Quliyev Mehman, Bəydəmirli (1934 – 2000)

 

Necədir

İstəkli qardaşdan qoy xəbər alım,

Könül tələb edən ellər necədi?

Zimistan keçdimi görən Vətəndə,

Bülbüllər ötürmü, güllər necədi?

 

Kimlər köç eyləyib çıxdı yaylağa?

Kimlər həsrət qaldı yağa-qaymağa?

Ürək tab edərmi deyib saymağa,

Şahinin gəzdiyi çöllər necədi?

 

Könül tələb edir o Keçəl dağı,

Xəstəyə can verən Hacı bulağı.

Allah əmanəti, saxla uşağı,

Cürtdənin* sərində tellər necədi?

 

Yar-yardan inciyər, küsər-barışar,

Fələk ayrı salan çətin görüşər.

Beçarə Mehmandan kimlər soruşar,

Hərdən-hərdən yazan əllər necədi?

——

*Cürtdən – oğlu Allahyarın uşaqlıqda ikinci adı

Şeir 70-ci illərdə Qazaxıstanda yazılıb.

 

Yardan ayrılıq

 

İl uzunu lal olarmış,

Dili yardan ayrılanın.

Vaxtından tez ağararmış,

Teli yardan ayrılanın.

 

Mən dərdimi deyim hara?

Yarı gedən ha yalvara!

Vallah, olar günü qara,

Əli yardan ayrılanın.

 

Mehman qəmlə yüz dərd çəkər,

Yar yolunda güllər əkər,

Əldəndüşər, tez bükülər,

Beli yardan ayrılanın.

 

Şeir, rəhmətlik Meyva xala acıq edib atası evinə getdiyi müddətdə yazılıb, 1970-ci illər

Allah cəmi dünyadan köçənlərə rəhmət eyləsin!