Azərbaycanda gündə onlarla kitab nəşr olunur, bu nəşr olunan kitabların da 95 %-inin təqdimatı keçirilir. Bu “təqdimat” deyilən şey nədir, nə üçündür və kimlərə lazımdır?
Mən bilmirəm, Tolstoy, C. London, İ. Şıxlı yüz illər yaşayacaq əsərlərini nəşr edəndən sonra təqdimat adlı “toy mərasimini” keçiriblərmi? Yəqin ki, onların yazdıqları əsərlər savadlı-düşüncəli ədiblərin, tənqidçilərin süzgəçindən keçəndən sonra, əsl tənqidi “gülləbaranlıqdan” sonra gedib ən yaxın dostları ilə yeni şedevrlərin yarandığını qeyd ediblər. Amma, yəqin ki, indiki kitab müəllifləri kimi səs-küylü etməzdilər.
Təqdimat nə məqsədlə edilir? Yığılır dağdan ağır bəylər, xanımlar. Gurultulu nitqlər, şablon təriflər düşür işə! Özünü “ədəbiyyatçı” sayan bu “tərifçi” natiqlərə qulaq asanda, nədənsə S. Vurğunun misraları yadıma düşür:
“… — “Ay rəhbər!” bəri vax! Çox lovğalanma
Çoşub, dəniz kimi heç dalğalanma!
Burnunu görürük bu pərdələrdən;
Ağzın köpüklənir danışanda sən…”
Kitabın içindəkilər heç kimi maraqlandırmır. Təriflər –yəni, açıq yaltaqlıqlar – olur tədbirin süjeti. İştirakçıların hamısı da ədəbiyyatçı adını özlərinə möhürləyənlərdir. Nitqlər deyildi, əl çalındı, heç kimin oxumayacağı kitablar sırındı tədbir iştirakçılarına, şəkillər-videolar çəkildi və …vəssalam! Bir də, qoyuldu feysə, o da layk yığmaq üçün. Bunula da bu kitabın işi qurtardı, “kitabı bağlandı”. İçində nə yazılıb, kimsə oxuyacaqmı kimi suallar qaldı ürəklərdə…
Adam baxanda utanır! Vallah-billah, o nitq söyləyənlər inanmazlar, mən o nitqlərə, o üzlərə baxdıqca utanıram (bəzən feysdə gözümə dəyir)! O tədbirdə tərif söyləyənlər sırasında bəzən həqiqi gözəl qələm sahiblərini də görmək olur.
Təqdimata gedənlər bircə fikirlə gedirlər: “Mənim kitabıma təriif deyib, ikisini də alıb. Mən də gedim, bir-iki xoş söz deyim. Yoxsa inciyər!” Toyda olduğu kimi: “Filanın toyuna 100 manat salmışam, çağırım – borcunu versin!”.
Götürün istənilən tədbiri, dinləyin. Eyni sözlər, eyni təriflər, yalnız sifətlər dəyişir.
Təqdimatda ayağa qalxıb nitq söyləyənləri dinləyəndə belə çıxır ki, nəşr olunan kitabların hər biri şedevrdir, qızıl fonda layiq əsərlərdir. Kitabın müəllifi isə Allahın seçib yerə göndərdiyi qeyri-adi talantdır. İstənilən tədbirdə istənilən nitqi götür yapışdır İ. Əfəndiyevə, Remarka, İ. Şıxlıya, Xeminqueya, Bulqakova, olacaq yerində.
Unuversitetlərdə C. Londondan, Tolstoydan referat yazan tələbələrə məsləhət kimi deyirəm, özünüzü üzməyin kitabxanalarda. Açın feysi, baxın ilk qarşınıza çıxan “Kitab təqdimatına”. İstənilən nitqi götürün, köçürün referata. “5”-niz hazırdır.
O təqdimatlardan elə gözəl misallar gətirərdim, bu kitab sahiblərinin Azərbaycan ədəbiyyatının sutunu olmağa layiqliyini “sübut” edən nitqlər göstərərdim ki! Həm gülməli, həm ağlamalı.
Bir az adama ürək verən odur ki, bu “tamaşalarda” iştirak etməyən, yaxud az-az görünən gözəl qələm sahiblərimiz var, bu isə o deməkdir ki, ədəbiyyatımız hələ yaşayır, ədəbi prinsiplər tam əriməyib, yalan-yaltaq selində yoxa çıxmayıb.
Əfsuslar ki, “təqdimat” komediyasının iştirakçıları sırasında babət qələm sahiblərini də görmək olur. Təqdimat sahibinin inciməməyi xatirinə gedib kürsüdən yalan təriflər demək, yalnız kağız kimi qiyməti olan kitablar barədə odlu-atəşli nitq söyləmək ədəbiyyata təhqirdir. Həqiqi ədəbiyyata, yüz illərdən keçib bizə gələn, yaddaşlarda qalan ədəbiyyata. Həqiqi yazıçı-şair şeirə-nəsrə hörmət edirsə lazımsız yazılara “şedevr möhrü” vurmamalıdır. Bu fikir, elə, feysə də aiddir. İnsaflılıq lazımdır, prinsipiallıq lazımdır. Dostluq xatirinə, layk xatirinə öz əlimizlə ədəbiyyatımızı niyə məhv etməliyik?
Yazıçılar tanıyıram, feysdə çox az olurlar. Təqdimat komediyalarında da demək olar ki, iştirak etmirlər. Az-çox kitab satışları da var, az da olsa, oxucuları da.
Oxucuları bu gün çaş-baş salan elə hər şeyə tərif söyləmək prinsipidir. Mənasız yazılar dostluq edən, yaxud, layk ovuna çıxan qələm sahibləri tərəfindən o qədər təriflənir ki, həmin zəif yazının sahibi qalır məəttəl! Düşünür və inanır ki, gözəl yazır. Cuşə gəlir və olmayan ədəbiyyat talantı başlayır gündə bir lazımsız yazı atmağa ortaya. Nəticədə oxucunun qabağına 5 dənə yaxşı şeir-romanla yanaşı 500 mənasız yazı çıxır. Gəlsin, indi oxucu seçsin o 500-ün içindən 5 dənə yaxşını!
Bu gün oxucu azlığını, yoxluğunu hamımız bilirik. 100 layk almaq 100 oxucu almaq deyil. Heç kim allanmasın. O layklar feysdə “siyahıya düşdüyünüz” laykın, təqdimatda dediyiniz tərifin əvəzidir.
Əgər ədəbiyyatı kim sevirsə — istər yazıçı-şair, istər, oxucu — saflığ uğrunda çalışmalıdır. O adam saflığı istəməz ki, ədəbi istedaddan uzaqdır, yaxşı heç nə yaza bilmir. Yaxud, yaxşı əsərlə pis əsərin fərqini görmək qabiliyyəti yoxdur.
Mübarizlik nəyisə seçib toqquşmaq deyil. Mübarizlik prinsipdir: yaxşıya “yaxşı” deməkdir, pisə “pis”. Ən azından, pisə tərif deməməkdir. Lap, dostun da olsa.