İGİDİ ÖLDÜRƏN ŞƏHİD

Əli Bəy Azəri

“Döyüşdə hər ölən şəhid, hər şəhid igid ola bilməz!”

 

Ermənistanla Azərbaycan arasında uzun sürən müharibənin böyüklü-kiçikli döyüş epizodları el arasında olduğu kimi ədəbiyyatda da şəhid sözünü məşhurlaşdırdı. Hətta o qədər məşhurlaşdırdı ki, minilliklər boyu daima ucada olan “igid” sözünü tamamilə sıxışdırıb sıradan çıxartmasa da dalana dirəməyi danılmazdır. 2020-ci ildə Şuşanın azad olunması ilə başa çatan 44 günlük Vətən Müharibəsindən sonra şəhidlər haqqında silsilə kitabların hazırlanması el arasında bu işi sürətləndirmiş oldu. Hətta bəzi şair və yazıçılar şəhidləri əsərlərində əbədiləşdirdilər. Ayaz İmranoğlunun “Atasının adı şəhid” hekayəsindən sonra kimsə övladına “Şəhid”, “Şəhadət” adı qoyarsa, əsla təəccüblənməyin.

İgid – döyüşlərdə igidlik, cəsurluq, fədakarlıq göstərənlərə deyilib. Bu, keçmişdə də belə olub, indi də belədir. Minilliklərin süzgəcindən keçib günümüzə gəlmiş “İgid ölər, adı qalar” məsəli də boş-boşuna yaranmayıb. Azərbaycan xalqı kimi daima müharibələr qovğasında cızdağı çıxan rus xalqında da belədir. Hərfi tərcüməyə görə onlarda igidin təsnifatı bu cürdür: “…fədakarcasına döyüşərək həlak olmuşdur – “pal xrabrıx smertyu(ruscası)”…” Hərçənd ki, döyüş şəraitində olmadan da fədakarlıq göstərmək mümkündür. Azərbaycan ədəbiyyatında ilk olaraq bunu mən “Oğul” povestində sınaqdan keçirmişəm. “Uzaq sahillərdə” əsərində alman patrullarından yayınmağı bacaran Mehdi Hüseynzadə ilə “Oğul”un qəhrəmanı arasında paralellər qurmuşam. Sülh dövründə metronun stansiyasında patrulları aldadıb aradan çıxmaq heç də Mehdi Hüseynzadənin şücaətindən az deyil.

Əlbəttə ki, bütün bunlar öz yerindədir. Ancaq şəhid məsələsinin bizə İslam dəyəri kimi gətirilməsi milli dəyərlərin kölgədə qalması anlamına gələ də bilər. Belə ki, qanunvericilikdə bütün cəbhə təminatında iştirak edənlərin şəhidlik hüququna malik olması göstərilir. Ön cəbhədə düşmənlə savaşaraq vətəni qoruyanla arxada yemək bişirən, tanka maşınla mərmi gətirənlə mazut, yanacaq daşıyan, ehtiyat rayonda məşğələ keçən və başqa təbəqələrin statusu eyni ola bilərmi? Siyasilər qanun, ruhanilər tanrı qarşısında onların bərabər və ən yüksək zirvədə bərqərar olduqlarını xalqa inandırmağa çalışsalar da, bir ədəbiyyat adamının bunu beləcə qəbul etməsi və əsərlərində hamısını eyni sərgiləməsi inandırıcı görünmür, ola da bilməz.

Bəlkə elə buna görədir ki, şəhidlər haqqında yazıların böyük əksəriyyəti tərcümeyi-hal xarakterindən kənara çıxa bilmir və bəzi şablon, uyğunsuz şişirtmə “qəhrəmanlıqlardan” başqa bir şey deyildir. Unutmayın, döyüş şəraitində hər həlak olan adam şəhid sayılsa da şəhid, hər şəhid də igid ola bilməz.

Bütün şəhid və igidlərin əziz xatirəsini uca tutaraq ehtiramla yanaşan:

Əli BƏY AZƏRİ, AYB-nin üzvü, “Xəzan” jurnalının baş redaktoru.

Qiymət