Tofiq Həsənlidən şeirlər

Tofiq həsənli

Sonra

Biz dedik,həccə gedib bəlkə düzəlsin bu adam,

Qalan imanı da tərk etdi gələndən sonra…

 

Atası xəstə idi,meyvəsiz öldürdü onu,

Gəl mərasimdə banan verdi öləndən sonra…

 

Ölməmiş mülkünü əvvəlcə bölüşdürdü onun,

Atasın torpağa tapşırdı, “böləndən” sonra…

 

Tanış yaşa

Sovuş haqdan,ədalətdən,

Haqsızlığa qarış-yaşa.

Küs haqqını danışandan,

Haqsızlıqla barış-yaşa.

 

Öz-özünü çoxunda gör,

Uzaq dərdi yaxında gör.

Sevincini yuxunda gör,

Dərdi qarış-qarış yaşa.

 

Canında od qalasınlar,

Sərvətini talasınlar.

Haqqını yağmalasınlar,

Qazan qəpik-quruş-yaşa.

 

Tamahını azdırsa “yal”,

Olacaqdır dilin də lal.

Yıxılanına balta çal,

Bizim elə tanış yaşa.

 

Sinəndəki ahı da dan,

Kor gələn sabahı da dan.

Desələr-Allahı da dan,

Zamanəyə alış-yaşa.

 

Tofiq,nə çəkin,nə əyil,

Köləliyə salma meyil.

Köləlik YAŞAMAQ deyil,

Insan kimi çalış YAŞA.

 

 

Ikiqafiyəli ikirədifli qəzəl

Ürəyim əzabı düşdü varağın parası üstə,

Yenə “yox” cavabı düşdü,

Ürəyim yarası üstə.

 

Qəmimin şəriki oldu sənə dərdiyim qızılgül,

Gözünün gülabı düşdü gözümün qorası üstə.

 

Sözünü unutduğunçün dura bilmədim sözümdə,

Sözün istirabı düşdü sözün iftirası üstə.

Neçə il sayıb ötürdüm ələ gəlməyən gün üçün,

Ilimin hesabı düşdü saçımın qarası üstə.

 

Ötən əhli-eşqə saqi yenə mey süzürdü,Tofiq,

Əlinin şərabı düşdü yeni macarası üstə…

 

 

Qalıb

Özün getdin,ürəyimdə,

Oxun yaddan çıxıb qalıb.

Yığıb apardın azını,

Çoxun yaddan çıxıb qalıb.

 

Dağı yığılıb dağ olan,

Həsrəti məndən doğulan.

Yastığım üstə dağılan,

Qoxun yaddan çıxıb qalıb.

 

Ömrü çəkən avar onun,

Indi yoxluğu var onun…

Götürüb getdin varını,

Yoxun yaddan çıxıb qalıb.