Bizim tərəf – haqqın tərəfi, yaxud, ən yaxşı tərəf TƏRƏFSİZLİKDİ – Əli Bəy Azəri yazır

Əli Bəy Azəri

Azər Turanın “Türkün Fələstin tərəfi” məqaləsindəki mülahizələrə rəğmən

Yaxın Şərqdə qan su yerinə axmaqda davam edir. İsrail ordusu hər gün İordaniya çayının sahillərində, xüsusən də “Həmas” terror qruplaşması üzvlərini məhv etmək adı altında Qəzza bölgəsində yaşayan dinc Fələstin sakinlərinin başına göydən bombalar, raketlər yağdırır. Dünya düzəni hələ ki, bu haqsızlığa dözür və çox güman ki, Amerikanın son münasibətini gözləyir. ABŞ isə savaşın başlandığı ilk gündən – 7 oktyabrdan İsrailin yanında mövcudluğunu sübut etmək məqsədilə hərbi gəmiləri ilə birgə gəlib. Min ilə yaxın bir müddətdə bölgədə söz sahibi olan Osmanlının varisi Türkiyə isə axıdılan qanların durdurulmasına qərar verməyə qadir görünmür. Belə ki, ordusu NATO tərkibində fəaliyyət göstərən Türkiyə bir növ ABŞ-dan asılı vəziyyətdədir, müstəqil şəkildə ordunu idarə edəcək iqtidarında deyil. Bununla belə Türkiyə hakimiyyəti, şəxsən prezident Rəcəb Tayyib Ərdoğan öz ədalətini sərt şəkildə bütün dünyaya çatdırdı, diplomatik yolla münasibətini bildirdi. İsrailin dövlət olaraq törətdiklərini “Həmas” terror təşkilatının törətdiklərindən fərqləndirmədi, hər ikisini pislədi.

Daima haqqın, ədalətin yanında olmağa çalışan müstəqil Azərbaycan da baş verənlərə biganə qala bilməz. “Ədəbiyyat qəzeti”nin 4 noyabr 2023-cü il tarixli sayında geniş müzakirəyə çıxarılan Azər Turanın “Türkün Fələstin tərəfi” məqaləsindəki mülahizələr bir növ Azərbaycan ədəbi mühitinin Yaxın Şərqdə baş verənlərə münasibətinin göstəricisi hesab oluna bilər. Azərbaycan heç bir halda tərəf tutmur, sadəcə haqqın tərəfini göstərir.

Azər Turan məqaləsində az qala min ili əhatə edəcək bölgədə baş verən uzun tarixi proseslərə işıq salır və müəyyən zəruri qeydlər edir:

“Ərdoğanı belə ötkəm danışmağa vadar edən səbəblərdən biri də tarixdir!”

“Fələstin məsələsində söz sahibi olmağa dünya dövlətləri arasında Türkiyədən ziyada heç bir dövlət bu dərəcədə haqq sahibi deyildir. Çünki Fələstin 1517-ci ildən etibarən Osmanlı dövlətinin ərazisiydi…”

“…əgər dünya siyasətində yeni və gözlənilməz geopolitik açılımlar baş verirsə, yeni siyasi prinsiplər diqtə olunursa, dünyanın insan haqları bəyannaməsi bir tərəf üçün keçərli, digər tərəf üçün keçərsizdirsə, o zaman Türkiyə də burada Osmanlı imperiyasının varisi olaraq, bu torpaqların tarixi sahibi kimi çıxış etmək haqqı qazanır…”

Azər Turan ziddiyyətli baxışların hökm sürdüyü zamanda ortaya çıxartdığı olduqca dəyərli faktlarla zəngin geniş məqaləsində zərgər dəqiqliyi ilə hədəfləri müəyyənləşdirir və doğru istiqaməti göstərir. Məqalədə göstərilənlər müxtəlif auditoriyalar tərəfindən öyrənilməli, müzakirələr keçirilməli və faydalı mənbə kimi istifadə olunmalıdır.

“Qəzzanın tabusu nə ərəblərə, nə də yəhudilərə aiddir. Qəzzanın tabusu İslam bayrağını bu yerlərdə 1071-ci ildən 1917-ci ilə qədər dalğalandıran türklərə məxsusdur. 1917-ci ildə Qəzzanın ingilislər tərəfindən işğal edilməsilə Osmanlı imperatorluğunun süqutu tezləşdirildi”.

Azər Turan miflərə, əsatirlərə varmır, son min ilin gerçək tarixini cizgiləyir. Avropalıların yəhudiləri öz ölkələrindən qovduğu bir zamanda Osmanlının din, məssəb ayrılığına rəğmən öz qapılarını onların üzünə taybatay açdığından, uzun müddət qoynunda bəslədiyindən bəhs edir. İndi Avropa ölkələri liderlərinin İsrail hakimiyyəti yanında yer alması yalnız sionizmin dəstəyi simasında yeni xristian birliyi yaradılması fonunda xarakterizə olunur. Başqa cür ola da bilməz. Qeyri-səmimi liderlərin hansısa sıravi yəhudiyə can yandırması real görünmür. Yeni xristian birliyinin yaranması özlüyündə nə deməkdir? Yeni coğrafiyanın müəyyənləşməsi, bu qədər ərəb-müsəlman dövlətinin bir xristian dövləti təsiri altına düşməsi, yeni-yeni parçalanmalar, qarşıdurmalar, qırğınlar, fitnə-fəsadlar demək deyilmi? Əcəba, insaniyyətdən uzaq bu qərar-tərəfkeşlik nə olan şeydir?

Bir vaxtlar Mustafa Kamal Atatürk və Əli bəy Hüseynzadə kimi millətin aydınları da bu barədə narahatçılıqlarını büruzə vermişdilər. Baxmayaraq ki, o vaxt indiki vəziyyətin cücərtiləri hiss olunmurdu, lakin uzaqgörən dahilər yüz il əvvəldən belə ola biləcəyini zənn edirmişlər. Azər Turan, sadəcə, onların dediyini təkrarlamır, real təhlükənin yaxınlaşdığını görür və haqlı olaraq həyəcan təbilini döyəcləyir.

İndi XXI əsrdir, din, məssəb davasına gətirib çıxaracaq hadisələr yolverilməzdir, inkişaf etmiş sivil ölkələr tərəfindən qarşısı dərhal alınmalıdır. Yaxşı, bəs həmin ölkələr vəziyyəti buna tərəf sürükləyirlərsə, onda nə etmək lazımdır? Yalnız haqlı tərəf kimi çıxış edən Türkiyə ortada təklənirmi? Azərbaycandan başqa arxa-dayağı görünmürmü?

Heç kimə sirr deyil ki, II Dünya savaşından sonra dünyanın gözü qarşısında iki yerə bölünmüşdür. 54 faizlik bir hissəsində İsrail dövləti qurulmuşdur. 46 faizlik bir hissəsində isə Fələstinə yeni dövlət qurmağa yardım göstərəcəklərinə söz vermişlərsə də bundan riyakarcasına yayınmışlar. Getdikcə güclənən İsrail dövləti Fələstini hərtərəfli sıxışdırmış, öz təsir dairəsinə salmış, hər sahədə özündən asılı vəziyyətdə saxlamışdır. Yeganə qıra bilmədiyi fələstinlilərin özlərinə dövlət qurmaq arzu və istəyidir. Yetmiş ildən artıqdır ki, fələstinlilər bu haqq yoldan çəkinmir, bədbinliyə qapılmadan əldə olan hər hansı bir vasitə ilə mübarizələrini aparırlar. Ortada olan haqq və ədalət göstəriciləri reallığa söykənməlidir.

O da faktdır ki, xeyli müddətdir Fələstini Azərbaycanın gözündən salmaq üçün min cür təbliğatlar aparılır. Ermənipərəst olduğu, ermənilərə yardım, hətta silah-sursat yardımı göstərdiyi kimi xəbərlər dayanmadan tirajlanmaqdadır. Liderlərin ağız-ağıza öpüşməyindən tutmuş, bir-birinə qardaş, ürək deməsinədək uydurulmayan nağıl qalmayıb.

Birincisi, acın nəyi var ki, yalavaca da nə verə. Fələstin silah-sursat tapsa öz ordusunu qurar, sərhədlərini möhkəmlədər, daha erməniyə niyə verir. İkincisi, Fələstin ermənipərəst ola da bilər və bu, Azərbaycanın mövqeyini dəyişməz. Azərbaycan Fələstinin tərəfini tutub ona hərbi yardım göstərmir. Azərbaycan qədim ənənələrə malik ölkədir, müstəqil siyasət yürüdür. Son yüz ildə baş verənlərin analizini apararaq Fələstinin haqlı tərəf olduğunu göstərir. Eyni zamanda “Həmas” terror təşkilatının əməllərini pisləyir, İsrailin dövlət olaraq törətdiyi qırğınları qınayır.

Azərbaycan hüquqi dövlət olaraq Fələstin haqqının tərəfini göstərir. Haqqın tərəfində olmaq xalqımıza Ulu Yaradanın bəxş etdiyi ən böyük sərvətdir. Dünya bizi belə tanıyır, dəyişə bilmərik.

05.01.2024, Bakı

Əli BƏY AZƏRİ