Anam yuxuma gəlmişdi… (hekayə)

Kəndimizdən gələn səs

Hər səhər seyrək buludları gözlərimin isti baxışlarına «bulaşdırandan» sonra yanaqlarıma yüngül meh dəyirdi.

Bu dəfə gözlərimin içində yüngül ağrı hiss etdim. Başımın üstündəki buludlar elə bil nəsə hiss etmişdilər, bu səhər çöhrələrini duvaqla örtmüş, vücudlarını məndən gizlədirdilər. Havadakı zəif hənirtini seyr etdiyim an qonşuda kimsə tək səbir gətirdi. Mən: – Allah xeyrə calasın, – deyib bir anlıq duruxdum. Çantamı götürmək üçün evə getmək istəyəndə telefonum yaralı quş kimi çırpındı. Mən yenə də: – Allah xeyrə calasın, – deyib telefonu qulağıma yaxınlaşdırdım. Mənə tanış bir səs vücudumu silkələdi. Sanki yuxuda eşitdim: – Anamızın son anlarıdır, təcili gəl! Bu təlatümlü səsdən sonra telefonu qulağımdan aralamağa heyim olmadı. Xeyli vaxtdan sonra hiss etdim ki, göz yaşlarım yanaqlarımda ağı deyir. Bayaqdan mənim bu həyəcan doğuran halımı seyr edən qızım: – Ata, sənə nə oldu? – deyəndə hıçqırdım, hönkürtü məni boğdu. Güclə eşidiləcək səslə dedim: – Anam son saatlarını yaşayır, qızım. …Yalnız ikinci dəfə telefonuma zəng gələndə anladım ki, bizdən bir qədər aralıda yaşayan qardaşım Elşən gilə çatırıq. Bu bir neçə dəqiqəlık yolu necə getməyimizdən xəbərim olmadı. Yol boyu hansı hislərin qoynunda acı çəkdiyimi də bilmədim. Azca tüklənmiş sifətimi didməyə başlayanda yorğun adamlarsayaq darvazanın ağzında dayandım. Sanki indicə huşum yerinə qayıtdı və pıçıltı ilə dedim: – Allah, anamı mənə bağışla! …Biz həyətə daxil olanda çoxlu adam var idi. Mən onların kim olduğunun fərqinə belə varmadım, buna heç imkan da olmadı, yel sürətilə içəri keçdim. Anam lal baxışlarla məni süzdü. Gözlərində yaş puçurlananda ürəyim titrədi, elə bir ah çəkdim ki, ruhum sancdı. Anamın arıq əllərini sığalladım, yanaqlarında parıltı verən yaş damlalarını oxşadım. Qəlbimin dua qapılarını açıb yalvardım: – Anama dəymə, Allah! Fəqət ölüm adlı əbədiyyət mələyi onu məndən, bizim hamımızdan həmişəlik ayırdı; anam sanki bir xəyal qatarı idi, böyrümüzdən səssiz-küysüz ötüb getdi… Anamın ruhu Tanrısı qədər istədiyi oğlunun,nəvəsinin ruhu ilə qovuşdu. Anamı doğma kəndimizə aparıb anası qədər istədiyi Nazdı nənəmin yanında dəfn etdik. Həmin an sanki ruhlar qovuşdu deyə qəbiristanlığa qəribə bir sakitlik çökdü… …Üç aydır anam son mənzilə köçüb. O məsum qadın bu üç ayda bir dəfə olsun, yuxuma girmədi. Düşündüm ki, bəlkə ondan halallıq almamışam, bəlkə hansısa bir günahıma görə məndən inciyib. Fikirlər beynimi diddikcə, mən də taleyin amansızlığına acıdım… Bir gün yorğun-pərişan əhvalla işdən evə qayıtdım, anamın divardan asılmış şəkilinə baxıb ani kövrəldim. Bir anlıq analı günlərim gözlərimin önündən kino lenti kimi keçdi. Həmin an ağlımda olanlar analı xatirələrimin işığı qədər parıltılı göründü. Elə hey dünyanın etibarsızlığından gileyləndim. Özümün güclə eşidə biləcəyim səslə dedim: – Eh, sən nə etibarsızsan, dünya, ananı baladan ayırdın. Balalarının gözlərini yaşlı qoydun. Bu yaşda mənim anama daha çox ehtiyacım var idi axı… – Sonra öz-özlüyümdə düşündüm ki, bəlkə anamı dünyanın gərdişi deyil, oğul dərdi, onun ardınca nəvə acısı üzdü?! Bəlkə anam elə bu dərdlərə dözmədi?! Axı anam həmişə deyərdi ki, ay oğul, ürəyimdə bir neçə yaram var. O yaralar məni incidir. Mən də anama təskinlik üçün deyirdim ki, bu, alın yazısıdır, Allahın yazdığıdır, nə etmək olar. Bir gün gələn, bir gün də getməlidir, ay ana. Allah hərəni bir yolla haqq dünyasına qovuşdurur. Anam isə mən deyənlərlə razılaşmırdı. Deyirdi ki, ay oğul, hər şey öz vaxtında, insan da ahıl yaşda dünyadan getsə yaxşıdır. Görürsənmi, meyvə yetişməsə, ağacdan düşmür. Kaş, Allah oğluma və nəvəmə verdiyi dərdi mənə verəydi, onların yerinə mən öləydim… – Bu sözlərdən sonra anam elə ah çəkirdi ki, ürəyim parçalanırdı… Hər dəfə anamın yanğılı sözləri məni bir neçə il əvvələ aparırdı. Həyatın o şən, o qayğısız anları gözlərimin ətrafında kəpənək kimi uçuşurdu… Anamın şəkli ilə söhbətimizə kiçik qızım Jalə müdaxilə etdi: – Ay ata, sən burda kiminlə danışırsan? Mən qızımın gözlərində qaynayan təəccübü əritmək üçün dedim: – Heç kiminlə danışmıram, ay qızım. Qızım çiyinlərini çəkib dedi: – Yox, ay ata, səhərdən sənin danışığına qulaq asıram. Mən də elə bilirəm evdə kimsə var, onunla söhbət edirsən. Bir qədər susdum, öz-özlüyümdə düşündüm ki, yəni mən bu qədər ucadan danışmışam… Qızım sanki içimdə ləngər vuran pərişanlığı gördü, üzünə təbəssüm qondurub soruşdu: – Ata, çay içirsən? – Cavabımı gözləmədən dedi: – Bir stəkan çay iç, yornuqluğun çıxsın. Mən içimdə yüngül ah çəkib dedim: – Hə, düz deyirsən qızım, bir stəkan çay içsəm, yorğunluğum keçər. Qızım çayı qarşıma qoyanda soruşdu: – Ay ata, bəlkə haransa ağrıyır? Üz-gözündən yorğunluq tökülür. – Yox, ay qızım, heç haram ağrımır. Sadəcə, yorğunam. Qızım yenidən çöhrəsinə təbəssüm ələyib dedi: – Onda çayını iç, dur düş həyətə, bir az hərəkət et, fikirin dağılsın. – Yaxşı, qızım, çayımı içib çıxaram. Mən bir azdan həyətə çıxdım. Yavaş-yavaş bağa tərəf getdim. Ağacların günəşin şüasından soluxmuş yarpaqlarını görüb suyu açdım ki, onları sulayım. Ağaclar su içdikcə sanki mənə dua edirdi. Çünki gövdələrdəki sarı rəng həyat eşqi ilə dolurdu. Mən də fikrə qərq olmuşdum, elə hey deyirdim ki, anam doğru deyirmiş… Birdən hiss etdim ki, başım fırlanır. İstədim ki, suyu bağlayıb evə gəlim, ayağa qalxa bilmədim. Gözlərim qaraldı. Aradan nə qədər vaxt ötdüyünü bilmədim, ayılanda hiss etdim ki, anlımdan qan axır. Qalxmağa çalışdım, bacarmadım. Qızımın diqqəti sən demə arada məndə imiş. Yıxıldığımı görüb özünü mənə çatdırıb, təlaş içində məni ayıltmağa cəhd edib. Gözlərimi açanda gördüm ki, qızımın yanaqlarından yaş gilələnir. Özümə gəldiyimi görüb dedi: – Ata, sən tərpənmə, bu dəqiqə Elşən əmiyə zəng vuracam gəlib səni evə aparacaq. Mən özümdə güc tapıb dodaqlarımı hərəkətə gətirdim: – Ay qızım, heç kimi çağırıb narahat etmə. Qızım başıma sığal çəkə-çəkə soruşdu: – Ay ata, onda söylə görək nə baş verib? – Qızım deyərəm, ancaq bu gün yox. – Nə üçün bu gün yox? İndi ağrıyıram, bir balaca özümə gəlim, inşallah sabah danışaram. – Həə, yaxşı! Sanki təzyiqimin qalxdığını hiss etdim, qızıma dedim: – Ay qızım, o təyziqölçəni gətir, deyəsən təyziqim çox yüksəkdir, başım buna görə gicəllənir. Qızım dərhal evə qaçdı, getdiyi sürətlə də geri qayıtdı: – Əlini mənə ver görüm. – O, təyziqimi yoxlayıb dedi: – Bilirsən, təzyiqin neçədir? – Özü öz sualına cavab verdi: – 180-nin 120-yə. – Narahat halda üzümə baxdı: – Sən bu gün dərmanını içmisən? – Yox, içməmişəm. Qızım evdən dərmanımı gətirdi, dedi: – Tez ol, bu dərmanı iç, ana da limon suyu hazırlayır. Onu da iç, on-onbeş dəqiqədən sonra yenə təzyiqini yoxlayarıq. Xeyli vaxtdan sonra evə gəldim. Yerimə uzanıb gözlərimi divara zillədim. Anamın şəklinə baxaraq hey analı günlərimi düşündüm. Bir az keçmiş qızım gəldi: – Ata, qolunu yuxarı qaldır, təyziqini yoxlayım, görək dərman necə təsir edib. Mən dedim: – Qızım hiss edirəm ki, düşüb. Qızım təzyiqimi ölçüb dedi: – Necə düşüb, hələ 153-ün 105-ədir. – Ay qızım, narahat olmayın, inşallah keçib gedər. Mən yatmaq istəyirəm. – Ani susb dedim: – Gecəniz xeyrə qalsın… Yuxu gözlərimi necə qapadısa dünyanın hansı rəngdə olduğunu unutdum. Həmin gecə anam yuxuma gəldi. Gördüm ki, hamımız qardaşım Elşənin evində oturub şirin-şirin söhbət edir, deyib-gülürük. Birdən anam üzünü mənə tutub dedi ki, ay bala, mən gedirəm. Siz salamat qalın. – Mən dedim ki, nə tez gedirsən, səni özüm yola salacam. Anam dedi: – Yox, ay bala, siz narahat olmayın, mən Musa ilə gedəcəm. – Anam bu sözləri deyib qeybə çəkildi. Mən nə qədər axtardım anamı tapa bilmədim. Yuxudan oyandım, yanımda nə qardaşım Musa vardı, nə də ki, anam. Saata baxdım, gecədən xeyli keçmişdi. Başımın üstündən asılmış şəkillə yenidən bir neçə dəqiqə söhbət etdim. Mən danışırdım, ancaq anam susurdu. Heç bir sözümə ondan cavab ala bilmədim. Səhərə yaxın telefona yazdırdığım əzan səsinə oyandım. Namaz qılıb yatağa uzanmışdım ki, anam yenə yuxuma gəldi. Ancaq onunla çox danışa bilmədim. Bir neçə söz dedi: – Ay oğul, məndən nigaran qalma, ancaq yenə deyirəm ki, Nazlı nənənə həmişə Quran oxutdur. Sənin bütün əzab-əziyyətini o çəkib, səni o böyüdüb. – Anam sanki quş olub uçdu. Yuxudan diskinib oyandım, ətrafımda heç kimi görmədim. İşə gedəndə yolüstü yaxınlıqdakı məsciddə nənəm, anam, qardaşım və şəhid bacım oğlu üçün Yasin oxutdurdum.

Hüseyn İsaoğlu (Məmmədov), Azərbaycan Jurnalistlər Birliyinin üzvü.