Ayaz Imranoglu, şeirlər

Ayaz Imranoglu

Yollar

 

Yolların da qanadı var,

Yollar da uça bilirmiş.

Yollar da insan kimidir,

Yeriyib, qaça bilirmiş.

 

Yollar da yol olanacan,

Cığır olmuş, izi varmış.

Yolların daş kitabəsi,

Neçə ulu sözü varmış.

 

Yollar da tarix soraqlı,

Yolların da yaddaşı var.

Yollar da doğma, əzizli,

Yolların da qardaşı var.

 

Yolların ağrı-acısı,

Yollar da dərddən danışır.

yolların da göz sevgisi,

Qəlb sevgisinə qovuşur.

 

 Ölüm gəlsə sevinməsin

 

Dünya hələ kef-damaqda,

Dərdini mən daşıyıram.

Şalvarım yamaq-yamaqdı,

Mən də dedim yaşayıram.

 

Aylı gecə döşün sıxır,

Qaranlıqlar süd əməcək.

Qaçıb gedən yarasaya,

Çopur ulduzlar güləcək.

 

İçimdəki tilsimə bax,

Üz-gözümü hey yalayır.

O lal deyil, sükut deyil,

Yaralı qurddu, ulayır.

 

Ölüm gəlsə sevinməsin,

Ruham, əbədi qalacam.

Dünyanı xaraba görsəm

“Dirilib bayquş olacam”.

 

Sən özün əzəldən həsrəti seçdin

 

Sən özün əzəldən həsrəti seçdin,

Mənim sevdiyimi bilə-bilə sən.

Baxıb zövq alırdın əzablarıma,

Gəlirdin qarşıma gülə-gülə sən.

 

Mən səni istədim, həsrəti deyil,

Sevgi oyunundan bezar yaşdayam.

Bircə işarənlə Fərhad olardım,

Baxıb görərdin ki, dağda-daşdayam.

 

İndi həsrətimlə məzələnirsən,

Gördüm qələmindən şeir də çıxır.

İndi gözəllərdə təzə qaydadır,

Aşiqin öldürüb, yasına çıxır.

 

Əhddən, etibardan söz açmısansa,

Qoy gəlim diz üstə, yenə əhd edim.

Sən mənim sevgimə cavab ver, gülüm,

Min dəfə dirilim, ölüm, cəhd edim.

 

Cəhd edim o əli min yol tutmağa,

Min yol qara bassın, ilğıma gedim.

Sən o əllərini çəkmə önümdən,

Dartınım kəndirdə, ulğuma gedim.

 

Bax indi bu başa, bax bu meydana,

Edam kötüyüdə sürütlə, gətir.

Nifrətlə məhəbbət arasında sən,

Sevgimi qılınc tək əlində götür.

 

Daş

 

Ay özü-özünə daş atan oğlan,

Haranı qanaddı bu daş yarası.

O daşın üzündə qan izi gördüm,

Bu vətən daşıdı, atam balası.

 

Qaraca Çobanın sapand daşıdı,

İndicə özünə atdığın o daş.

Nə bilim, bəlkə də çaxmaq daşıdı,

Yoxsa ocaq daşı, yaşı da min yaş.

 

Millət yaddaşını yadında saxlar,

Sənin adi gözlə baxdığın o daş.

Özünü-özünə qaytarar bir gün

Sən özün-özünə atdığın o daş