“ÖLMƏK OLMAZ!”

Əli Bəy Azəri

“ÖLMƏK OLMAZ!”

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI KAPİTAN SURXAY NOÇUYEVIN ŞUŞA DÖYÜŞÜ QABAĞI TABORA SON ƏMRİ BELƏ OLUB

 

Başı müsibətlər görmüş Azərbaycanın dar günündə həmişə pəhləvan biləkli, şir ürəkli oğulları silaha sarılaraq ortaya çıxıblar, vətənin müdafiəsinə qalxıblar, atlanıb düşmənin üstünə yeriyiblər. Keçmişdə də belə olub, indi də belədir, dünya durduqca, Azərbaycanın düşməni qaldıqca belə də olacaqdır. Biz mif uydurmamışıq, nağıllar, əsatirlər fikirləşməmişik, daima real hadisələrdən danışmışıq.

44 günlük Vətən Müharibəsinin son günü də elə oldu. “Atəşkəs” elan olunsa, qələbə xəbəri yayılsa da hamı ondan danışırdı. Sorağı Zəngilanın sərhədlərini aşmışdı, ölkədə onu tanıyan, döyüşdə bir yerdə olan, birlikdə xidmət keçən kim vardısa, hamısı ondan danışırdı. Bir aləm xatirəsi vardı insanların qəlbində. Bu, kapitan Surxay Noçuyev idi.

Surxay Əbdül oğlu Noçuyev 19 dekabr 1988-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində bu işıqlı dünyaya göz açıb. Onda hələ əmin-amanlıq dövrüydü. Düzdür, bədnam ermənilər Sumqayıtda, İrəvanda, Xankəndində, Azərbaycanla Ermənistanın həmsərhəd bölgələrində iğtişaşlar törədirdilər, nisbətən cəbhə bölgəsindən uzaqda yerləşən Məmmədbəyli kəndinə isə baş verənlərin səsi, sorağı gəlib çatırdı. Balaca Surxay öz uşaqlıq qayğıları ilə böyüyürdü. Sonrakı hadisələr bir-birini elə sürətlə dəyişdi ki, Surxayın yeniyetməlik dövründə ona da təsiri oldu.

1995-2002-ci illərdə Xarici Dillər Təmayüllü Gimnaziyada oxuduğu halda qəflətən qərarını dəyişdi. Təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirdi. Hərbi liseyi 2006-cı ildə başa vuran kimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul oldu. 2010-cu ildə Quru Qoşunları fakültəsini bitirib zabit oldu, leytenant hərbi rütbəsi aldı. Daha bir il Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində “zabit ixtisas kursu” keçərək bir zabit kimi püxtələşdi.

Surxay Noçuyev az müddət ərzində bir zabit kimi zəngin xidmət yolu keçdi. NATO xidməti əsasnaməsinə uyğun olaraq motoatıcı tağım komandiri vəzifəsindən mexanikləşdirilmiş (PDM-3) tabor komandiri vəzifəsinədək bütün vəzifələrdə nümunəvi xidməti ilə pillə-pillə yüksəldi. Kapitan hərbi rütbəsini vaxtında aldı.

27 sentyabr 2020-ci il hamı kimi onun da taleyində dəyişilməz iz buraxdı. Vətənin müdafiəsinə həmişə hazır olan kapitan Noçuyev komandiri olduğu taboru həyəcan siqnalı ilə qaldırıb döyüşə yollandı. Yuxarı komandirlərinin qeyd etdiyinə görə, Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsində və bir-birinin ardınca qələbələrin qazanılmasında kapitan Noçuyevin müstəsna xidmətləri olub. Komandiri olduğu taborun şəxsi heyəti ilə birlikdə döyüşlərdə xüsusilə fərqlənib, şücaət və rəşadət nümunələri göstərib. Ərazini nisbətən yaxşı tanıdığından Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıq göstərib. Düşmənin çoxsaylı canlı qüvvəsini və hərbi texnikasını məhv edib. Noyabr ayının 9-da Şuşa şəhərinin ərazisində hərbi əməliyyatlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 12 noyabr 2020-ci ildə qədirbilən Azərbaycan xalqının çiynində son mənzilə yola salınaraq böyük izdihamın müşayiəti altında II Fəxri Xiyabanda nəşi torpağa tapşırılıb.

“Sağlığında Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)”, “Qüsursuz xidmətə görə 3-cü dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” medalları ilə təltif olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ona “Vətən Müharibəsi Qəhrəmanı” (ölümündən sonra), “Vətən uğrunda” medalı (ölümündən sonra), “Qubadlının, Füzulinin və Şuşanın azad olunmasına görə” görə (ölümündən sonra) medalları ilə təltif olunub”. (rəsmi məlumatlardan)

Surxay Noçuyev davranışına, inadkarlığına, şux duruşuna, əzmkarlığına və bir çox digər dürüst hərəkətlərinə görə doğmalarının, onu tanıyanların, xüsusilə də birlikdə hərbi xidmət keçdiyi adamların yaddaşında bir əsgər, bir komandir, əsl döyüşçü kimi iz salıb. İndi hər kəs onu xoş xatırlayır, fəxarətlə qürur duyduğunu dilə gətirir, ondan ürəkdolusu danışır.

Hələ uşaqlıqdan özünə qazandırdığı mükəmməl vərdişləri Surxay Noçuyevin hərbi xidmətdə karına gəlib. Belə ki, hərbi xidmətin tələbi, qaydaları dürüstlük, səmimiyyət, əzmkarlıqdır. Surxay hansı rütbədə olmasından və hansı vəzifəni icra etməsindən asılı olmayaraq daim özünə, yoldaşlarına və tabeliyindəki hərbi qulluğçulara tələbkarlıqla yanaşmış, onların qayğısına qalmağı heç vaxt unutmamışdır. Onun qətiyyəti qarşısında yoldaşları da qəbul etdiyi qərarlara hörmətlə yanaşmışlar.

Hərbçi yoldaşları və tabeçiliyində xidmət keçənlər öz aralarında onu “Qartalgöz” adlandırırmışlar. Onlardan bəzilərinin etirafına görə Surxayın gözünə baxmağa çəkinirmişlər. Onun qətiyyətli baxışı çox şey deyirmiş. Hər hansı bir işdən, xidmətdən razı qalıb-qalmadığını baxışından müəyyənləşdirməyə çalışırmışlar. Heç vaxt ədalətsiz qərar çıxartmadığını döyüşçü yoldaşları xüsusilə qeyd edirlər.

44 günlük Vətən Müharibəsində kapitan Surxay Noçuyev xüsusi fədakarlıq göstərib. Qazandıqları qələbədən fərəhlənsə də itgilərdən bir o qədər məyus olurdu. Ancaq nə etməli? Döyüş itgisiz, torpaq şəhidsiz azad olmur. Döyüşçü yoldaşları həmin günlər onun çox gərgin, hirsli olduğunu xatırlayırlar.

“Şuşaya hücuma keçməliydik. Taboru bir yerə topladı. Çox hirsli idi, odlu-alovlu danışdı: “30 ildir Qarabağımız erməni quldurlarının tapdağındadır. Bir milyondan çox soydaşımız qaçqın-köçkündür. Mən Qarabağlı olduğuma görə demirəm, bu gün onsuz da hamımız – on milyonluq azərbaycanlı da, əlli milyonluq dünya azərbaycanlıları da hamısı qarabağlıdır. İndi tarixi şərait yaranıb. Neçə illərdir hamı bu günü gözləyir. Biz isə əsgərik, Vətəni dardan qurtara bilərik. İndiyə qədər belə bir imkanımız yox idi, amma indi Ali Baş Komandan belə bir şəraiti bizə yaratdı. Baxın, önümüzdə üç yol var; ya şəhid olacaqsan, ya qazi… – o, bu sözləri deyəndə sanki kövrəldi, heç vaxt kövrəldiyini görməmişdik, ani olaraq özünü cəmləşdirib sözünə davam etdi. – Mən çox istəyirəm ki, hamımız qazi və qalib olaq, amma bilirsiniz ki, bunların ikisindən də uca şəhidlik zirvəsi var. Kimə qismət olacaq, bilmək olmaz… ancaq sizdən bir xahişim var, son dərəcə diqqətli olun! Bu, həm də əmrdir: Ölmək olmaz! Şuşanı götürmədən heç kimə ölməyə icazə vermirəm!””

Bax, beləcə həkk olub qaldı döyüşçü yoldaşlarının qəlbində tabor komandiri kapitan Surxay Noçuyev – sonuncu, əzəmətli əmri ilə: “Ölmək olmaz!”

İndi Surxayın davamçıları onlarla, yüzlərlədir. Onun adına məktəb var, adına neçə-neçə siniflər yaradılıb. Şəkili dəftərlərin üzərindədir, şagirdlər baxdıqca xatırlayır, fəxr edir, böyüyəndə onun kimi qəhrəman olmağı arzulayırlar.

Qədirbilən Azərbaycan xalqı heç vaxt öz qəhrəmanlarını unutmur. Vətən Müharibəsi Qəhrəmanı Surxay Noçuyevin əziz xatirəsi daima qəlbimizdə yaşayacaqdır!

 

Əli BƏY AZƏRİ

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü