Şahlar Hacıyev — TƏCNİSLƏR

 

 

Payizdır, qonaq ol yarın bağında

 

Payizdır, qonaq ol yarın bağında,

Bir qızıl heyvaya, bir inci nara.

Göstər ilqarını, yarın , bağında,

Bələd ol, baxırmı  bir İncin,  ara?

 

Burda  ürək qoyan neçə gözəl var.

Gülüstan yaradan neçə göz, əl var.

Hamı  gözəl baxır- necə gözəl var,

Bir Qönçə heyvaya, bir İnci nara.

 

Gözəllər kanıdır bu Qız qalası

Bəyimi nənədir, bu qiz , qalası.

Dedim , nə vaxtacan bu qız qalası.?

Ver bir müəllimə, bir incinara.

 

Hər gözəl bəxtinə elçilər gəzər.

Qızıldır ərkanı, elçi lər gəzər.

Vermir zalım nənə , el çilər gəzər

İkinci  xoş deyil, birincin ara.

 

Mən də sevdalıyam — qız alım, nənə,

Nə umsa yarından qız, alım,  nənə!

Pəl vursa Şahlara bu zalım nənə,

Bir inci heyvaya, bir inci nara.

 

Gözlə

Ay ellər, gedirəm yurdu qoruyam,

Darıxma, salamat qal ana , gözlə !

Babəkin, Poladın, odu, qoruyam,

Düşmənin koması qalana , gözlə!

 

Mənimçün ağlama ana, demişəm.

Gələrəm,  günləri sana demişəm.

Dönməsəm el- oba ana , demişəm,

Bu vətən qalacaq qalana , gözlə!

 

Şahların  borcu var, çatıb bu yaşa,.

Bələddir quruya , bələddir yaşa.

Oğlun da bir ərdir ay anam , yaşa!

Dönərəm alınmaz qalana , gözlə!

 

GÜLƏ- GÜLƏ

Bahardır, bağçanın gülşən çağıdır.

Bülbül müştaq olub ay gülə, gülə.

Gündüz baxar Günə  bir gün ağlasın,

Gecə görər Ayı, Ay gülə  Gülə.

 

Neçə nəğmə qoşdu, bəxti yarıdı,

Dedi, qismətidir, bəxti, yarıdı.

Eşq ilə bağçanın bəxtiyarıdı…

Edir nəğməsini pay Gülə, gülə.

 

Yara könül versə hər nə yolla yar,

Güldə görər vəfa, deyər, yolla yar!

Bülbül  nigarandır, yarı yollayar,

Süsənə, Nərgizə, Aygülə, Gülə.

 

Ayrılıq ömrünün nəsimi olar.

Sınıq kaman kimi nə simi olar?!

Soysalar dərisin, Nəsimi olar,

Ağlamaz, sızlamaz , soy, gülə- gülə.

 

İncələr

 

Dedilər zaval yox əsla  halala,

Üzülməz, olmasa haram, incələr.

Haram  hallanarkən,  halı hal ala,

Halal baxdı hala, haram incələr!?

 

İzzəti görkəmə ,boya çəkdilər,

Adını dastana , boya çəkdilər.

Qaramat ərkana boya çəkdilər,

Yarandı  şövkətli haram incələr.

 

Zamanın urvatı ələyə qaldı.

Ələk də ələyə- ələyə qaldı.

Bir nakəs min oldu- Fələyə qaldı

İxtisar olacaq hara mincələr ?!

 

Yolçusan, xəyalın  gedirkən ara,

Hər yolu, ərkanı gedərkən ara!

Yolun tərsə dönər, gedər kənara,

Üstünə  quldurun , haramin gələr.

 

Harda rifah quldur, dərd- qəm, yas, ağa,

Yol varmı getməyə sola, ya sağa?!

Şahların mehrini salan yasağa,

Halından  suç arar, haram incələr.

 

Bu dünya olmadı daha ər kanı

 

Bu dünya olmadı daha ər kanı,

Uyma namərd verən salama, talar!

Soydan , kökdən ara ədəb- ərkanı,

Salavat  sizədir, — Salam, atalar!

 

Olsan əyləncəyə baz , ara baxtı.

Çoxu o şakərə az ara baxdı.

Yazma nə dəllala , bazara baxtı,

Qulam maşın alar, Salam at alar.

 

Arasan ruzini malda qoyunda,

Dövlətdi o ət də, o sud, o yun da

Bu həyat şahmatdır, haqqı oyunda,

Kim ki müxənnəsi sala mat, alar.

 

Şahların saf eşqi, düz niyyəti var.

Hər kəsə gətirmir səadəti var.

Haqqı əməlinə eyləyən avar,

Zövqü- səfasını salamat alar.

 

Yar

 

Mayıl olub yara elçi yolladım,

Sidq ilə söyləmiş » Hə » — mayıla, yar.

Sevgiyə , ilqara var etiqadı,

Uymadı zər- ziba, həmayıla yar.

 

Onsuz hey uzanar  həyacan anım,

İstərəm can deyəm, onu can anım.

O, mənim sevgilim, nazlı cananım,

Mənə həmdəm ola , həm ayilə, yar.

 

Bilir ki, əyriyə  tay olmaz düzüm,

Gəlsin , qədəminə çıxım gül düzüm.

Günəşdir,  eşqiylə gülər gündüzüm,

Nur saçar gecəmə həm Ay ilə yar.

 

Bu cür Leylicamal, belə tər sinə,

Sevirəm, sevməyin düzü, tərsi nə!?

Çəkirəm sərasər sevgi dərsinə,

Qoy bilsin halımı, həm ayilə yar.

 

Şahlaram,  bəxtimiz çıxar düyündən

Biz də kam alarıq toydan, düyündən.

Gəlib çalar aşıq  öz gördüyündən,

Gün aya qovuşar , həm ay ilə , yar.

Qiymət