ZAHİD YUSİFOV – şeirlər

Ədəbiyyat

1.

Əl güməşib, dil üyüdür,

DƏRD çeynənib, dadı itib.

Bir qorxu var, ağız güdür,

Dərdimizin adı itib!

 

Şübhələrin qırğı gözü,

Hünərimi qaralayıb.

Ha döycələ, qarğı üzü,

Dinməz, kimsə yaralayıb?

 

Ha boylanaq dərd gözünə,

Kölgəsinə ha söylənək!

Çıxıb getməz öz özünə,

Dərd üstünə gəl sellənək!

 

2.

Bu Dünyanın qapısında durmuşam,

Heç bilmirəm qovulmuşam, yoxsa nə?

Günahların uyğunu yox əynimə,

Ögeyləşən oğulmuşam, yoxsa nə?

 

De kimlərə açılır ki, qucaqlar?

İstisini qızırğanır ocaqlar,

Zəmanəyə həmzələrdi qoçaqlar,

Tələsmişəm, doğulmuşam, yoxsa nə?

 

Çox xalatlar ölçülübdür boyuma,

Çox adlar da calaq olub Soyuma,

Susan tarix çətin çatar hoyuma,

Nağıllarla boğulmuşam,yoxsa nə?

 

 

3.

Qasırğalı ömürlər də,

Dinclik umur bircə hovur.

Nadinc Zaman küləkləri,

(Atdöşündə günlərini)…

Son mənzilə qovur,qovur..!

 

Sabahları təşviş gözlü,

Dərdi arsız ,sürtük, üzlü,

Şər əlindən can üzülü,..

Şər hamilə, doğur, doğur…!

 

Bu qurğular,bu tələlər,

Sınaqlara hey itələr,

Rular yenə, hey dikələr,

Dərd odunda qovur,qovur!

 

 

4.

Dənizə boylanma uzun uzadı,

Dənizin göylüyü gözünə çökər.

Xəzərdi,xəzridi,e’tibar azdı…

Qorxuram, o səni özünə çəkər!

 

Dənizə boylanma qəmli baxışla,

Onunda qəlbinə təlatüm düşər.

Nə olar, qəmini mənə bağışla,

Qəmin də Dənizi gülüm, üşüdər!

 

Günahım o yolun uzunluğunda,

Əyrili, üyrülü döngəsindədir.

havanın nə şaxta, nə buzluğunda,

Nə sənə sevgimin sönməsindədir..!

 

5.

Sızıldayan bir ağrı var içimdə,

Dinşəyirəm, heç bilmirəm haramdır?

Ürək birdir, parçalanıb yüz yerə,

Ağrıyanı de sən, hansı paramdır?

 

Hünərlərin ölçüsü var, o kəmsə,

Kölgələrin arasında təkəmsə;

Pıçıldayır qulağıma o, kimsə?

Ana demə o torpağa, haramdır!

 

Əsəblərə tumar çəkən, uyudan,

Və’dələrlə ürəkləri soyudan,

A qorxular, sürüş, çıx bu oyundan…

Araz yatır, Kürüm nədən aramdır?

 

6.

Söyüdlərin saçı incə,

Tökülübdür kürəyincə,

Et tamaşa ürəyincə,

İtgin düşən tənha canam…

Atam-Anam Kürqırağı!

 

O baş Qazax, bu baş Gəncə;

Umaxşıyar göz də incə,

Tuyla könül, uç yeyincə,

Yal-yamaca enəm-qonam,

Atam-Anam Kürqırağı!

 

Duman gələr sinə-sinə,

Aveydağın sinəsinə,

Çiçək dolu dərəsinə,

Yurdsuz qərib, bağrıqanam…

Atam-Anam Kürqırağı!

 

Ayrılığı yazan yazdı,

getdi ruhum itdi, azdı,

Demə bu da hələ, azdı,

Qıyma mənə sənsiz sınam….

Atam-Anam Kürqırağı!