Zərifə Ağayusifqızı

Ədəbiyyat

İsmayıllı şəhidləri

 

Vətənimə göz dikəndən yağı, yad,

Qurban oldu gör uğrunda neçə can?

Şəhidlərim igid, ölməz, ruhuşad,

Mərd igidlər qisas aldı – qana-qan.

 

Fəryadları el-obaya yayıldı,

Körpələr də beşiyində oyandı.

Hər döyüşçüm bir qəhrəman sayıldı,

Namus, qeyrət keşiyində dayandı.

 

Uca dağlar xəbər verdi aləmə,

Şəhid kimi kama çatıb Teymurum.

Bu hünəri mən aldıqca qələmə

Talıstanda çaya döndü göz nurum.

 

Gəl, Səmədim, yetiş dada, dayaq dur,

Ağlamaqdan bezmir anan Səidə.

Fəxr edirik, duymaqdayıq biz qürur,

Baş əyirik adlı, adsız şəhidə.

 

Aprel ayı Mikayılın ayıdır,

Yara aldım ona dəyən güllədən.

Gedən hər kəs geri dönür, qayıdır

Qayıtmadın bəs, Əşrəfim, nədən sən?

 

Öz canını qurban dedi vətənə,

Bir müəllim, bir şəhiddir Familim.

Qəhrəmandır demək olmaz yetənə,

Torpaq azad, yoxdu daha nisgilim.

 

Şəhid Ramil, böyüyəcək övladın,

Vətən özü bəsləyəcək körpəni.

Sevdirəcək elə, yurda öz adın,

Yaşadacaq həm özünü, həm səni.

 

Bir qalanın hökmüdarı Cavidan,

Tarixlərə iz buraxmış bu adla.

Şəhid verdi bu gün qoca Talıstan,

Ölməzliyi bir elədin həyatla.

 

Yol keçənlər bulağından su içər,

Qürurusan neçə-neçə oğlanın.

Üç balası böyüyəcək bəxtəvər,

Fuad kimi atası var Ruslanın.

 

“Alim öldü, aləm öldü”, dedilər,

Yurdu sevən ölə bilməz, ucalar.

Şəhidlərlə fərəhlidir könüllər,

Qələm, silah şəhidlərdən güc alar.

 

Taqəti yox görün neçə ananın,

Gülə bilmir Orxanımın anası.

Gözü yaşlı neçə-neçə sonanın,

Hər birinin sınmış könül aynası.

 

Etibarlar can qoydular döyüşdə,

Bəzənibdir bəy otağı Fəridin.

Saməddini – mustaidi o işdə,

Həkim kimi adı qaldı şəhidin.

 

Şərəf ilə uyudular torpaqda,

Sübhi, Nicat, Həsən, elə Kamal da.

Min illərlə qalar dildə, dodaqda

Fuad, Cəmil, Arif oğlu Xəyal da.

 

Nər oğlu nər Novruz, Ülvi, həm Cavad,

Aldı torpaqları düşməndən geri.

Kənan, Emin, Cahan unudulmaz ad,

Oldu qəbirləri ziyarət yeri.

 

Ölməyibdir Vüqarımız, Xəyalım

Aqilimiz aqil kimi döyüşdü.

Anaları görsəm dönür əhvalım,

Məzarlıqda bu nə ağır görüşdü?

 

Ağlar qaldı  gülərüzlü analar.

Xarı bülbül neçə bahar açmadı.

Gültək soldu saçısünbül sonalar,

Bənövşələr xoş ətrini saçmadı.

 

Tankı yandı Mürşüdoğlu Ramilin,

Ruhu isə qonşu oldu Allaha.

Düşmənlərin ürəyində qəzəb, kin,

Gücü çatmaz həmlə edə bir daha.

 

Vüsalına yetişmədi Vüsalım,

Qucaq açıb şəkillərə küçələr,

İndi azad Xankəndim, həm Xocalım,

Rahat yatır doğmalarım gecələr.

 

Taleh deyir öz əhdimə çatmışam.

Anam hər gün  bulağıma gül düzür.

Gül-çiçəkdir dörd tərəfim, yatmışam,

Gül üzənlər adımıza gül üzür.

 

Ölməyəcək o qəhrəman oğullar,

Aylar, illər ötəsidi, keçəndi.

Döyüş anı belə dedi Etibar: –

Əziz anam, səndən öndə Vətəndi!

 

Kamalına heyran olduq Kamalın,

Elnur verdi öz nurundan elə nur.

Baxışından Şıxızadə Turalın

Döyüş əzmi, Vətən eşqi oxunur.

 

Tural Həmid oğlu, o da qəhrəman,

Ona qucaq açdı doğma Qalınçaq.

Oğullar Vətəni qorudu hər an,

Bu yolda can verdi, ölmədi ancaq.

 

O qanlı qırx dörd gün zəfərlə bitdi,

Düşmən gülləsinə tuş gəldi Qədim,

Zəfərlə canımdan ağrı da getdi,

Dikəldim, bir az da düzəldi qəddim.

 

Cahanlar bu yurdda çox doğulacaq,

Düşmən sevinməsin o, şəhid oldu.

Geriyə alınır doğma yurd, ocaq,

Yetər! Səbrimizin kasası doldu…

 

Ağ bayraq qaldırdı qaniçən yağı,

Cənnət Qarabağdan qovuldu düşmən,

Bütövdür, azaddır Vətən torpağı,

Dünyanın ən xoşbəxt adamıyam mən.

 

Yaşa, qalib xalqım, yaşa, ey Vətən,

Ali Baş Komandan, sənə min alqış!

Əziz Prezident, hünərinə tən,

Bir hünər olmamış, bir güc olmamış!

 

Canım – Azərbaycan, igidlər yurdu,

Nə gözəl yaraşır uca ad sənə.

Düşmənin önündə hər oğlun – ordu,

Hazırdır canını versin Vətənə!

 

Zərifə Ağayusif qızı Səmədova 1978-ci ildə İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub. Erkən yaşlarından şeirə, sənətə, ədəbiyyata həvəs göstərib. Şeirləri rayon qəzetində, bir sıra dövri mətbuatda çap olunub. “Aşıq Pəri” məclisinin, “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin üzvüdür.