Əziz oxucum mənim, dinləyib qulaq assan,
Danışaram mən sənə olan bir əhvalatdan.
Yaşanan faciədən yazmaq heç deyil asan-
Laləylə Ələkbərin adıyla bağlı dastan.
Danışmaq istəyirəm, sinəm yanır ağrıdan.
Vardı mənim yurdumda sevgi dolu çox cavan,
Söz açdığım Ələkbər fərqliydi hər birindən,
Hər kəs razı qalardı gördüyü işlərindən.
Qalmazdı elin-günün, xeyirindən-şərindən.
Çox sevirdi qonşunun Lalə adlı qızını,
Bilirdi hər kəs, hamı onun bu sevdasını.
Düşmürdü Lalə adı Ələkbərin dilindən,
Qız da xəbərdar idi onun bu sevgisindən.
Ələkbər öz hissindən vermişdi ona bilgi,
Qızcığaz da astaca etmişdi ona ilgi.
Lalə də gizli-gizli, duyub sevgi dadını,
Yaşadırdı qəlbində Ələkbərin adını.
Xəbərdardı bu işdən hər iki ata-ana,
Evləndirib gəncləri, çatdırdı muradına.
Lalə gözəldi güldən, həm abırlı, həyalı,
Gəlin köçdü qonşuya , bər-bəzkli, duvaqlı.
Sevdi onu qaynana, qaynata da həmçinin,
Çünki həm şirindildi, həm də ağıllı gəlin.
Beləcə yaşadılar bir yerdə şad-xuraman,
Amma övlad həsrəti çəkirdi iki cavan.
Keçdi birgə həyatdan bilməm beş il, altı il,
Getdi həkim yanına Lalə çox-çox, ilbəil.
Yeddi ilin başında Allah verdi bir oğul,
Dediklərim həqiqət, inan deyil bir nağıl.
Ələkbər çox sevirdi Laləsini, oğlunu
Gəzdirirdi boynunda, qoymurdu yerə onu.
Sonra da ki, iki qız övladı nəsib oldu,
Ələkbər xoşbəxtliyin əslinə sahib oldu.
Amma qələmi sınsın, tale yazan fələyin,
Başladı pis günləri, işğalı Vətənimin.
Acı xəbərlər gəldi hər yana Qarabağdan,
Necə dayansın, dözsün qəlbində iman olan?!
Çox qeyrətli oğullar yollandılar cəbhəyə,
Ana Vətən dardadır, bizi çağırır deyə.
Ələkbər də bilirdi hərbin sirrini bir az,
“Vətənin bu günündə qıraqdan baxmaq olmaz”-
Deyərək, könüllü o, getdi döyüş yerinə.
Komandirlə yan-yana, çox vaxt çiyin-çiyinə,
Ən gərgin zamanında Vətənə oğul oldu.
Ordumuzla bərabər nələrə şahid oldu?
O, qorxmaz, həm də igid, müsəlləh əsgər idi,
Hər zaman döyüşlərdə ön sırada yeridi.
Satqın girdi oyuna, ordunu geri çəkdi,
Çoxları bilmədi ki, bu necə bir kələkdi.
Ələkbər də Vətənlə birlikdə aldı yara,
Nə qədər torpağımız satıldı yağılara.
Sarsıldı, “şok keçirdi” vətənsevən, biçara,
Düşdü çıxılmaz hala bizim Ələkbər yazıq,
Gələmmədi özünə , oldu xəstəxanalıq.
Hərbi xəstəxanada müalicə alsa da,
Dözəmmədi Laləsi, alıb apardı yurda.
Lalə tibb bacısıydı, özü dərman edirdi,
Evində tez sağalar, belə güman edirdi.
Fədakarlıq edirdi, Lalə çətin zamanda,
Sevgi doluydu qəlbi, insanlıq vardı canda.
Günü-gündən artırdı Ələkbərin ” kaprizi”
Sinir pozğunluğunun görünürdü çox izi…
Gah dava-dalaş salır, qışqırırdı uşağa,
Gah yuxudan oyadıb qaldırırdı ayağa.
Qeyri-adi hərəkət, qeyri-adi davranış,
Mat qalmışdı yaxınlar, qəm edirdi dost-tanış.
Hətta oğlu qorxudan evdən qaçıb getmişdi,
Babasının evinə uşaq pənah etmişdi.
Amma Lalə dözürdü, bir gün sağalar deyə,
Gizlədirdi dərdini, danışmırdı kimsəyə.
Bir gün gecə yarısı Ələkbər gizlin durub
Özlüyündə düşündü: “düşmənə” pusqu qurub.
Alıb ələ baltanı girdi evə gizlicə,
Lalə çox yorulmuşdu, bərk yatmışdı o gecə.
Ağlına da gəlməzdi, düşünməzdi ki, bir gün
Çox sevdiyi bu insan ömrünə verəcək son.
Ələkbər var gücüylə vurdu iti baltanı,
Sıçradı hər tərəfə, axdı Lalənin qanı,
Qışqırıb nalə çəkdi, yazıq, günahsız Lalə!
Uşaq qaçıb gizləndi, baxıb baltalı ələ
Çarəsizcə, çox qorxub divan altda gizləndi,
Sanki dünya qopmuşdu, dəhşətlərə bələndi.
Ata əlində balta ona hücum çəkirdi,
Qorxub qızı baltadan canın küncə çəkirdi.
Baltanın bircə ucu yetişsə də uşağa,
Kor qoysa da gözünü, yetmədi can almağa.
Lap kiçik qız qorxudan hara atdısa canın,
Yayındı gözlərindən o gün cəllad atanın.
Amma gözüylə gördü ananın dəhşətini,
Duydu o kiçik qəlbi ölümün vəhşətini…
O gecədən qəlbində çox qorxulu iz qaldı,
Gördüyü o səhnələr həyatına iz saldı.
Nə ağıla yerləşir, nə də böyük kitaba,
“Anam ölməsin” deyə, çox yalvardı Allaha.
Çox qorxmuşdu o məsum, azyaşlı qız uşağı,
Onu xilas elədi böyük paltar dolabı…
Elə ki, ata çıxdı, evdən harasa getdi,
Çıxıb gördü anasın, bayıldı, huşu getdi.
Ələkbər anlayışsız dolaşırdı, dururdu,
Ağlına nə gəldisə, qonşuları çağırdı.
Dedi, bir gəlin baxın, Laləni bəzəmişəm,
Kəsəcəm əllərimi, özümdən də bezmişəm.
Bütün el çalxalndı bu dəhşətli xəbərdən,
Çaşqınlıq tökülürdü, bəbəklərdən, gözlərdən.
Hər kəs dua edirdi:” Allah, Lalə ölməsin!”
Amma artıq gec idi, yıxmışdı öz küməsin!
Ələkbəri uşaq tək əzizləyən Laləmiz
Al qanlar içindəydi yerdə səssiz-səmirsiz.
Yarası çox ağırdı, yaşamaq şansı azdı,
Fələk fürsət vermədi, vurdu növrağın pozdu.
İkicə damla yaşı süzüldü yanağından,
Yaşatmaq istəyərkən özü oldu canından.
Bütün el ağlayırdı bu dərdə, bu bəlaya,
Sarsılmışdı insanlar bu dəhşətli olaya.
Ələkbəri aparıb əvvəl həbsə saldılar,
Duyunca anlaqsızdı, ordan geri aldılar.
Ağıl xəstəsi idi, oldu dəlixanalıq,
Əziz oxucum, burda gəl düşünək bir anlıq.
Nədən dağıldı bir ev, nədən baş verdi bunlar,
Nahaq yerdən bəs niyə axıdıldı bu qanlar?!
Üç uşaq qaldı yetim, ürəkləri tarimar…
Haqq-ədalət söyləsin, kimlər oldu günahkar.
Beş on nəfər şeytanın niyyəti hesabına,
Düşmüş milyonca insan rəzalət girdabına.
İblisin ocağını kim üfürdü, qaladı
Torpaqları kim satdı, yurdumu kim taladı?
Bu xalqın qüruruyla oynayanlar çox oldu,
Ordumuza nə yazıq satqınlar da soxuldu.
Xar edildi bu millət torpağın itirdikcə,
Əyildi düz işi də yaltaqlar yetirdikcə.
Qırıldı ümidimiz, ruhdan düşdük getdikcə,
Qeyrətlər buza dönüb, vicdanımız itdikcə.
Bədəli ağır oldu Vətənə xəyanətin,
Kəsildi zəfərlərə gedən yolu millətin.
Qaldı işğal altında nə qədər yurd yerimiz,
Utandı, içdən sındı mərdimiz, ərənimiz
Azaldı dizlərdən də dözüm, qüvvət,hərəkət,
Çəkildi üzümüzdən həm də xeyir-bərəkət.
Dərddən yandı Ələkbər, özün yedi, bitirdi,
Sarsıntıdan mərd insan hətta ağlın itirdi.
Ağıl xəstəxanası saxladı uzun müddət,
Güya sağalmış kimi buraxdılar nəhayət.
Dönüb gəldi yurduna başı bəlalı adam,
İki-üç il yaşadı hər kəsdən uzaq tamam.
Günlərin bir günündə səs-küy yayıldı elə,
Həyatına son verib Ələkbər bir ip ilə.
Dağıldı, sona yetdi çox xoşbəxt bir ailə,
Bu ağrılı faciə düşdü dillərdən dilə.
Eyləməsək bir əlac, bu böyük dərdimizə,
Gələcək nəsillər də lənət deyəcək bizə.
Qalxın, vətənsevərlər ,açığın deyim sizə,
Bu torpaqda bir məzar, haramdı kəfən bizə!
10-14 iyun 2020-ci il.