RİSALƏTGAHIMDIMI
Yenə mahzun ürəyim və səssiz iniltilər…
Bu həzin ney səsimi? Ya mənim ahımdımı?
Hər notunda göz yaşı, sevgiliyə sunulan
Məhəbbət bəstəsimi? Zikr-i səmahımdımı?
*
Dərdim dərmandı mənə, nə gözəldir bu çilə!
Üzüm qəm dəryasına, üzürəm bilə-bilə.
Püryan olmuş ürəyim, ərirkən sevdan ilə
Nədir vüsalta mane? Cürm-ü günahımdımı?
*
Bu eşqin sınağı çox, sidq-ü sədaqət istər,
Uğruna keçməyə baş, yolunda taqət istər.
Sənin sevginə mazhar olmaq ləyaqət istər
Ləyaqətsiz olmağım zəif cinahımdımı?
*
Sevdam sonsuzdur mənim, dinməz suz-i nalanım,
Bir lahza nəzər eylə, şərəfyab olsun canım.
Hər şeyimdən keçmişəm, məni məndən alanım
Risalətgahımdımı? Cay-ı pənahımdımı?
***
YALNIZAM SƏNSİZ
Gözüm uzaqlara baxıb yol çəkir,
Hardasan mehmanım, yalnızam sənsiz!
Xəyalın ruhuma min sığal çəkir,
Dərdimə dərmanım yalnızam sənsiz!
*
Könlümü tək sənə verib qalmışam,
Yoluna ömrümü sərib qalmışam.
Sənsiz bu dünyada qərib qalmışam,
Hicrandır hər anım, yalnızam sənsiz!
*
Gəl gör sevənlərin sənsiz neyləyir,
Ürəyim yarpaq tək əsir, titrəyir,
Hər yada düçəndə burnum göynəyir,
Gözümdə leysanım, yalnızam sənsiz!
*
Varlığıma səbəb, həm də yaraşıq,
Yoluma, ömrümə sən oldun işıq!
Yenə pəjmürdəyəm, keyfim qarışıq,
Ey nur-i əfşanım yalnızam sənsiz!
*
Yollar haçalanır, ömür kəm-kəsir,
Sənsiz kimsəsizlər faniyə əsir.
Mən sənsiz yetiməm, mən sənsiz yesir,
Sahibim, sultanım, yalnızam sənsiz!
*
Hicran da gözəldir, tacı vüsaldır,
Ya könlümə zuhret, çəhrəmi güldür.
Ya Haqqa varınca yanına aldır,
Mümkünmü fərmanım, yalnızam sənsiz!
***
Öldür məni
Qəlbinə qurduğun dar ağacında,
İpə keçir gülüm, as öldür məni.
Orda sevda seli, hiss burulğanı,
Varsa gür yerinə bas öldür məni.
*
Sevdam boynu bükük, köksündə qəhər.
Axı mən nə edim — dözüm bir təhər!
Hər küskün baxışın ömrümə zəhər,
Nə olar son dəfə küs, öldür məni!
*
Təsəlli, təskinlik yanımdan ötər,
Bu eşq nə doyurmaz, nə bizə yetər.
Bərabərliyin zor, hicranın betər,
Əlini əlimdən kəs, öldür məni.
*
Bu od, alov hardan etdi sirayət,
Artıq dayanmağa yoxdur dirayət.
Nə bu şükürsüzlük, nə bu şikayət,
Bari bir azcıqda sus öldür məni.
*
İstədim ömrümü səninlə bölüm,
Bəlkə bu həyatdan yaxşıdır ölüm.
Baxanlar -kimsəsiz- deməsin, gülüm,
Bağrının başına bas, öldür məni!
***
Qoru məni ey namaz
Qoru məni, ey namaz!
Sənsiz haqqa ucalmaq
mümkün deyil, imkansız
Arzum sənlə qocalmaq
feyizindən güc almaq!
Qoyma qalım imansız!
Qoru məni, ey namaz!
Hər gün bu qədər insan
Günah burulğanına sürüklənir,
sürünür…
Onlarca talehsizə yolun sonu görünür.
Amma sənə tutunan
Rəhmi sonsuz olanın
Rəhmətinə bürünür.
Sənsən demək qurtuluş,
Sənsən haqqa vasitə!
Qoru məni, ey namaz!
Mən də səni heç zaman
Almayacam bəsitə.
Qoru məni, ey namaz!
Ən başda öz nəfsimin
Yanlış istəklərindən!
Qoru, fani dünyaya
Bağlanmasın dərindən
Qoru ki şeytanların
Səs verməyim səsinə.
Mən ki könül vermişəm
Sevdiyim peyğəmbərin
Şirin zümzüməsinə.
Fəda olum səsinə,
Uca əqidəsinə!
Bu uca əqidədən
Dönməkdən qoru məni!
Saman kimi tez yanıb
Sönməkdən qoru məni!
Qoru məni, ey namaz!
Bir sözüm var, əhdim var
Ta ruhlar alemindən
Ən sevgili Allaha!
Bu söz dəyərli, baha
İstəmirəm ki adım
Qeyd olunsun bivəfa.
Verdiyim sözdən əmin,
Tutduğum özdən əmin,
Yalnız bir istəyim var:
Adım qeyd olunan yer
Olsun əshab-ı yəmin!
Qoru məni ey namaz
Öləndə də ölünər
Alnı açıq, üzü ağ
Biriləri dəfn edər,
Bir kəfənə sararaq,
Onda dostum olaraq
Məkan-ı səadətə
Sürü məni ey namaz!
Bir sehrli sürura
Bürü məni, ey namaz.
Sar fəraha, hüzura
Sarı məni, ey namaz
Qoru məni, ey namaz!