ZƏFƏR ƏTRİ (hekayə) Xuraman Zakirqızı

Ədəbiyyat

Dəstə meşələrdən, sıldırımlardan çətinliklə keçib qəsəbənin ətrafına gəlib çıxa bilmişdi. Amma artıq bir gün başa çatmaq üzrə olsa da, qəsəbəyə daxil ola bilmirdi. Atışma ara vermirdi. Düsmən qəsəbəyə xeyli hərbi qüvvə cəmləmişdi.

Cavid hər tərəfi kolluqlar əhatə olunmuş kiçik bir təpənin arxasında mövqe tutub əlindəki durbinlə qəsəbəətrafı yolun digər hissəsini və evləri müşahidə edir, ehtiyac duyulanda silahından atəş açırdı. Güllələri israf etməsin deyə görünməyən hədəflərə kor-koranə atəş açmırdı. Birdən lap yaxınlıqdakı evdən bir uşaq çıxdı. Usagın 2-3 yaşı olardı. O, Cavidi görməsə də, ağlaya-ağlaya yolu keçib onun tutduğu mövqe istiqamətinə gəlirdi. Erməni yaraqlılarının atdıgı odlu güllələr uşagın yaxınlığından, başının üstündən keçib mövqelərimizə tərəf ucuşurdu. Cavid uşağın erməni balası da olsa, güllələrin ona dəyəcəyindən qorxdu. Lakin irəli gedib usağı atəş zonasından çıxara da bilmirdi. Yerindən qalxıb uşaga tərəf getsəydi, düşmən onu aşkar edib vura bilərdi. Ani qərar qəbul edərək ondan sağda və solda mövqe tutmuş dôyüş yoldaşları pulemyotçu Adilə və Rasimə mövqelərini bir qədər də môhkəmləndirib atəşi artırmagı və bununla da düşmənin nəzərini öz üzərlərinə çəkməyi tapşırdı. Belə halda düşmən atəşin əsas istiqamətini Adillə Rasimin tutduğu mövqelərə istiqamətləndirəcəkdi. Bu zaman digər döyüş yoldaşı Vaqif sürünə-sürünə ona yaxınlaşıb özünə yeni mövqe tutmaq istədi. Cavid vəziyyəti Vaqifə də izah edib, ona hazırda tutdügü mövqedən bir az aralıda, ətrafı kolluq olan söyüd agacının yanında mövqe tutub düşməni aramsız atəşə tutmasını tapşırdı. Hər üç  döyüşçü dostu danışdıqları kimi düşmənə aramsız atəş açmaqla onların diqqətini özlərinə doğru yônəltdilər. Xüsusən də Adilin pulemyotu süsmurdu, ermənilərin başına od eləyirdi. Bu vəziyyətdə ermənilər canlarını qorumaq üçün atəşi saxlayıb torpağa sığınmağa basladılar. Cavid qəfil mövqeləndiyi yerdən ildırım sürəti ilə qalxıb alıcı quş kimi uşağa doğru şığıdı. Onu dərhal qucagına alıb bağrına basdı və geriyə, əvvəlki mövqeyinə tərəf qaçdı. Geriyə baxdı. Yaxın evin yola açılan qapısının düz çıxacagında cavan bir erməni qadınının dizi üstə düşüb uca səslə ağlayaraq hər iki əlini Cavid qaçan istiqamətə acdığını gördü. Dayanmaq, geriyə qayıdıb usağı anasına qaytarmaq həm usagın, həm də özünün ölümü ilə nəticələnə bilərdi. Öz mövqeyinə yetişib əvvəlcə usagı ən təhlükəsiz bildiyi yerə uzatdı. Usaq sakitləşib anlaqsız baxışlarla ona baxır, qorxusundan səsini çıxara bilmir, arada hıçqırırdı. Cavid qumqumasından uşağa bir qədər su içirtdi. Usaq sakitləşsə də anlaqsız baxışlarını ondan çəkmirdi. Cavid qadın olan tərəfə nəzər saldı. Qadın oldugu yerdə də qalıb uca səslə aglamaqda və özünü döyməkdə davam edirdi. Cavid qadına əl işarəsi ilə həyətinə qayıtmagı anlatmaga calışdı. Qadın bir neçə addım geri çəkilib qapıdan daş divarlı həyətə  girsə də, qapını örtmədən həyət tərəfdən qapıya söykənərək Cavid tərəfə baxırdı. Artıq Caviddən ona bir zərər gəlməyəcəyini anlamışdı deyəsən. Çünki tərəddüd içində yerində donub qalsa da ta əvvəlki kimi özünü döymür, ucadan ağlamırdı.  Amma balasının təhlükəsizliyindən də əmin omadığı halından bəlli idi.

Cavid indi daha çətin vəziyyətə düşmüsdü. Döyüşə-döyüşə həm özünü, həm də anlaqsız bir körpəni qorumalı idi. Avtomat atəşinin səsindən qorxan uşaq yenə də ağlamağa basladı. Amma xoşbəxtlikdən o daha yüyürüb qaçmır, hər atəş səsindən diksindikcı yerə daha çox sıgınmaga çalışırdı. Onun bu halı Cavidin işini nisbətən yüngülləşdirirdi. Döyüş şiddətlə davam edirdi.

Cavidgilin döyüşdüyü istiqamətə bir taqıma yaxın əsgərimiz köməyə gəldi. Onlar döyüş mövqeyini daha yaxşı tanıyan Cavidin məsləhəti ilə düsmənin sağ cinah hissəsində mövqe tutub onlara davamlı atəş açırdılar. Atəşə tab gətirməyən ermənilər qəsəbənin içərilərinə doğru çəkilirdilər. Artıq qəsəbənin kənarındakı evlər düsməndən təmizlənmisdi. Komandir düşmən döyüşçülərimizin arxalarına keçməsin deyə, qəsəbənin kənarında tutduqları mövqedə bir neçə əsgər qoyub qalan əsgərləri özü ilə irəli apardı. Bu zaman Cavid özünə ən yaxın mövqedə olan Vaqifə arxasınca gəlməyi tapşırıb özü bir əli ilə avtomatını, digər əli ilə usagı gôtürüb qadının hələ də ôrtmədiyi həyət qapısına doğru üz tutdu. Həyətə girincə gözünə ilk sataşan qadının qapıdan bir qədər aralı köhnə pilləkəndə qolları sinəsinə çarpazlanmış ruhsuz kimi oturuşunu gördü. Cavidin qucağında körpəsinin sağ-salamat olduğunu görən qadın həyəcanlı halda özünü onun ayaqlarına atdı. Qadın öz dilində aramsız nəsə deyərək onun çəkmələrini qucaqladı. Cavid uşağı qadının yanında yerə qoyub, ayağını cəkdi və ona rus dilində: “Biz, sizinkilər kimi cəllad, qaniçən deyilik. Yəqin ki, bunu çoxdan bilirsiz. Al uşağını, götür, get. Niyə çıxarmayıb sizinkilər səni, uşaqları döyüş gedən yerlərdən?” – dedi və ehtiyatla ətrafa göz gəzdirdi. Qadın yenə ağlayaraq ona yuxarını göstərdi. Cavid silahını hazır tutub qadının arxasınca pillələri qalxıb evə girdi. Evdə köhnə çarpayıda hər iki ayağı gipsdə olan qoca bir kişi zarıyırdı, Cavidi görüncə səsini kəsdi, təlaşla ona baxdı. Cavid rus dilində ərini soruşdu qadından. Qadın yarırus, yarı azərbaycan dilində ərinin harda olduğunu bildirsə də, onun cəbhədə bizə qarşı döyüşənlərin içində olduğu gün kimi aydın idi. İgid döyüşçümüz ayaqları gipsdə olan qocya baxıb ironiya ilə: “Allah bilir bizim orduya, xalqa qarşı nə qədər günah işlətmisən, amma biz silahsız adamlara güllə atmarıq heç vaxt. Hələ heç bir erməni anası deyə bilməz ki, hansısa Azərbaycan əsgəri, ya zabiti bir erməni uşağına, ya qocasına güllə atıb onu öldürüb. Amma sizinkilər bizim körpələrə, istər ötən əsrin əvvəllərində, istərsə də 30 illik işğal dövründə ağla yerləşməyən işgəncələr vermiş və hətta bununla fəxr etmişlər. Xocalıda törətdiyiniz soyqrım min illər sonra da yaddaşlardan silinməyəcək”.

Cavid danışdıqca əsəbdən alnının damarları elə qızarıb şişmişdi ki, qadın nəfəsini çəkmədən onu dinləyir, səsini çıxarmasa da, bu məğrur Azərbaycan zabitinin dediklərini tamamilə anladığı baxışlarından bəlli idi.

Cavid əyilib uşağın başına sığal çəkdi və gəldiyi kimi də cəld həyətdən çıxdı. Silahlı qüvvələrimizin böyük  bir dəstəsinin köməyə gəlməsi səbəbilə düşməni qəsəbənin dərinliklərinə qədər çəkilməyə məcbur etmişdilər.

Qarşıda hələ neçə qızğın döyüşlər gözləyirdi döyüşkən ordumuzu, o cümlədən, Cavidin dəstəsini.

Ağır döyüşdən sonra dəstəsinin yeni tapşırığa hazırlanması, mütəşşəkkil olması üçün dincəlməyə, qidalanmağa və ən əsası da yatmağa böyük ehtiyacı vardı. Cavid bütün dəstənin çox yorğun, yuxusuz olduğunu bilirdi. Daha qüvvətli, yorulmaq bilməyən döyüşçülərindən qarovul üçün ayıran Cavid, qənimət kimi boş həyətlərdən götürdükləri beş-altı toyuğun və bir qədər kartofun təmizlənib yemək bişirilməsi işini aşbazlıq qabiliyyətilə hər kəsin sevimlisi olmuş Əsədə tapşırdı, dəstənin başqa üzvlərinə də yemək hazır olana kimi silahlarının təmizlənməsini, sökülüb yenidən qurulmasını, gödəkçələrinin astar tərəfdən havaya verilməsi üçün ağacdan asılmasını göstəriş verdi. Özü arxası üstə uzanıb gələcək döyüşlərin də uğurlu alınması üçün bildiyi hərbi təcrübəsini götür-qoy etmək istəyirdi. Amma ha çalışdısa da, gənclik xatirələri, sevdiyi qız – Gülsüm gözünün önündən getmirdi… Ürəyindən müharibənin qələbə ilə bitməsi və o, yaralı halda olsa belə bu qələbənin sevincini yaşamaq istəyi keçdi… Xəyallar onu uzaqlara aparmışdı…

Əsədin, Valehin səsi onu xəyaldan ayırdı, qalxıb dəstəyə yaxınlaşdı. Uşaqlar böyük həvəs, coşqu ilə göy otların üstündə yemək “süfrəsi” açmışdılar. Müharibə şəraitində bundan artıq süfrə olmaz ki… Cavid ağlından keçirdi.

Səhərin alatoranında Cavidin rəhbərlik etdiyi dəstəyə növbəti tapşırıq gəldi. Dəstə Hadrut istiqamətinə yollandı. Cavid dözüm, səbr, dəyanətlə çətin döyüş yollarında irəliləyir, silah yoldaşlarına ürək-dirək verirdi. Hadrut ətrafında gedən döyüşlərdə gizir Cavid şücaət göstərərək Hadrut qəsəbəsinin azad olunması uğrunda qarşıya qoyulmuş tapşırıqları qəhrəmanlıqla, cani-dildən yerinə yetirir, bütün döyüşçülərinin yüksək əhval-ruhiyyədə olması üçün özü daha çox cəsurluq göstərir, yorulmadan həm dostlarını ruhlandırır, həm də özü hey irəli can atırdı.

Düşmənin bu qəsəbədə çox böyük canlı qüvvəsi cəmlənmişdi. Bundan əlavə qəsəbə sakinləri də yüksəkliklərdə mövqelənib döyüşən ermənilərə hər vasitə ilə kömək etməkdəydi. Cavid kiçik bir kəşfiyyat aparmaq qərarına gəldi. Dəstə üzvlərinə olduqları yerdən uzaqlaşmamağı, bacardıqca ehtiyac olmadan silah işlətməməyi tapşırıb heç kəsə hiss etdirmədən sıx kolluqların arası ilə irəliyə doğru sürünməyə başladı, ağacların, kolların sıx olduğu yerlərdə ehtiyatla yeriyir, mümkün olduqca irəli getməyə çalışırdı ki, düşmənin hansı mövqedə yerləşdiyini, sayını öyrənə bilsin. Ətraf tamamilə sakitlikdi, bundan ürəklənən Cavid düşmənin hələ çox uzaqda olduğunu düşünürdü.

Beləcə, olduqları yerdən yarım kilometrdən çox məsafədə uzaqlaşdığını hiss edirdi. Ətrafı diqqətlə dinləyib yenə irəliləməyə davam etdi. Artıq hava qaralmışdı tamam. Birdən ayağının altından yer qaçdı sanki. Güclü ağrı hiss etdi, ayağında, çiynində. Nə baş verdiyini anlamağa çalışdı. Qaranlıqda heç nə görməsə də, yaş torpaq iyindən, bir də özünün tərpənməz vəziyyətdə olmasından anlayırdı ki, dərin bir xəndəyə düşüb. Qanı tamam qaralmışdı. İlk növbədə özünə qəzəbi tuturdu, özünü günahlandırırdı: “Bələd olmadığım yerdə gərək çox ehtiyatlı olaydım. İşin bu tərəfini də fikirləşməliydim”. Yaş torpaq və çürüntü iyi burnunu çox qıcıqlandırırdı. Yavaş-yavaş tərpənməyə, heç olmasa oturmağa cəhd etdi, ayağını tərpətdikcə güclü ağrı hiss etdi, dişini sıxıb inildəməməyə çalışdı Cavid, hələ bilmək olmazdı, düşdüyü yer təbii çuxurdi, ya xüsusi hazırlanmış tələ. Sağ əlinin təkanıyla bədənini yerdən qaldırdı, sol tərəfi üstə ayağını bütün ağrılara rəğmən qatlayıb istəyinə nail oldu, otura bildi. Yuxarı baxdı, xoşbəxtlikdən ağaclar ayın qarşısını tam kəsə bilməmiş, zəif də olsa ay işıqlandırırdı ətrafı, bir neçə dəqiqədən sonra onun gözləri qaranlığa alışmağa başladı. Yadına düşdü ki, fövqaladə vəziyyətlər üçün buşlatının döş cibində gəzdirdiyi ağrı kəsici iynə var. Əlini cibinə sürtdü. Xoşbəxtlikdən iynə yerində idi. Çıxarıb ağrıyan dizində iynə vurmaq üçün nöqtələr təyin etdiyi yerə vurdu. Az keçmiş ağrıların xeyli azaldığını hiss etdi, onun düşdüyü quyu ilə yuxarıdakı kolların arasındakı məsafə ən azı 2.5-3 metr olardı. Ətrafda heç bir hənirti duyulmurdu, uzaqdan atəş səsləri gəlirdi arabir. O, artıq təbii çuxura düşdüyünü təxmin etmişdi və çıxış yolları barədə düşünürdü. Oturduğu yerdən qalxmağa çalışdı, amma buna nail ola bilmədi. Diz qapağında dözülməz ağrılar vardı. Səhvini dərk etdikcə daha çox məyus olurdu. Çünki, kimsəyə məlumat vermədən çıxmışdı kəşfiyyata. “Yaxşı öyrəndin düşmənin yerini”, – özlüyündə dodaqaltı deyindi. Necə olacaq, yəqin ki, çalaya düşərkən ağac kötüyünə, ya nəyəsə bərk dəyib dizim. Kim bilir, sınıb, ya çatlayıb. Ayaq üstə qalxa bilsəm, burdan necə çıxa bilərəm, bir düşünərdim. Yaman yerdə axşamladın, Cavid. Necə olacaq? Necə çıxacam mən bu kor quyudan. Üstəlik dəstə də qalacaq nigaran. Allah, özün yardım et, mənim kimi axmaq bəndənə…”

Bir neçə dəfə cəhd etsə də, ayağa qalxa bilmədi… “Burda oturub nə qədər gözləmək olar…” Kor-peşiman düşünürdü. Neçə günün yorğunluğu, düşdüyü çıxılmaz vəziyyətin gətirdiyi məyusluq onu üzürdü…

Payızın sərin mehi öz işini gördü. Özünün də xəbəri olmadan yuxu apardı onu… Az, ya çox yatdığından xəbəri olmadı, dizini tərpətmək istəyərkən şiddətli ağrı ilə hövlank ayıldı. Bir neçə saniyə harda olduğunu düşündü. Fikirləri aydınlaşdıqca yenidən güclü məyusluq hissi bürüdü onu. “Nə olur-olsun burdan çıxmalıyam, ağrıya əsir ola bilmərəm”, deyə düşündü. Çox ehtiyatla ayağa qalxmaq üçün təkan verdi. İndi göyün üzü daha da aydınlaşmışdı. Artıq düşdüyü çalanın divarları da görünürdü. Buranın nə zamansa qazılmış və tədricən yan divarları uçulmuş bir quyu olduğunu təxmin etdi. Quyunun nisbətən daha alçaq görünən divarına tərəf gəldi, ağrılar bir qədər azalmış, daha doğrusu, keyimişdi elə bil ayağı. Sol ayağına daha çox güc salmaqla yuxarı dartınmağa çalışdı, quyunun içərisinə doğru bir kol sallanırdı, Cavid sağ əlini kola atdı, ovcunun içində güclü iynələr batmasının sancısını duydu, amma kolun möhkəmliyini duyub buraxmadı əlini, var gücü ilə üzüyuxarı dartınırdı. Sol ayağının və sağ əlinin bütün gücündən istifadə edən Cavid qeyri-adi dəyanətlə bütün ağrıları yenib yuxarı dartındı və nəhayətdə quyunun üstünə qədər irəliləyə bildi, nəfəsini dərib bir də təkan verdi, bədənini quyudan xilas edə bildi. O dəqiqələrdə özünü  qələbəyə yetişmiş əsgər kimi hiss etdi.

Amma bütün vücudu tükənmiş kimi gəlirdi ona, düşüncələri, zəkası da korlaşmışdı sanki. İstiqaməti də təyin etməkdə çətinlik çəkirdi, yorğunluq və ətrafdakı sakitlik öz işini görürdü. Sübhün sərin mehi onun göz qapaqlarını məcburi bağlayır, şirin yuxu aparırdı Cavidi. Sanki pərqu yorğan-döşəkdə yatmış kimi dərin yuxuya getmişdi, qulağına qarışıq səslər gəlsə də, hələ tam oyana bilmirdi. Səslər yaxınlaşdıqca oyanmağa çalışsa da hələ ki, buna nail ola bilmirdi. Kiminsə qəflətən onun yaralı ayağına möhkəm təpik vurması Cavidi tam oyatdı və o, ətrafında üç erməni yaraqlısını görüncə yaxalandığını hiss edib, ürəyində düşməndən də çox özünə qəzəbi tutdu, yuxuya əsir düşdüyü üçün. Əliyalın, yaralı halda düşmənə əsir düşmək.., bunu özünə bağışlamayacaqdı heç vaxt.

Deyəsən, köhnə məscidin kiçik bir hücrəsinə bənzəyirdi Cavidin saxlandığı yer. Nədənsə onu tək saxlayırdılar burda. Polkovnik rütbəli birisi gündə iki-üç dəfə gəlib, onu sorğu-sual edir, sonra da beş-altı təpik, yumruq vurub gedirdi. Cavid hiss edirdi ki, onu öldürmək niyyəti yoxdur bu düşmən polkovnikinin. Çünki zərbələr də elə güclü, öldürücü deyildi. “Yəqin ki, öz əsirləriynən dəyişəcəklər məni” – ağlından keçirdi. Onu öz canından daha çox cəbhədəki vəziyyətdən hali olmaması narahat edirdi.

Bir gün yenə sorğu-sual yenicə başlamışdı ki, bayırdan bərk səs-küy qopdu, qapı döyüldü və bir erməni dığası polkovniki çağırdı. Cavid erməni dilini bilməsə də danışanların çox həyacanlı olduğunu, fövqəladə nəsə baş verdiyini hiss etdi. Ürəyi şiddətlə döyünməyə başladı: “Yəqin ki, cəbhədə üstünlük bizimkilərin əlindədir” – deyə düşündü. Çox çəkmədi səslər tamamilə kəsildi. O diqqətlə bayırı dinləsə də heç bir hənirti, danışıq eşidə bilmirdi. Oturduğu kətilə möhkəm sarımışdılar Cavidi. Bir xeyli dartınsa da arxadan kəndirlə bir-birinə bağlanmış əllərini azad edə bilmədi. Oturduğu stolu salamat ayağının təkanı ilə darta-darta pəncərəyə tərəf yaxınlaşdı. Stola bağlı olduğu üçün stolla birlikdə qalxıb pəncərəyə baxdı. Həyətdə kimsə görünmürdü, heç nə düşünmədən qəfil başıyla pəncərəyə zərbə endirdi. Pəncərənin şüşələri çilik-çilik olub töküldü. Şüşə qırıntıları əsasən çöl tərəfə düşsə də iki kiçik şüşə parçası onun qarşısına düşmüşdü, özünü kətil qarışıq yerə yıxdı. Bağlı əllərini birtəhər yaxınlaşdırıb şüşə qırıntılarından birini götürdü və kəndiri kəsməyə çalışdı. Əsirliyin gətirdiyi utanc, cəbhədən, döyüş dostlarından nigarançılıq Cavidə qeyri-adi güc vermişdi elə bil, bacardıqca daha qüvvətlə çəkirdi şüşə qırıntısını və nəhayətdə qollarının boşaldığını, kəndirin qırılmaq üzrə olduğunu hiss edib şüşəni yerə atdı, var gücüylə qollarını bir-birindən aralamağa çalışdı. Nəhayət, kəndiri qıra bildi, açılan əllərini xeyli ovuşdurub, tez-tələsik ayaqlarını da kəndirdən azad etdi. Bir də həyətə baxıb, şüşəsi  sınan pəncərədən özünü həyətə atdı. Diz qapağı zədələnmiş ayağından güclü ağrı qopsa da, dişlərini sıxıb səsini çıxarmadan ətrafa baxaraq ehtiyatla ordan uzaqlaşmağa çalışdı. Məscidin qarşı tərəfinə keçəndə yanında balaca oğlan uşağı olan bir qadınla qarşılaşdı. Onu görən qadın əvvəl həyacanla səslənsə də, qəfil əlini ağzına tutub susdu. Cavid də qeyri-ixtiyari dayandı və qadını tanıdı. Deyəsən, elə qadın da onu tanımışdı. Çünki həyəcanla bir ona, bir də arxa küçəyə tərəf baxırdı çaşqınlıqla. Birdən nə düşündüsə, rus dilində: “tez qaç, tez get, indi gələcəklər” – deyib, ona istiqamət göstərdi. Cavid qadına başınin işarəsiylə razılıq bildirib, onun göstərdiyi istiqamətdə axsaya-axsaya olsa da durmadan qaçırdı. Çox getməmişdi ki, uzaqdan maşın səsləri, atəş səsləri eşitdi və buna sevindi. Demək onu cəbhə bölgəsinə yaxın yerdə saxlayıblar, ürəyində bundan məmnun oldu. Magistral yolu görsə də yola yaxınlaşmağa ehtiyat edirdi. Daha çox kolluqların olduğu yerlərdən getməyə çalışırdı. Birdən yaxınlıqda: “Dur! Tərpənmə!” – əmrini eşitdi. Ürəyi atlandı: “Öz doğma dilimizdə bu söz nə qədər möhtəşəm səslənir, Allah!” Əllərini qaldırıb səs gələn istiqamətə döndü.

Onu görən Adil sevinclə çığırdı: “Komandir! Sənsən! Şükür olsun Allaha! Sağsan?!

İki döyüş yoldaşı elə sarılmışdı ki, bir-birinə, illərin həsrətlisi kimi… Ayrıla bilmirdilər.

Artıq bütün yollar üzü Şuşaya gedirdi…

Havadan Zəfər ətri duyulurdu.