Zaur USTAC (hekayə) SANTAVİK  ƏHMƏD              

Ədəbiyyat

“ … dədə, ay dədə …” Hər dəfə  fərqli  tonlarda səslənsə də  uzun illərdən bəri vərdiş etdiyi  eyni  “alarm” sədaları altında oyandı. Adəti üzrə əlini yana uzadıb yatağı yoxladı… Sonra əmin olmaq üçün sola çevrildi. Yanılmamışdı. Həmişəki kimi boş idi… Əlini yatağa sürtdü. Buz kimi idi… O da adəti üzrə sübh tezdən oyanıb, həyətə düşmüşdü… “Alarm” ikinci dəfə səslənəndə  qeyri-iradi sağa çevrilib yataqdan qalxdı. “Şortik”ini bir az aşağı çəkib üst-başını düzəltdi.  Altıncı oğlunun cığ-cığ səsi idi… “köpəkoğlu cığ-cığ dayısına oxşayıb…” fikri beynində  dövrə vurarkən, –  “dədə, beşinci gündür. Söz vermişdin ki, bu gün gedəciyik… Səhərdən səni gözləyirəm. Özün demişdin tezdən basa-bas düşməmiş gedərik…” – deyə uşaq birnəfəsə sicilləmə şikayət qarışıq ismarıcı aşağdan yuxarıya göndəırdi. Əhməd çəkələyinin bir tayını tapıb geyinsə də nə billah elədi ikinci tayını tapa bilmədi. Taxtın başından əl-üz dəsmalını götürüb çiyninə atdı. İndi xatırladı ki, 1 sentyabr 2023-cü il, cümə günüdür. Ötən həftə  uşağa verdiyi sözü kəlmə-kəlmə xatırlamağa başladı: – “yağmasa, üzümüzə gələn cümə sübh tezdən, basa-bas düşməmiş gedərik…” Tez bütün məsələni təfərrüatı ilə xatırlayıb telefonu axtardı. O da həmişəki kimi yəqin baş tərəfdən taxtın altında  olacaq… Əyilib əvvəlcə mobil telefonunu, sonra isə eynəyini taxtın altından tapıb çıxartdı. Telefonun ekranında barmağı ilə gəzişib, axtardığını tapdı. Üstündən basıb bir az gözlədi. Ekranda nə gördüsə, “yes” nidası çəkib, sevindi. 351 manat aylıq məvacibi  kart hesabına oturmuşdu. İndi arxayın uşağı aparıb məktəb paltarı ala bilərdi… Eynəyini bir az da nizamlayıb “termo”ya tərəf getdi. “Zalım qızı bir dəfə burada oturmadı…” düşünə-düşünə “termo”nun qarşısındakı kətildə oturub, səliqə ilə qatlanmış bayrağa və tərs üzünə üzərinə qoyulmuş çərçivəyə diqqətlə baxdı… Sonra ikinci oğlunun əlində yanacaq doldurma tapançası olan fotosuna baxıb qürurlandı. Oğlu fotoda döyüş təyyarəsinə yanacaq doldururdu. Yaxınlıqdakı aviasiya hərbi hissəsində müqavilə ilə texnik işləyirdi. Simasındakı kövrəklik yerini yenicə fəxarət hissinə vermişdi ki, gözü üçüncü oğlunun növbəti səliqə ilə qatlanmış bayraq üzərinə tərs üzünə qoyulmuş fotosunun çərçivəsinə sataşdı. Bu dəfə özünü saxlaya bilmədi… Əl-üz dəsmalı ilə gözünün bulaqlarını quruladı… Əlini boynuna apardı… Bir müddət beləcə qaldı… Sonra dördüncü oğlunun tank üstündə olan fotosuna baxdı. Dördüncü oğluna 90-ıncı illərdə şəhid olmuş tankçı əsgər yoldaşının adını qoymuşdu. İndi o da tankçı  idi. Çox da uzaq  olmayan hərbi hissələrin birində müqavilə ilə xidmət edirdi. Oğlunun tankın “lyuk”undan boylanan  baxışlarını oxşamaq üçün əlini boynundan endirdi… … ancaq qeyri-iradi beşinci oğlunun  yenicə “Gülhane”dən göndərdiyi fotodakı çarpayıda havadan asılmış gipsdə olan ayağına çəkdi… Kişi tənək çöpü ilə qalanmış təndir kimi ağarıb, qarala-qarala qalmışdı. Bu vaxt yataq otağının qapısı döyüldü…  Bir gözü “Gülhane”dən  fotoda, bir gözü də qapıda: – “Gəl, gəl ay oğul, gəl görüm…” – Əhməd uşağı içəri çağırdı. Arıq-sısqa bir oğlan uşağı içəri girdi. Bu onun altıncı oğlu idi. Ani olaraq Əhmədin eynindən nə keçdisə,  eşidilə biləcək səslə: – “Əstəğfirullah, lənət şeytana” – deyib, uşağı dinləmək üçün özünü  birtəhər toparladı…  “Dədə, ay dədə saat 9-un yarsı olub. Sonra basa-bas olacaq ha… özün demişdin. Yağış da yağmır…” “Hə, maşallah yaxşı gün çıxıb. İndi gəlirəm gedək.” – deyib Əhməd uşağı yola saldı. Özü də ardınca birinci mərtəbəyə düşdü. Adəti üzrə evdə ancaq ailə üzvüləri olanda əynində “şortik”dən başqa heç nə olmazdı. Yenə dəsmalı çiynində, qurşaqdan yuxarı lüt həyətin o başındakı hamam otağına tərəf getdi. Əhməd əvvəllər Bakı şəhərinin lap mərkəzində Hüsü Hacıyevlə Bəşir Səfəroğlu küçələrinin kəsişməsində təxminən 100 ildən bir az artıq ailəsinin yaşadığı xüsusi sənədli-sübutlu həyət evində yaşayırdı. Sonra evləri plana düşdü, …  . İndi gəlib çıxıb Qobuya. Söz düşəndə deyir bizi gəldiyimiz yerə qədər (Şamaxını nəzərdə tutur) qovacaqlar. Yeddi oğul atası olan Əhməd kişinin  yaxşı gen-bol həyəti, bağı-bağçası, iki mərtəbəli evi, halal süd əmmiş xanımı və sonbeşik bir qızı var. Görünür toy günü edilən dualar müstəcəb olub…

Əhməd əl-üzünü qurulaya-qurulaya qayıtdı. Əl-üz dəsmalını həyətdəki şəritin üstünə atıb, birinci mərtəbədəki zala keçdi. Ortadakı masanın üstündə səhər yeməyi üçün hər şey olsa da Əhməd əyləşmədi. Ayaqüstü iki stəkan çay içib həyətə çıxdı. Bəlkə də səhər saat 6-dan geyinib hazır dayanmış, bu il 9-cu sinfə gedəcək altıncı oğlu da dabanqırma ardınca… “Gəl bala, gəl. Gəl, gedək sənin də məsələni həll edək. Görək sonra başımıza nə iş gəlir…” – deyə-deyə Əhməd, ardınca da oğlu həyətdən çıxdılar…

Əhmədin atadan qalma bir “31”-i var idi. Əhməd heç vaxt maşını həyətə salmaz, yay-qış həmişə darvazanın ağzında, elə küçədəcə saxlayardı. Onlar maşının yanına çatanda Əhmədin Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinin yeddinci sinfində oxuyan oğlu və Bakı Xoreoqrafiya Akademiyasının  beşinci sinif şagirdi olan, aman-zaman bir qızı artıq maşında oturmuşdular. Uşaqlar onları  görən kimi ikisi də bir ağızdan: – “Vallah sakit duracağıq… biz də gedirik…” – deyə elə yazıq görkəm aldılar ki, Əhməd uşaqların xətrinə dəyə bilmədi. Yüngülcə başını bulayıb, altıncı oğluna qabaqda oturmağı işarə etdi…

… Onlar Nizami metro stansiyasının qarşısından keçəndə Əhməd indi avtovağzaldan Qobuya işləyən 567 saylı marşrutun əvvəllər burada dayandığını və o vaxtlar nömrəsinin 67 olması barədə uşaqlara məlumat verdi. Retro avtomobil vurğunu olan Əhməd “sarı PAZ avtobus”u uşaqlara elə təriflədi ki, uşaqların təsəvvüründəki o nəqliyyat vasitəsini biz indi təsəvvür belə edə bilmərik. O ki, qaldı təsvir edək… Əhməd balaca şahzadəsinin xahişi ilə yaxın yolunu uzaq edərək, Azərbaycan Dövlət Akademik Milli  Dram Teatrının yanından sağa dönüb yeni salınmış parkın içərisi ilə yuxarı köhnə Sovetski – indiki Nərimanov küçəsinə tərəf qalxdılar. Əhməd buraların tamam dəyişməsi barədə uşaqlara məlumat verə-verə Nərimanov küçəsi ilə Nəriman Nərimanovun heykəlinin başına dövrə vuraraq, “Qırx pilləkən”nin yuxarısından ötüb, əvvəl “qəmbərli” küçə ilə üzü aşağı, sonra Şeyx Şamil küçəsi ilə “İçərişəhər” metrosuna tərəf gedərək İstiqlaliyyət küçəsinə çıxdılar. İstiqlaliyyət- köhnə Kommunist küçəsi ilə Mirzə Ələkbər Sabirin heykəlinə tərəf gedib, oradan sola indiki Azərbaycan-köhnə Hüsü Hacıyev küçəsinə döndülər. Mərkəzi Univermağın yanından ötüb, Yazıçılar Polikilinikası olan binaya çatanda Əhməd sürəti tam azaldıb küçənin üstündə olan böyük tağın altından görünən solub bozarmış çəhrayı rəngli daş hasarın içərisindəki xüsusi mülkü göstərərək, bu evin onların dədə-baba mülkü olması barədə uşaqları bəlkə də mininci dəfə məlumat verdi. Hələ: –  “Zalım uşağı bizi yerimizdən-yurdumuzdan elədilər… Neçə ildir  elə belə də qalıb… Hər görəndə adamın ürəyi ağrıyır… Nə sökürlər… Nə tikirlər…” – deyə  dodaqaltı şikayətləni də …  Azərbaycan küçəsi ilə “Beşmərtəbə”yə tərəf gedib Mirzə Ağa Əliyev küçəsinə çıxdılar. Musiqi Akademiyasının qarşısından keçib, sola döndülər. Mərkəzi Bankın qarşısından ötüb, Azərbaycan Dillər Universitetinə tərəf getdilər. Xoreoqrafiya Akademiyasının tuşuna çatanda sola dönüb yuxarı qalxdılar. Xoreoqrafiya Akademiyasının qarşısından keçəndə balaca şahzadə: – “mənim məktəbim… mənim məktəbim…” – deyə sevincini ondan iki yaş böyük qardaşı ilə bölüşdü… … bi az da irəli gedib, köhnə Bakı şəhəri Baş Polis İdarəsi ilə köhnə Təzə bazrın arasında Mərdanov Qardaşları küçəsində beşmərtəbəli binanın birinci mərtəbəsinin qarşısında çoxlu uşaq və böyük yığıldığını görüb dayandılar. Əhməd uyğun bir yer tapıb, maşını park etdi. Maşın dayanan kimi boynundan  ağ-qara zolaqlı ağac asılmış, əlində  qoltuq ağacı olan, cındırından cin hürkən bir kişi  başını Əhməd tərəfdən qapının açıq şüşəsindən içəri  soxub: – “Xoş gəlmisiniz. Əgər çox ləngiyəcəksinizsə, açarı verin, zəhmət olmasa.” – deyə onunla burun-buruna, göz-gözə dayandı… Əhməd: – “Heç yana getmirik, uşaqlar maşındadır. Qapılar açıqdır. Dayımgilə girib, çıxırıq…” – dedi və altıncı oğluna göz vurdu. Arxada oturan yeddinci oul ilə balaca şahzadə maşında qaldılar. Əhməd altıncı oğlu ilə qapıların açılmasını gözləyən camaata qarışdı… “on çoxdan olub, niyə açmırlar?!”, “bunlar harda qaldı?!,  “budur bunların gördüyü iş?!” və s. və i. suallar qulaq deşirdi…

Nəhayət qapılar açıldı. Hamı içəri daxil olmağa başladı. Qapıların  ağzında hazır dayanmış bələdçilər içəri girənləri məktəb və liseylərin adına, nömrəsinə görə uyğun pəncərələrə yönəldirdilər. Növbə Əhmədgilə çatanda ata-oğul bir ağızdan “Uzay” dedilər. Onları eyni ad yazılmış pəncərəyə tərəf yönəltdilər. Xoşbəxtlikdən bu pəncərənin ağzı boş idi. Ata-bala pəncərənin önünə gəldilər. Əhməd heç ağzını da açmadan salamsız-kalamsız məktəbdən sinif rəhbərinin göndərdiyi şəkli pəncərədəki xanıma göstərdi. Hansı ölçü? – deyə sual verəndə, Əhməd uşağı göstərdi. Satış nümayəndəsi xanım səkli göstərib, – “hamısından?” – deyə sual edəndə, Əhməd: – “köynəkdən iki dənə, qalan hərəsindən bir dənə” – cavabını verdi. Heç 3 dəqiqə keçməmiş xanım əlində bağlama qayıtdı. Əhməd bağlamanı alıb oğluna verdi. Soyunub-geyinmə otağına gedə-gedə: – “köynəklə şalvarı yoxla bəsdir.” – göstərişini verdi. Yoxlamanın müsbət nəticəsinin təsiri altında, yüksək əhval ruhiyyə ilə malların pulunu ödəməli olduqları digər pəncərəyə yaxınlaşdılar. Əhməd şəstlə bir şalvar, bir jaket, bir jilet, iki köynək piştaxtanın üstünə qoydu. Pəncərədə olan xanımlardan biri malları hesablayıb, –  “144 manat, əfəndim” – dedi. Əhməd kehfini pozmadan yenə şəstlə: – “oldu!” – dedi və bir neçə saat əvvəl balansına 351 manat aylıq məvacibi yüklənmiş maaş kartını döş cibindəki mühüm sənədlərin arasından siyirib çıxartdı. Kartı görən xanım əhvalı pozulmuş halda: – “bəy əfəndi, lütfən para ilə, para… nəkt” – israr etməyə başladı. Vəziyyəti belə görən Əhməd əvvəlcə  pəncərənin qarçısında 360 dərəcə dövrə vurub, pəncərələrdəki məşhur məktəb və liseylərin adını təkrar-təkrar diqqətlə oxudu. Sonra qeyri-iradi elə xanımın ləhcəsində: – “vay canına” – dedi. Bir az düşünüb, – “bəs sizin post-terminallar hanı?” – deyə sual etdi. “Post-terminal, filan yok! Ya nəkt, ya da cepden cepə!” – deyə xanım bir daha israr edincə, Əhməd: – “param yox, param kartda… cepim də budur” –  deyib, cibindən düyməli “Aselsan”ı çıxartdı. Əhmədin mobil telefonunu görən kimi bayaqdan qapının ağzında dayanıb mənzərəni seyr edən səliqəli geyinmiş, saçı-saqqalı səliqəli kəsilmiş ucaboylu kişi Əhmədə yaxınlaşaraq: – “bununla olmaz ki, abiciyim… bununla olmaz… get paranı çək, gəl nəkt ödə… zorluq çıkarma abiciyim…” – dedi və Əhmədi çıxış qapısına doğru yönəltdi. Bu vaxt ödəniş etmək üçün növbəyə dayananlardan bir nəfər: – “Getməyin Əhməd dayı… getməyin…” – deyə səsləndi. Hamı dönüb səs gələn tərəfə baxdı. Sarışın ucaboylu 30-35 yaşlı bir nəfər: – “mən ödəyərəm, siz sonra mənə verərsiniz.” – deyə amiranə, bir az da kinayə və istehza qarışıq tonda davam etdi. “Ay bala, bilsəydim yolda pulu çıxardadım… mən nə bilim… televizor səhər-axşam bar-bar bağırır… mən də düşdüm kəşbək havasına… bu da oldu belə…” – deyə Əhməd suyu süzülmüş halda altıncı oğlu üçün seçdiyi məktəbli geyimləri bükülmüş bağlamanı götürüb elə girdiyi qapıdan da çıxdı. Baş verənlərdən heç nə anlamayan altıncı oğul qapıda dayanmış kişiyə fəxrlə baxıb, fəzada  balaca əlləri ilə ürək rəsmi cızaraq elə hava ilə də könül xoşluğu ilə ona göndərdi. Əhməd binadan təxminən on addım  aralandıqdan sonra  dönüb içəri girib çıxdığı qapının üzərindəki iri qırmızı hərflərlə yazılmış üç hərfdən ibarət  yazını oxumağa çalışdı: “ALA” – qapının üstündə belə yazılmışdı. Əhməd beynində “post-terminal”, “kəşbək”, “ƏDV”  fikirləşdikcə gözünün qabağında olan iri qırmız hərflərlə yazılmış “ALA” daha da böyüyür, rəngi tündləşirdi…  Əhməd gözlərini ovuşdurub, altıncı oğlunu yanına çağırdı bala, gör o qapının üzərinə nə yazılb? Bəlkə mən düz oxuya bilmirəm… bəlkə mənim gözlərim alacalanır…

Elə ki, Əhməd ayağını qapının kəndarından bayıra atdı, içəridəkilər  hərəsi  bir ağızdan  düşdü yazıq sarıyanız oğlanın üstünə… Elə bil heç bayaqdan ağızlarına su alıb kirimşcə gözləyən bunlar deyildi… Biri: – “Ay bala, naprasnı belə maşennikin əvəzinə pul ödəyirsən… oçen naprasnı… Baxıram, özü də heç bizim millətin adamına oxşamırsan… Gərək ödəməzdin… Canı çıxardı yaxında bankomatlar var, gedib pulunu çıxardıb, gəlib hamı kimi ödəyərdi… Jadnı çuşka hələ bir post-terminal axtarır, çek istəyir… Belələridir də gül kimi şəhərimizi zibilləyənlər…” İkincisi: -“Əlbəttə, qardaşın da (qapının ağızında dayanıb hər şeyə nəzarət edən saçı-saqqalı səliqə ilə kəsilmiş bayaqkı kişiyə işarə edərək) işin-gücün belə qızğın vaxtında indi durub post-terminal  dalınca düşəcək… Zarafat deyil e, bu boyda  respublikadakı bütün liseyləri paltarla bu kişi təmin edir… Özü də birbaşa Türkiyədən gətirir. Hamısı təmiz turetski maldır. Fabrişni…”  Üçüncüsü: -“Adam da tanımadığı adamın əvəzinə pul ödəyər? Batdı o pullar… indi sən o avaranı haradan tapacaqsan? Gərək heç olmasa, telefon nömrəsini alardın… ya bir sənədini götürərdin… Tanıyırsan kimdi, harada yaşayır?” Dördüncüsü: – “Mən tanıyıram, Santavik Əhməddir… Qoca Qurdlardandır… Evləri də Qusi Qciyev uqıl Şorsda idi…  İdi deyəndə ki, elə indi də ordadır, ancaq bunları köçürdüblər Qobuya…” …

 

ardı var…