Qaçaq Cəfərqulu, tariximiz. Hüseyn İsaoğlu ( Məmmədov) Yazıçı – publisist.

Kəndimizdən gələn səs

Şınıx qaçaqları

Bu gün olduğu kimi, əsrlər əvvəl də xalqımızın qəhrəman oğulları öz şücaətləri ilə tarix yazıblar. Onlardan biri də Qaçaq Cəfərquludur. O, XIX əsrin 90-cı illərində – kənd ağsaqqallarının söylədiklərinə görə, 1897-ci ildə müasir Gədəbəy rayonunun Hacılar sovetliyinin Qaravəllər (Mor-Mor) kəndində göz açıb. Atası Həsən kişi, anası Nənəxanım ana sadə kənd adamları olub. Cəfərqulu, kənddə məktəb olmadığına görə təhsil almayıb. Ancaq Allah bütün gözəllikləri, boy-buxunu ona bəxş etmişdi. El-obada hər kəs onun boy-buxununa, çevik, qorxmaz bir gənc olmasına həsəd aparırmış. O, ağlı kəsəndən əlinə tüfəng alıb ova gedərmiş. Yaxın silahdaşlarının söylədiyinə görə, çox sərrast atıcı imiş. Deyilənlərə görə məlum olur ki, erməni daşnakları Cəfərqulunun doğulduğu kəndin mal-qarasını örüşdən oğurlayıb aparırmış. Onların bu hərəkətlərinə dözməyən Cəfərqulu daşnaklara qarşı mübarizəyə başlayır. O, bütün gününü dağlarda-daşlarda keçirirmiş. Beləcə, mal-qara oğurluğuna gələn erməni daşnaklarını hadisə yerində güllələyirmiş. Əlinə sağ düşən daşnaklar isə canlarını qurtarmaq üçün and-aman edirlərmiş ki, yolu azıb bu yerlərə gəlib çıxıblar, yaxud mal-qaranı, atı itirmişik, onları axtarırıq. Cəfərqulu da o qədər mərd adam olub ki, ondan aman diləyənlərə heç vaxt toxunmurmuş. Ancaq onların sifətini yadında saxlayar, ikinci dəfə qarşılaşanda, sorğu-sualsız güllələyərmiş. Cəfərqulunun bu hərəkəti hakim cinovniklərin canına vəlvələ salır. Onu tutmaq istəyirlər, ancaq bacarmırlar. Onun əvəzinə böyük qardaşı Abuzəri tutub Gəncə quberniyasında qazamata salırlar ki, Cəfərqulu gəlib təslim olsun. Cəfərqulu onların hiyləsini başa düşüb getmir. Polis cinovnikləri qəzəblənib 1914-cü ildə Abuzəri qardaşı Cəfərquluya görə Sibirə sürgün edirlər. Cəfərqulu qardaşı Abuzərin Sibirdə ölüm xəbərini eşidəndə içində nifrət hissi qat-qat çoxalır. Erməni daşnaklarındanibarət birləşmələr Cəfərqulunu tutmaq üçün çox hiylələr işlədirlər. Onlar təkcə Hacılar kəndinə yox, başqa-başqa kəndlərə də hücum edirlər ki, bəlkə Cəfərqulunu tuta bildilər. Hücum vaxtı da həmin kəndlərin mal-qarasını yığıb aparırlarmış. Bununla kifayətlənməyib qonşu Tovuz, Şəmkir rayonlarından yay aylarında yaylağa köçən sakinlərin də mal-qaralarını yığıb aparır, çobanları isə güllələyirlərmiş. Cəfərqulu onlardan qardaşının və çobanların qisasını almaq üçün böyük qardaşı Abbasəlini, əmisi oğlu Paşanı, Qulunu, İsrafili, bibisi uşaqları Qaranı, Əsədi və Zülfüqarı da silahlandırır. Beləcə, Cəfərqulunun dəstəsi günü-gündən böyüyür. Günlərin bir günü Cəfərquluya xəbər çatır ki, daşnaklar Qarğa qayasının yanından Mor-Mor camaatının mal-qaralarını, qoyun-quzusunu aparırlar. Cəfərqulu daşnaklara xəbər göndərir ki, əgər canınızdan olmaq istəmirsinizsə, apardığınız mal-qaranı geri qaytarın. O, dəstəsi ilə bir neçə gün gözləyir, daşnaklardan heç bir səs-soraq çıxmır. Bu dəfə onların yanına adam göndərir, yenə də heç bir nəticəsi olmur. İçindəki nifrət hissi ilə dolub-daşan Cəfərqulu başının dəstəsi ilə həmin ermənilərin mal-qara və qoyun-quzusunu yığıb gətirir kəndə. Kənddə kimin nə qədər mal-qarası, qoyun-quzusu gedibsə, əvəzini verir, artıq qalanları da kasıb ailələrə paylayır. Kənd ağsaqqallarından, Cəfərqulunun silahdaşlarından haqqında dəfələrlə böyük igidliklər eşitmişəm. Tapdıq kişi, Mehralı kişi, Nəsib kişi, Axund kişi, Ağbaş Məhəmməd Cəfərqulu haqqında olduqca maraqlı söhbətlər edib. Nəsib kişi ilə Ağbaş Məhəmməd söyləyirdilər ki, böyük çillənin ortalarında Şəmşəddindən Mor-Mora beş erməni gəlir. Cəfərqulu ilə danışıq aparırlar və deyirlər bu gündən sonra sizin camaatla işimiz olmayacaq. Cəfərqulu onlara yemək-içmək verir, gecəni evində saxlayır. Səhər açılanda görür ki, 40-50 sm qalınlığında qar yağıb. Cəfərqulu Ağbaş Məhəmmədlə Tapdığı yanına çağırıb deyir ki, mənim bu daşnaklardan gözüm su içmir. Bunların başını əkmək lazımdır. Ağbaş Məhəmmədə tapşırır ki, sən qabağa düşüb iz aça-aça gedərsən. Tapdıq ilə mən lap arxada gələcəyik. Qarağatlıgı keçəndə sən kənara çəkilib deyərsən ki, çarığımın bağı açılıb, onu bağlamalıyam. Ağbaş Məhəmməd Cəfərqulu dediyi kimi, qarağatlıgı keçəndə erməni daşnaklarına deyir ki, siz yavaş-yavaş gedin, mən çarığımın bağını bağlayım, ilişib məni yıxar. Ağbaş Məhəmməd kənara çəkilən kimi Cəfərqulu deyir ki, bir bu heyvana bax yerindən heç tərpənmir. Erməni daşnakları arxaya çevirlən kimi Cəfərqulu beş erməni daşnakını bir güllə ilə öldürür. Onların meyitlərini ocaq qalayıb yandırırlar. Başqa bir hadisəni Cəfərqulunun silahdaşı Nəsib kişi danışıb.1915-1916- cı illər olardı. Şəmsəddindən daşnaklar Cəfərqulunu izləmək üçün onun kimlə oturub durmasını müşahidə aparmağa görə məzlum vəziyyətdə Rüstəm adında bir daşnak göndərirlər. Bu daşnak erməni Cəfərqulunun yanına gəlib əl-ayağına düşüb yalvarır ki, mənə daşnaklar yaşamağa imkan vermir. İcazə verin sızın həyətinizdə nökərçilik edim. Cəfərqulu bu erməninin şirin dilinə inanıb nökər kimi həyət- bacada işləməsinə razılıq verir. Rüstəm bir neçə aya Cəfərqulunun ehtiramını qazanır. Ancaq Rüstəm Cəfərqulu evə nə vaxt gəlir, nə vaxt gedir , kimlərlə görüşür bunların hamısını öz yaddaşına həkk edir. Bir gün Cəfərqulu qaçaq yoldaşları ilə gələndə gözünə sataşır ki, Rüstəm qaçaraq Bülxədər deyilən yaldan aşıb Şəmsəddin tərəfə gedir. Cəfərqulu kəsə yol ilə gedib Xonça talada oturub Rüstəmi gözləyir. Bir neçə dəqiqədən sonra Rüstəm Cəfərqulunun qarşısında dayanır. Cəfərqulu soruşur ki, hara gedirsən? Rüstəmin rəngi qaçmış halda kəkələyə- kəkələyə deyir: -Cəfərqulu bəy arvad – uşaq yadıma düşdü, yaman darıxdım. Dedim gedib onlara baş şəkim, görüşüm gəlim. Cəfərqulu deyir ki, ay Rüstəm gedəndə xəbər verərdin uşaqlar üçün pay – püs yığardım, onu da aparardın. Cəfərqulu çox arif adam idi. Başa düşdü ki, bu beş – altı ayda bu evdə yaşayaraq kəşfiyyatla məşğul olub, itlərin yalını verib özünü itlərə tanıdıb. Cəfərqulu Rüstəmi atın qabağına qatıb gətirəndə qorxusundan ürəyi parlayıb ölür (Hal-hazırda həmin yerə Rüstəm ölən qaya deyirlər). Daşnakların başçısı Boqrat bu hadisədən bir neçə ay sonra xəbər tutur. Onlar Cəfərquludan qisas almaq üçün yaylaqda Xanım talası adlı yerdə Cəfərquluya hücum edib onu öldürmək istəyirlər. Ancaq yenə onların bu planları baş tutmur. Cəfərqulunun silahdaşları bütün bənd-bərəni, araba yolunu da tuturlar. Sən demə, daşnaklar Cəfərqulunun dəstəsindən xeyli qabaq gəlib pusqu qurublarmış. Cəfərqulunun dəstəsinin bu pusqudan xəbərləri olmadığına görə, silahlarını bir kənara qoyub mürgüləyirlər. Bu vaxt daşnaklar onları atəşə tuturlar. Qanlı savaş başlayır. Daşnaklar yaxşı silahlansalar da, düzgün mövqe tuta bilmədikləri üçün silah-sursatlarını atıb qaçırlar. 1918-ci ildə xalqımızı daşnak qırğınından xilas etmək üçün ölkəmizə gələn Nuru Paşa Azərbaycan hökumətinin ona verdiyi səlahiyyət çərçivəsində gəncləri orduya səfərbər edir. Hətta Əliağa Şıxlinski ilə Gəncəbasarın qərb yaşayış məntəqələrinə gedərək camaatı Vətəni daşnaklardan təmizləməyə çağırır. Onların bu çağırışına camaat böyük ruh yüksəkliyi ilə razılıq verir. Həmin vaxt Cəfərqulunun yaxın qohumları Cabbar və Muxtar Nuru Paşaya Cəfərqulu haqqında danışırlar. Onlar bildirirlər ki, Cəfərqulu yaxşı güllə atan, qorxmaz mərd bir döyüşçüdür. Onlar bir neçə gündən sonra Cəfərqulunu Nuru Paşa ilə görüşdürürlər. Nuru Paşa gənc Cəfərqulu ilə görüşdən məmnun qalır. O, istəyir ki, Cəfərqulunu Türkiyənin İstanbul şəhərində hərbi təhsil almağa göndərsin. Deyir ki, səndən yaxşı hərbçi olar. Ancaq Cəfərqulu Nuru Paşaya təşəkkür edib deyir ki, əgər mən bu eldən-obadan ayrı düşsəm, daşnaklar bizim bu kəndləri darmadağın edərlər. Nuru Paşa üzünü Cabbarla Muxtara tutub deyir ki, siz də burada qalıb Cəfərquluya arxa-dayaq olun. Həmin o qanlı-qadalı illərdə (1918-1919) Qafqaz İslam Ordusu Gəncədən Bakıya qədər erməni daşnakları ilə ölüm-dirim savaşına qatılanda Cəfərqulu da silahdaşları ilə Şınıx istiqamətində daşnaklara qarşı əsl mübarizə aparırdı. Daşnaklar sonra bolşeviklərlə birləşib Milli Hökuməti sarsıtmaq üçün terrora başlayırlar.

O vaxt Gədəbəyi daşnaklardan Mustafa ağa, Qaçaq Məcid, Məşədi Mehralı və Qaçaq Cəfərqulunun silahdaşları qoruyurdular. Bolşeviklər və daşnaklar bu silahlı dəstələrə yaxın düşə bilmirdilər. 1920-ci ildə XI Ordu Milli Hökuməti devirir. Bu fürsətdən istifadə edən daşnaklar dinc əhaliyə qarşı qətliamlar törətməyə başlayırlar. Həmin il (1920) inqilab əsgərləri Qaçaq Cəfərqulunu tutub Bakıya, Bayıl türməsinə gətirirlər. Bir müddət Bayıl türməsində qalan Cəfərqulu oradan qaçır və birbaşa doğma kəndi Mor-Mora qayıdır, Milli Müqavimət hərəkatına qoşulur. O, bütün dəstəsi ilə daşnak-bolşeviklərə qarşı mübarizəni davam etdirir. Qaçaq Cəfərqulunun mövqeyi onun düşmənlərinə məlum idi. Onlar yaxşı bilirdilər ki, Cəfərqulu, Mustafa ağa, Qaçaq Məcid daşnakların törətdikləri soyqırımın qisasını alacaqlar. Ona görə satqın komsomolçulardan istifadə edib Qaçaq Cəfərqulunun yerini öyrənir, onu diri tutmaq üçün mühasirəyə salmaq istəyirdilər.

Onların qurduğu bu plan bir neçə dəfə baş tutmur. Cəfərqulu gizli yollarla dağlara çəkilir. NKVD-nin Tovuz rayon şöbəsində gizli müşavirə keçirilir. Həmin müşavirədə təlimatlandırılmış, silahlandırılmış 14 nəfərdən ibarət dəstə yaradılır. Qaçaq Cəfərqulunun öldürülməsi onun yaxın dostu olmuş, sonralar NKVD sıralarında çalışan İbrahimə tapşırılır. İbrahim NKVD-nin silahlı dəstəsini Mor-Mor kəndinə gətirir. Atlılar kəndə daxil olanda camaat deyir, görəsən kimi güllələməyə, ya da həbs etməyə gəliblər?! Onların bu gəlişini Mor-Morun yuxarısında – “Duman” deyilən təpədən Cəfərqulu, Paşa, Ağbaş Məhəmməd, Əsəd, Tapdıq, Axun və başqa qaçaqlar görürlər. Atlı dəstə birbaşa Cəfərqulunun həyətinə gəlir. Onlar Cəfərqulunun evdə olmadığını görüb atlarını Duman təpəyə tərəf sürürlər. Cəfərqulu gələnlər arasında yaxın dostları olan İbrahimi və İsrafili tanıyıb səslənir ki, nə üçün gəlmisiniz? İbrahim deyir ki, evinə qonaq gəlmişdik. Cəfərqulu onların hiyləsinə inanıb silahdaşları ilə dağdan aşağı düşür. Cəfərqulu yoldaşlarına bir heyvan kəsdirir. Həyətdə ocaq qalanır, kabab çəkilir. Cəfərqulu axırıncı şişləri gətirməyə gedəndə İsrafil və hərbi paltarda olan polkovnik Cəfərquluya hücum edib qollarını arxadan tuturlar. Əlbəyaxa döyüşdə evin döşəməsi sınır. Cəfərqulunun bir ayağı döşəmənin arasında qalır. Fürsəti əldən verməyən İsrafil Cəfərqulunun belindəki xəncəri götürüb ürəyinə sancır. Paşa səs-küyə gəlib Cəfərqulunun öldüyünü görüb İbrahimi güllələyir. Dəstənin başçısı polkovnik Paşanı qolundan yaralayır, əmr verir ki, onu tutsunlar. NKVD və QPU-nun əməkdaşları Cəfərqulunun meyitini arabaya qoyub Tovuz rayon mərkəzinə gətirir, hökumət nümayəndələrinə təhvil verirlər. O hadisədən bir əsrdən artıq vaxt keçsə də, Qaçaq Cəfərqulu haqqında xatirələr, onun igidliyi camaatın dilində dastana dönüb! Döyüş, sağlam mübarizə ilə gücləri yetməyən bir igidi, əlbəttə ki, xəyanət ilə ram etmək olardı, bunu da Cəfərqulunun ən yaxın dostları etdilər. Onlar vəzifə, rütbə naminə Cəfərqulu kimi bir igidi daşnak-bolşeviklərə satdılar. Bu gün onlar mənfi obraz, Cəfərqulu isə müsbət obraz kimi yaddaşlardadır.