NAMİQ ZAMAN POEZİYASI SARI AŞIĞA DOĞRU – Əli Bəy Azəri

Əli Bəy Azəri

Çağdaş şairlər sırasında bir şair var: NAMİQ ZAMAN. Özü cəhd göstərməsə də, antologiyalardan, jurnal və qəzetlərdən, saytlardan, sosial şəbəkələrdən ara-sıra boylanan şeirləri imzasının varlığını vurğulayır, “mən də varam” deyir.

 

Namiq Zaman oğlu Zamanov Laçın elinin Zağaltı kəndində 1971-ci ildə dünyaya göz açıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsini bitirməmiş ermənilər Laçını işğal edib. Namiq də həmyerliləri kimi elindən, obasından ayrı düşmək məcburiyyətində qalıb. Mehrini təyinatla göndərildiyi Ağdaş rayonuna salıb. Bu gün də orda öz ixtisası üzrə müəllim işləyir.

Yeniyetmə yaşlarından qələm işlətsə, fikirlərini nəzmə çəksə də, buna çox da cəhd göstərməyib. Təbini aldada-aldada illəri yola verib. Nəhayət, qəlbindəkiləri boğub saxlamağa daha “gücü” çatmayıb. Ara-sıra yazdıqlarını cəmləşdirib, qəlbində yığılıb qalanları tələm-tələsik ağ vərəqlər üzərinə həkk edib və bir yerə toplayıb. Beləliklə, ictimaiyyət NAMİQ ZAMAN imzalı şairin 2020-ci ildə “SƏNİ DÜŞÜNÜRƏM” adlı ilk kitabı ilə tanış olub.

Elə mən də o vaxt həmin kitabla tanış oldum. Şairi tanımaq üçün bəzən bir şeir də bəs edir. Ancaq əhatəli tanımaq üçün bir şeir yetərli olmur. İstənilən şairin yaradıcılığı çoxşaxəlidir; orda sevgi də var, nifrət də…

Namiq Zamanın kitabına toplanmış şeirlər nədənsə, ruhumu yerindən oynatmadı, vulkan püskürməsi, ildırım çaxması kimi məni həyəcanlandırmadı. Bəlkə peşə fəaliyyətimlə bağlı yüzlərlə müxtəlif şairin yaradıcılığı ilə vaxtaşırı iş apardığımdan bu mənə belə göründü? Bilmirəm! Hər halda, o vaxt mən onu tanıdığım onlarla şairdən ayıra, seçə bilmədim. Gerçəkdən, indi Azərbaycan ədəbiyyatının çiçəklənən dövrüdür. Əllidən çox imza göstərmək mümkündür ki, gözəl nəzm nümunələri ilə vaxtaşırı ədəbi dərgilərin səhifələrini bəzəyirlər.

Ancaq bunu da etiraf etməliyəm ki, Namiq Zamanın şeirlərində iki vacib cəhət diqqətimi çəkdi; sözdən qənaətlə istifadə etmək və yetkin fikir ifadə etmək, yaxud ifadə etməyə cəhd göstərmək.

Namiq Zaman yaza-yaza püxtələşdi, mükəmməlləşdi, müdrikləşdi, boy atdı, böyüdü və bu gün ikinci şeir kitabı ilə görüşümüzə gəldi.

Birinci kitabına toplanmış şeirlərində ayırd edə bilmədiyim doğmalığı mən onun ikinci kitabında tapdım, özü də kitabı açan kimi…

Namiq Zamanın ikinci kitabı “RUHUM ONU SORAQLAR” adlanır, “Azəri” nəşriyyatı tərəfindən nəfis tərtibatla nəşr olunub. Kitabın redaktoru və ön sözün müəllifi şair Elşən Əzimdir.

 

Dayanma, elə ki keçib-gedirsən,

Haqqı söyləyən dil kiriyə bilməz.

Sən elə bir yolu keçib gedirsən,

Bu yolu hər adam yeriyə bilməz.

 

El deyimlərindən istifadə etmək bütün yaradıcı insanlara xarakterikdir. Baxır onu necə işlədirsən! Min illərin sınağından çıxmış atalar sözünü təhrif edərsənsə, heç nə, yox, əgər öz deyiminə çevirib qüvvətləndirərsənsə, gözəl poetik bir mənzərə yaradarsan.

 

Od üçün də, su üçün də ağladım,

Heç bilmədim nə biçimdə ağladım.

Ömür boyu öz içimdə ağladım,

Gülə-gülə yaşamadım bu ömrü.

 

“Şairlər zamanın yükünü çiyinlərində çəkirlər”, deyiblər. Eyni zamanda, dövrün hadisələrini nəzmə çəkib gələcək nəsillərə ötürmək də yaradıcı insanların missiyasıdır, mənəvi borcudur. Namiq Zamanın 20 yaşından üzübəri millətin yaşadığı məşəqqətlər göz önündə deyilmi? Elin şairi bunları görə-görə necə gülə-gülə yaşaya bilər?

 

Sən ey şəhid anası,

Sil gözünün yaşını!

Sən ey şəhid atası,

Sən də dik tut başını!

 

Yurdunun dar günündə,

Dada yetən oğulun,

Şığıyıb düşmən üstə.

Öndə gedən oğulun

Nə anası ağlayar,

Nə atası yas tutar!

 

Bu, bəlkə də kiməsə bir təskinlik kimi görünər. Olsun! Son otuz ildə zorən sürükləndiyimiz müharibədə ölkənin heç şəhidsiz günü oldumu? Şəhidlərə həsr olunmuş yüzlərlə şeirlər yazılıb, onların içində möhtəşəmləri, hətta dillər əzbərinə çevrilmişləri də az deyil. Məncə, Namiq Zamanın bənzətməsi yeni olmasa da özünəməxsusluğu ilə orijinal hesab edilə bilər.

 

Sevincə qərq edən bəşəriyyəti –

O dahi qəhrəman özüm olaram.

Qırıb əsarəti, yarıb zilləti,

Zülmət beyinlərə işıq salaram.

 

Nümunə üçün axtarmadan, qarşıma çıxan hər vərəqdən bir tel götürdüm. Seçmədim, incələmədim, daha yaxşısı olsun deyə dönə-dönə oxumadım. Özünüz də görürsünüz ki, şeirlər məğrur bir adamın – lirik qəhrəmanın cəmiyyətə mübariz çağırışıdır, harayıdır. Az sözlə çox fikir ifadə etmək bacarığı Namiq Zaman yaradıcılığının baş qayəsidir. Bunu mən əvvəlki şeirlərində də duymuşdum. Orda lirika ilə bərabər sarkazm, ironiya, tənbeh də var.

 

Yazı gördüm qapıda –

“Sakit!

İmtahan gedir!”

Mat qalıbdı qapı da:

İçəridə eşşəklər

atı imtahan edir.

 

Az sözlə çox fikir ifadə etmək bacarığı Namiq Zaman yaradıcılığında yüksələn xətt göstəricisidir. Burda şair yüz söz arasından üç-dördünü seçməklə təkcə tənbeh etmir, müdrik fikir ifadə etməyə çalışır.

 

İnsanlar görmüşəm – çiyinlərində

Dünyanın yükünü daşıyır hələ.

Bir belə şeytanın, şərin içində

Yaxşı ki, yaxşılar yaşayır hələ.

 

Bir ozan baxışı sərgiləyir Namiq Zaman. İnsanı bədbinliyə sürükləmir, qamçılayıb küsdürmür, əksinə, yaxşılar sırasında olmağa çağırır.

Kiçik bir yazıda şair qəlbini incələmək, onun poeziyasına ayna tutmaq mümkünsüzdür. Yuxarıdan aşağıya sadaladığım fikirlərdə, gətirdiyim nümunələrdə aydın görünür ki, Namiq Zaman yaradığılığının mənbəyi eldir, el deyimləridir. Hətta bir az da qabağa gedib deyərdim ki, onun yaradıcılığı üzərində ustad Sarı Aşığın ruhu dolaşır. Namiq Zamanın Sarı Aşıq yaradıcılığını nə qədər dərindən öyrəndiyini, ona necə bələd olduğunu deyə bilmərəm. Bəlkə də onların bir bölgədə doğulub boya-başa çatdığından, hər ikisinin eyni eldən yaradıcılıq enerjisi aldığından poeziyalarında oxşarlıq, bənzərlik müşahidə olunur? Nə bilim! Bəlkə də…

 

İnsanlıq yolunda can qoyanları

Daim yanan gördüm, alışan gördüm.

“Allahın evi”ndə allahsızları –

riyakar, hiyləgər dələduzları,

Allahın adından danışan gördüm.

 

Namiq Zamanın yeni kitabının çapdan çıxması ərəfəsində daha bir şad xəbər eşitdik. Azərbaycan Yazıçılar Birliyi onun yaradıcılığını yüksək qiymətləndirmiş və şairi üzvlüyə qəbul etmişdir. Hər iki xoş xəbər münasibətilə Namiq Zamanı səmimi qəlbdən təbrik edir, ona xoş günlər, bol-bol yaradıcılıq uğurları arzulayırıq. Ümidvarıq ki, Birliyin etimadını doğruldacaq, yeni yaradıcılıq nümunələri ilə ətrafa səs salacaq.

Böyük hörmət və ehtiramla:

 

Əli BƏY AZƏRİ

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru