MİR CƏFƏR BAĞIROV kim olub – həqiqət axtarışı (davamı)

Tarix

Beydemir.ru saytı tədqiqatçı-yazıçı və politoloq Adıgözəl Məmmədovun “MİR CƏFƏR BAĞIROV – SİYASİ PORTRET” adlı əsərini hissə-hissə yerləşdirməyi qərara alıb. Növbəti hissə.

M.C. BAĞIROV VƏ L.P.BERİYANIN SİYASİ FƏALİYYƏTİNİN İLK İLLƏRİ

L.P.Beriya ilə M.C.Bağırovun ümumi tarixi keçmişə malik birliyinin arxasında onların uzun illərə söykənən yaxın əlaqələri, dostluq münasibətləri və biri-birinə arxa-dayaq olmaları durur. 1953-cü ildə L.P.Beriya həbs olunarkən, şəxsi arxivindən Müsavat hökumətinə qulluq edən adamların siyahısı tapılmışdı.

Həmin siyahıda L.P.Beriyanın özünün də adı olub. Siyahının üzərində isə M.C.Bağırovun dərkənarı vardı: “Багиров отдал”.

Yəni, M.C. Bağırov L.P.Beriyanın Müsavatın əks-kəşfiyyatının agenti olduğunu təsdiqləyən sənədləri Azərbaycan SSR Daxili İşlər Nazirliyinin arxivindən çıxarıb özünə göndərmişdi.

Bu fakt onları həm bir-birindən ehtiyat etməyə, həm də bir-birinə arxa durmağa vadar edirdi.

Lavrenti Pavloviç Beriya 1899-cu il martın 29-da Suxumi yaxınlığında Merxeyli kəndində kasıb ailədə anadan olub.

1917-ci ildə Bakıda Mexanika-Tikinti Texnikumuna daxil olan Lavrenti 1918-ci ildə Rumıniya cəbhəsinə göndərilir. Sonradan Beriya yenidən Bakıya qayıdıb, təhsilini davam etdirir. O, 1918- ci ildə Bakı fəhlə-əsgər-matros şurasına daxil olur. 1919-cu ildə Azərbaycanda milli hökumətin görkəmli nümayəndələrindən biri, Mirzə Balanın təqdimatı ilə Müsavat kəşfiyyatına işə götürülür. (L.P.Beriya özünün sonrakı tərcümeyi-hallarında Müsavat kəşfiyyatına guya bolşeviklərin tapşırığı ilə soxulduğunu yazırdı – A.M.). Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərdiyi 23 ay ərzində Milli Ordunun təşkili prosesində, həmçinin gənc dövlətin təhlükəsizliyinin təmin edilməsində general Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. 1919-cu il mart ayının 28-də hərbi nazir Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılır. Bu əmrdən sonra bölmənin komplektləşdirilməsi, fəaliyyət istiqamətinin müəyyənləşdirilməsi yönündə xeyli iş görülür. Hərbi idarə çərçivəsində olan bu struktur fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspektlərinə yönəldirdi. 1919-cu il aprelin 2-də Nazirlər Şurası sədrinin adına göndərdiyi məktubunda Səməd bəy Mehmandarov yazırdı (Məmməd Cəfərli. “Azərbaycan Demokratik Respublikasının milli təhlükəsizlik orqanları”, Bakı-2004): “Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir. Bolşevizmlə mübarizə ümumdövlət işi olduğundan tək hərbi idarə onun öhdəsindən gələ bilməz…”.

Beləliklə, 1919-cu il aprelin 13-də dövlət hakimiyyətinin bütün strukturları Azərbaycan hökumətinin ixtiyarına keçdikdən sonra mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyat haqqında məsələnin müzakirəsi reallaşdı. Nəhayət, 1919-cu il iyunun 9-da Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə Vətənin müdafiəsi sahəsində fövqəladə səlahiyyətlərə malik xüsusi orqan — Dövlət Müdafiə Komitəsi yaradıldı. Respublikanın daxilində və sərhədlərində vəziyyət daha da gərginləşdiyindən Dövlət Müdafiə Komitəsi 1919-cu il iyun ayının 11-də Azərbaycanda fövqəladə vəziyyət elan etdi və elə həmin günlərdə müvafiq qərarla dövlət sistemində ilk dəfə idarə tabeçiliyi olmayan xüsusi xidmət orqanını — Əksinqilabla Mübarizə Təşkilatını təsis etdi.

Qısa müddət ərzində Bakıda təşkilatın yeddi rayon bölməsi yaradıldı. Yeni yaradılan bu struktura Məmməd Bağır Şıxzamanov rəhbər təyin edilir. Ancaq çox keçmir ki, paritet əsaslarla formalaşan Əksinqilabla Mübarizə Təşkilatı fəaliyyətsiz hala gəlir.

Parlament 120 nəfərdən ibarət olsa da, de-fakto parlamentin iclaslarında üzvlərin hamısı müntəzəm iştirak etmirdi.

Hətta parlament yaradılandan sonra, 1919-cu ilin əvvəlində onun iclaslarına maksimum 79 nəfər qatılırdı. Parlamentdə Müsavat Partiyası, onunla müttəfiq olan bitərəf demokratlar qrupu, sağçı mövqedən çıxış edən, daha çox klerikal əhval-ruhiyyəli insanların, qrupların maraqlarını ifadə etməyə çalışan İttihad Partiyası təmsil olunmuşdu. Bunlardan əlavə, sosialist bloku çox böyük qüvvə idi. Bu bloka Sosial-Demokrat və Hümmət partiyalarının üzvləri daxil idi. 1919-cu ildə Əhrar Partiyası da ölkənin siyasi sisteminə qoşuldu. Əhrarçılar öz proqramlarında sosializm və liberalizm ideyalarını birləşdirməyə çalışırdılar.

Milli azlıqlar isə Slavyan-Rus İttifaqı, Milli azlıqlar, Erməni və “Daşnaksütun” fraksiyalarında cəmləşmişdilər. Olduqca paradoksal bir vəziyyət idi: Azərbaycanın müstəqilliyini tanımayan daşnaklar ADR-in parlamentində fəaliyyət göstərirdi. Bu baxımdan, yeni yaradılan Əksinqilabla Mübarizə Təşkilatında təmsil olunmuş partiyaların nümayəndələri səmərəli işləmək əvəzinə, bir-birilərini pusmaqla, pozuculuqla məşğul idilər.

Bu isə kəşfiyyatın və əks-kəşfiyyatın işini iflic vəziyyətə salmışdı. Ona görə də strukturun paritet əsasında formalaşmasına etiraz edən Məmməd Bağır Şıxzamanov istefa verir. Məhz bu paritet sistemi əsasında gələcəkdə marşal rütbəsinə qədər boyüyən, sovet dövlətinin Stalin dönəminin əsas simalarından birinə çevrilən Lavrenti Beriya sol təmayüllü “Hümmət” siyasi təşkilatının görkəmli nümayəndələrindən biri — Mirzə Balanın təqdimatı ilə Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanlarına işə götürülür. Məmməd Bağır Şıxzamanovun bu addımından sonra paritet əsaslı struktur formasından imtina edilir. Xüsusən də Türkiyənin müharibədə məğlubiyyəti ilə Azərbaycan xarici ölkələrin kəşfiyyat orqanlarının tuğyan etdiyi bir əraziyə çevrilmişdi. Kəşfiyyat işinin yeni səviyyədə təşkilinə ciddi ehtiyac vardı. İmperialist dairələr Osmanlı imperiyasının itkiləri ilə kifayətlənməyib, Parisdə konfrans (1919- 1920-ci illər) çağırmışdılar. Onlar Türkiyəni parçalamaq, türk xalqını qula çevirmək, Azərbaycanı isə İtaliyaya vermək istəyirdilər. Təsadüfi deyil ki, o vaxt Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov ABŞ prezidenti Vilsonla görüşərək, ondan Azərbaycanın müstəqilliyini tanımasını xahiş etmişdi. Onun bu xahişinə Vilson belə cavab verir: “Düşünürsünüz ki, biz müharibəni cırtdan dövlətlər yaransın deyə aparmışıq?” Lakin müstəqilliyimizin son aylarında bolşevik işğalı təhlükəsindən əndişələnən ABŞ, eləcə də İngiltərə Azərbaycan Demokratik Respublikasını tanıyırlar. Amma bu, gecikmiş addım idi. Bu baxımdan milli maraqlara qulluq edə biləcək, kəşfiyyat məlumatlarını bu aspektdə toplayacaq peşəkar komandaya ciddi ehtiyac duyulurdu. Ona görə də Əksinqilabla Mübarizə Təşkilatının yeni rəhbəri Nağı Şıxzamanov çox ciddi kadr islahatları həyata keçirir, əsasən, peşəkarlardan ibarət komanda formalaşdırır. Məhz bu zaman Beriyanın sədaqətinə tam inanan Nağı bəy ona daha məsul vəzifəni tapşırır. O, Əksinqilabla Mübarizə Təşkilatının məktubların yoxlanılması şöbəsinin rəisi təyin edilir. Əslində, Beriyaya çox ciddi və strateji bir sahə həvalə olunmuşdu. Ona görə ki, o dövrdə məktublaşma rabitənin ən başlıca növü idi. Beriyanın bu təyinatı gələcəkdə onu ittiham atəşinə tutanların əsas arqumentinə çevriləcəkdi. Məntiqlə “Hümmət”in Əksinqilabla Mübarizə Təşkilatındakı nümayəndəsi paritet prinsiplərə son qoyulandan sonra istefa verməli idi, lakin Beriya nəinki bu strukturda öz vəzifəsini itirmədi, əksinə, daha məsul vəzifəyə irəli çəkildi. Beriya sonralar, 1923-cü ildə tərcümeyi-halında ADR-in kəşfiyyatında olduğunu qeyd edir, amma oraya bolşeviklər tərəfindən, yuxarıda deyildiyi kimi, paritet əsaslarla göndərildiyini vurğulayır. Amma o, ikinci məqamı, Nağı bəy tərəfindən paritet əsaslara son qoyulandan sonra yenidən işə cəlb olunması faktını gizlədir.

Azərbaycanda milli hökumət devriləndən sonra, 1920-ci ildə Beriya hələ müstəqil olan Gürcüstana gedir. Bir müddət aktiv siyasi fəaliyyətdən kənarda qalan L.P.Beriya yenidən Bakıya qayıdır.

Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Nəriman Nərimanov milli kadrları məsul vəzifələrə yerləşdirməyə çalışırdı. Belə məsul vəzifələrdən biri də M.C.Bağırova qismət olur.

Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Mir Cəfər Bağırov Vilayət İnqilab Komitəsi sədrinin müavini və Hərbi İnqilab Şurasının müvəkkili kimi Qarabağa göndərilir. Qısa bir zamanda bütün əksinqilabi erməni-daşnak qüvvələri onun bilavasitə iştirakı ilə darmadağın edilir. 1920-ci ilin payızında Bağırov Bakıya qayıdır və Azərbaycan diviziyasının komissarı təyin olunur. Sonra daha bir sıra yüksək hərbi-siyasi vəzifələrə irəli çəkilir. Onun ən böyük xidməti Azərbaycanda milli qoşun hissələri yaratmaq kimi vacib bir iş üzərində çalışması olur. M.

C.Bağırov əksinqilabla mübarizə aparan Azərbaycan Fövqəladə Komissiyasına daxil olur və bir müddət sonra bu təşkilatın başına keçir. Mir Cəfər Bağırov FK-nın sədri təyin olunanda cəmi 25 yaşı vardı və həmin vəzifə ilə yanaşı, Xalq Daxili İşlər komissarı, Xalq Yollar Komissarlığının müvəkkili, Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini vəzifələrini də icra edirdi. Bu ərəfədə Bakıya qayıdan L.P.Beriya burada həbs olunur. O, məhz M.C.Bağırovun köməyi sayəsində həbsdən azad olunaraq əksinqilabla mübarizə aparan Azərbaycan Fövqəladə Komissiyasına işə götürülür. Bu hadisənin necə baş verdiyini 1956-ci ildə M.C.Bağırov ona qarşı qurulmuş məhkəmədə aşağıdakı şəkildə izah edir.

“Prokuror: — Səninlə Beriya arasında nə kimi münasibətlər formalaşmışdı? Bağırov: — 1920-ci ildə mən ona böyük kömək göstərdim, həbsdən azad edərək Azərbynan ÇK-da (Fövqəladə Komissiyada) işə düzəltdim. Sonra o, vəzifə nərdivanı ilə get-gedə qalxaraq, məni də keçdi. O, mənə bir neçə dəfə çətin vəziyyətdən çıxmaqda kömək edib. Beriya lap yuxarıda, Moskvada fəaliyyətə başlayanda da məni yaddan çıxarmayıb.

Prokuror: — Beriyanın keçmişindən sizə nə məlumdur? Bağırov: — Məndə onun Müsavat kəşfiyyatında xidmətinə aid sənədlər vardı.

Prokuror: — Siz o sənədləri harada saxlayırdınız? Ehtiyat etmirdiniz ki, Beriya o sənədləri oğurlatdıra bilər? Bağırov: — Məndə o sənədlərin hamısının surətləri vardı və onları çox etibarlı yerdə gizlətmişdim”.

Ancaq onun azadlığa çıxmasında Əhməd Bedin amili xüsusi önəm daşıdı. Əhməd Bedin Osmanlı ordusunun zabiti idi. Erməni Hamazapsın quldurlarının Qubaya hücumu zamanı yerli mülkədar Əli bəy Zizikskinin yaratdığı dəstədə ermənilərə qarşı vuruşurdu. Əli bəy Zizikski qoçaq oğlanları başına yığıb Qubanı qorumağa çalışırdı. Bunların sırasında M.C.Bağırov da vardı.

Elə burada Bağırov Əhməd Bedinlə tanış olur. Azərbaycanda Sovet hökuməti qurulandan sonra Beriya Bakıda həbs olunur. Əhməd Bedin Bağırovdan onun həbsdən azad edilməyinə köməklik göstərməsini xahiş edir. Bağırov Əhməd Bedinin xətrini çox istədiyindən onun sözünü yerə salmır və Beriyanı həbsdən azad etdirir. Üstündən bir müddət keçəndən sonra Bağırov Beriyanı Fövqalədə Komissiyaya işə düzəldir. Əhməd Bedin isə az sonra Əhməd Triniç olur və uzun müddət “Azərbaycan” nəşriyyatının direktoru işləyir (Əhməd Triniçlə bağlı sonrakı bölümlərdə geniş məlumat verəcəyik — A.M.). 1921-ci ildə M.C.Bağırov əks-inqilabla mübarizə aparan Azərbaycan Fövqəladə Komissiyasının sədri təyin ediləndə L.P.Beriya komissiyanın sədr müavini vəzifəsinə yüksəlir. Bu andan etibarən Beriyanın vəzifə nərdivanı ilə qətiyyətlə yuxarıya qalxmasının startı verildi.

Şübhəsiz, Bağırovun Beriya barədə hədəfi tam yerinə düşmüşdü. Çünki, SSRİ Fövqəladə Komissiyasının kollegiya üzvü Mixail Kedrovun 1921-ci ilin yazında Bakıya səfərindən sonra hazırladığı hesabatı ilə tanış olduqda bu hədəf bizə aydın olacaqdır: “…Təşkilati məsələlərdə güclü millətçilik özünü göstərir.

Hətta partiya orqanlarında RSFRİ-nin bütün vətəndaşları yerli kadrlarla əvəzlənir… FK orqanlarına gəldikdə isə, buraya da milli vətənpərvərlik, tam müstəqilliyə canatma ruhu sirayət edib. FK orqanlarına düşmən münasibəti təkcə Azərbaycan müəssisələri tərəfindən deyil, həmçinin yerli FK tərəfindən də göstərilir” (A.A.Ovsiyenko. “Beriya” kitabından).

M.Kedrov hesabatında Bağırovu və Beriyanı Moskvanı təmin etməyən, milli təəssübkeşlikdən çıxış edən şəxslər kimi, həmçinin Azərbaycan FK-da (Fövqəladə Komissiya) apardıqları kadr siyasətinə görə ittiham edir: “Bağırov və Beriya FK orqanlarından rusları və erməniləri sıxışdırıb çıxarır, yerli cinayətkarlara qəyyumluq göstərir, başqa millətlərin nümayəndələrini isə heç bir səbəb olmadan həbs etdirirlər” (A.A.Ovsiyenko. “Beriya” kitabından).

Zaman keçəcək, 1939-cu ilin mayında həbs olunan M.C.

Kedrov bu “donosuna” görə SSRİ daxili işlər komissarı L.P.Beriya qarşısında cavab verməli olacaq. Bu həbsə qədər isə onun erməni əsilli dayısı Artuzov 1937-ci ildə artıq güllələnmişdi.

1922-ci ildə L.P.Beriya Gürcüstan FK-nın məxfi-operativ hissəsinin rəisi təyin edilir. 1922-ci ilin sonundan Fövqəladə Komissiya bütün ittifaq respublikalarında Baş Siyasi İdarə adlanır. Çox keçmir ki, L.P.Beriya Zaqafqaziya Siyasi İdarəsinin sədr müavini vəzifəsinə gətirilir. O dövrdə Zaqafqaziya Siyasi İdarəsinin sədri Stalinin qaynı S.F.Redens idi. Sözsüz ki, Beriyanın vəzifə pilləsində tez bir vaxtda irəliləməsi onun şəxsi çevikliyindən, rəqiblərini zərərsizləşdirmək qabiliyyətindən, həmçinin Acariyadakı üsyanın yatırılmasında xidmətlərinə görə verilən qiymət idi.

Baş verən bütün proseslər əsasən Moskvadan idarə olunurdu. Vətəndaş müharibəsindən sonra, Leninin xəstəliyindən istifadə edənlərin Kremldə hakimiyyət uğrunda qanlı mübarizəsi başlamışdı. Bu mübarizənin başında əvvəl Stalin – Orconikidze, Rıkov – Buxarin qruplaşması Trotski – Kamenev – Zinovyev üçlüyü ilə üz-üzə durmuşdu. Qarşıdurma regionlarda da hiss olunurdu. Hər qruplaşmanın ətrafında müəyyən siyasi qüvvə cəmləşmişdi. 1917-ci il sentyabrın 23-də Petroqrad İnqilabı Şurasının sədri seçilmiş Trotski oktyabr inqilabının həyata keçirilməsində əhəmiyyətli rol oynamışdı. Qış sarayının alınmasını, yeni dövlətin qurulmasını Trotski bəyan edir. O, bu hərbi üsyanın başında dururdu. Oktyabr inqilabından sonra Trotski xarici işlər komissarı postunu tutur. Sonralar Xalq Yol Komissarı və Xalq Hərbi Dənizçilər Komissarı təyin olunur. Leninlə Trotski arasında yaranan ziddiyət Trotskinin hərbi işlərə rəhbərlik etdiyi dövrə təsadüf edir. Lenin Qərbi Ukraynanı almanlara verməklə Antanta birliyindən çıxaraq, Veymar hökuməti ilə sülh sazişi bağlamaq niyyətini Trotskiyə bildirir. Bu danışıqların aparılmasını Trotskiyə tapşırır. Amma Trotski danışıqlarda fərqli mövqe tutur, Almaniya nümayəndə heyətinə Rusiyanın müharibəni davam etdirəcəyini bəyan edir. Lenin Trotskinin bu mövqeyindən xəbər tutan kimi onu danışıqlardan kənarlaşdırır. Buna baxmayaraq, 1918-ci ildən 1925-ci ilin yanvar ayının 26-na kimi Trotski İnqilabi Hərbi Şuraya və Xalq Müdafiə Komissarlığına başçılıq edir. 1923-cü ildə artıq aydın oldu ki, Lenin ölümcül xəstədir və yaranmış vəziyyət partiya liderləri arasında hakimiyyət uğrunda mübarizəni kəskinləşdirir. Stalin Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının (ÜK(b)P) baş katibi kimi, bütün aparata nəzarət edir və partiyadaxili diktaturanı formalaşdırırdı. 1924- cü il 13-cü partiya konfransı “Partiyada burjua meylli üzvlərin və diskussiyaların nəticəsi” barədə qətnamə qəbul etdi. Bu qətnamədə Trotski və onun tərəfdarları ittiham olunurdu. Trotski məğlubiyyətlə barışa bilmirdi. Kamenev və Zinovyev bu mübarizədə Trotskinin məğlub olduğunu görəndə Stalinin tərəfinə keçdilər. Sözsüz ki, Kamenev və Zinovyevin büruzə vermədiyi, qəlblərində saxladıqları gizli məqsədləri Stalinə bəlli idi. Lakin bununla belə bu şəxslər Stalinə hələ lazım idi. 1924-cü ildə Trotskinin “Oktyabrın dərsləri” və “Lenin haqqında” yazdığı kitabları çapdan çıxdı. Hər iki kitab Stalin, Kamenev və Zinovyevə qarşı yönəlmişdi. Sonradan Kamenev “Trotskizm və ya Leninizm” əsərində Trotskini ifşa edirdi. Tərəflər arasında qəddar və kompromissiz mübarizə gedirdi. Onlar biri-birilərini gözdən salmaq üçün hər vasitəyə əl atırdılar. Leninlə Trotski arasında baş verən fikir ayrılığı və hətta gənc Trotskinin inqilabdan əvvəl Lenin haqqında söylədiyi təhqiramiz sözləri belə Stalin tərəfdarları mətbuatda dərc edirdilər. Bu da sonralar Trotskinin partiyada kommunistlər arasında gözdən düşməsinə səbəb oldu. Onun siyasi karyerasında geridönmə prosesi başladı. Artıq bundan sonra Stalin üçün Kamenev və Zinovyevlə hesablaşma vaxtı çatmışdı. 1927-ci ildə Kamenev və Zinovyev Trotski ilə eyni fikirə gələrək, partiyadaxili demokratiyanın artırılması məsələsini gündəmə gətirirlər. Stalinin tələsinə düşən bu şəxslər özləri də başa düşmədən son nəticədə Trotskinin kommunist partiyasından çıxarılmasında mühüm rol oynadılar. 1928-ci ildə Trotskini Moskvadan Alma-Ataya sürgün etdilər. 1929-cu ildə isə onun xaricə sürgün olunmasına qərar verilir. 1929-cu ildə Türkiyə ilə razılaşmaya əsasən Trotski Odessa şəhərindən “İliç” paroxodunda Mərmərə dənizindəki Prinkipo adasına aparılır.

O dövrdə Azərbaycanda yerli kadrlar olduqca az idi. Həmçinin Azərbaycanın o dövrə qədər Nərimanov Nərimanov kimi Kremldə məsul vəzifədə çalışan ikinci oğlu olmamışdı. 1923-cü ildə Kremldə Leninin xəstəliyi ilə əlaqədar hakimiyyət uğrunda mübarizə zamanı N.Nərimanovun V.İ.Leninə yazdığı məktubların birində deyilir: “İ.V.Stalin tərəfindən edilən haqsızlığa və ədalətsizliyə mən öz etirazımı bildirirəm. İş o yerə çatıb ki, Stalin Azərbaycanlı kadrlara inanmır. Sizə yox, bəs kimə müraciət edim, yoldaş Lenin? Necə olur ki, öz əsərlərində xalqlar dostluğunu, beynəlmiləlçiliyi təbliğ edən bir adam millətçi olur, sabiq mouzeristlər beynəlmiləlçi? Çox qəribədir”.

İosif Stalin və Sergo Orconikidze ölkənin sükanını ələ almaqda onlara mane olanları zərərsizləşdirirdilər. Bu zərərsizləşdirmə planında N.Nərimanov üçün də yer ayrılmışdı. 1924- cü ilin yanvar ayında Lenin vəfat etdikdən sonra bu qruplaşma tənha qalmış N.Nərimanovu aradan götürmək üçün onun fiziki cəhətdən məhv edilməsi planını cızdılar. Nəriman Nərimanovla Mircəfər Bağırov arasında mehriban münasibətlərin olması barədə çoxlu faktlar mövcuddur. M.C.Bağırov N.Nərimanovu həmişə “Nəriman əmi” deyə çağırarmış. M.C.Bağırovun inqilabdan sonra məsul vəzifələrdə işləməyində N.Nərimanovun köməyi olmuşdur.

1925-ci ildə Nəriman həkimin ölümü olduqca müəmmalı idi. Orconikidze Bakıdan gələn “yarpaq dolması” bəhanəsi ilə N.Nərimanova qonaqlıq verirdi. Nahardan sonra kəskin dispersiya və diarreya diaqnozu ilə Nəriman həkim xəstəxanaya yerləşdirilir. Lakin ağır zəhərlənmədən N.Nərimanov dünyasını dəyişir. O, can üstündə ikən tez-tez bu sözləri təkrar edirmiş: “Məni Serqo zəhərlədi”.

İllər ötür, Orconikidze belə bir stereotip formalaşdırır: “narimanovşina”. Bununla o, N.Nərimanovu Sovet cəmiyəti üçün yad ünsür hesab edirdi. 1927-ci ildə AK(b)P MK-nın I katibi Levon Mirzoyanın və II katibi Əliheydər Qarayevin təhriki ilə ÜK(b)P-nın Mərkəzi Nəzarət Komissiyasının rəhbəri Serqo Orconikidze M.C.Bağırovu “narimanovşina”da günahlandırıb, Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri vəzifəsindən azad etdirmişdi. Burada Nəriman Nərimanovun Əliheydər Qarayev haqqında dediklərini xatırlatmaq yerinə düşər: “Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata keçirilir. Mənim zərrə qədər də şübhəm yoxdur ki, Serqo və Stalinin simasında AKP MK biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırır. Hansı nəticələrin olacağını demək çətindir, bunun bütün məsuliyyəti Serqo və Stalinin üzərinə düşəcəkdir. Maraqlı odur ki, bu şəxslər elə fikirləşir ki, türklər o qədər axmaqdırlar ki, bütün bunları başa düşmürlər.

Onlar həmişə Əliheydər Qarayevi irəli çəkirlər. Bu adamı isə bütün Azərbaycan hər cəhətdən satqın kimi tanıyır”.

(N.Nərimanov: “Ucqarlarda inqilabımızın tarixinə dair” (İ.V.Stalinə məktub) “Azərbaycan Dövlət Nəşriyyatı” Poliqrafiya Birliyi, Bakı, səh.60, 1992-ci il).

Həyatı gərgin mübarizələr içərisində keçən bu şəxs haqqında birmənalı fikir söyləmək çətindir. Onun xarakterinin, ömrünün, yaradıcılığının ayrı-ayrı cəhətlərinin aşkarlanıb ictimaiyyətə çatdırılmasında tədqiqatçılarımızın son dövrlər mühüm xidmətləri olub. Lakin təəssüflə qeyd etməliyik ki, hələ də Nərimanovun dövrünün şərtlərindən irəli gələn kimliyini tam dəqiq araşdıra bilməmişik. Onun bədii, siyasi yaradıcılığı fonunda daxili aləmindəki tərəddüdləri, ömrünün acı, faciəli sonluğu bizi bu şəxsiyyətin xarakteri haqqında dərindən düşünməyə və onun bu vaxtacan məlum olmayan cəhətlərinə həqiqi qiymət verməyə vadar edir.

Nərimanovun çoxşaxəli fəaliyyətinə diqqət yetirdikdə maraqlı sual meydana çıxır: “Niyə Nərimanov Azərbaycanın, həmçinin digər türk cümhuriyyətlərinin sovet imperiyasının tərkibinə daxil olmasının tərəfdarı kimi çıxış etdi?”.

O dövrdə məcrası sürətlə dəyişən hadisələr Nərimanovun siyasi fəaliyyətinə güclü təsir göstərirdi: “Əgər həmin dövrdə geopolitik vəziyyət dəyişməsəydi, bəlkə də Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması da sual altında qalacaqdı. 1920-ci ilin aprelində XI Qızıl ordunun başında türk övladı Nəriman Nərimanov Bakıya gəlib, Azərbaycan Demokratik Cümhuriyyətinin süqutunda və hakimiyyətin bolşeviklərə, Moskvaya təslim edilməsində iştirak etməzdi. Burada Nərimanovun rolundan danışarkən, o dövrün tarixi şəraiti, reallığı nəzərə alınmalıdır. Nərimanov bəlkə də taktiki cəhətdən düz fikirləşirdi, lakin strateji səhvi məhz onda idi ki, milli dövlətçiliyimizin mövcudluğunu sovet Rusiyasının tərkibində görürdü. Hər halda, buna tərəddüd etmədən Nərimanovun faciəsi demək olar.

Amma Nərimanov millətimizin düşməni olmayıb, o, bu faciəvi səhvini artıq İnqilabi Şuranın sədri olduqdan sonra rastlaşdığı təklənmə məqamında dərk edir. Bir də onda ayıldı ki, artıq ətrafında onu anlayacaq bir nəfər belə yoxdur. Hadisələrin gedişatı Əliheydər Qarayevlə Nəriman Nərimanovun münasibətlərinin gərginləşməsi fonunda daha da ziddiyyətli xarakter aldı. Bu iki türk kökənli şəxsin münasibətlərini ətrafdakılar mümkün qədər daha da pozmağa çalışırdı. Bu zaman Nərimanov, şübhəsiz, buraxdığı səhvi aydın dərk edirdi”.

Şübhə yoxdur ki, Nərimanov müəyyən dövrdə Moskvanı Ankaraya dəstəkçi, Atatürkə yardımçı olmağa inandıra bilib.

Hesab edirik ki, Nərimanovun bu xidmətini nəzərdən qaçırmaq olmaz.

Lakin onun müəyyən addımlarda qətiyyətsizliyini müşahidə etmək mümkündür. Məsələn, Zəngəzurun taleyinin həllində bəlkə də daha ardıcıl iradə göstərsəydi, bu məsələdə üstünlük qazana bilərdi. Çünki Nərimanov o dövrdə bolşevizmin üzdə olan nüfuzlu fiqurlarından biri idi. Nərimanovun müəyyən məqamlarda qətiyyətsizliyi Kremldə baş verən intriqalar zamanı güc nisbətini düzgün qiymətləndirməyə imkan vermirdi. O, Kremldə aparılan oyunların arxasında hansı güclü fiqurların olduğunu sonadək aydınlaşdıra və dərk edə bilmədi. Kənara çəkildi və bu zaman onun haradasa lazımsızlığı meydana çıxdı. Sanki Nərimanovu Kremlə aparmaqla onun əl-qolunu bağladılar. Çox təəssüf ki, o, anadangəlmə siyasətçi deyildi, praqmatizmdən çox romantizmə meylli idi. Burada humanizmə söykənən həkimlik sənətinin də müəyyən təsiri vardı. O, özünü bütövlüklə axına qarşı qoymuşdu. Faktiki 1922-ci ildən etibarən dövlətin rəhbəri Stalin idi. Məhz o dövrdən başlayaraq Leninin şüuru özündə deyildi: Nərimanov isə Leninə Stalindən şikayət məktubu yazırdı.

Bu da onun buraxdığı növbəti səhv idi. Çünki, həmin dövrdə Kremldə qafqazlıların — Stalinin, Orconikidzenin, Mikoyanın və başqalarının yəhudi mənşəli kommunistlərə qarşı mübarizəsi başlamışdı.

Nərimanov zahirən qafqazlıların bu dairəsinə daxil olsa da, fəqət, bu cəbhədə qərib idi. Artıq müəyyən dövrdən sonra Nərimanovun bu qrupa gərəksizliyi meydana çıxmışdı. Məlumdur ki, siyasi intriqalarda mütləq müəyyən bir mövqedə dayanmaq lazımdır, Nərimanov isə bu intriqalarda demək olar ki, iştirak etmirdi…

Hər halda həmin dövrdə onun dərin siyasi, psixoloji, mənəvi sarsıntılar keçirdiyini təxmin etmək çətin deyil. O, düşdüyü durumun çıxılmazlığını gözəl anlayırdı. Fikrimizcə, Nəriman Nərimanovun ən böyük səhvi Sovetlər diktaturasının sadəcə kağız üzərində olan sosial-ədalət, milli bərabərlik, azadlıq kimi saxta ideoloji prinsiplərinə ürəkdən inanmasıydı. Düzdür, o, bu inamında axıra kimi peşman olmamışdı, yenə də sosializm ideyalarına sadiq idi…

Qarayev-Mirzoyan cütlüyünün canfəşanlığı ilə bütün vəzifələri əlindən alınmış M.C.Bağırov Azərbaycanı tərk edib Tiflisə, dostu Beriyaya pənah aparır. M.C.Bağırov L.P.Beriyanın köməyilə Zaqfederasiya Su Təsərrüfatı Komissarlığına işə düzəlir.

1927-ci ildə Azərbaycan KP Siyasi İdarəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılandan az müddət sonra M.C.Bağırov Zaqafqaziya su təsərrüfatı komissarı olur. M.C.Bağırovun Bakıdan uzaqlaşdırılmasının səbəblərini, Tiflisdəki vəziyyətini onun Moskvada partiya kurslarında olan Ruhulla Axundova göndər­­diyi məktubdan aydın görmək olar (bu məktublar Siyasi partiyalar, ictimai hərəkatlar mərkəzi Dövlət Arxivində saxlanılır).

Məktub 1929-cu il mayın 6-da Tiflis şəhərinin Piroqov 8 ünvanından Ruhulla Axundova göndərilib. Məktub “Əzizim, Ruhulla” sözləri ilə başlayır. M.C.Bağırov məktubda əvvəlcə Ruhulla Axundovun səhhəti ilə bağlı narahat olduğunu və Bakını tərk edən zaman onunla sağollaşmadığına görə özünü bağışlaya bilmədiyini söyləyir. O, məktubda yazır: “Serqo Orcоnikidzenin qəti göstərişinə əsasən, Bakını tərk etmək məcburiyyətində qaldım. Elə başa düşürdüm ki, burda (Tiflisdə) yeni vəzifəmi normal şəraitdə icra etməyə başlayacam. Amma çox təəssüf ki, əksinə, yüz dəfə ağır şəraitə düşdüm, əvvəlcədən mənə qarşı hazırlanmış “tələlərlə” üzləşdim. Elə bil bu vəhşiləşmiş insanlar məni ilk işıq dirəyindən asmağa hazır dayanmışdılar. Mənə qarşı belə münasibətin əsasını isə Azərbaycan rəhbərliyinin (L.Mirzoyan-Ə.Qarayev-Novruzov birliyi — A.M.) barəmdə mərkəzə ötürdükləri yalan məlumatlar formalaşdırır. Amma bu rəhbərlər başa düşmürdülər ki, respublikada törətdikləri əməlləri ört-basdır edə bilməyəcəklər. Məsələn: Azərbaycan Siyasi İdarəsinin əməkdaşları Lənkəranda sərhəddi qeyri-leqal keçmək istəyən mollanı vəhşicəsinə boğub öldürüblər. Bu hadisədən hiddətlənən kənd əhalisi mollanın meyitini geri almaq istəyəndə, Siyasi İdarə əməkdaşları narazı insanlarla amansız davranıblar.

Bu da son nəticədə yüzlərlə günahsız kəndlinin həbsinə gətirib çıxarmışdır. Kənd əhalisi məcburiyyət qarşısında qalıb, Bakıya öz nümayəndələrini göndərmək qərarına gəlir. Artıq kəndlilərin narazılığı üsyana keçən vaxt Bakıdan dövlət komissiyasının üzvləri Lənkərana çatır”. Məktubda M.C.Bağırov bu cür misalların saysız-hesabsız olduğunu Ruhulla Axundova bildirir. Sonra qeyd edir: “Yuxarıda qeyd etdiyim rəhbərlərin özbaşınalığı, törətdikləri cinayət əməlləri barədə bildiyimə görə məni tamam sıradan çıxartmaq və ya fiziki cəhətdən məhv etmək istəyirlər.

Lakin, hələ ki, fiziki cəhətdən məni sıradan çıxartmaq onlara müyəssər olmamışdır. Onlar saxta sənədlər quraşdırıb mənə qarşı ittiham irəli sürməyə cəhd edirlər. Fəqət Zaqafqaziya partiya təşkilatlarının məni müdafiə etdiklərini görüb, yuxarıda göstərdiyim qondarma ittihamları söyləməyə ehtiyat edirlər. Bununla yanaşı, özümə söz verdim ki, danışmayım. Çünki, mənim çıxışlarım nəinki Azərbaycan rəhbərliyinin, həmçinin burada (Tiflisdə — A.M.) yoldaş Oroxelaşvilinin də xoşuna gəlmir. Bununla belə bəzi yoldaşlar mənə Azərbaycanda bir qrup rəhbərə qarşı nə vaxt radikal qərarın veriləcəyi barədə sualla müraciət edirlər”. Sonra M.C.Bağırov Ruhulla Axundova özü və ailəsi barədə məlumat verir. O, yazır: “Görəndə ki, mənə qarşı ədalətli münasibətə ümid etməyə dəyməz, özümü sakitləşdirmək üçün gündəlik 200, bəzən 250 səhifə kitab oxuyuram. Məsələn, “Leninə görə aqrar suallar” kitabının IX cildini, “Rusiyada inkişaf etmiş kapitalizmin həqiqətləri”ni, “Partiya qurultaylarının tarixi”ni, “Lenin kooperasiya haqqında” məqalə və çıxışları, “Kapital” əsərini və sairə. Gürcü dostlarım da (Beriya nəzərdə tutulur – A.M.) mənə köməkliyi əsirgəmirlər. Oğlum Cahangirdən (Volodya) məktub almışam. Məktubunda Ömər Xəyyamın, Mirzə Şəfi Vazehin əsərlərini oxuduğunu deyir. Sentyabrda Qubadan Bakıya qayıdacağını söyləyir. Deyəsən, bir az xəstələnib, ondan yaman nigaranam. Ancaq bacılarımın gözləri ürəyimin parasının (oğlu Cahangiri nəzərdə tutur – A.M.) üstündədir. Ona görə də arxayınam. Səndən xahişim budur ki, məndən incimə, hələlik vəziyyətim pis deyil. Həyat yoldaşım və oğlumun adından sizin ailəyə salam çatdırıram”.

Məktub “Öpürəm səni. Mircəfər” sözləri ilə bitir.

Lakin sonralar L.P. Beriyanın Stalinə göndərdiyi məktubla M.C.Bağırov 1929-cu ildə yenidən Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri təyin edildi. Artıq Beriya–Bağırov birliyi Orconikidze–Qarayev–Mirzoyan qruplaşması ilə üz-üzə gəlmişdi. 1931-ci ilin noyabrında L.P.Beriya Gürcüstan Kommunist Partiyasının I katibi və ÜK(b)P-nın Zaqfederasiya komitəsinin II katibi seçilir. Bundan sonra M.C.Bağırov öz mübarizəsini vəzifədə qalmaq naminə hər şeyi satmağa hazır olan kütbeyin kommunistlərə qarşı deyil, bu marionetkaları idarə edən, onların başında duran Serqo Orconikidzeyə tərəf yönəldir. S.Orconikidzeni zərərsizləşdirmə planını Beriya ilə bərabər hazırlayırlar.

N.S.Xruşşov xatirələrində yazır: “Mənim Beriya ilə ilk tanışlığım 1932-ci ildə baş vermişdir. O vaxt mən Moskva Partiya Komitəsinin II katibi vəzifəsində işləyirdim. Beriyanın mənimlə görüşünün səbəbi kadr məsələsi idi. O, mənim yanıma Bağırovla birlikdə gəldi. Bağırov Bakının partiya xadimlərindən biri idi. O vaxt Bağırovla Beriya Marksizm-Leninizm kurslarında təhsil alırdılar. Aramızdakı söhbətin məğzi Frunze rayon Partiya Komitəsinin katibi, erməni yoldaşımız Ruben Mirzoyan barədə idi. Sözsüz ki, o vaxt kadr məsələsini mən həll etmirdim. Ona görə də Beriyanın Azərbaycan K(b)P MK-nın I katibi vəzifəsinə Bağırovu təyin etmək barədə xahişini yerinə yetirə bilməzdim. Sonradan mənə məlum oldu ki, bu vəzifəyə Rubenin namizədliyini Serqo Orconikidze verib”.

Həqiqətən də Ruben bir müddət Azərbaycan K(b)P MK-nın I katibi vəzifəsində işləyir. Buradan aydın olur ki, bu erməni əsilli partiya funksionerinin vəzifəyə təyin olunmasında canfəşanlıq edən Serqo Orconikidze imiş. Amma çox keçmir ki, Bağırov-Beriya birliyi Orconikidzenin adamı olan Rubeni vəzifədən kənarlaşdırmağa nail olur.

M.C.Bağırov Moskvada Marksizm-Leninizm kurslarında təhsilini başa vurduqdan sonra Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsində əvvəl müfəttiş, bir müddət sonra isə Azərbaycan Xalq Komissarı vəzifəsinə yüksəlir.

Sonralar M.C.Bağırov İ.V.Stalinə göndərdiyi məktubunda yazırdı: “Əziz İosif Vissarionoviç! Sizə bildirmək istəyirəm ki, Azərbaycanda Sizin apardığınız siyasi kursa qarşı fəaliyyətə Moskvadan Serqo Orconikidzenin başçılığı altında mərkəz rəhbərlik edir”. 1956-ci ildə Bağırovun məhkəməsində Xruşşovun əlaltısı olan SSRİ-nin baş prokuroru Rudenko bu məktubu oxuyur və Bağırov belə bir məktubun mövcudluğunu inkar etmir.

Beləliklə, 1933-cü ildə M.C.Bağırov Azərbaycan K(b)P MK-nın birinci katibi seçilir. Aşağıdakı istintaq materialından M.C.Bağırovun hakimiyyətə gəlməsində dostu L.P.Beriyanın növbəti dəstəyinin bir daha şahidi oluruq.

РГАСПИ-(Российский Государственный Архив Социально-Политической Истории).

RSSTDA- (Rusiyanın Sosial-Siyasi Tarixə dair Dövlət Arxivi – A.M.). F. 17. Siy. 171. İş. 469. səh.43-53 (ixtisarla) İstintaq protokolu 1953-cü il sentyabr ayının 29-u SSRİ baş prokuroru, həqiqi dövlət ədliyyə müşaviri Rudenko məhkum olunan Beriya Lavrenti Pavloviçi dindirdi.

İstintaq saat 15:00-da başladı.

SUAL: — Siz Bağırovu nə vaxtdan tanıyırdınız? CAVAB: — Bağırovu Azəbaycan FK-da işlədyim vaxtdan tanıyıram, təxminən 1921-ci ilin aprelindən. O vaxt o, Azərbaycanın FK-nın sədri, mən isə gizli-operativ hissənin müdiri, eyni zamanda onun müavini idim.

SUAL: — Bağırovla münasibətiniz necə idi? CAVAB: — Zənnimcə, Bağırovla münasibətimiz yaxşı idi.

Bağırovu partiyaya ən sədaqətli bir insan kimi tanıyırdım. Hərdən bir-birimizin evində olurduq.

SUAL: — Sizə bu il avqustun 18-də Beriya N.T-nin verdiyi ifadə oxunur: “…Beriya Bağırovla dostluq edirdi. Axırıncını 1922-ci ildən tanıyıram, hələ Bakıdan. Bağırov o vaxt FK-da işləyirdi, Beriya onun tabeliyində idi. Sonralar Bağırov Tiflisə qələndə bizim evdə qalardı. Moskvaya təzə köçdüyümüz vaxtlar bizdə qalırdı.

Mən Bakıya qələndə Bağırovun evində Beriya ilə birgə, ya da tək qalırdım. Bu, müharibənin qurtaran vaxtları idi…” SUAL: — Bu, duzdur? CAVAB: — Bəli, duzdur.

SUAL: — Siz təsdiq edirsinizmi ki, Bağırov sizin təqdimatınızla Azərbaycan K(b)P MK-nın katibi təyin edildi? CAVAB: — Bəli, Bağırovun namızədliyini mən irəli sürdüm.

Onda o, Azərbaycan Xalq Komissarları Sovetinin sədri idi. Bağırovun Azərbaycan MK-nın katibi olacağını MK-da da bilirdilər.

SUAL: — Sizin Bağırovla münasibətiniz barədə Milşteynın ifadəsini səsləndiririk: “…Bağırovla Beriya FK orqanlarında işə birgə başlamışdılar.

1920-ci ildən 1922-ci ilə kimi, yəni, Gürcüstan FK-ya keçənə qədər Beriya onun müavini olub. Birgə iş prosesində, eləcə də son günlərə qədər Beriyanın Bağırovla ən yaxın və isti münasibətləri olub. Bağırov daim Beriya ilə ünsiyətdə idi. Axırıncı Tiflisdə, daha sonra Moskvada olanda da. Beriya açıq şəkildə Bağırovu himayə edirdi. O dövrdə Beriya Zaqafqaziya Vilayət KP-nin katibi işləyirdi. Sonralar isə SSRİ-nin daxili işlər naziri və SSRİ Nazirlər Soveti sədrinin müavini oldu. SSRİ Nazirlər Sovetində və Sov.İKP MK-da öz həllini gözləyən bütün məsələlərlə bağlı Bağırov qabaqcadan Beriya ilə məsləhətləşir və ondan dəstək alırdı. Hesab edirəm ki, Bağırovun Beriya tərəfindən himayə edilməsi və dəstəklənməsi heç də təsadüfi deyildi. Şübhəsiz, Bağırov Beriyanın Azərbaycandakı bütün fəaliyyətindən, o cümlədən, ona qarşı kompromat materiallardan da xəbərdar idi. Beriya Bağırovu tam dəstəkləyirdi və axırda onun rəqiblərini işdən çıxartdı, onları repressiya etdi. Bağırovu Azərbaycan KP MK-nın katibi vəzifəsinə irəli çəkməyə nail oldu”.

SUAL: — Bunlar duzdur? CAVAB: — Milşteyn öz ifadəsində birtərəfli olub, məsələləri yanlış göstərib. Bağırov birbaşa hökumətə daxil idi, bəzi məsələlərdə birbaşa hökumətin başçısına çıxa bilirdi.

Bağırovla münasbətlərimə gəldikdə isə, qeyd etdim ki, mənim Bağırovla münasibətlərim yaxşı idi. Hərdən bəzən pisləşirdi, amma mənimlə razılaşmayanda məcbur edirdim ki, göstərişlərimi yerinə yetirsin. Mən heç vaxt Bağırovdan asılı olmamışam.

SUAL: — Siz təsdiq edirsinizmi ki, Bağırovun vasitəçiliyi ilə Azərbaycan Dövlət Arxivindən bəzi sənəd və materialları göturə bilmişiniz? Onları əldə etmək uçun Bakıya Merkulovu göndərmisiniz? CAVAB: — Mən bilmirəm Merkulov kömək uçun Bağırova muraciət edib, ya yox… Merkulov mənə bu barədə heç nə deməyib. Merkulov 1920-ci ildə Azərbaycan KP-nin qərarı ilə mənə bəraət verilməsinə dair sənədləri əldə etməkdən ötrü Bakıya getmişdi. Mən fəaliyyətimə kölgə sala biləcək sənədləri gizlətməmişəm, onları arxivdən çıxartmağa cəhd göstərməmişəm.

SUAL: — Amma Virapın məktubundan göründüyü kimi, siz partiyaya 1917-ci ildə qəbul olunmamısız. 1919-cu ilədək ona ancaq rəğbət bəsləmisiniz. Bunu MK öz tərəfindən gizlədib? CAVAB: — Bu məktub başqa arxiv sənədləri ilə Merkulovda idi. Virap mənim partiya stajımı bilmirdi, ona görə belə yazıb.

SUAL: — Merkulov 1953-cü il iyulun 21-də dinidirmədə göstərib ki, o, bu sənədləri arxivdən Bağırovun koməyilə götürüb. Bağırov sənədlərin Merkulova verilməsi uçun qanunsuz sərəncam imzalamışdı. Siz bunu təsdiq edirsiniz? CAVAB: — Əgər Merkulov elə deyibsə, deməli, elə də olub.

SUAL: — Təsdiq edirsinizmi ki, hələ 1921-ci ildə Azərbaycan FK kommunist özəyin iclasında Mərkəzi Komissiyanın iştirakı ilə yoxlama keçirmiş, Azərbaycan KP MK-nın şəxsi heyətındə təmizlənmə məsələsinə baxılmışdır. Onda Bağırov sızı xilas edib. Axı sizi brilyant üzükləri mənimsəməkdə, qadınlara qarşı əxlaqsız hərəkətlərinizə görə ittiham edirdilər.

CAVAB: — O vaxt Azərbaycan FK kommunist özəyində danışılanlar dedi-qodu idi, məni əsassız ittiham edirdilər. Bu, Şahbazovun və ailəsinin mənə qarşı intriqası idi. Onda Şahbazov MK-nın inzibati idarəsinin rəisi idi.

SUAL: — Nə uçun siz və Bağırov təmizlənmə dövründə, 1921-ci ildə Müsavatın əks-kəşfiyyatındakı xidmətinizi qizlətmisiniz? CAVAB: — Mən heç nəyi gizlətməmişəm, bu məsələyə Azərbaycan KP MK-da hələ 1920-ci ildə baxılıb.

SUAL: — Sizə Azərbaycan FK kommunist özəyində keçirilmiş iclasda üzə çıxarılan, fondda saxlanmış 10 №-li, iş 5/4, v.

39, sv.1 opis 31 sənədi təqdim edilib. Bunlardan aydın görünür ki, siz və Bağırov Müsavatın əks-kəşfiyyatındakı satqınlıq fəaliyyətinizi gizlətmisiniz. Bu barədə ifadə verə bilərsiniz? CAVAB: — Mən təsdiq edirəm ki, Azərbaycan FK-nın kommunist özəyində keçirilmiş iclasın arxivdə saxlanılan protokolunun surəti mənə təqdim edilib. O sənəddə mərkəzi komissiyanın iştirakı ilə yoxlama və Azərbaycan KP-nın şəxsi heyətində təmizlənmə barədə yazılıb. Məktubda mənim Müsavatın əks-kəşfiyyatında xidmətim barədə heç bir qeyd yoxdur. Bu məsələ nə üçün qeyd olunmayb, mənə bəlli deyil. Bir daha təsdiq edirəm ki, mən bunu qizlətməmişəm, həm də ki, bu məsələyə Azərbaycan KP MK-da baxılıb.

SUAL: — Siz Azərbaycan Xalq Daxili İşlər Komissarlığında idarə rəisinin müavini işləmiş Osvald Yanoviç Nodevi tanıyırdınız? CAVAB: — Hansısa Nodevi xatırlayıram. Bəli, o, Azərbaycan Xalq Daxili İşlər Komissarlığında işləyirdi. Moskvadan göndərilmışdi.

SUAL: — 1936-cı ildə Bagırov Nodevi nəyə görə işdən çıxartdı? CAVAB: — Mən bunu bilmirəm.

Hakim: — Sizə Bagırovun 26 dekabr 1936-cı ildə Azərbaycan KP bürosındakı çıxışının stenoqram mətnindən bir hissə təqdim olunur. Bağırov orada Nodevi ittiham edərək deyir: “…Əksinə, yoldaş Beriya son 5-6 ildə Azərbaycanda bütün partiya özəklərinin təşkilatlanması üçün bolşevik inadkarlığı ilə mübarizə aparıb. Siz isə burada boşbogazlıq edirsiniz. Biz bununla heç cur barışa bimərik. Mən elə fikirləşirəm ki, Nodevin Xalq Daxili İşlər Komissarlığından çıxarılması məsələsini qaldırmaq lazımdı. Ona partiya adından axırıncı xəbərdarlıqla şiddətli töhmət verilməlidir…” SUAL: — Siz bu barədə nə deyə bilərsiniz? CAVAB: — Bunu mən birinci dəfədir eşidirəm.

Hakim: — Yejovun adına vurulan teleqram oxunur: “…Yoldaş Lavrenti Beriyanın ünvanına söylənən böhtan xarakterli, antipartiya söhbətləri yolverilməzdir. Azərbaycan K(b) P MK-nın bürosu qərara gəldi ki, Azərbaycan XDİK-də rəis müavini işləyən Nodev Osvald Yanoviçə töhmət elan edilsin.

Qərara alınsın və Sizdən xahiş olunsun ki, onu tutduğu vəzifədən azad edəsiniz. Xahiş edirik, Nodevin işdən çıxarılmasını rəsmiləşdirib, onu SSRİ XDİK-nın sərəncamına göndərəsiniz”.

Az.K(b)P MK-nın katibi M.C.Bagırov.

25 dekabr 1936-cı il”.

SUAL: — Bu barədə nə deyə bilərsiniz? CAVAB: — Mənim bu barədə məlumatım yoxdur.

SUAL: — Büro iclasının stenoqramından görünür ki, Nodev qeyri-rəsmi söhbətlərdə Beriyanı Sovet İttifaqının ən bacarıqlı və böyük çekisti kimi tərifləyənlərə belə deyib: “…Yalnız Zaqafqaziyada onun haqqında belə düşünürlər, sizin kimi danışırlar. Amma digər yerlərdə, Vladivostokdan Moskvaya qədər onun haqqında mənfi fikirdədirlər. Hamı hesab edir ki, Beriya Kremlin nümayəndələrini Zaqafqaziyadan sıxışdırır, FK-nın emissarlarını, digərlərini müxtəlif bəhanələrlə işdən çıxarır. Bunun üçün cürbəcür pis üsullardan belə istifadə edir…” SUAL: — Bu, sizə məlum idi? CAVAB: — İfadəmdə göstərdiyim kimi, mən bu barədə heç nə bilmirdim.

Protokol mənim tərəfimdən oxundu. Mənim dilimdən yazılıb, düzgündür.

L.Beriya İstintaq saat 18:00-da qurtardı.

Dindirdi: SSRİ-nin Baş prokuroru R.Rudenko İstintaqda iştirak etdi və protokola qeydlər apardı: SSRİ Prokuroluğunun Muhum işlər uzrə mustəntiqi: Sareqradski.

Əsli ilə düzdür: İnzibatı xidmət mayoru Yuryeva.

Surəti: makina yazısı Artıq 1934-cü ilin mayın 28-də Mir Cəfər Bağırovun Az.KP MK-nın I katibi kimi fəaliyyətinin bir ili tamam olurdu.

Bu plenumda müəyyən mənada onun işinə qiymət verilirdi.

Plenumda həmçinin bəzi iştirakçılar tərəfindən M.C.Bağırova və L.P.Beriyaya təriflər söylənilirdi. Hətta iş o yerə çatırdı ki, plenuma sədrlik edən L.P.Beriya çıxışçıların sözünü kəsərək, təriflərə son qoymağı tələb edirdi.

Məsələn, Azərbaycan SSR Xalq Torpaq Komissarlığının MTS-lər üzrə siyasi sektorun rəisi yoldaş Vasilkinin çıxışından: “1934-cü ilin yazında pambıq əkininin ilk mərhələsində böyük nailiyyətlər qazanmışıq. Özbəkistanla müqayisədə biz səpini daha tez qurtarmışıq. Hətta havaların əlverişsiz keçməsi bizim işimizə mane olmadı. Ona görə də cəsarətlə deyə bilərəm ki, bu il bütün rayon partiya komitələri, onların kolxoz və kənd təşkilatları işlərini ən yüksək səviyyədə qurmuşdu.

Azərbaycan partiya təşkilatlarının bu nailiyyətləri təsadüfü deyil. Ona görə ki, bütün bunlar Zaqafqaziya Diyar Partiya Komitəsinin iradəli və onların dahi bolşevik rəhbəri Lavrenti Beriya, Azərbaycan KP MK-nın rəhbəri, dəyanətli bolşevik Mir Cəfər Bağırov tərəfindən təşkil olunmuşdur”.

Bu vaxt L.P.Beriya Vasilkinin çıxışını yarımçıq kəsir və deyir: “Siz burda bizi tərifləmək üçün çıxış edirsiniz, yaxşı olar ki, söyləyin, siz nə etmisiniz?” Yenidən Vasilkin deyir: “Biz əkin zamanı hər gün Diyar Partiya Komitəsinin və Azərbaycan KP MK-nın rəhbərlərinin diqqətini hiss etmişik”.

Onu da qeyd etmək istəyirəm ki, plenumda yekun nitqi söyləyən L.P.Beriya M.C.Bağırovun adını çəkmədən Azərbaycan kommunistlərinin işinə müsbət qiymət verərək, Gürcüstan və Ermənistan kommunistlərinə onlardan nümunə götürməyi məsləhət gördü.

Beləliklə, bu plenumda M.C.Bağırovun hakimiyyətdə möhkəmlənməsində L.P.Beriyanın növbəti dəstəyinin bir daha şahidi oluruq.

Məhz bu dövrdə Stalin özünün siyasi rəqiblərini neytrallaşdırmanın ikinci mərhələsinə keçir.

Rıkov Aleksey İvanoviç 1899-cu ildən RSDP-nin üzvü və ilk bolşeviklərdən idi. 1917-ci ildən Mossovetin, sentyabr ayından Petroqrad icra şurasının sədri idi. 26.10.1917-ci ildən isə Sovet hökumətinin ilk Daxili İşlər Komissarı olmuşdu. 1922-ci ildə MK Siyasi Bürosunun üzvü seçilmişdi. V.İ.Leninin ölümündən sonra, 02.02.1924-cü ildə Xalq Komissarları Şurasının sədri seçilən (buna qədər o, Leninin icra etdiyi bu vəzifədə müavin idi) Rıkov eyni zamanda RSFSR-in Xalq Komissarları Sovetinin sədri vəzifəsini də icra edirdi. Leninin ölümündən sonra o, əvvəl Trotskiyə, sonra Kamenev və Zinovyevə qarşı siyasi mübarizədə Stalinə yaxından kömək edir. ÜK(b)P-nin XV qurultayında çıxış edən Rıkov qeyd edir: “Mən “süpürgəni” yoldaş Stalinə verdim ki, o, bu süpürgə ilə bizim düşmənlərimizi süpürsün”.

Lakin, 1928-1929-cu illərdə kollektivləşmə məsələsində onunla Stalin arasında fikir ayrılığı yaranır. Həmin vaxtdan etibarən Rıkovun mövqeyi Buxarin və Kamenevin mövqeyi ilə üst-üstə düşür. Nikolay İvanoviç Buxarin o dövrdə MK Siyasi Bürosunun üzvü idi. Amma 1928-ci ildə Buxarin ölkədə aparılan kollektivləşmənin əleyhinə çıxışlar edir, aqrar sahədə fərdi təsərrüfatları inkişaf etdirməyi məsləhət görürdü. 1928-ci il sentyabrın 30-da dərc olunan “İqtisadçının qeydləri” məqaləsində o, aqrar sahəyə digər yanaşmaları “avantürist yanaşma” adlandırırdı.

Hətta bir həftə sonra Siyasi Büronun iclasında Buxarın Stalini “Şərq despotizminin tozcuğu” adlandırır.

ÜK(b)P Mərkəzi Komitəsinin 1928-ci il noyabr plenumunda A.İ.Rıkovu, M.P.Tomskini və N.İ.Buxarini “sağ təmayülçülər” adlandırırlar. Plenum bu dəstəni ifşa edir. Buxarin səhvini boynuna almır, Rıkov isə səhvini başa düşdüyünü və bundan sonra partiya xəttində heç bir əyintiyə yol verməyəcəyini bəyan edir.

1929-cu ilin noyabrında N.İ.Buxarin MK-nın Siyasi Bürosundan kənarlaşdırılır. Hadisələrin bu məcrada getdiyini görən Buxarin “səhvini” etiraf etməyə məcbur olur. Lakin bu etiraf da onu xilas eləmir. M.P.Tomskini də ölkənin ali siyasi rəhbərliyindən uzaqlaşdırırlar. 1930-cu il dekabrın 9-da A.İ.Rıkov əvvəlcə Xalq Komissarları Şurasının sədri vəzifəsindən azad olunur, 21.12.1930-cu ildə isə MK-nın Siyasi Bürosundan kənarlaşdırılır və 1931-ci ilin yanvarında SSRİ Poçt və teleqraf xalq komissarı təyin edilir. Buxarin isə Ağır Sənaye Komissarlığının kollegiya üzvü seçilir. Bu təyinatlarla Stalin iki məqsəd güdürdü. Birincisi, artıq Trotskidən sonra Kamenev-Zinovyev qruplaşmasının axırına çıxmaq lazım idi. Bu səbəbdən Stalin Buxarin-Rıkov-Tomski üçlüyünü və onların tərəfdarlarını KamenevZinovyev mövqeyinə yaxınlaşmasına imkan vermək istəmirdi.

İkincisi, o, bu qruplaşmaları parçalamaq və tədricən neytrallaşdırmaq istəyirdi. Artıq bu dövrdən Rıkov-Buxarin-Tomski birliyi Stalininsiyasətini tərifləməyə başlayır. Stalin hətta Buxarini “İzvestiya” qəzetinə baş redaktor təyin edir. Rıkovda isə belə bir yanlış təsəvvür yaranmışdı ki, onu yenidən Siyasi Büronun üzvü seçəcəklər. Çünki, artıq bir dəfə, hələ 1917-ci ilin noyabrında Xalq Komissarları Şurasından və Mərkəzi Komitədən çıxması barədə ərizə yazmışdı. Sonradan o, Leninlə razılığa gələrək, ərizəsini geri götürmüşdü. Təəssüf, Rıkov başa düşmürdü ki, Stalin Lenin deyil! 1934-cü ildə Kamenev və Zinovyev həbs ediləndən sonra, 1936-cı ildə onlara qarşı açıq məhkəmə prosesi qurulur. Məhkəmədə Kamenev, Zinovyev və digər həbs olunanlar Buxarinin və Rıkovun əleyhinə ifadələr verirlər. Onlar hərbi çevriliş hazırlanması planından və onlarla bu çevrilişdə Buxarin və Rıkovun, eyni zamanda, onların tərəfdarlarının həmfikir olduqlarını bəyan edirlər. Həqiqətən də, Stalinə qarşı belə bir çevrilişin hazırlandığı barədə “Oqonyok” jurnalının 1990-cı il 28-ci sayında oxuyuruq: “L.Trotskinin Harvard Universitetinin arxivində saxlanılan, L.B.Kamenevin öz əli ilə yazdığı qeydlərdən başa düşülür ki, həqiqətən o dövrdə ölkənin siyasi sistemini dəyişmək üçün hakimiyyəti ələ keçirmək, Stalini devirmək istəyirdilər. Məqalədə 1928-ci il iyulun 4-də Kamenevin Buxarinlə danışığının stenoqramı verilir: “Kamenev: — Sizin qüvvələriniz nə yerdədir? Buxarin: — Rıkov üstəgəl Tomski, üstəgəl Uqlanov, (dəqiq) üstəgəl mən. Petroqradlıların hamısı bizimlədir. Ancaq onlar Stalini siyasi hakimiyyətdən uzaqlaşdırmağa ehtiyat edirlər”.

Kamenev və Zinovyevin həbsindən sonra Buxarin və Rıkov 1934-cü ildə ÜK(b)P-nin MK üzvlüyündən namizədə çevrilirlər. Bununla da onların ölkəyə rəhbərlikdən kənarlaşdırılması prosesi davam etdirilir.

Stalinə qarşı bir neçə dəfə yaradılmış müxalif qrupların ardından artıq 1934-cü ildə “Klubok” (kələf – A.M.) adında məxfi təşkilat formalaşmışdı. Hakimiyyəti Stalinin əlindən almaq istəyən bu təşkilatın yaradıcıları ordunun rəhbərlərindən bir neçəsini öz tərəflərinə çəkdilər. Plana görə, İ.V.Stalin, V.M.Molotov, L.M.Kaqanoviç, K.Y.Voroşilov, N.İ.Yejov həbs edildikdən sonra ÜK(b)P MK-nın plenumu müvəqqəti olaraq ölkəyə rəhbərliyi hərbi generallardan birinə həvalə etməli idi. Sonralar həbs olunan bu təşkilatın üzvlərindən Yenukidze və Petersonun ifadələrinə görə, bu generallar vətəndaş müharibəsinin qəhrəmanı, Xalq Müdafiə Komissarının müavini M.N.Tuxaçevski və Londondakı hərbi attaşe V.K.Putku olmalı idi. Stalin Kremldə hazılanan bu çevriliş planından xəbər tutur. O, əvvəlcə hadisələrin idarə olunmasını öz əlinə alır. Yəni, “Klubok” üzvlərinin özləri də bilmədən Stalin onların arasındakı əlaqəni zəiflətmək üçün hər birini ayrı-ayrı bölgələrə inzibati vəzifələrə göndərir.

Sözsüz ki, Stalin gözləyirdi ki, təşkilat öz-özünə dağılacaq, amma “Клубок”un üzvləri bir-biriləri ilə əlaqəni kəsmirdi.

1937-ci il iyunun 2-də Stalinin iştirakı ilə Xalq Müdafiə Komissarlığının hərbi şurasının geniş iclası keçirilir. K.Y.Voroşilov məruzə ilə çıxış edərək dövlət çevrilişində iştiraka cəhd etmiş hərbi komandirlər — Tuxaçevskinin, Putkunun, Korkanın, Yakiranın, Uberiviçin həbs olunduğunu söyləyir. Beləliklə, Stalin 1937-ci ilin iyun plenumuna bir neçə gün qalmış çevrilişi həyata keçirmək istəyənləri neytrallaşdırır. Artıq ordu rəhbərliyinə inamı itdiyindən Stalin ancaq NKVD-yə arxalanırdı. NKVD-yə tam nəzarəti həyata keçirmək üçün onun diqqətini çoxdan çəkmiş həmyerlisi Beriyadan istifadə etmək məqamı yetişmişdi. Bu andan etibarən Beriyanın üzünə Kremlin möhtəşəm darvazası açılır. Stalin NKVD-nin rəhbəri Nikolay Yejova heç vaxt tam etibar etmirdi. ÜK(b)P MK-nın iyunun 23-də başlayan plenumunun iştirakçıları yekdilliklə Sovet dövləti və onun rəhbərliyinə qarşı xəyanətdə əli olan bütün şəxsləri tapıb ifşa etmək barədə qərar qəbul edirlər. Baxmayaraq ki, Stalin plenum iştirakçılarından repressiyaya getməməyi xahiş edirdi, əslində bu işlərlə şəxsən özü məşğul idi. Fəqət, imperiyanı qorumaq üçün kommunist maskası geyinmiş plenum iştirakçıları yenidən Stalinə etimad göstərdi. Bu etimadın müqabilində Stalin bu prosesdə şəxsi düşmənlərini məhv etməklə yanaşı, ölkədə aparılan hərbi sənayeləşmə və iqtisadi inkişafla imperiyanın inkişafı üçün çox gərəkli şəxs olduğunu sübut edirdi.

Ona görə də 1937-ci ilin məlum plenumunda iştirakçıların böyük əksəriyyəti tərəfindən Buxarin və Rıkov partiya intizamını pozmaqda, Stalin xəttinə qarşı gizli mübarizə aparmaqda, fraksionizm və dağıdıcılıqda ittiham olundular. Buxarin plenumda çıxış edərək, Stalinin, Molotovun, Orconikidzenin ünvanına kəskin ittihamlar söyləyir. Plenuma qədər “müəyyən qruplar” Buxarin və Rıkovla guya həmfikir olacaqlarını bildirsələr də, müzakirələr zamanı səslərini çıxartmadılar. Sonradan ÜK(b)P MK Siyasi Bürosunun qapalı toplantısında “müəyyən qruplar” Stalini siyasi hakimiyyətdən zorla uzaqlaşdırmaq göstərişini Rıkovdan aldıqlarını etiraf edirlər. Plenumda A.İ.Mikoyanv, Buxarin və Rıkovun ünvanına kəskin siyasi ittihamlarla dolu böyük məruzə ilə çıxış edir. 1937-ci ilin fevral plenumunda yaradılan komissiyanın protokolunda N.İ.Buxarin və A.İ.Rıkovla əlaqədar deyilir: (Baxmayaraq ki, Stalin plenumda onların partiyadan çıxarılmasını və məhkəməyə verilməsini təklif etmişdi) “Komissiyanın 20 üzvü Yejov, Budyonnı, Manuilski, Şuvernik, Kosarev, Buxarin və Rıkovu ən ağır cəzaya, Buxarin və Rıkovun isə güllələnməsinə səs verdilər. Komissiyanın yerdə qalan hissəsi isə Buxarin və Rıkovun ÜK(b)P MK-dan çıxarılması və məhkəməyə verilməsi təklifinə səs verdi”.

Burada maraqlı məqam odur ki, yenə də siyasi intriqaların tam mərkəzində olan Mikoyanın öz dəsti-xətti ilə protokolda qeyd olunur: “Buxarin-Rıkovun işi NKVD-yə göndərilsin”.

Yəni, məhkəməyə deyil, birbaşa güllələnməyə.

Ancaq Stalinin məsələyə birbaşa müdaxiləsindən sonra A.İ.

Rıkov, N.İ.Buxarin və onların tərəfdarları üzərində açıq məhkəmə prosesi qurulur. Məhkəmə prosesində Rıkov da, Buxarin də sağ təmayülçü antisovet blokunun mövcud olduğunu etiraf edirlər. Hətta Rıkov son sözündə belə deyir: “Kim ki hələ ifşa olunmayıb, dövlətə kömək edərək, mövqelərini dəyişsinlər.

Hakimiyyət əleyhinə olan qüvvələr hələ istifadə etmədikləri silahları buraxıb, dövlətə tabe olsunlar” (“İmperiya Stalina”, səh.396). Buxarin isə son sözündə: “Mənim dəhşətli cinayətlərimin həddi-hüdudu yoxdur” — deyir (“İmperiya Stalina”, səh.78).

Lakin onu da qeyd etmək istərdik ki, sözsüz, istintaq zamanı müstəntiqlər Rıkovdan onunla eyni siyasi əlaqədə olanlarla maraqlanırdılar. Rıkov isə yaxın münasibətdə olduğu adamların siyahısını təqdim edirdi. Məsələn, o qeyd edir ki, Zaqafqaziyada Qəzənfər Musabəyov, Orxealaşvili və sairələri ilə əlaqələri var. Bununla da istintaqa yeni vəzifəli şəxslər və insanlar cəlb olunurdu. Qəzənfər Musabəyov istintaq zamanı Ruhulla Axundovla yaxın münasibətdə olduğunu bildirir və bununla da dairə genişlənir. (Nəzərə alsaq ki, Ruhulla Axundov da öz şəxsi anketində vaxtilə Eser partiyasının üzvü olduğunu göstərmişdi – A.M.). Ona görə də repressiyaların miqyası genişlənirdi. Stalin onun əleyhinə yönəlmiş bu qüvvələri neytrallaşdırandan sonra, növbə artıq S.Orconikidzeyə və onun tərəfdarlarına çatmışdı.

Bu dövrdə SSRİ Xalq Daxili İşlər Komissarının əmrinə əsasən, ölkədə repressiyaların miqyası görünməmiş səviyyəyə çatır.

Həmçinin, Stalinin Beriya ilə Orconikidze arasında yaranmış gərginlikdən xəbəri vardı. Ona görə də o, bu mübarizədə Beriyadan istifadə edirdi. Həmin gərginliyi L.P Beriyanın məktublarından da görmək olur.

SSTRDA. F.17. siy.171. iş.473. səh.239-245.

L.P.Beriyadan S.K.Orconikidzeyə məktub.

19 iyul 1928 ci il və 18 dekabr 1932 ci il Xüsusi qovluq Sov.İKP MK Rəyasət Heyəti N. S.Xruşşov 18.XII. 53 ci il Sov.İKP MK-nın katibi Yol. N.S.Xruşşova Marks-Engels-Lenin-Stalin İnstitutunun direktorluğu məruzə edir ki, S.K.Orconikidzeyə aid sənədlərin şəxsi fondundan İMELS Mərkəzi partiya arxivində saxlanılan Beriyanın S.K.Orconikidzenin adına ünvanlanan uç məktubu aşkar edilib: 19 iyul 1928-ci il, 17 sentyabr 1929-cu il və 18 dekabr 1932-ci il.

Arxivdə “Tam məxfi” qrifli materialların Zaqafqaziya DSİ və Zaqafqaziya VK(b)P ölkə komitəsindən S.K.Orconikidzenin adına qələn sənədlər, onların ləgvi və yandırılması haqqında akt var”.

“Ləgv aktı”nda Beriyanın çoxlu sayda məktubları yada salınır. Bu materialların Orconikidzenin göstərişi əsasında ləğv edilməsi ilə bağlı heç bir sənəd tapılmamışdır.

Bundan başqa, fondda saxlanılan, S.K.Orconikidze, S.M.Kirov və M.Cakaya aid sənədlərdə Beriyanın məktubları və bildiriş vərəqəsinin surəti informasiya məzmunundadır.

Əlavə: Beriyanın S.K.Orconikidzenin adına 19 iyul 1928-ci il, 18 dekabr 1932-ci il tarixlərində yazılmış məktubların makina yazısının surəti.

İMƏLS direktoru Q.Obidçik 17 dekabr 1953-cü il Əsli ilə düzdür: Zaqafqaziya BSİ gizli-operativ idarənin rəisi Kostareva Bildiriş vərəqəsi: “Mənim əziz Serqom! Sizə isti salamımı və tezliklə tam sağalmanızla bağlı arzumu çatdırıram.

Əziz Serqo, görunur, mən sizə həmişə pislik edəcəm, ziyan verəcəm. Mən özümü bağışlaya bilmirəm ki, son illərdə biz sizə yoldaş Xalabzenin işi ilə əlaqədar əziyyət vermişik. Sizin şəxsimə qarşı münasibətiniz və inamınız mənə enerji verir, təşəbbüskarlığa, işləməyə sövq edir. Serqo, sizdən başqa kimsəm yoxdur, siz mənim üçün atadan, qardaşdan da əzizsiniz. Mən sizinlə nəfəs alıb yaşayıram və sizin inamınızı qıra bilmərəm.

Mən, ən yaxşısı, alnıma güllə çaxaram, amma sizin mənə qarşı olan inamınızı və münasibətinizi qıra bilmərəm.

Gücüm və ağlım çatandan namusla işləmişəm, müəyyən səhvlərə yol vermişəm, amma bunlar qərəzsiz olub.

Həmişə, ən xırda məsələlərdə yoldaşlarla məsləhətləşirdim.

Xüsusilə, yoldaş Levanla və yoldaş Mişa ilə. Səmimi arzum olub ki, Sizi görum və bir müddət yanınızda qalım. Ancaq mənə elə gəlir ki, (mən bunu Levana danışdım) yanınızda olmağım Sizin xoşunuza gəlməyəcək. Ona görə yoldaş Levanla məsləhətləşib, bu fikirdən vaz keçmək qərarına gəldim.

Yoldaş Levan sizə ətraflı danışar. Mən bunu ondan xahiş etmişəm. Zinaya salam, Eterkanı öp.

Əlinizi bərk sıxır və öpürəm. Sizin, Lavrenti Beriya”.

10.VII/1928-ci il. Tiflis.

Əsli ilə düzdür: Kostareva Əziz Serqo! Moskvadan təzə qayıdan Bagırov bir yoldaşla mənə sizin onunla və Musabəyovla mən və yoldaş Aqniaşvili barədə söhbətinizi çatdırdı.

Yoldaş Bagırovun dedikləri o dərəcədə dəhşətli idi ki, ona güclə inanırdım.

Əziz Serqo, bir anlığa ağlınıza gətirə bilərsinizmi ki, mən nə vaxtsa, hardasa və yaxud kiməsə, o cumlədən, N.Lakobaya cəfəngiyyat, fantastika dolu əksinqilabi şeylər danışa bilərəm? Yəni, “Əgər mən olmasaydım, 1924-ci ildə Serqo Gürcüstanda bütün gürcüləri güllələmişdi”, yaxud, “gürcülərin və Zaqafqaziyanın işlərinə qarışmaq”, “Borçalı rayonunu Gürcüstana və ya Ermənistana birləşdirmək” və sairə bu kimi sözlər. Onu bilirəm ki, Zaqafqaziyadan Moskvaya gedən boşboğazlar çoxdur. Səfeh danışmağı qadağan etmək olmaz. Bilirəm, məndən və bizim Zaqafqaziyadakı indiki işimizdən çoxlu dedi-qodu gəzir, amma heç cür başa düşə bilmirəm ki, yoldaş Lakoba nəyi əlində rəhbər tutaraq, hansı məqsədləri güdərək, Sizə qabaqcadan bəlli olan yalanları çatdırıb.

Məni xüsusilə incidən və ağır gələn odur ki, Siz, Bağırovun dediyinə görə, incik halda yoldaş Lakoba ilə “söhbətin” məzmununu ona təkrar etdirmisiniz.

Yoldaş Musabəyovun məlumatına görə, o da bu barədə kiməsə danışıb və onun danışığını mənə çatdırdılar.

Əziz Serqo, Siz məni 10 ildən artıqdır tanıyırsınız. Qüsurlarımı bilirsiniz, bacarığıma da bələdsiniz.

Mən heç vaxt, nə MK-nı, nə də Sizi pis vəziyyətdə qoymamışam, ümidvaram ki, gələcəkdə də qoymaram.

Bütün vaxtımı işə sərf edirəm, partiyanın və Mərkəzi Komitənin mənə olan inamını doğrultmaq uçun çalışıram. Artıq 4 ildir ezamiyyətimdən istifadə etməmişəm, çünki işdən başımı qaldıra bilmirəm. İndi Abxaziyadayam, tütün yığımına nəzarət edirəm.

Sizi əmin edirəm ki, mənim boş söhbətlərə vaxtım olmayıb, xüsusən ona görə ki, yuxarıda dediyim kimi, bu, işimin çoxluğu ilə əlaqədardı. Mənım Sizə dərin hörmətim var, Sizin də mənə qarşı olan münasibətinizi qiymətləndirirəm.

Sizdən bir şey xahiş edirəm: heç kəsə inanmayın. Hətta yoxlamadan mənə də inanmayın. Mən nəyi danışıram, nə edirəm, bunu yoxlayın. Onda özünüz də əmin olacaqsınız ki, məni Sizin gözünüzdə qaralamaq üçün nə qədər yalan, uydurma, dedi-qodu yayırlar.

Eyni münasibət yoldaş Aqniaşviliyə aiddir. O, keçmiş hərbçi və partiya işçisidir, diviziya komandiri və hərbi komissar olub. K(b)P MK-nın təşkilat şöbəsinin müdiri işləyib, uzun illər partiya işində çalışıb. Siz onu məndən yaxşı tanıyırsınız.

Mən də yoldaş Aqniaşvilini çoxdan tanıyıram və Sizi əmin edirəm ki, onun Sizə olan hörməti özünüzə bəllidir. O, heç vaxt əleyhinizə danışmayıb və onun adına çıxılan cəfəngiyatı danışa da bilməzdi.

Əziz Serqo, bir daha Sizdən xahiş edirəm, bu boş “danışıqları” təkrar yoxlayın ki, növbəti təxribatlara son qoyulsun.

Sizin, Lavrenti Beriya”.

18.XII. 1932-сi il.

…Zaqfedarasiya K(b)P-nın katibi M.Oroxelaşvili, eləcə də Rəyasət Heyətinin bəzi uzvləri M.M.Bağırovu sıxışdırmağa başlayanda L.P.Beriya 1928-ci ilin mart ayında (məhkəmə materiallarına əsasən — A.M.) bu adamların havadarı Serqo Orconikidzeyə məktub göndərir. O, məktubunda Bagırovun günahsız olduğunu isbat etməyə çalışır. Yeri gəlmişkən, sonralar Beriyanın məktubunda adları çəkilən Oroxelaşvili, Qarayev, Mirzoyan, Rubenov həbs olunaraq güllələndilər. Məhz bu adamlar Orconikidzenin rəhbərliyi ilə Stalinə qarşı muxalifətdə idilər. Sözsüz ki, irtica illərində məhv edilən, bədbəxt olan ailələrin, sönən ocaqların, doğma yurdundan didərgin düşənlərin sayı olduqca çoxdur. Lakin burada Bağırovun Stalinin apardığı sinfi mübarizənin sırf fədailərindən biri olması inandırıcı deyil.

Sonralar bunun dəfələrlə şahidi olacağıq.

“Arqumentı i faktı” qəzetində (Moskva, 1989, № 5) çap edilən bir yazıda stalinizmin ümumi qurbanlarının sayı gös­tərilir. 1939-cu il yanvarın 1-də “QULAQ”dakı 1.317.195 dustağın 830.491-i rus, 181.905-i ukraynalı, 44.785-i belorus, 24.894-ü tatar, 24.499-u özbək, 19.758-i yəhudi, 18.572-i alman, 17.123-ü qazax, 16.860-ı polyak, 11.723-ü gürcü, 11.064- ü erməni, 9.352-i türkmən, 4.874-ü başqırd, 4.347-i tacik olub.

Yerdə qalan 96.948 nəfər yüzdən çox millətin nümayəndəsi idi.

Həbs edilənlərin yaş həddi belə idi (1940-cı il martın 1-i): yaşı 18-dək olanlar – 1,2 faiz, 18-dən 21 yaşa qədər olanlar – 9,3 faiz, 22-dən 40 yaşa qədər olanlar – 63,6 faiz, 41-dən 50 yaşa qədər olanlar – 16,2 faiz; 50 yaşdan yuxarı olanların sayı – 9,7 faiz.

Böyük vətən müharibəsinə qədər məhbusların 93 faizini kişilər, 7 faizini isə qadınlar təşkil etdiyi halda, 1944-cü ilin iyulunda 74 faizi kişilər, 26 faizi isə qadınlar idi (“Arqumentı i faktı” qəzeti, 1990-cı il, 1–7 sentyabr). Ancaq Bağırovun siyasi hakimiyyətdən uzaqlaşdırıldığı 1927-ci ildən 1929-cu ilə qədər Sovet İttifaqının həbsxanalarında, siyasi təcridxanalarında və QULAQ-da bir milyona yaxın insan vardı. Bu insanların əksəriyyəti müxalifətdə olan partiya üzvləri, sovet müəssisələrində vicdanla çalışmış “burjua” mütəxəssisləri idi. Bütün respublikalarda həbslər, bir qayda olaraq, “zinovyevçi-trotskiçi”, “millətçilər”, “NEP əleyhdarları” adları altında aparılırdı. Kənd yerlərində isə veteranları, aqrotexnikləri, kooperatorları həbs edirdilər.

1930-1932-ci illərdə torpağı olan kəndlilərə sarsıdıcı zərbələr vuruldu. Onların evləri və əmlakı müsadirə edildi və yeni yaradılan kolxozlara verildi.

Yuxarıdakı siyahıdan aydın olur ki, Azərbaycanda aparılan repressiyanın miqyası digər respublikalarla müqayisədə o qədər azdır ki, bu rəqəm heç “Arqumentı i faktı” qəzetindəki siyahıda da göstərilməyib.

Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivində 1937-ci ildə Mircəfər Bağırovun İ.V.Stalinə göndərdiyi teleqramı var. Bu teleqramda Mircəfər Bağırov uzun illərdən bəri yaxından tanıdığı, 1933-cü ildən bir yerdə çalışdığı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Hüseyn Rəhmanovu xilas etmək üçün Stalinə müraciət edir.

Moskva. ÜK(b)P Mərkəzi Komitəsinə Stalin yoldaşa Sentyabrın 7-dən başlayaraq Xalq Komissarları Sovetinin sədri Hüseyn Rəhmanovun xəstəliyi şiddətlənmiş, ağ ciyərindən qanaxma başlamışdır. Onda şəkər xəstəliyi də aşkar etmişlər. H.Rəhmanovun konsilium və müalicə üçün Moskvaya göndərilməsinə icazə verməyinizi xahiş edirəm.

Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırov 13 sentyabr 1937-ci il Elə həmin günlərdə Mir Cəfər Bağırovdan Moskvaya Rəhmanovla bağlı müsbət informasiyalar göndərilirdi. 1933-cü ildə “əksinqlabçı-millətçi qrupun üzvü olmuş” H.Rəhmanov M.C.Bağırovun təqdimatı ilə 1935-ci ildə Lenin ordeni ilə təltif оlunur.

Təəssüf ki, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri repressiyadan xilas ola bilmədi.

1937-ci ildə SSRİ Xalq Komissarları Sovetinin sədri vəzifəsində olan V.M.Molotov sonralar 1937-ci ilə “öz baxışlarına görə haqq qazandıraraq” yazırdı: “1937-ci il repressiyası zəruri idi. Dövlət eyni vaxtda fəhlə sinfinin, kəndlilərin və ziyalıların mənafeyini ifadə edə bilməzdi. Bundan başqa, ziyalılar arasında keçmiş sinfi düşmənlər az deyildi, onlar fəhlə sinfinin diktaturası uğrunda mübarizə apara bilməzdi”.

“M.C.Bağırovun məhkəməsi” kitabında qeyd edildiyi kimi, M.C.Bağırova qarşı irəli sürülən əsas ittihamlardan biri repressiya illərində onun keçmiş Azərbaycan Demokratik Respublikasının rəhbərliyində məsul vəzifələr tutmuş ictimai-siyasi xadimlərə qayğı ilə yanaşması, onlara kömək etməsi idi.

Həmin kitabın 15-ci səhifəsində oxuyuruq: “M.C.Bağırov nəinki Zizikskiyə və digər irticaçılara qarşı mübarizə aparmayıb, əksinə, Zizikskinin tam himayədarlığı altında işləyərək, onun köməkçisi olub. Sonralar özü Zizikskiyə hərtərəfli havadarlıq və yardım göstərərək, onun üzə çıxmasına, bəraət almasına kömək etmişdir. Bağırovun evində axtarış aparılarkən onun Zizikski ilə birgə xidməti barədə arxiv sənədlərinin surəti aşkara çıxarıldı.

Sənədlərlə sübut edilmişdir ki, Mir Cəfər Bağırov 1917-ci ildə Qubada müəllim işləyərkən, fevral inqilabından sonra yəhudi qəsəbəsinin milis rəisi vəzifəsinə təyinat alır, sonra isə qəza komissarı Əli bəy Zizikskinin köməkçisi vəzifəsinə irəli çəkilir. O, 1917-ci il noyabr ayının sonunadək bu vəzifədə işləyir. Zizikskinin digər köməkçisi, Bağırovun göstərdiyi kimi, mülkədar, irticaçı, müsəlman ruhaniləri ilə sıx bağlı olan qazi Əhməd bəy Məmmədbəyov idi. Sənədlərlə müəyyən olunmuşdur ki, Zizikski Bağırovu hərtərəfli müdafiə edirdi. Bakının müvəqqəti qubernatoruna ünvanlanmış 1 iyun 1917-ci il tarixli 878 №-li məktubunda Zizikski yazırdı: “Quba şəhərinin 2-ci hissəsinin müvəqqəti komissarı Mir Cəfər Bağırov İcraiyyə Komitəsinin bu ilin 10 may tarixli qərarı ilə Quba qəza komissarının köməkçisi vəzifəsinin icrasına başlamışdır. Bağırov bu təyinata tamamilə uyğun gəldiyi üçün, İcraiyyə Komitəsi onun qəza komissarının köməkçisi vəzifəsinə təsdiq olunmasını xahiş edir”.

İstintaq zamanı Bağırov göstərdi ki, o, heç bir bəyi öldürməyib, yerli sakinlərin üzərinə basqın etməyib, cəbbəxananı, təchizat bazasını da dağıtmayıb və tərcümeyi-halında “Uçağan” dəstəsi barədə yuxarıda deyilən fikirləri yazmayıb.

Həmin kitabın 17-ci səhifəsində oxuyuruq: “Şahid Qasımov Əziz Məcid oğlu belə ifadə verib: “Mən onu bilirəm ki, Bağırov Xaçmaz rayonunda müəllim idi. 1917-ci ilin fevral inqilabından sonra Bağırov birdən-birə qəza komissarı Ə.Zizikskinin müavini oldu. Ə.Zizikski Bağırovla birgə bütün qəzanı və Quba şəhərini idarə edirdi. Bağırov və Zizikski cəbhədən geri dönən əsgərlərin silahlarını əlindən alırdı ki, bu da qan tökülməsinə səbəb olurdu. Məsələn, 1917-ci ilin payızında Xaçmazda olduğu kimi. Onlar əsgərlərdən aldıqları silahlarla qolçomaq ünsürləri, müxtəlif cinayətkar elementləri mülkədar hakimiyyətini saxlamaq üçün silahlandırdılar. Zizikski ilə Bağırov nə istəyirdilərsə, onu da edirdilər. Onların hər biri ətrafına öz adamlarını toplamışdı. Bağırov cinayətkarları və bəyləri himayəsi altına almışdı”.  Bu işin istintaqı zamanı Azərbaycan DİN-in arxivində Əzizov Əziz Məşədi Hüseyn oğlunun (Əziz Baba) xitam verilmiş 818 №-li cinayət işi nəzərdən keçirilərkən məlum oldu ki, Əzizov 1921-ci ilin oktyabrında həbs edilib. O, belə bir ifadə vermişdir ki, 1919-cu ildə Müsavat əks-kəşfiyyatının agenti olub və Lavrenti Beriya ilə bir yerdə xidmət edib.

Bağırov və Beriya Əzizovu həbsdən azad etdilər, barəsində qaldırılmış cinayət işinə xitam verdilər. Mühakimə olunan Bağırova Əzizovun arxiv sənədləri göstəriləndən sonra o, etiraf edir ki, Əzizov Müsavatın fəal əksinqilabçısı olub və məhkəməyə verilməli idi. Əgər o, həbs olunmayıbsa, yəqin bu işdə Beriyanın əli var. Sonra Bağırov bildirib ki, o, Əzizovun işini xatırlamır.

Bağırovun bu ifadələri həqiqətdən uzaqdır. Sənədlərlə müəyyən olunmuşdur ki, 1937-ci ildə partiyadan xaric edilən zaman Əzizov kömək üçün Beriyaya və Bağırova müraciət etmiş, onlar da Əzizovun partiyaya bərpa edilməsinə nail olmuşlar. Bu faktı Əzizovun 1937-ci ilin 17 noyabrında Beriyaya ünvanlanmış məktubu sübut edir. Məktubun üzərində Beriyanın dərkənarı var: “Azərbaycan K(b)P MK-ya yoldaş Bağırova göndərilsin”.

Bağırov Azərbaycan FK-da işə düzələndən dərhal sonra, 1921-ci il fevralın 24-də Müsavat əks-kəşfiyyatının digər agenti Məmməd Hacıyev barədə cinayət işinə xitam verildi və o, həbsdən azad edildi. 1921-ci il sentyabrın 20-də Bağırov Müsavat əks-kəşfiyyatının keçmiş rəisinin arvadı Şıxzamanova barədə cinayət işinə xitam verib. O da ərinin — Şıxzamanovun 1920-ci ildə etdiyi hərəkəti təkrarladı və 1922-ci ildə Türkiyəyə qaçdı.

Zizikski öz qohumu Bəylər Şıxlarski ilə birlikdə Quba şəhərində və Quba qəzasında dəfələrlə ermənilərə qarşı qırğın və qarətlər təşkil edib, öz ətrafına bəyləri və qolçomaqları yığaraq, inqilabi hərəkata qarşı fəal mübarizə aparıb. Azərbaycan sovetləşəndən sonra Əli bəy Zizikski İrana qaçdı.

Bağırov Azərbaycan FK-nın (Fövqəladə Komissiya) sədri olandan sonra Zizikskinin Azərbaycana qayıtmasına icazə verdi və onu üzə çıxartdı. Əli bəy Zizikskinin üzə çıxarılması şəraitini şahid Orucov belə göstərirdi: “1920-ci ildən sonra Bağırov Bakıda Azərbaycan FK-nın sədri, onun katibi isə mənim dayım oğlu Hacağa Şahverdiyev idi. Şahverdiyev Bağırovun ən yaxın dostu olub. Üçümüz də Qubadakı şəhər məktəbində oxumuşuq.

1922-ci ildə mən Bakıya getdim və Şahverdiyevin evində qaldım. Bir gün işdən qayıdanda Şahverdiyev mənə dedi ki, Bağırov səni yanına çağırır. Ertəsi gün mən Hacağa Şahverdiyevlə birlikdə Azərbaycan FK-ya, Bağırovun yanına getdim. Onunla köhnə dostlar kimi görüşdük. O, məni çox yaxşı qarşıladı.

Söhbət əsnasında Bağırov soruşdu ki, Əli bəy Zizikskini xatırlayırsanmı? Cavab verdim ki, çox yaxşı yadımdadır. Söhbətimizdə Hacağa Şahverdiyev də iştirak edirdi.

Bir qədər sonra Qəni adlı mühafizəçi bildirdi ki, “onlar gəliblər”. Bağırov ona gələnləri içəri buraxması barədə göstəriş verdi. Bağırovun otağına bir-birinin ardınca keçmiş Quba mülkədarı, Quba bəylərindən Şıxlarskinin qohumu Bəybala bəy Alpanski, Bağırovun Qubalı dostlarından Zizikskinin qohumu, tacir Hacıbala Məmmədyarov, o cümlədən, Əli bəy Zizikski daxil oldular.

Onlar otağa daxil olanda Bağırov yerindən qalxıb, onları qarşıladı, hər biri ilə mehriban görüşdü. Əli bəy Zizikski ilə hətta öpüşdü.

Söhbət zamanı Bağırov Zizikskiyə ərklə bildirdi ki, sən nə üçün gizlənirsən, özünü alçaldırsan. Bilirsən ki, mən burada işləyirəm. Əli bəy gözləri yaşarmış halda Bağırova bildirdi ki, onu həbs etməklə qorxudurlar, ona görə də gizlənib. Bağırov elə oradaca Hacağa Şahverdiyevə Əli bəy Zizikskinin üzə çıxarılması barədə sənədləri hazırlamağı tapşırdı. Elə həmin otaqdaca Şahverdiyev sənədləri hazırladı, Bağırov həmin sənədi imzalayıb möhür vurdu. O, sənədi Zizikskiyə verib dedi: “Bu sənədə əsasən, sən Azərbaycanın harasında istəsən yaşaya bilərsən. Nə qədər ki, mən burada – FK-da işləyirəm, sən heç nədən narahat olma”.

Doğrudan da, bütün sonrakı illər ərzində Əli bəy Zizikski ailəsi ilə birlikdə Bakıda yaşadı. Müəyyən edilmişdir ki, üzə çıxandan sonra Zizikski uzun illər Bakıda, Aşağı qəbiristanlıq küçəsi, 79 №-li binada yerləşən şəxsi mülkündə yaşamış və həmin evin kirayə pulu ilə dolanmışdır.

Gördüyünüz kimi, məhkəmə materiallarından bəlli olur ki, M.C.Bağırov Quba qəzasında erməni quldurlarını məhv edən Əli bəy Zizikskinin müdafiəsinə qalxdığı üçün ona qarşı Xruşşovun əlaltısı, prokuror Rudenko kəskin ittihamlar irəli sürür.

1927-ci ildə M.C.Bağırov Ə.Qarayevin və L.Mirzoyanın təşəbbüsü ilə işdən çıxarılandan sonra Novruz Rzayev Azərbaycan Dövlət Siyasi İdarəsinin rəisi təyin edilir. 18 aydan sonra M.C.Bagırov Beriyanın köməyi ilə yenidən öz vəzifəsinə qayıdır.

Lakin Novruz Rzayev hakimiyyətdə olduğu müddətdə M.C.Bağırovun dostu, müsavatçı Əli bəy Zizikskini artıq güllələtmişdi. Təbiidir ki, M.C.Bağırovun N.Rzayevi görməyə gözü yox idi. Sonralar L.Beriyanın köməyi ilə M.C.Bağırov N.Rzayevi əksinqilabçılıq fəaliyyətində günahlandırıb, həbsə atmışdı. Amma SSRİ Ali Məhkəməsinin qərarı ilə N.Rzayev həbsdən azad oldu. Bəraət qazanan N.Rzayev Qazaxıstana gedib, orda Bakıdan qovulmuş, Azərbaycanın və Bağırovun qatı düşməni, AK(b)P-nin keçmiş katibi, o dövrdə Qazaxıstan K(b) P MK-nın katibi işləyən L.Mirzoyanın qucağına sığınır. Fəqət 1940-cı il yanvarın 4-də Novruz Rzayev gizli surətdə Bakıya gələrkən NKQB (Dövlət Təhlükəsizlik Komitəsi Komissarlığı) sədri S.Yemelyanov bundan xəbər tutur və bu barədə tez M.C.

Bağırova məlumat verir. Qisas almaq hissi ilə yaşayan Bağırov N.Rzayevin həbs olunması barədə sərəncam verir. N.Rzayevi birbaşa Bağırovun kabinetinə gətirirlər. Bağırov Rzayevi görərkən ona belə deyir: “Sən elə bilirdin əlimdən qurtaracaqsan? Başa düşmürdün ki, L.Mirzoyan ingilis agenti kimi ifşa olunandan sonra növbə sənə çatacaq?” N.Rzayev isə cavabında: “Sizin təmiz kommunistliyinizə şübhə edirəm” — deyir.

Bağırov isə: “Mən kommunistliyimdən əvvəl Azərbaycanımın balasıyam”- deyərək, Novruz Rzayevi həbs etdirir. Sonradan məhkəmədə cinayəti sübut olunur və güllələnir (Məhkəmə materiallarına görə, Novruz Rzayevi M.C.Bağırov özü kamerada güllələyib. Guya M.C.Bağırov Cuvarlinskiyə qarşı da eyni hərəkəti edibmiş. Ancaq bunların heç biri həqiqətə uyğun deyil. Ona görə ki, 1956-cı ildə M.C.Bağırova qarşı ittiham irəli sürmək üçün Moskvadan gələn KQB-nin nümayəndələri onların ölüm aktlarını özləri ilə aparmış və bu sənədlər olmadığına görə, məhkəmədə onların M.C.Bağırov tərəfindən güllələnməsi ittihamı irəli sürülüb).

1920-ci ildən Kommunist Partiyasının üzvi Əlipənah Rzayev o günləri belə xatırlayır: “Bəzən dustaqları beş sutka ayaq üstə saxlayır, onlara nə yemək, nə də su verirdilər. Heç oturmağa da qoymurdular. Şəxsən məni 37 saat təkadamlıq kamerada ayaq üstə saxladılar. Nə yemək, nə də su verdilər, gözlərimi də yummağa qoymadılar. Kameraya X.Qriqoryan gəldi, məni tanıdı və “Sən burda nə edirsən?” — deyə soruşdu. Dedim: “Çünki keşiş oğlu deyiləm”. (Bu sözlər keşiş oğlu X.Qriqoryanın ünvanına idi). O, mənə hirslə baxıb getdi. Yalnız ayaq damarlarım partlayandan sonra məni palataya apardılar. Buraya necə gəldiyimi özüm də bilmirdim. Bir neçə gündən sonra ayaqlarımın şişi çəkildi və məni buraxdılar. Səhər tezdən itələyib küçəyə atdılar. Bir neçə gündən sonra buraxıldığımı Mərkəzi Komitəyə bildirdim. Xalq Daxili İşlər Komissarının əmrindən aydın olur ki, təkcə eserlər, menşeviklər, müsavatçılar deyil, onlarla əməkdaşlıq etmiş siyasi cərəyanların üzvləri də həbs olunurdular.

Azərbaycan Demokratik Respublikasının parlamentində fraksiya şəklində iştirak etmiş “Hümmət” təşkilatının üzvlərini də repressiya təhlükəsi gözləyirdi. Keçmiş hümmətçilər S.M.Əfəndiyev, Ə.Qarayev, D.Bünyadzadə, A.Sultanova və digərləri repressiyaya məruz qaldılar”.

S.M.Əfəndiyev həbs ərəfəsində Moskvaya Stalinə və Kalininə məktub göndərdi. O, Stalini hələ 1907-ci ildə Bakıda olarkən tanıyırdı. Sonralar Moskvada RK(b)P MK yanında Şərq Xalqları Kommunist Təşkilatları Mərkəzi Bürosu sədrinin müavini və digər məsul vəzifələrdə onunla birgə işləmişdi. 1931- 1937-ci illərdə isə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin, eyni zamanda RSFSR MİK-in sədrlərindən biri, habelə SSRİ MK sədrinin müavini kimi Kalininlə yaxın münasibətdə olmuşdu. S.M.Əfəndiyevin həyat yoldaşı Moskvaya gedib, məktubları ünvanlara çatdırır. S.M.Əfəndiyevi hələ 1919-cu ildə Moskvada işlədiyi vaxtdan yaxından tanıyan N.Krupskaya Stalinin yanına gedərək, ondan Əfəndiyev barədə xahiş edir.

Lakin bunun da S.M.Əfəndiyevə köməyi olmur.

AK(b)P MK-nın I katibi işləmiş Q.H.Kaminski, V.İ.Polinski, L.Mirzoyan, R.Q.Ruben, II katib Ə.Qarayev, Xalq komissarlarının sədrləri D.Bünyadzadə, H.Rəhmanov Azərbaycan MİK-in sədrləri M.Hacıyev, S.M.Əfəndiyev və başqaları artıq özlərinin Stalinə müxalif olan S.Orconikidzenin qruplaşmasında olduqlarını büruzə vermişdilər. Stalin-Orconikidze qarşıdurması ikincinin müəmmalı şəkildə ölümündən sonra Stalinin tam qələbəsi ilə başa çatdı. S.Orconikidzenin qruplaşması isə yerlərdə, hansı ad altında olursa-olsun, fiziki cəhətdən zərərsizləşdirilməliydi.

İttifaq səviyyəsində aparılan sinfi mübarizənin yeni cəmiyyət quruluşunun əsasının təşkili ideyası yalnız Stalinin təxəyyülünün məhsulu ola bilərdi. SSRİ-nin tərkibində olan respublikalardan biri kimi, bu proseslərin Azərbaycanda da getməsi labüd idi. Sibirin təbii sərvətlərindən yararlanmaq üçün kütləvi şəkildə repressiya olunanların böyük əksəriyyətinin əməyindən Sibirin xammalının istismarında istifadə edirdilər (“ГУЛАГ” düşərgələrini yaradaraq – A.M.).

Yeri gəlmişkən, bir faktı da nəzərdən qaçırmaq lazım deyil ki, repressiya Kremldən planlı surətdə idarə olunurdu. O dövrdə Stalinin təkidi ilə ÜİK(b)P MK-nın katibi A.A.Jdanov Azərbaycan KP MK-ya, şəxsən Mir Cəfər Bağırova göndərdiyi məktubda (bu məktub onun məhkəməsində oxunmuşdur) onu əksinqilabçı düşmənlərin, sosializm əleyhdarlarının tapılıb ifşa edilməsində qətiyyətsizlik göstərdiyinə görə günahlandırırdı. Sözsüz ki, bu xəbərdarlıq məktubu əsassız deyildi. Artıq Kremlə M.C.Bağırovun Azərbaycanın milli ruhlu bu və ya digər görkəmli ictimai-siyasi xadimini xilas etmək üçün birbaşa Sovet rəhbərliyinə ünvanladığı müraciətləri bəlli idi. Moskvanın Azərbaycan üzrə agentlərinin M.C.Bağırovdan mərkəzə göndərdikləri donoslar, siqnallar ona qarşı yuxarıdakı xəbərdarlıq məktubuna səbəb olmuşdu.

Təəccüblü deyildi ki, 1937-ci il martın 5-də, ÜİK(b)P MKnın plenumunda Stalinin son sözündə bütün diqqət artıq çağırış xarakteri daşıyan bu məsələyə yönəldilmişdi: “Zənnimcə, indi hamıya aydındır ki, bu gün ziyanvericilər və diversantlar, istər trotskiçi, istərsə də buxarinçi olsun, hansı bayraqla maskalanırsa-maskalansınlar, artıq çoxdan fəhlə hərəkatında siyasi cərəyan deyildirlər. Onlar prinsipsiz və ideyasız professional ziyanvericilər, diversantlar, casuslar və qatillər dəstəsinə çevrilmişlər. Aydındır ki, bu cənabları fəhlə sinfinin düşmənləri kimi, vətən xainləri kimi amansızcasına darmadağın etmək və kökünü kəsmək lazım gələcəkdir. Bu, tam aydındır və əlavə izahat tələb olunmur”.

“Ədəbiyyat qəzeti”nin 6 fevral 1937-ci il tarixli nömrəsində çap olunan “Bədii ədəbiyyat məhsulumuz” adlı məqalədə göstərilirdi ki, Azərbaycan Sovet Yazıçılar İttifaqı İdarə Heyətinin iclasında 1937-ci ilin nəşriyyat planlarına baxılmışdır və cari ildə çap olunacaq əsərlərin siyahısına Hüseyn Cavidin də əsərləri salınmışdır.

İ.V.Stalinin martın 5-dəki “tarixi çıxışından” sonra Azərbaycan Sovet Yazıçılar İttifaqı İdarə Heyətinin sədri S.Şamilov “Kommunist” qəzetində çap olunan “Ədəbiyyatda bolşevizm idealları uğrunda” (17 mart 1937-ci il) məqaləsində yazırdı: “Yazıçılar içərisində Azərbaycan həyatı ilə daha az maraqlanan və Azərbaycan zəhmətkeşlərinin mübarizəsinə yad olan əsərlər yazmaqdan əl çəkməyən Hüseyn Caviddir. Biz bilirik ki, Hüseyn Cavid burjua romantizmi məktəbində yetişmişdir. Bununla yanaşı, Azərbaycan sovet və partiya təşkilatlarının onun üçün yaratdığı imkanlara və hətta əsərinə verilən mükafata baxmayaraq, Azərbaycan əməkçilərinin mübarizəsinə dair heç nə yazmamışdır”.

1937-ci il martın 18-dən 23-dək keçirilən Azərbaycan Sovet Yazıçılar İttifaqının III plenumunda deyilirdi: “Bir neçə kəlmə də Hüseyn Cavidin yenidən qurulması haqqında deməliyik. Hüseyn Cavid Əhməd Cavad deyildir. O, burjua məktəbini keçmiş böyük bir yazıçıdır. Onun özünü yenidən qurması nə qədər çətin olsa da, hər halda müşahidə olunur. Onun “Ömər Xəyyam” əsərini götürək. Bu, Hüseyn Cavid üçün müəyyən dərəcədə yenidən qurulmadı. Cavid Azərbaycan şairidir, amma Azərbaycan həyatından çox az yazır. Neçə ildir qadınların yüksəlişi barədə yalnız bir əsər – “Şəhla”nı yazmışdır. Halbuki, xalqımızın səadəti, mübarizəsi, qadınların yüksəlişi Hüseyn Cavid yaradıcılığında hiss edilməlidir. Oktyabr inqilabının XX ildönümü gəlir.

Cavid deyir ki, faşizm və müharibə əleyhinə yeni bir əsər yazmışdır. O, bu əsərində zəhmətkeşlərin tələbini nə dərəcədə ifadə edə bilmişdir? Hər halda onun yaradıcılığı haqqında tənqidimiz olduqca zəif və dayazdır. Onun yeni əsərləri haqqında ciddi məqalə yoxdur. Bu isə bizim nöqsanımızdır”.

Həmin plenumda M.Müşfiq haqqında deyilirdi: “Yaşlıların nöqsanı yalnız onların mühafizəkarlığında deyil, eyni zamanda Müşfiq kimi gəncləri də zəhərləməsi və ləngitməsindədir”.

İkinci məruzədən: “Yoldaş Hüseyn Cavidi neçə ildir tənqid edirik. Hüseyn Cavid Azərbaycan xalqının həyatından yazmır, burada onu haqlı tənqid edirik. O, ədəbiyyatımıza panislamizm, pantürkizm gətirmişdir. H.Cavid Azərbaycan dilinə qarşı çıxaraq, Osmanlı türklərinin dilini ədəbiyyatımıza gətirmişdir. Bu tənqiddə biz daim haqlıyıq. Burada heç bir güzəştə getməyəcəyik. Bu, haradan gəlir? Hüseyn Cavid Azərbaycan xalqını kiçik, məhdud tarixli bir xalq hesab edir. Buna görə yaradıcılığında özünəməxsus burjuaziya romantikası ilə Osmanlı xalqına arxalanır, öz dilini və tematikasını da oradan alır. Biz Azərbaycan xalqının oğulları bu təhsillə mübarizə etmişik və edəcəyik. Biz heç kəsə haqq verməyəcəyik ki, minillik ədəbiyyat tarixi olan bir xalqa yuxarıdan aşağı baxsın və onu məhdud xalq adlandırsın”.

“Ədəbiyyat qəzeti”nin 1937-ci il 29 may nömrəsində ittifaq üzvləri adından anonim çap olunan “Sıralarımızı dərindən yoxlamalıyıq” başlıqlı məqalədə H.Cavid də nəzərdən yayınmamışdı: “Bu təşkilatda məfkürəcə pozulmuş, orijinallığını itirmiş, bədii yaradıcılığı solğunlaşmış şəxslər üzv olmamalıdır. Salman Mümtaz, Sultan Məcid Qənizadə, Sanılı, Musaxanlı, Yusif Vəzir kimilərinin tezliklə Azərbaycan Sovet Yazıçıları İttifaqı sırasından xaric edilməsini qəti və inadlı surətdə tələb edirik”.

O illərdə ziyalıları, tanınmış şəxsiyyətləri üz-üzə qoymaq əvvəlcədən düşünülmüş mürtəce siyasət idi. Birini həbs etmək, ləkələmək üçün başqasının şahidliyindən istifadə etmək, sonra isə həmin şahidə də satqın adı vermək. Bu, Stalinə işləyən N.İ.

Yejovun Daxili İşlər Komissarlığındakı vəzifə sahiblərinin ən adi iş üsulu idi. Martın 14-də təsdiq olunan Azərbaycan SSR Konstitusiyasının 2-ci maddəsində deyilirdi: “Azərbaycan SSRin siyasi əsasını mülkədar və kapitalistlər hakimiyyətinin devrilməsi, proletar diktaturasının əldə edilməsi, Azərbaycan xalqının çarizm və rus imperialist burjuaziyasının milli təzyiqindən qurtarması və millətçi əksinqilabın darmadağın edilməsi nəticəsində böyümüş və möhkəmlənmiş Əməkçi Deputatların Sovetləri təşkil edir”.

Azərbaycan K(b)P-nın XIII qurultayı 1937-ci il iyunun 3-ü axşam saat 6-da M.F.Axundov adına Opera Teatrının binasında öz işinə başladı. Bundan bir neçə saat sonra isə xüsusi adamlar “gizli millətçi-əksinqilabi təşkilatda iştiraka” görə ittiham olunan Seyid Hüseyni, Salman Mümtazı, Yusif Vəziri, Sanılını, Hüseyn Cavidi və başqalarını həbs etdilər.

XIII qurultayın göstərişi isə belə oldu: “Qurultay mədəniyyət və incəsənət cəbhəsində əksinqilabi trotskiçi-müsavatçı və burjua millətçi elementlərinin ziyankar fəaliyyətinin nəticələrinin tezliklə və qəti surətdə aradan qaldırılmasını təmin edən tədbirlər görməyi Azərbaycan K(b)P Mərkəzi Komitəsinə, vilayət, şəhər və rayon komitələrinə tapşırır”. M.F.Axundov adına Opera Teatrının salonunda qəbul edilmiş qətnamənin ədəbiyyat və incəsənət xadimləri əleyhinə çevrilmiş həmin maddəsi 5 iyunda “Правда” qəzetində çap olunmuş “Trotski-sağçı casusları amansızcasına darmadağın etməli və kökünü kəsməli” sərlövhəli məqalədəki aşağıdakı tezislə tamamilə səsləşirdi: “Trotskiçi – buxarinçi – rıkovçu casuslara, diversantlara və terrorçulara aman yoxdur və olmayacaqdır! Vətənimizin üzərinə əl qaldıran bütün düşmənləri yuvalarından çıxaracaq, əzəcək və quduz it kimi məhv edəcəyik”.

1938-ci il dekabrın 19-da Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı I xüsusi şöbəsinin rəisi Koqanın Suxanova göndərdiyi “Xidməti qeyd”də göstərilirdi ki, “xüsusi sərəncama qədər məhkum Hüseyn Cavid daxili həbsxanadan başqa yerə keçirilməsin”.

İki il Bayıl və Keşlə həbsxanasında saxlandıqdan sonra Hüseyn Cavid haqqında belə bir hökm verildi: SSRİ Xalq Daxili İşlər Komissarlığı yanında Xüsusi Müşavirənin 14 nömrəli protokolundan ÇIXARIŞ 9 iyun 1939-cu il.

Eşidildi: 1882-ci ildə Naxçıvanda ruhani ailəsində anadan olmuş, bitərəf, qulluqçu, azərbaycanlı, SSRİ vətəndaşı, tutulana qədər şair-dramaturq Hüseyn Cavidin məhkum olunması ilə əlaqədar Azərbaycan SSR, 24938 №-li iş.

Qərar: Hüseyn Cavid – antisovet təşkilatında və təbliğatında iştirakına görə 8 il müddətinə islah-əmək düşərgəsinə salınsın, vaxtı 4 iyun 1937-ci ildən hesablansın.

SSRİ Xalq Daxili İşlər Komissarlığı yanında Xüsusi Müşavirənin Katibliyinin rəisi Markeyev Sözsüz ki, Azərbaycan oxucularının böyük əksəriyyəti bütün repressiya prosesinin başında M.C.Bağırovun durduğunu eşidib və oxuyublar. Ancaq bu repressiyalar birbaşa Moskvadan idarə olunurdu və bu prosesə yerli rəhbərlərin müdaxiləsinə imkan verilmirdi. 1937-ci ilin dəhşətli repressiyası SSRİ Xalq Daxili İşlər Komissarının həmin ilin 30 iyul 0044 saylı operativ əmri əsasında həyata keçirilirdi.

ARDI VAR.