ZEYNALABDİN NOVRUZOĞLU – şeirlər

Ədəbiyyat

YADA SALACAQ

 

Gücünü məzluma göstərsən əgər,

Yersiz cəsarətin yerdə qalacaq.

Gücünü zalıma göstərsən əgər,

Görənlər hörmətlə yada salacaq.

 

ALLAH, BİZƏ RƏHM ELƏ!

 

Hərənin öz bayrağı,

Öz məqsədi, marağı…

Millətə öyrədirlər,

“Yumruq kimi” olmağı,

Allah, bizə rəhm elə!

 

Ayaq başın axtarır,

İksir daşın axtarır…

Görünənlər saxtadır,

Allah, bizə rəhm elə!

 

Düşmən qəvi, oğul fərsiz,

Qılınc kütdü, at yüyənsiz…

Nə olar, bizdən xəbərsiz –

Allah, bizə rəhm elə!

Allah, bizə rəhm elə!

 

AĞLADAR

 

Torpaq kimə neyləyər?

Ona zərbə dəyməsə,

O, zorla əyilməsə…

İşdir, əgər əyilsə,

O dağları laxladar,

Kim əyilmir, dəyməyin –

Ananızı ağladar!

 

DEDİLƏR, DEDİ

 

Dedilər: hər yetənə,

Neyçün tərif deyirsən?

Dedi: bu nərdivanla,

Qalxanları görmürsən?

“İkiüzlü” dedilər,

Dedi ki, səhviniz var.

Yüzə qarşı ikiylə,

Oyun oynamaq olar?

 

Dedilər: rüşvət alıb,

Haram tikə yeyirsən.

Dedi: halal yeyənin,

İt gününü görmürsən?

 

Dedilər ki, qorxaqsan.

Gülüb dedi ki, sizlər

Sözün düzünü niyə,

Qorxaqlara deyirlər?..

 

MİLLƏT DƏRDİ ÇƏKİRDİ

 

Millət dərdi çəkirdi,

Onun da ki, xəbəri yox.

Dərd anlayan hardadı ki,

Dərd çəkənin sayı çox.

Kimi tarı-qavalıynan,

Kimi qələm-varağıynan…

Kimi siqarda çəkir,

Kimi sinədə əkir.

Kimi göz yaşı tökür,

Yalan, yalan, yalandan…

Allah bizi saxlasın,

Zurna-qaval çalandan…

 

DÜNYANI YUXUDA GÖRDÜM

 

Dünyanı yuxuda gördüm,

İməkləyən vaxtı idi.

Dəyənək, silah, kötüklər…

Şahənşah taxtı idi.

 

Hələ meymun insanlığı

Boynuna götürməmişdi…

Allah da dünyanı

Özbaşına ötürməmişdi.

 

Meşələr salona,

Yarpaqlar talona çevrilməmişdi.

“Xalq”, “millət” sözləri,

Göyərib çeynənməmişdi.

 

Siyasət adlı şeytan

şüşədən çıxmamışdı.

Hələ Arakel

Məhəmmədi yıxmamışdı.

 

“Dünyanın əşrəfi”

gözə görünmürdü.

Dünya da

metr-metr,

litr-litr,

manat-manat

bölünmürdü.

Bütöv idi,

gözəl idi –

açılmamış

qönçə kimi,

süd qoxulu

körpə kimi…

 

TƏK-TƏK DOĞULUR

 

Hamı fürsət gəzir

qarpışmağa ha.

Hamı yer axtarır

yapışmağa ha…

Kimisi yaxadan,

kimisi qıçdan,

kimisi quyruqdan

yapışan olur.

Qaranlıq gecənin

Ulduzları tək

Qoldan yapışanlar

tək-tək doğulur.

 

DƏRƏ DƏ GÜLLƏNİR,

DAĞ DA GÜLLƏNİR

 

Ana necə döyər

öz uşağını –

Yağış elə döyür

Dərəni, dağı.

Suçlu uşaq kimi

Kiriyib onlar.

(Yaxşı ki, var imiş

Qızıl qaydalar)

Nə dərə dillənir

nə dağ dillənir…

Ananın öyüdü

dönür çiçəyə –

Dərə də güllənir,

Dağ da güllənir…

 

İMANA DÖNMƏK OLAR

 

Damla-damla göl olar,

Ömrü payla, böl, olar…

Ölmək üçün yaşama,

Yaşamaqçün öl, olar.

 

Xatirinə bir gülün,

Ya da xəstə bülbülün,

Lazım olsa bir ölüm,

Ölüb-öldürmək olar.

 

Dərdi dildə demə ki,

İçdən yanıb göynə ki…

Görür, bilir Göydəki,

İmana dönmək olar.

 

DƏRDLƏŞİRƏM

 

Qəm şələsi,

yoxuş da sərt.

Nə inadım,

nə cəsarət

bəs eləmir.

Bəxtim susub

səs eləmir.

Əlləşirəm…

Nə yaxşı ki,

həmdəmim var –

Öz-özümlə dərdləşirəm!..

 

ŞƏHİDLİK UCA ADDIR

 

Əyməyə cəhd etməyin,

Əyilsəm, düzəlmərəm.

Əclafı öldürərəm,

Quş başı üzəmmərəm.

 

Dilə tutmayın məni,

Satqınlıq mənə yaddır.

Öldürürsüz, öldürün,

Şəhidlik uca addır!

 

QARTAL GÖRÜNƏR

 

Ağlın hünərindən çox olsa əgər,

Ağırlıq eyləyib səni əzəcək.

İstəyi yerinə yetməsə əgər,

Səndən inciyəcək, səndən küsəcək.

Qoşa qanadlardı ağıl və hünər –

Birləşsə, səmada qartal görünər!

 

ŞEİR YARANIR

 

Xəyal qanadını gərsə uçmağa,

Könül havalansa zirvə qucmağa.

Əgər baxdığını görə bilsə göz,

Fikir duru olsa, şirə çəksə söz,

Tumurcuq bağlayar, yarpağa dönər.

Qulağa dəyəndə ürək döyünər.

 

Necə ki, baharda qar suyu əmən,

Qönçə pardaxlanıb açılır həmən…

Söz də pardaxlanar qönçəsayağı,

Öpüşə qərq edər qələm varağı.

Bax belə olanda ürək odlanır,

Beləcə anlarda şeir yaranır.

 

SÖZÜ ÜZƏ DEYƏNDİ

 

Tez-tez gözə dəyəndi,

Sözü üzə deyəndi.

Sözünə qiymət qoyub,

Əvəzin istəyəndi.

Tənqidinə bac alır,

Tərifinə mükafat…

Təmənnası olmasa,

O, kəlmə kəsmir, heyhat!

Əgər düşsə ixtilaf,

Nala-mıxa döyəndi.

O, tərəzi pərsəngi,

O, tərəzi əyəndi,

Sözü üzə deyəndi…

 

PİSLƏRİN DƏ YAXŞISI VAR

 

Yaxşi qurd var,

Pis görürsə…

Yaxşı it var,

Az hürürsə…

 

Yalançının yaxşısı var,

Yanan evi söndürürsə…

Oğrunun da yaxşısı var,

Ələ keçib döyülürsə…

 

BƏRƏKALLAH AĞLINA..!

 

Nə yoğurub-yaparsan,

Nə də alıb-satarsan.

Tost deyib, tərif deyib,

Hazır kökə taparsan…

 

Girişmişik bu işə,

İş də dönüb vərdişə.

Tər töküb qazanmışıq,

Qızıl kimi bir peşə.

 

Bu peşə əsil peşə,

Öyrənib nəsil peşə.

İti bir balta kimi,

Hər şeyi kəsir peşə…

 

Təmiz sözdü, söhbətdi,

Bu çox nadir sənətdi.

Sənətkarı yetirən,

Heç şübhəsiz, məktəbdi.

 

Məktəbimiz var olsun,

Müəllimlər sağ olsun..!

Bizə rişxənd edənlər,

Sizlərə çox ar olsun!..

 

Qızarırıq, sizə nə?!

Bozarırıq, sizə nə?!

Sizdən yüz dəfə artıq,

Qazanırıq, sizə nə..?

 

Sabit-qədəm deyilik,

Hardan gəldi deyirik.

Halala haram qatıb,

Xımır-xımır yeyirik…

 

Bərəkallah ağlına,

Heyran qaldım nağlına.

Təzə xələt yaraşır,

Sənin boy-buxununa..!

 

BU BAMBILI DÜNYAYA

 

Başı xarab olanın,

Gözü də aydın olsun!

O xətadan sovuşub,

Xəta ondan sovuşsun.

Ağıllı qalıb

dolana-dolana,
Borclu düşüb

ağlı topuğunda olana.

Hiyləyə, yalana…

Bir də ki,

filan oğlu filana,

Salamı gec verib.

O da ki, yaltağa,

alçağa güc verib.

Düşüblər üstünə,

parta-part nə..?

tüstü nə..?

Qov-ha-qov,
Lov-ha-lov…
Aparıb qatıblar,

təkadamlıq kameraya.

Dəlisinin ağlı çatmır,

Ağıllısının cəsarəti,

ki, yetişələr haraya.

Nə deyəsən,

bu bambılı dünyaya?!