Qaldım

Gəlib çıxmamışam hələ özümə,

Bir boylanım görüm harada qaldım?

Hərə bir dəstəylə ağ günə çıxdı,

Mən elə tək-tənha qarada qaldım.

 

Dünyanın xeyiri, şəri olmadım,

Ölə bilməsəm də, diri olmadım…

Heç işdə sıradan biri olmadım,

Hər işdə sonuncu sırada qaldım.

 

Hərəsi özünə bir “tərəf” edib ,

Hərə bir tərəfdə qapdığın yedi…

Türk “talış” söylədi,talış “türk” .- dedi,

Heç kim götürmədi, arada qaldım.

 

Dünya zindan oldu, ömürsə cəza,

Əliboş çıxmadım hər gələn yaza.

Bir ömür yaşadım söz yaza-yaza,

Dünyada yarada-yarada qaldım.

 

Şükr Varlığına, məni Yaradan!

Razıyam Sən verən dərddən, yaradan.

Harda sən “get” dedin, getdim oradan,

Harda sən “qal” dedin, orada qaldım.