söz açılmır. …Dünyanın və insanın yaranmasını şərtləndirən məşhur “abi-atəş-xaki-bad” dördlük sistemi farscadan tərcümə edilərək buradakı hər bir ünsürə uyğun şəkildə bir çərşənbə adı düzəldilib. Yəni, ab – su, atəş – od, xak – torpaq, bad – külək…”

Ümumilikdə, qədimlərdə çərşənbələr sayı 7 olub. Üç çərşənbə “Yalançı”, dördü isə “doğru” olub.

Çox bölgələrdə indiyədək o “yalançı çərşənbə” ifadəsinin dilə gətirilməsinə şahid oluruq.

Məsələn, bizim Gədəbəy, Şınıx bölgəsində. Mən uşaqlıq dövrlərimdə Novruza hazırlıq ərəfəsində, anamın, nənəmin işlətdikləri “bu gün yalançı çərşənbədir” ifadəsini yaxşı xatırlayıram.

Tariximizdə çərşənbələr sıra adları alıb, “1-ci”, “2”-ci, “3”-cü və “Ağır”-“Axır” çərşənbə.

Çərşənbələrdə bayram süfrəsi düzəldilməsi, tonqal qalamaq, oddan atdanmaq, ululardan qalma qədim el adətidir.

Həmişə qanqal, çıl-çırpı yığar, tonqal qalayardıq. Köhnə əskilərdən lopa düzəldib gerosində yandırar, göylərə atardıq. Yarışa girərdik, kimin lopa-məşəli böykdür və daha ucaya atılır. Lopanı fırlayıb göyə uzaq atmaq yarışı ən xoşagələn məqam idi. İndiki uşaqlar, yəqin, belə işləri yaxın buraxmazlar…

Qapı dinləməyin günüdür bu gün. İcazəli dinləmə! İlk söz, eşidilən ilk ifadə tutduğn niyyətin uğurundan xəbər verir.

Duzlu yemək ye və bu gün axşamı su içmə. Gecə yuxuda hansı gözəl sənə su versə, demək gələcək sevgilindir.

Papaq qoyardıq qapıya. Şirniyyat üçün. Kimin gücü nəyə çatardı, atardı papağa. Konfet, yumurta, kökə…

Deyilənə görə, hər şeydə fərqlənməyə çalışan vətəndaşlar, hətta, pul qoyarmışlar papağa, mən görməmişəm…

Heç bir dinlə, islamla əlaqəsi olmayan bu gözəl bayram, Novruz və çərşənbələr türk xalqının, türk dünyasının tarixidir, əcdadlarımızın həyatıdır. Yəqin ki, kimlərsə var, Novruzu da, xalqımızın digər tarixi adətlərini də islama bağlayırlar. Amma, birmənalı şəkildə bilmək lazımdır ki, Novruzun tarixi, islamın tarixindən qat-qat qədimidir.