Mətanət Duyğulunun həyat hekayələrindən biri

Əli Bəy Azəri

 

Mətanət Duyğulunun “Buz bağlamış arzular” hekayələr toplusu ilə üz-üzəyik. Kitab yenicə işıq üzü görüb. “Elm və Təhsil” nəşriyyatı tərəfindən nəfis tərtibatla çapdan çıxmış kitabda yazıçının son dövrlər qələmə aldığı hekayələri toplanıb. Ədəbi mühitdə çoxşaxəli yaradıcılığı ilə tanınan Mətanət Duyğulunun əsərlərində daima özünəməxsusluq müşahidə olunur. Bu, özünəməxsusluq hadisələrə qayğıkeş bir ana yanaşmasıdır. Obrazları haldan-hala salaraq həyatın amansız üzünü göstərir. Onun əsərlərini həyəcansız oxumaq mümkün deyil. Baxışlar sətirləri yola saldıqca adamın gözləri dolur. Bəzən elə olur ki, yeni sətirləri görmürsən, hərflər bir-birinə qarışır. Gözlərin önündə hansısa peyzaj canlanır. Bəlkə bu peyzajlar da həmin sətirlərin təsirindən yaranır. Sözün qüdrətinə bax ki, insanı haldan-hala salır. Bu, bir gerçəklikdir.

Deyirlər vətənin qədri qürbətdə olanlar üçün daha dəyərlidir. Hər halda qürbətdə olanda vətəndə baş verənlərdən xəbərsiz olursan, umu-küsüləri, pislikləri, bir-birini yırtıcı qurd kimi didib-parçalamağa hazır olan vətən övladlarını görmürsən, doğma eli pak, ülvi sevgi ilə sevirsən.

Mətanət Duyğulu yaradıcılığında bu, ülvi sevgini hiss edirsən. Ancaq buna da əmin olursan ki, o, bəsirət gözü açıq olanlardandır. Vətəndə baş verənlərdən tam təfsilatı ilə xəbərdardır və qələmə aldıqları əsərlərdə hər şeyi incəliyinə qədər təsvir etməyi bacarıb. Əlbəttə ki, kitabın oxunacağına əminliklə şəhadət verirəm, əldən-ələ ötürüləcəyini bilirəm. Odur ki, kitaba daxil edilmiş bütün hekayələr barədə münasibətimi açıqlamaq istəmirəm. Lakin kitaba ad seçilmiş “Buz bağlamış arzular” hekayəsi barədə bir neçə kəlmə qeyd etməsəm insafsızlıq olar.

Bildiyimiz kimi, hekayə nəsrin yığcam janrıdır. Kiçik bir mətndə çox mətləblər ifadə etmək mümkündür. Lakin hekayə də var, hekayə… Elə hekayə var ki, bir povestin yükünü çəkir, eləsi də var, bir romana bərabərdir. Böyük rus tənqidçisi Belinski öz zamanında qeyd edirdi ki, axıcılıq varsa, birnəfəsə oxunursa, yüz əlli səhifəlik mətn də normal hekayə hesab olunmalıdır. Həcmə görə Mətanət Duyğulunun əsərləri uzun hekayə təsiri bağışlaya bilər. Tam məsuliyyəti ilə qeyd edirəm ki, məzmun və ideya xəttinə görə bu hekayələr tam dolğundur, povest və roman yükü daşıyırlar. Mövzunu hekayələr vasitəsilə ictimaiyyətə çatdırmaq Mətanət Duyğulunun bir ana ürəyi çırpıntısıdır, təlaşıdır, həyəcan siqnalıdır, bəlkə belə şəraitlə üzləşmiş minlərlə insan çıxış yolu tapmaqda bəhrələnsin.

“Buz bağlamış arzular” hekayəsi yüzlərlə həyat hadisələrinin ümumiləşdirilmiş formasıdır. Əsərin müsbət baş qəhrəmanı yoxdur demək, bəlkə də insafsızlıq olardı. Çünki bütün baş verənlərdən xəbərsiz dünyaya gələn körpə həyatın məcbur etdiyi məhrumiyyətləri yaşamağa vadar olubsa, bunda kimi günahlandıra bilərik? Zəmanənimi? Xəbis insanlarımı? Saf sevgisinin qurbanına çevrilmiş Yasəmənimi? Sevgisinə sahib çıxa bilməyən Muradımı? Övladının sevgisinə hörmət qoya bilməyən Sənəm arvadımı? Başqasının bədbəxtliyi üzərində özünə xoşbəxtlik tapacağına yönləndirilmiş Təranənimi? Ailəsində ağsaqqallıq edə bilməyən, kişi sözünün kəsərini qorumayan Fuadımı? Kimi?

Bəli, bütün bunlar bir hekayənin personajlarıdır. Hələ bilə-bilə ki, gedəcəyi yeri yoxdur, biçarə gəlini körpəsi ilə evindən qovan kirayə sahibi, tibb bacısı və digərləri də yer almış hekayədə Mətanət Duyğulu onların hər birinin xarakterini açır, simasını göstərir. Həyat yaxşı insanlardan heç zaman xali olmayıb. Yazıçı bunu da unutmayıb.

Hadisələr Yasəmənin ətrafında cərəyan edir. Ata-anasını yeniyetməlik dövründə itirən Yasəmən tək qalır. Ağrı-acısına sinə gərməyə çalışır. Zəhmətə qatlaşır, qoyun-quzularını otarır, ata ocağının çırağının sönməməsinə çalışır. Valideynlərinin ölümü kimi sevgi də qəfildən üzünə gülür. Moskvada ali təhsil alan qonşuları Murad tətilə gələn zaman ona ürəyini açır. Saf-ülvi məhəbbətin atəşi hər ikisini oda salır. Ətraflarında olan bədxah, pis niyyətli adamların fitnəsi ucbatından hər ikisi bəlalara düçar olur.

“Tanrı bir tərəfdən alanda digər tərəfdən verir”, deyiblər. Yaradan Yasəmənə rəsm çəkmək istedadı verib. O, öz rəsmləri ilə baş-başa qalanda, öz rəsm dünyasına baş vuranda öz xoşbəxtliyini tapır. Bəlalara düçar olanda öz dünyasından kənar düşsə də Yasəmən sonda yenə də rəsmlərinə tapınır. Evində qulluqçu işlədiyi Əhməd kişi bunu görür və qiymətləndirir. Yasəməni rəsm dərnəyinə gətirir. Yasəmən tezliklə uğur yoluna çıxır. Onun həyat faciəsindən ibarət rəsmləri sərgiyə nümayişə çıxarılır. Təsadüfən orda olan Muradla qarşılaşma səhnəsi də elə orda baş verir.

Mətanət Duyğulu personajlarına, onların başına gələn və gətirilən hadisələrə həssaslıqla yanaşır, lakin müdaxilə etmir. Müxtəlif variantlar ola bilər. Yazıçı onlardan birini, daha inandırıcı görünənini təsvir edir. Həyat amansızlıqlarla doludur, deyir. Diqqətli olmaq azdır, həm də sevgin uğrunda mübarizə aparacaq gücdə olmalısan. Hansı sivil cəmiyyətdə yaşayırsan, yaşa, həyat elə cəngəlliklərdən ibarətdir. Cəngəllik qanunlarına tabe olmamaq özü elə uçurumun astanasına gəlmək deməkdir.

Mətanət Duyğulu həyat hadisələrini təkcə təsvir etməyib, onları həm də bir yazıçı peşəkarlığı ilə mənalandırıb. “Buz bağlamış arzular” hekayələr toplusunu yazıçının uğurlu addımı hesab etmək mümkündür. Əslində, bu hekayələrin hər biri cəmiyyətə mesajdır, sifarişdir. Oxuyub nəticə çıxartmaq lazımdır ki, arzular buz bağlamasın. Çünki arzular buz bağlayanda həyat sönür, yaşamaq mənasını itirir.

 

Yazıçının həyat və yaradıcılığına qısa səyahət

 

Daha çox şair-publisist kimi tanınan Mətanət Duyğulu (Mətanət Mehdi qızı Nəcəfova) 19 noyabr 1971-ci ildə Naxçıvan Muxtar Respublikası, Sədərək rayonunun Kərki kəndində anadan olub. O kənd ki, 1990-cı ildən bu yana ermənilərin əsarəti altındadır. Uşaqlıq və yeniyetməlik çağlarını bu kənddə keçirən Mətanət, Vətən sevgisini, yurd təssübkeşliyini də məhz bu torpaqdan alır. Onun Vətəninə olan sevgisi hələ uşaq yaşlarından baş qaldırır. Kəndin səkkizillik məktəbində “əla” qiymətlərlə oxuyan bu qız, dərsləri ilə bərabər bədii kitablar oxuyur, ara-sıra şeirlər də yazır. Lakin, kənd ucqar olduğu üçün şeirlərini müəllim və sinif yoldaşlarından başqa kimsəyə çatdıra bilmir. Səkkizinci sinifi “əla” qiymətlərlə bitirdikdən sonra Mətanət təhsilini tamamlamaq üçün Bakı şəhərinə üz tutur. O, 9 və 10-cu sinifləri Bakının Nizami rayonunda yerləşən 272 saylı orta məktəbdə davam etdirir. Bütün arzu və xəyallarını ali təhsilə bağlayan Mətanətin Vətən sevgisi yenə də xəyallarına üstün gəlir. Anası qədər sevdiyi o kənd, ermənilərin hədəfində idi. Söhbət 1990-cı illərdən gedir. Hər gün kəndə atılan top, mərmi səsləri sanki onun qulaqlarında çığlayır. O torpağın sinəsini yaran, laləsini, nərgizini yaralayan mərmilər elə bil onun sinəsindən keçir.

Beləliklə, 1990-cı ilin yanvar ayında kənd ermənilər tərəfindən işğal olunur. Valideyinləri köçkün düşən Mətanət, onlara təsəlli olmaq üçün geri dönür. Sonralar yenidən Bakıya qayıdıb ali təhsil almaq ona qismət olmur. Amma uşaqlıq və gənclik dövrlərində oxuduğu bədii və şeir kitabları onun dünyagörüşünü, təfəkkürünü formalaşdırmağa təkan verir. Həyatı təzadlarla keçən Mətanət Duyğulu, taleyin hökmünə boyun əyib, təsəllisini qələmdə tapır. Onun həsrət dolu həyat hekayəsini qələm öz mürəkkəb göz yaşları ilə ağ vərəqlərə axıdır.

Mətanət xanım ailəlidir, iki övlad anasıdır. Ailə qurandan sonra yoldaşının Süleymanov soyadına keçib.

Xatırladaq ki, indiyə kimi Mətanət Duyğulunun səkkiz kitabı işıq üzü görüb. O kitablar bunlardır:

“Bu sevdanın adı nə?” (şeirlər), “Nağıl dünyam”(şeirlər), “Kərki – talan yurdum” (publisistika), “Payızda gələn bahar” (şeirlər), “Səssiz fəryad” (roman), “Vətən daşı” (şeirlər), “Şanlı tarixin yolçuları” (Naxçıvan şəhidlərinə həsr olunmuş publisistik əsər) və sonuncu – yuxarıda adı gedən “Buz bağlamış arzular” (hekayələr). Mətanət Duyğulunun Vətən sevdasını tərənnüm edən şeir və yazıları bir çox qəzet və jurnallarda, antalogiyalarda dərc olunub.

Onun “Səssiz fəryad” romanı dünyanın bir çox ölkələrində yaşayan Azərbaycanlılar tərəfindən sevə-sevə oxunub bəyənilib. Qeyd edim ki, müəllif bütün kitablarında, bəşəriyyətin özəli və özəyi olan müqəddəs sevgiyə xüsusi yer verib. “Səssiz fəryad” romanının baş qəhrəmanları Vüsal və Məhtab da bu sevginin bariz nümunələrindəndir. Qeyd edim ki, Mətanət xanım yazdığı hər bir misra və sətirlərdə, insanları sevgiyə və hörmətə səsləyir. O, deyir ki, “Ailə sevgidən, sevgi hörmətdən, hörmət güzəştdən yaranır. Tanrı bu dünyanı və bütün bəşəriyyəti sevərəkdən yaradıbsa, biz də onu öz sevgimizlə qoruyub saxlamağa məcburuq. Hətta bu bizim insani borcumuzdur”. Onun “Mən sevgidən yaranmışam” adlı şeirini oxuyanda, hiss olunur ki, həyatın heç bir ağrı-acısı müəllifin ürəyindəki sevgiyə kölgə sala biməmişdir.

Yolumda çənim olsa da,

Saçımda dənim olsa da,

Ömrümə qənim olsa da,

Fələkdən bir bac* almışam,

Mən sevgidən yaranmışam.

 

Həsrət yığıb qalaq-qalaq,

Oldu gözüm çağlar bulaq.

Taleyimi varaq-varaq,

Bir ocaqda qalamışam,

Mən sevgidən yaranmışam.

 

Gəlsə də ah çox dərindən,

Qan axsa da ciyərimnən.

Hər dərdimdən, hər sərimdən,

Güc alaraq dayanmışam,

Mən sevgidən yaranmışam.

 

Pak tutub arzu-niyyəti,

Yıxıb yolumdan həsrəti,

Gəncliyimdən Mətanəti,

Bu günümə borc almışam,

Mən sevgidən yaranmışam.

Müəllifin əsərləri ilə yaxından tanış olmaq, acılara sinə gərib, sevgidən güc almaq deməkdir.

Xatırladım ki, Mətanət Duyğulu Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycanın hüdudlarından kənarda yaşayır. O, yaşadığı ölkədə öz qələmi ilə Azərbaycanın adını layiqincə yüksəklərdə tutur. Bir çox diplom və medallar, müxtəlif media mükafatları alsa da bununla ovunmur, heç vaxt onların sadalanmasının tərəfdarı olmur. Çünki o, doğma kəndinin də işğalda olan digər Azərbaycan torpaqları kimi azad olunacağını gözləyir. Özü də səbrsizliklə…

Əli bəy AZƏRİ

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.