BAŞ REDAKTORUN QEYDLƏRİ — Əli Bəy Azəri

Əli Bəy Azəri

Yeddi yaşlı “Rəşid Bərgüşadlı” mükafatlı “Xəzan” jurnalının sandıqcasından

(ixtisarla)

 

 

Quş qanadlı illər yel kimi gəlib keçdi.

Yeddi ilin ömrü uzundurmu, qısadırmı?

Yeddi ildə nə kimi işlər görmək mümkün idi?

İllər bir-birini əvəzləyəcək, səkkiz, doqquz, on olacaq. Bəlkə bir də köhnə xatirələri yada salıb belə bir yazı hazırlamaq ovqatı yaşamayacağıq. Sürətlə dəyişib qloballaşan dünyada dönə-dönə arxaya boylanıb baxsaq da heç bir qeyd etmək istəməyəcəyik. Jurnalın səhifələrində yeni-yeni imzalar ortaya çıxacaq, yəni əhatə dairəmiz genişlənəcək, yenilənəcək. Köhnə tanışlardan kiminləsə münasibətlərimiz korlanacaq, kimsə onun adını çəkməyimizi istəməyəcək. Nə bilim, nələr olacaq? İndi isə isti-isti qeydlərimizi edək, jurnalın yeddi yaşını ağırlayaq. Mifologiyada yeddi – dəyişkən deməkdi. Yeddilik ölçü vahidi də hesab olunur; yeddi, on dörd, iyirmi bir və s.

Qeydlər etmək elə memuar yazmaq qədər çətn bir işdir. Memuarı bir ömrün salnaməsi kimi qiymətləndirirlər, bir adamın ömür yolu kimi görürlər. Jurnalda bir adam deyil, onlarla, yüzlərlə adam öz ömrünü yaşayıb, yaşayır, bəlkə də yaşayacaq. Kimsə təsadüfdən bir dəfə qonaq olub, kimsə əbədi bağlanıb qalır.

Jurnal nəşr eləmək qərarına nə vaxt gəldim, dəqiq tarixçəsi yadımda deyil. Ancaq onu dəqiq bilirəm ki, bu həvəs məndə on dörd yaşında olanda baş qaldırıb. “Ulduz” jurnalının mart, 1980-ci il sayı məndəydi. İlk dəfəydi bədii jurnal görürdüm. Oxumaqdan doymurdum. Povest, hekayə də vardı, fərqli şeirlər, publisistik məqalələr də. Mənimçün bir dünyaydı, əvəzolunmaz aləm idi. Onda qəzetlərdə kiçik məqalələrim dərc olunurdu. Hekayələr yazırdım, hərdənbir şeirlər də qoşurdum. Qələmimi bütün janrlarda sınamağa çalışırdım. Bir povest də yazmışdım. Özümü nə vaxtsa “Ulduz” jurnalının baş redaktoru vəzifəsində görürdüm. Xəyallarım gələcəyə qanadlanmışdı.

Sonrakı illər daha tez-tez çap olunmağa başladım. Qonararlar alırdım. Çox sevincliydim. Səbrim gələcəyimə çatmırdı. Çap olunan məqalələrim, müsahibə, hekayəm məni qame etmirdi. Fikrimi daha böyük həcmli əsərlərimdə ifadə etmək istəyirdim, ancaq dövr o dövr deyildi, hansısa bir qadağa hakimi-mütləq idi. Gizli “qəzet” buraxmaq qərarına gəldim. Doxsan altı vərəqlik dəftərin o üz-bu üz vərəqini dörd-beş yerə cizgiləyib “qəzet” düzəltdim. Adını “Ucaboylu Cırtdan” qoydum. Kiçik felyoton, novella və özümün kəşf etdiyim cəfəngiyyat janrında mətnlər hazırladım. Hər sətiri kiçik hərflərlə doldurdum. Xoşuma gəldi. Üç nüsxə üzünü köçürtdüm və şəhərin üç məktəbinə ötürdüm. Bir aydan sonra “işi”mi təkrarladım. Şagirdlər arasında mənim felyotonlarımı danışırdılar. Hətta həmin yazıları bloknotlarına köçürənlər də vardı. İkinci işim daha uğurlu alındı, artıq bu barədə müəllimlər otağında da danışırdılar. “Qəzet”in üçüncü sayı yenicə yayılmışdı ki, “ilişdim”, ədəbiyyat müəllimimiz xəttimdən tanımışdı.

Sonra tale məni burulğanlara saldı, həyatım məcrasını dəyişdi, uzun müddət sevimli “yazı-pozu işi”ndən kənarda qaldım. Ancaq bu hiss məni heç vaxt tərk eləmədi. Vətən qarşısında xidməti borcumu ödəyəndən sonra yenidən ədəbi meydana qayıtdım. Bir müddət qəzetçilikdə fəaliyyət göstərdim. Müstəqil ədəbiyyatçılıq sahəsində demək olar ki, boşluq yaranmışdı. İnsanların ədəbiyyata marağı günü-gündən azalmaqdaydı.

Yazıçı Azad Qaradərəli “Yazı” adlı rüblük ədəbi dərgi buraxırdı. Bir-iki nömrəsini tapıb oxudum, hansısa ədəbi dərnəyin orqanı təsirini bağışladı. Bir müddətdən sonra dərgi fəaliyyətini dayandırdı. Şair Balayar Sadiqin redaktorluğu ilə “Yurd” jurnalı fəaliyyət göstərirdi. İldə iki, ya üç dəfə çıxan jurnalın davamlılığı dayanıqlı deyildi. Jurnal daha çox şeir antologiyasına bənzəyirdi. Bir də şair Nəzakət Məmmədli rüblük “Yada düşdü” adlı jurnal nəşr edirdi, o da ildə üç nömrə çıxarırdı, birini ixtisara salırdı. “Yada düşdü” jurnaldan çox xatirə dərgisinə bənzəyirdi.

Baxdım ki, ədəbi jurnal nəşr etməyin tam zamanıdır. Şairlər, yazıçılar qələm məhsullarını harda gəldi, lap pərakəndə halda çıxan qəzetlərdə də çap etdirməyə çalışırlar. Çünki dövlət himayəsində olan jurnallar miras kimi kimlərinsə dədə malına çevrilmişdi və normal olaraq ora yaxın düşmək mümkünsüzdü. Elə bu vaxt yoldaşlıq etdiyim həmyerlim yazıçı Tarverdi Abbasov rayondan olan qələm adamlarının əsərlərini çap etdirmək məqsədilə dərgi yaratmaq istədiyini və mənim köməyimə ehtiyacı olduğunu bildirdi. Dost yolunda fədakarlıq göstərmək hər adama nəsib olmur. Öz istəyimi boğub Tarverdi müəllimə kömək etmək qərarına gəldim. Elə bir dərgi hazırlamaq gərəkdi ki, işğal nəticəsində itib-batmaqda olan Zəngilan xatirələri də orada cəmləşsin. Gələcəkdə arxiv materialları kimi istifadə etmək mümkün olsun. Təfərrüatlarını açıqlamağa ehtiyac duymuram. 2014-cü ilin son rübü də daxil olmaqla 2015-ci il ərzində beş (1+4) nömrə “Qızıl Zəngilan” dərgisini hazırlayıb çıxartdıq, işlər, necə deyərlər, təkərə düşdü və mən onunla xudafizləşib öz istəyimin arxasınca getdim.

Ayaz İmranoğlu və Mütəllim Həsənovla görüşdüm, yaradacağım jurnal barədə fikrimi bildirdim. Yaxşı ad düşünməyi də onlardan xahiş etdim. Hər ikisi kömək edəcəklərinə söz verdilər. Hətta Ayaz İmranoğlu əhatəsində olan on-on beş nəfəri də jurnalda çap olunmağa cəlb edəcəyini öz öhdəsinə götürdü. Mən isə hələlik dəstək formasında öz qələm məhsullarını hazırlamağı və ilk iki-üç nömrədə davamlı çap olunmaqlarını tövsiyyə etdim.

Sonra Bəydadaş Cəfərli ilə görüşdük. Onunla birlikdə Abşeron Mərkəzi Kitabxanasına gəldik. Məni Kitabxananın müdiri şair Məlahət Yusifqızı ilə tanış etdi. Məlum oldu ki, Yusifqızı həm də “Od parçası” ədəbi dərnəyinin rəhbəridir, hər həftə kitabxananın oxu zalında tədbir, təqdimat keçirir, əhatəsində otuzadək şair, yazıçı var. Əsərlərini jurnalda çap etdirmək üçün onları cəlb edəcəkdir.

Bəydadaş Cəfərli “Abşeron inciləri” adlı almanax hazırladığını bildirdi, əhatəsində olan şairlərə jurnalda çap olunmaq üçün məsləhət verəcəyini dedi. Orda internetə daxil olub şəxsən tanımadığımız, ədəbiyyat sahəsində nüfuzlu hesab etdiyimiz adamlara şəxsi mesaj qutusunda məqsədimizi bildirdik və xahiş etdik ki, əhatələrində olan adamlara jurnalda çap olunmaq təklifini versinlər.

İlk yazdığımız Ramiz Qusarçaylı oldu. Onda şair Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin rəhbəri idi. Bir də eşitdik ki, vəzifədən kənarlaşıb. Deyəsən, bir ilə yaxındır ki, yenidən həmin vəzifəyə təyin olunub. Sonralar onunla şəxsi tanışlığımız yarandı. Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Ramiz Qusarçaylıya müraciətimiz nəticəsiz oldu.

Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt bölməsinin rəhbəri Rafiq Odaya, AYB Qazax bölməsinin rəhbəri Barat Vüsala, şair Raqif Nazimoğluna və daha bir neçə nəfərə belə müraciətlər ünvanladıq. (Təəssüf ki, müraciətlərin heç biri ciddiyə alınmadı və nəticəsi olmadı) Təxmini hesab elədim ki, jurnalın nəşrinə başlamaq olar.

Ədliyyə nazirliyinin məlumatı məni dəhşətə gətirdi. Hansı adı təqdim edirdimsə, o adda jurnal olduğunu bildirirdilər. Deməli, yüzlərlə jurnal qeydiyyatdan keçib, ancaq fəaliyyət göstərmir. Kimin nəyinə lazımdır jurnal qeydiyyatdan keçirib çıxartmamaq? Qəzetçilik dövründə belə bir işin şahidi olmuşdum. İşbazlar (onların arasında taksi sürücüsündən tutmuş kafe işlədənə kimi hər kəsə rast gəlmək mümkündür) brend adda qəzet qeydiyyatdan keçirib baha qiymətə satırdılar. Bəlkə, ədəbiyyat sahəsində də belədir? Vay satlıq ədəbiyyatın halına…

Bu iş bir neçə həftə davam etdi. Nəhayət, sonuncu təqdim etdiyim adda jurnal olmadığını bildirdilər. Dərhal notariat kontoruna gedib müraciətimi rəsmiləşdirdim və nazirliyə təqdim etdim.

Beləliklə, “Xəzan” adlı ədəbi-bədii jurnal həyata rəsmi vəsiqə aldı. 2016-cı ilin yanvar ayı ərzində texniki və inzibatçılıq işlərini başa vurdum və fevral ayından başlamaqla iki ayda bir nömrə olaraq jurnalın nəşrinə start vermyi qərara aldım.

On ildən artıq idi ki, qəzetçilik fəaliyyəti ilə məşğul olurdum. Publisistik yazılara nəzarət edə biləcəkdim. Özümü nəsrin azmanı hesab eləməsəm də romanım, povest və hekayələrim çap olunmuşdu. Poeziya sahəsini də pis bilmirdim. Lakin köməkçilərə ehtiyacım vardı. Ən azı iki nəfər lazımdı, biri poeziya, ikincisi nəsr bölməsinə. Toplanmış materialları gözdən keçirib çapa hazırlamaq üçün dəstək verməliydilər. Düzdür, birinci nömrəyə seçim həmişə çətin olur, bununla belə hər yazını jurnala çıxartmaq da yaramazdı.

Bu arada şair Vəli Xramçaylı ilə rastlaşdıq. Yaxşı şair olduğunu deyirdilər. Nəşriyyatda otururdu, “Ocaq” adlı qəzet buraxırdı. Məni onunla rəhmətlik şair Mahir Səmədli tanış etmişdi. “Ocaq” qəzetinin bir nüsxəsinə baxan kimi qəzetçilikdən başı çıxmadığının şahidi oldum. İradlarımı bildirdim, Mahirin xoşuna gəlmədi, “işin olmasın, yaxşı şairdi” dedi. İndi Vəli Xramçaylının yaxşı şair olub-olmadığını yoxlamaq istədim. Jurnal çıxardacağımı dedim, şeirlərini göndərməyi xahiş etdim. Fikrimi bəyəndi, özünün çap olunacağını bildirdi, əhatəsində olan əlliyədək şair və yazıçını da növbə ilə çap olunmağa cəlb edəcəyini dedi. “Ancaq bir nömrə çıxart, məndə jurnal olsun ki, dost-tanışa göstərə bilim. Bir də adımı redaksiya heyətinə daxil elə”, Vəli Xramçaylının sözlərində həqiqət vardı. Çox sevinirdim. Qısa zamanda inqilab edəcəyimi düşünürdüm. Ədəbi proseslərə yenilik gətirəcəyimə əminlik yaranırdı.

Bu arada Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar Təşkilatının sədri şair Füruzə Məmmədli zəng elədi: “Qaranquş” sanatoriyasına göndəriş olduğunu dedi. Mən xahiş etmişdim. İndiki halda bunu heç gözləmirdim. Ancaq sanatoriyanı da buraxmaq olmazdı, Anardan hər zaman istəmək olmur. Onda sanatoriya on səkkiz günlük idi. Fevralın ikisi tezdən sanatoriyaya yollandım.

O vaxt texniki vasitələri yaxşı bilmirdim. Heç elektron ünvanlara yazı göndərmək, yazı qəbul eləməyi də bacarmırdım. Bir an belə jurnalın fikri beynimdən çıxmırdı. Nə edəcəyimi, necə edəcəyimi düşünürdüm. Allah şahiddir ki, indiyə kimi heç vaxt qərarımı dəyişməmişəm. Bir çox hal olub ki, öz qərarım ziyanıma işləyib, yenə də yolumdan dönməmişəm. Xarakterim belə formalaşıb. “İnsan da ilan kimidir, qabığını dəyişər, xasiyyətini dəyişməz”, deyiblər. Bu, on səkkiz gündə nə Ayaz İmranoğlu, nə Mütəllim Həsənov, nə də Bəydadaş Cəfərli zəng vurub jurnalla maraqlandı. Mən də səbrlə gözlədim.

On səkkiz günü sanatoriyada başa vurub geri qayıtdım. Həmin günü axşam Mütəllim Həsənov zəng vurdu, jurnalla maraqlandı. Dedim ki, hazırlanır, tezliklə çapa gedəcək. Başının qarışıq olduğunu, çatdırıb heç nə hazırlamadığını bildirdi. Ayaz İmranoğludan xəbər çıxmadı. Bəydadaş Cəfərliyə zəng vurdum, tezdən görüşməyi nəzərinə çatdırdım. Səhər saat doqquzda Xırdalanda Heydər parkının girişində görüşdük. Mənə dörd-beş vərəq əlyazma uzatdı. “Şeirlərimdi, jurnalda çap etdirərsən”, dedi. Əsəbləşdim. “Bu, sənin mənə köməyindimi? Kompüterdə yığdıra bilməzdin? Sən mənə kömək edirsən, yoxsa geri dartırsan? Biz axı danışdıq ki, hər kəs yazısını elektron variantda göndərəcək…” Nəsə, belə bir xoşagəlməz söhbət oldu aramızda, mən vərəqləri götürmədən aralandım və bu yeddi il müddətində Bəydadaş bir dəfə də olsun şeirlərini kompüterdə yığdırıb göndərə bilmədiyindən jurnalın arxivində onun yaradıcılıq nümunəsi yoxdur.

“Azərbaycan” nəşriyyatına gəldim. Hikmət Məlikzadə ilə görüşdüm. Onda o, Mehman Göytəpəlinin redaktoru olduğu “Haqqın səsi” qəzetinin redaksiyasında otururdu. Neçə vaxtdı bir-birimizi tanıyırdıq. Zəhmətkeş adam, yaxşı şair olduğunu bilirdim. Ona jurnalın Poeziya bölməsinə rəhbərlik təklifini etdim. Razılaşdı. Dərhal yaxından tanıdığı bir neçə nəfərin yaradıcılığından materiallar toplamağı xahiş etdim.

Sonra “Azərbaycan ordusu” qəzetinin redaksiyasına yollandım. Orda həmyerlimiz Vahid Məhərrəmli vardı, hərbi müxbir işləyirdi. Onunla görüşdüm. Jurnal nəşr etdiyimi bildirdim, nəsr bölməsinə rəhbərliyi ona həvalə etdim. Razılaşdı. Əhatəsində olanları cəlb edəcəyinə söz verdi. Vahid Qulu Məhərrəmlinin kiçik qardaşıydı. Hərbi jurnalist kimi tanınırdı. Öz yaradıcılığı da vardı, hərb mövzusunda hekayələrini oxumuşdum. Bu işin öhdəsindən gələcəyinə ümidliydim.

Ən əsası özümə inanırdım.

Materialları Hikmət Məlikzadə bir fayla topladı, tez-tələsik göz gəzdirdik. Məsləhətləşib simvolik redaksiya heyəti formalaşdırdıq və mən bir neçə kitab çap etdirdiyim “Elm və Təhsil” nəşriyyatına yollandım. Nəşriyyatın sahibi filologiya elmləri doktoru Nadir Məmmədli idi, hardasa universitetdə dərs deyirdi, həm də Elmlər Akademiyasında işləyirdi. Günorta saat üç tamamda işə gəlirdi. Yalançılığı vardı, verdiyi sözə heç vaxt əməl etməzdi. Buna görə dəfələrlə mübahisəmiz düşmüşdü. Ancaq indiki vaxtda tanıdığım yer buraydı. Nadir bəri başdan bildirdi ki, çap aparatının barabanı xarabdı, xətt buraxır. Məsləhət gördü ki, müəlliflərin şəkilləri verilməsin. Mən buna razılaşdım. Jurnalı həmin gün dizayn etdirib çapa yolladıq. Ertəsi gün Qaraçuxur qəsəbəsində yerləşən mətbəəyə yollandım. Üç gün get-gəldən sonra 23 fevral günü jurnalı götürdüm. Jurnalın çapdan çıxmasını, redaksiya heyətini və çap olunanları Hikmət Məlikzadə fb səhifəsində elan etdi.

Redaksiya heyəti: Aftandil Nəbiyev, Aydın Murovdağlı, Əlisahib Əroğul, Füruzə Məmmədli, Barat Vüsal, Vəli Xramçaylı, Rafiq Oday, Ramiz Qusarçaylı, Rüstəm Kamal, Şahməmməd Dağlaroğlu, Məlahət Yusifqızı

Yuxarıda bəziləri barədə məlumat vermişəm, təkrarlamağa ehtiyac yoxdur. Digərləri barədə yazmalıyam ki, xəbəriniz olsun, tanıyasınız.

Aftandil Nəbiyev yaradıcılıqla məşğul idi, şeir yazırdı. Hansısa xüsusi təyinatlı məktəbdə direktor işləyirdi. Məktəbdə keçirilən tədbirdə qəzet üçün yazı hazırlayanda tanış olmuşduq. Jurnal barədə eşidəndə dəstəyini əsirgəmədi. Bir neçə dəfə yaradıcılığından nümunələr çap etdirdi. Həyat yoldaşı İntizar Nəbiyevanın yaradıcılığından da nümunələr təqdim etdi, jurnalla normal əməkdaşlıq qurdu. Qısa fasilələrlə həmin əməkdaşlıq bu gün də davam edir.

Aydın Murovdağlını şəxsən tanımıram, bu günədək heç vaxt görüşməmişəm. Onun namizədliyini Arif Qabiloğlu irəli sürüb. Gəncədə yaşadığını, əhatəsində çoxlu şair olduğunu deyib və jurnal barədə telefonla məlumat verib. Təəssüf ki, bu yeddi ildə onun səs-sorağını almamışam.

Əlisahib Əroğul Bakıda yaşayır, əslən Cəbrayıl rayonundandır. Onunla “Təknur” nəşriyyatında kitab çıxardan zaman tanış olmuşuq. Mənə professor təsiri bağışlayıb. Nəsə Qarabağ şairləri bölməsimi, ictimai birlikmi yaratdığını deyib, Türkiyədən həm maddi, həm də mənəvi böyük dəstək aldığını bildirib. Jurnala dəstək olacağına söz verib. Bir müddət əməkdaşlıq edib, jurnalın müxtəlif nömrələrindən öz yaradıcılığından və türkiyəlilərdən bir neçəsinin yaradıcılığından nümunələr çap etdirib, amma dəstək olmayıb. Odur ki, əməkdaşlığımız alınmayıb.

Rüstəm Kamal da yaradıcılıqla məşğuldur. Pafoslu danışmağı sevir. Slavyan Universitetində Yaradıcılıq fakültəsinin dekanı olan dövrdə tanış olmuşduq. Jurnal barədə məlumat verdim. Əməkdaşlığa razılaşdı. Yaradıcılıq fakültəsinin tələbələrini də əməkdaşlığa cəlb edəcəyinə söz verdi, di gəl ki, sözünü tutmadı. Sonralar bir neçə dəfə rastlaşdıq. Hər dəfə telefon nömrəmi götürdü, jurnalın elektron ünvanını dəqiqləşdirdi, amma verdiyi sözə bu yeddi ildə əməl etmədi.

Şahməmməd Dağlaroğlu İsmayıllı rayonunda yaşayır, şairdir. Ayda iki dəfə mütəmadi çıxan “İsmayıllı xəbərləri” qəzetinin baş redaktorudur. Onunla on ildir ki, yaxşı tanıdığım, işinə bələd olduğum, əvvəllər rəhbəri olduğum qəzeti dizayn etdirdiyim, peşəsinin ustası Dönməz Abbasovun iş otağında tanış olmuşduq. Jurnal barədə məlumat alanda əməkdaşlıq edəcəyinə söz vermişdi. Bu yeddi ildə sözünü tutan yeganə adamdır.

Jurnalın ilk nömrəsində Füruzə Məmmədli, Sahib Abdullayev, Şahməmməd Dağlaroğlu, Vaqif Arazlı, Aftandil Nəbiyev, Məhəmməd Əli, Xaliq Laçınlı, Ceyhun İbrahimli, Hikmət Məlikzadə, Raqif Nazimoğlu, Əlisahib Əroğul, Mehman Göytəpəli, Sabir Zamanlı və Ələsgər Talıboğlunun şeirləri, Vahid Məhərrəmov, Çərkəz Nəsirli, Sərməst Seyidəliyev, Əli bəy Azəri, Arzu Kəskin, Ülviyyə Niyazqızı, Şamo Nərimanoğlunun nəsr əsərləri və Həsən Hüseyninin publisistik yazısı çap olundu.

Müəlliflərin bəziləri barədə məlumat vermək məncə, yerinə düşər. Çünki, jurnalı özünə doğma bilib uzun müddət əməkdaşlıq eləmək hər yaradıcı insanın işi deyil.

Məhəmməd Əli özünəməxsus şairdir. Əslən Qəbələdəndir, Bakıda yaşayır. Onunla məni Mütəllim Həsənov tanış etdi. Jurnalı ilk nömrədən özünə doğma bildi. Davamlı olaraq əməkdaşlıq etdi. Tanıdığı, məsləhət bildiyi adamları öz əsərlərini jurnalda çap etdirməyə səslədi.

Ələsgər Talıboğlu əslən Şərurdandır, Bakıda yaşayır. Arif Qabiloğlu bizi tanış etdi. Həmin vaxt şair bütün ədəbi dərgi və qəzetlərdən küsmüşdü, heç yerdə ədəbiyyata, xüsusən də poeziyaya qiymət verilmədiyindən narazıydı. Çap olunmaq da istəmirdi. Birtəhər dil tapıb əməkdaşlıq qurduq. Jurnalı özünə doğma bildi, davamlı olaraq çap olundu və tanıdığı neçə nəfərin əsərlərini təqdim etdi.

Həsən Hüseyni ruhanidir, ədəbiyyatı da yaxşı bilir. Jurnalla uzun müddət əməkdaşlıq qurdu. Çox dəyərli qələm məhsullarını çap etdirdi.

“Jurnal hazırlamaq şəhər salmaq qədər faydalı bir işdir”, — müdriklərdən kimsə belə bir ifadə işlədib. “Jurnalda povest olmayanda elə bilirəm kimi həmin nömrə çap olunmayıb”, — bunu da Rus ədəbiyyatında ilk jurnal hesab olunan “Sovremennik”in yaradıcısı və naşiri deyib. Bəli, jurnalın naşirinin qarşısında iki böyük məsələ durur ki, bunların sintezini aparmaq müşgül məsələdir. Jurnal həm samballı əsərlərlə zəngin və rəngarəng olmalıdır, həm də qazanc gətirməsə belə maya dəyərini çıxartmalıdır ki, sonrakı nömrələrin çapında problem yaranmasın. Bu iki işi bir araya necə gətirməli? Bax, bir naşir kimi qarşımda domokl qılıncı kimi dayanan əsas maneəm həmişə bu olub.

Müxtəlif mətbəələrlə danışdım, heç bir xeyri olmadı. Azərbaycanda təhsilin səviyyəsi aşağı düşdüyü kimi ədəbiyyat da qiymətdən düşüb, heç bir işbaz ədəbiyyat naminə güzəştə getmək istəmədi. Şəffaf şəkildə götür-qoy edəndən sonra müəlliflərə çap məsrəflərini izah etmək məcburiyyətində qaldım. Əksər müəlliflər anlaşıqlı qarşıladı, hətta jurnalın daha çox oxunması məqsədilə artıq nüsxələr almaq istədiklərini bildirdilər. Beləliklə, bu problem öz həllini tapdı. Tək-tək istisnaları çıxmaq şərtilə jurnal müəlliflərin himayəsi hesabına nəşrini bu günədək davam etdirib. Qonarar istəyən, cığallıq edən cızma-qaraçılar da oldu, onların imzalarını əvvəlcə qeyd etmək fikrində olsam da, son anda bundan vaz keçdim.

Bir imzanı xüsusilə qeyd etmək istəyirəm. Jurnalın bir neçə nömrəsi çap olunandan sonra Rəşid Bərgüşadlı müraciət etdi. Dolayısı yolla “şərtlər”i öyrənmək istədi. Dərhal başa düşdüm. Qeyd etdiyim kimi əvvəlcədən hər bir müəllifə qaydaların necə şəffaf olduğunu bildirirdim. Rəşid Bərgüşadlı davamlı şəkildə povest və hekayələrini jurnalda çap etdirdi. Həmin ərəfədə hekayə müsabiqəsi elan etdi. Öz şərtlərinə uyğun hekayələri normadan aşağı səviyyədə qiymətləndirdi və jurnalı qalib elan etdi. Təqdim olunan hekayələrin hamısını jurnalın növbəti nömrəsində çap etdirdi və bir nömrənin xərcini (500 manat) ödədi. Jurnal həmin vaxtdan “Rəşid Bərgüşadlı” mükafatı laureatı hesab olunur.

Jurnalla əməkdaşlıq quran İsmayıllı ədəbi mühitini nümunə göstərmək olar. İsmayıllıda “İsmayıllı yazarları” və “Dağ çiçəkləri” ədəbi birlikləri fəaliyyət göstərir. Onlar mütəmadi toplaşır, bir-birinin yaradıcılığı ilə tanış olur və münasibətlərini bildirirlər. Şahməmməd Dağlaroğlunun bələdçiliyi ilə İsmayıllıda yaşayan qələm sahibləri jurnal ilə əməkdaşlıq quraraq əsərlərini çap etdirdilər. Onlardan Oqtay İsmayıllı (hazırda haqq dünyasındadır), Şərqiyyə Balacanlı, Mehriban İbrahimova, Hacıməmməd Məmmədov, Rəna Mirzəliyeva, Maarif Soltan, Turac Hilal, Qabil Dərdli, Məmməd Mirzə, Sadiq Babaoğlu, Ülviyyə Niyazqızı, Aytən Ağasəlimqızı, Daşdəmir Əjdəroğlu, Tamam Tağlıbiyanlı, Şahlar Hacıyev və başqalarını qeyd etmək olar.

Elvin İntiqamoğlu imzalı bir şair var. Gəncdir. Bir gün yanıma gəldi. Jurnalın bir nömrəsini çapa hazırlamaq istədiyini bildirdi. Çox sevindim. Gənclərin diqqətini həmişə alqışlamışam. Razılaşdıq. Elvin qısa zamanda özü kimi gənclərin əsərlərini toplayıb jurnalın yeni nömrəsini çap etdirdi. Bu hal bir neçə dəfə təkrarlandı. Gənclərin ədəbiyyata diqqəti əvəzolunmazdır. Onlar hər işdən bir təkan alıb daha gözəl ədəbi nümunələr yaradacaqlar.

Bu yeddi ildə çox hadisələr baş verdi. Elə jurnalın taleyində də, ədəbiyyatın taleyində də… Gördüyüm boşluqları “redaktor guşəsi”ndə yerləşdirdiyim kiçik məqalələrdə qeyd etmişəm.

Uzun-uzadı jurnalın bu yeddi ildə keçdiyi yolu ilbəil qeyd etmək fikrində deyiləm, buna ehtiyac da yoxdur. Nümunə üçün bəzi mətləblərə aydınlıq gətirmişəm, yetər. Bircə məsələni xüsusilə qeyd etmək mütləq lazımdır. Jurnalın poeziya, nəsr bölmələri həvalə olunan imzalar dəyişdi, münasibət dəyişmədi.

Nəhayət, 2017-ci ildə Ramiz İsmayılla tanış oldum. O insanda jurnala qarşı heç bir qələm adamında görmədiyim bir doğmalıq vardı. Müxtəlif vaxtlarda jurnalın poeziya, nəsr bölmələrinə məsuliyyət daşımalı imzalar fərqli səbəblərdənbu doğmalığı göstərə bilmədiklərinə görə bölmələr ləğv olundu. Ramiz İsmayılı jurnala baş redaktor müavini olmağı təklif etdim. Razılaşdı. O gün-bu gün jurnalı ikimiz hazırlayırıq. Necə hazırlayırıq, göz qabağındadı, bütün nömrələr elektron variantda internetə yerləşdirilib. Buyurun, tanış olun!

 

Əli BƏY AZƏRİ,

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru

23 fevral – 23 mart 2023, Xırdalan şəhəri

Qiymət