Əlabbas Bağırov Yadigar nəğmə (hekayə)

Həmişə səhərlər gələrdi o. Tərs kimi həmişə də həyətdən gələn səsinə oyanar, gözlərimi ovuşdura-ovuşdura qarasınca deyinər, cilov gəmirsəm də, görəndən sonra ki, qışın sazağında o, yenə sitildəyə-sitildəyə həyətin ortasında nazik, qara meşin gödəkçədə, başıaçıq halda təmtək dayanıb, qəzəbim əlbəəl soyuyardı. Başa düşə bilmirdim, Qəşəm dayının adına əziz-əziz seyrangah dediyi bu kölgəliyi  hansı ağılla düz  yatdığım pəncərənin qarşısında ucaldıblar. Üstünə də günbəzəoxşar bir şey qondarıblar ki, qəşəng görünsün. Elə bil əbləhlər  mənə görə, qəsdən eləyiblər bunu.  Görəsən, atam niyə vaxtında onlara mane olmayıb? Yəqin, bu südsatan məsələsi ağlına gəlməyib, yoxsa gündə eyni vaxtda, eyni səsi eşitmək kimi olsa, zinhara gətirərdi, qalmışdı atam kimi kəmhövsələ və əsəbi bir adam ola.

– Süd vaar, süüüd, qatıııq!

– Zəhrimar var, zəhrimaaar, – heç nəyə zorum çatmayanda yorğanı başıma çəkib xəlvətdə də olsa, qırışmalın cavabını verərdim. Görəsən, yer üzündə elə  məktəbli tapılar ki,  dərs günləri obaşdan ayılaraq təzədən  isti yorğan-döşəyə girib şirin yuxuya getməyin ləzzətini ondan ötrü ayrı  nəsə əvəz eləyə bilsin? Biri özüm, şənbə-bazar, yəni məktəb olmayanda  hərdən saatı qurub  ertədən oyanardım ki, görüm o həzzi yenə alırammı, ya yox? Əfsus! Min oyundan çıxsam da,  saatlarla çimir eləyə bilməzdim. Anlamaq olmur niyə belədi.

Axırda bizdən bir mərtəbə yuxarıda qalan Səfalı  dayı  işə qarışmalı oldu. Hər yerin bir dəlisi olan kimi, bizim məhəllənin dəlisi də  bu kişidi.  Niyəsə hamı onu qırmızı adam kimi tanıyır.  Bir şey olcaq qabağa onu verirlər, o da gedib hər şeyi yoluna qoyub gəlir. Yaxşı da dili-dilçəyi var, nəyi necə deməyi, harda deməyi hamıdan yaxşı bilir. Ha eşidərdik ki,  heç kimdən  çəkinmədiyinə görə  ondan bərk ehtiyat eləyirlər. Bir dəfə o, ikinci mərtəbədən südsatana  necə təpindisə,  yazıq elə o gedən oldu.  Beçaranın dabanına necə tüpürdüyü indi də yadımdadı. Olsun ki, bu onun gülüş doğuran iti yerişinə görə belə dəqiq  xatirimdə qalmışdı. Çünki o,  yanlarını basa-basa, heç görmədiyim qədər yondəmsiz halda taytıyır,  binaların arasında gözdən itməyə can atırdı.

Səfalı dayının:

­­­­­­­­­­­­­­­­–Topal kopoyoğlu! Səni bir də buralarda görməyim! – deyən səsini eşidəndə isə necə çaşdısa, üzüqoyulu yerə gəldi. Əlindəki qabların hərəsi bir yana diyirləndi. İndiyəcən onu, bəlkə də, min dəfə görmüşdüm. Ancaq nədənsə bu mənzərə yaddaşıma həmişəlik həkk olundu.

Qonşuların giley-güzarı başlayanda isə heç kim başa düşmədi ki, Səfalı dayı oğlanı yenidən hardan tapıb üzə çıxardı, yerin təkindən, ya göyün yeddi qatından? Elə bil  öz əli ilə qoymuşdu tifili.  Kişinin mülayim səslə gözümüzün qabağında onun başına necə ağıl qoymağı, oğlanın tısbağa kimi qınına yığılıb,  burnunun üstünəcən tüklənmiş bu kifir adama necə matdım-matdım baxdığı heç yaddan çıxan şey deyil:

– Ruzini verən Allahdı, bala, səni burdan didərgin salmaqla qazancın kəsilən deyil. Burdan olmayacaq, başqa yerdən olacaq. Odu ki, sən gəl, get, bizi ağartısız qoyma, bu da sənin işin, sənin sənətindi, amma istirahət günləri bir az gec gəlsən, lap əntiqə olar. Körpəsi, xəstəsi, qocası olan var, onları nəzərə al, qoy  yatıb dincəlsinlər. Bir də biləsən, günortayacan yatmaq azarı bu millətin qanındadı, ac qalar ki, yuxusuz qalmaz.

Köçəri quş kimi oğlan yenidən qayıdıb gəldi. Yenə özünəxas qəribə bir səslə, uzada-uzada sübh səhərdən:

– Süd vaar, süüüd, qatıııq! – deyərək əvvəlkitək  gur səslə  olmasa da, yenə öz  mahnısını oxumağa başladı. Hərdən  elə bilirdim, o, yarımçıq qalan nəğməsini bülbül tək ötməyə qayıdıb, o hamının bacara biləcəyi bir iş deyil. Bunu sonradan  başa düşdüm və bir dəfə evdə tək olanda, qapı-pəncərəni bərk-bərk bağlayıb, axsağı yamsılamaq istədim, özü də bunu təkrar-təkrar etdim, amma çox gülməli bir şey alındı.  Məndən fərqli olaraq  o qışqırmır,  istəyini səsinin ən ufacıq və yumşaq yeri ilə deyirdi, özü də xüsusi  avazla…  Məhəllədə hamı ondan razılıq edirdi, illah da qadınlar. Deyirdilər, o, halal oğlandı, hələ indiyəcən bir adama kəf gəlməyib, nə qiymətdə, nə malda. Gözə dəymədiyi o bir ayda hardansa peyda olan uzundraz vələdüznanın biri qonşuların  başına oyun açandan sonra  da hörməti lap çox   artmışdı.  Özümü inandırmaq istəyirdim ki, həpəndin  səsindəki o xoş avaz da bu hörmətin qazanılmasında az-çox öz işini görüb.

Boynuma alım ki, nə də ağlıma gəlsəydi,  ondan ötrü  darıxa biləcəyim heç ağlıma  gəlməzdi. Niyə? Başqaları kimi mən də vaxt-bivaxt ona aşağı nəzərlərlə baxmışdım.  Heç  adını da bilmirdim onun. Öyrənmək belə xəyalımdan keçmirdi. Lazım idi mənə bu? Südsatan, vəssalam.  Sanki ata-anası qoymuşdu ona bu adı. Bəzən heç təəccüblənmirdim də. Bir dəfə qəzetdən oxumuşdum ki, Stəkan, Seminar, Pazı, Kombayn, Veteran, Qrafin, Kəlbətin, daha nə bilim,  nə  kimi gülünc adlar var. Onda Südsatan niyə olmasın?  Əsl həqiqəti öyrənmək əvəzinə, əksinə, əyin-başı müdam kir-pasaq içində olan  binəvanın yanından keçəndə niyəsə ona sataşar, söz atar, cırnadar, böyük qəhrəmanlıq eləmiş  kimi səfehcəsinə bundan həm də ləzzət alardıq.  O isə bizə məhəl qoymaz, utancaq halda qımışar, təhqir olunduğunu bilə-bilə üzümüzə gülər, işini qurtaran saat  boş qablarını  da götürüb binanın o üzündəki avtobus dayanacağına tələsərdi. Yadımda deyil, nə vaxtsa fikirləşəydim ki,  necə eləsə ona sataşmazlar. Bəlkə, hər sözü qulaqardına vururdu, ona görə? Bəlkə, heç kimə cavab vermirdi, ona görə?  Ya ilk gündən özünü hamıya qorxaq, gözüqıpıq  kimi tanıtdığına görə belə idi?  İzdihamın içərisində itənə qədər onu gözdən qoymaz, boy-buxunu kimi də kiçik və yöndəmsiz addımlarına baxıb onuca düşünərdim ki, görəsən, o burdan hara, kimin yanına qayıdır? Dostlarının, qohumlarının, ya heç birinin? Bəlkə, onu heç evə buraxmırlar? Bəlkə, onu heç adam yerinə qoymurlar? O da cınqırını çıxarmadan, başı salamat,  yeri isti olsun deyə bir cındır altda, biri üstdə elə tövlədə, malların axurunda gecələyir? Bunu fikirləşəndə birdən-birə necə qəhərləndimsə, ağzım duz daddı… Eşitmişdik ki, o, kimsəsiz uşaqlar evində böyüyüb, bir kimsənəsi yoxdu, məhəlləmizə də şəhərətrafı hansısa kənddən gəlib-gedir. Deyirdilər, onu kimsə götürüb saxlayır, özü üçün işlədir,  qazancını da  əlindən alıb,  əvəzində  qəpik-quruş verir.  Niyə məhz bu xəbəri eşidəndən sonra hər şey gözümdə bir heçə döndü, bilmirəm. O gecə südsatan haqda bildiklərimi anama danışanda  necə çaş-baş qaldığımı görüb, yadıma salma, dedi, uşağın dərdi məni də üzüb,  bu tale sənin də, yaşıdlarının da  hər birinə qismət ola  bilərdi. Görün ki, çörək qazanmaq nə cür olur?  Özü də dilənçiliklə yox, alın təri ilə. Tifil işləməkdən  qara qayışa dönüb. Ayağı da şikəst. Amma sən səhərlər beş-on dəqiqə ertədən durmağının davasını eləyirsən. İndi özünü də, dostlarını da, onu da yan-yana qoy, gör hansınız yaxşı oğlansınız və səbəb nədi?

Anam danışdıqca  balaca süd bidonları və qatıq şüşələrini axsaya-axsaya  ordan-ora, burdan-bura daşımaqdan boyu bir damcı qalan  şeytan fəhləsini – bu ad da  Səfalı dayının icadı idi  – düşünürdüm. Bu dəqiqə yanımda olsaydı, düşüncəsiz hərəkətlərimə görə ondan min dəfə üzr istəməyə hazır idim. Görəsən, necə olmuşdu anamdan eşitdiklərim barədə  düşünmək  bir dəfə də olsun ağlıma  gəlməmişdi?  O andan, o gecədən ona münasibətim büsbütün dəyişdi, bundan sonra onunla əsl dost kimi davranacağıma və tay-tuşlarımı da  buna məcbur edəcəyimə ürəyimdə kişi kimi söz verdim. Kimin hünəri nə idi ona sataşa, haqqında artıq-əskik danışa? Çox arzulayırdım ki, belə bir adam varsa, tezliklə ortaya çıxa, görə qan su yerinə axır, ya yox?

Bir dəfə  anam, bikef halda həmişəki yerində təkcənə dayanıb dırnaqlarını yeyən oğlanı  astadan səsləyərək təzəcə bişirdiyi yağlı kökələr olan bükülünü ona verəndə  iki göz lazım idi, onun gedə-gedə bağlamanı eşələyib, ordan çıxardıqlarını necə acgözlüklə içəri ötürdüyünə tamaşa eləsin. O, əvvəl kökənin birini, sonra o birini, daha sonra  ikisini birdən zorla ağzına dürtüb ovurdlarını şişirdə bildikcən şişirtdi. Elə bil kimsənin, payını əlindən alacağından təşvişə düşmüşdü. Dadlı kökələr qurtarana qədər o bir dəfə də başını qaldırıb ətrafa nəzər salmadı. Kim bilir, nə vaxtdan yarımçıq qalmış  tikilinin üstündə oturub, yalın ayaqlarını divardan aşağı sallayaraq onları öz-özünə oynadanda da  heç nəyə fikir vermirdi. Anam xeyli müddət onu süzüb gözləri dola-dola nəvazişli səslə nəsə pıçıldadı. Nə dediyini eşitməsəm də, o gün  kefi ala buludda olan dostuma necə ürəyim yandığını  bütün canımla hiss etdim.

Bir dəfə də anam yenə onu çağırıb,  xeyli müddət mənimlə bərabər süfrə başında otuzdurdu, qonağından muğayat ol ki, dedi, səninlə axıradək dostluq eləsin.  Bu sözü eşidən dəqiqədən özümü kişi kimi aparmağa başladım. Deyəsən, artıq  anam da mənə  böyük gözü ilə baxmağa başlamışdı. Bəlkə, bu görüş səhnəsini də qəsdən özü düzüb-qoşmuşdu ki, biz daha uşaq olmadığımızı dərk edək. Amma o ikiadamlıq balaca məclis sona çatanda bildim ki, bu da öz uydurmamdı, anam bu barədə heç nə düşünməyib…

Arabir bir-birimizə göz qoyub utana-utana gülümsünür, sonra yeməyimizə davam edirdik. Getmək məqamı çatanda heç gözləmədiyim halda, anam dəhlizdəki dolabdan çıxartdığı  iri  bağlamanı səliqə ilə qapının ağzındakı boş süd şüşələri olan  zənbilə  yerləşdirib,  qonağıma:

– Sabahdan bu paltarları gey, – dedi, – köhnələri at getsin. Axı sən yaxşı oğlansan, niyə gözəl geyməyəsən? Eşitdin, mənim balam? Çəkmələr ayağını sıxsa, gətirərsən dəyişdirərəm. Tez-tez yuyun, tez-tez çim, dırnaqlarını da yemə. Onda  olarsan şokolad kimi oğlan, qızlar da dərdindən ölər.

O, anamı  elə süzürdü, sanki göydə Allahı görürdü. Gah irilib, gah qıyılan gözləri ilə altdan-yuxarı key-key baxıb gülümsünür, arada mənə də göz qoyur, nə deyəcəyini belə bilmirdi. Fikir vermişəm, nədənsə məzlumluq belə insanların sifətinə yazılır, özü də anadangəlmə… Bərk kədərlənmişdim. Duruxduğunu görüb,  özümü elə apardım ki, guya, hər şeydən xəbərdaram:

– Onlar sənindi, anam sənə alıb, – dedim və bilə bilmədim ki, məni hönkürməkdən nə saxladı. Boğazımın göynəməyindən başa düşdüm ki, göz yaşım içimə axır.

– Burdan hara gedəcəksən? – zənbillərin hərəsini birimiz götürüb küçəyə çıxan dəqiqə xəbər aldım.

– Mallara baxmağa, – dedi.

Onu aparıb avtobusa mindirəndən  xeyli sonra da özümə gələ bilmədim. Yolda adının nə olduğunu soruşmağım da məni lap dərdə saldı. Zəif, üzgün  və titrək səslə:

– Bu günəcən bir adam mənə öz adımı deməyib. Bir dəfə də, – dedi və günahkar halda üzümə baxıb gülümsündü, – kim nə istəyir, deyir. Arıq, Ciliz, Balaca.  Bağçada Topal deyirdilər. Ordan bir ailəyə verdilər, onlar da  Axsaq qoydu adımı.   Orda bir xala vardı, Sənubər xala, məni çox istəyirdi. Elə mən də onu. Ölən kimi ordan da  qovuldum. Heç  getməyim gəlmirdi, alışmışdım onlara, deyirdim, ölənəcən  orda qalım…  Qarajda yatmağa da razıydım. Təki dəyməyəydilər. Orda özümə yer də düzəltmişdim, taxta yeşiklərin üstündə… Bilirsən nə əntiqə yer idi? Qəşəng bir küçüyüm də var idi. Özüm böyüdüb, ad da  qoymuşdum ona, Saymaz. Gecələr qısılıb yanımda yatırdı. İnanmazsan, nə boyda idi. Baaax belə!… Amma bir səhər bu kar qulaqlarımla eşitdim ki, get özünə yer tap, deyirlər, ya sən, ya itin! İkinizdən birinizi ancaq saxlaya bilərik. Özün qərar ver. Neçə gün düşünüb-daşındım, axırı dedim, qoyun o qalsın,  mən gedərəm. Harda olsa başımı saxlaram, tək adamam. Amma o? Dilsiz-ağızsız heyvandı,   gedib harda qalandı?

– Vay, vay! Özün o gündə ikən?! – soruşdum və heç bilmədim, o vaxt Səfalı dayının səsindən qorxub qaçanda onun üzüqoyulu yerə gəldiyi hardan yadıma düşdü? Dərhal da gözlərim önündə hərəsi bir tərəfə diyirlənən balaca alüminium süd bidonları canlandı.

O isə nə soruşduğumu eşitmirmiş kimi, sanki öz-özünə  danışırdı:

– Fikrim özümə yer eləyəndən sonra gedib onu da gətirmək idi.  İki aydan sonra Allahı çağırıb yola çıxdım. Balaca bir maşın da tutmuşdum. Uzaq  yerdi ora, Dübəndi. Eşitmisən belə bir ad? Pirallahıdan bir az bəri… Məni görəndə dedim bəs, həyətə bomba düşdü. Axsaq qayıdıb! Axsaq qayıdıb! Birağızdan çığırışırdılar. Gəlib ki, itini aparsın. Buna bir bax! Vəfalı çıxıb! Elə sən də itinin bir tayısan!…  Sürüş burdan!  Öyrəndim  ki, dərman verib öldürüblər yazığı. Kimi görürsə tanımır, üstünə cumur, qapırmış.  Həkim anladıb ki, quduzdu o, ehtiyatlı olun.  Onlar da inanıblar ki,  it mən getdiyimə görə qudurub. Bax belə… Bildim ki, mənə də ona görə  acıqlıdılar. Yoxsa mən nə eləmişdim onlara, hamballıqdan başqa…

Binaların arasındakı dar dalanda hardansa qaranəfəs qayıdan Səfalı dayı ilə üzləşib, onun səbəbsiz-zadsız gülə-gülə dediyi “ay cüvəllağılar, yoxdu sizdən” xitabını eşidəndən sonra əhvalımız az-maz  düzəldi, gülüb keçdik, yalnız bundan sonra yadıma düşdü ki,  sualıma cavab almamışam, odur ki, adını bir daha soruşmalı oldum.

– Həə, adııım,-deyib səsini uzada-uzada başını qaşısa da, dayanacağa çatana qədər ondan cavab gəlmədi. Başıaşağı halda gedir, dinib-danışmırdıq, sanki hərə səssizcə  öz  addımını   sayırdı.  Axırda özüm dilə gəldim, ağzımı açırdım soruşam ki, Qəmgin? Bu dəhgədə, bir ayağı yerdə, bir ayağı köhnə, sınıq-salxaq avtobusun ayaqlığında geri  qanrıldı və bircə kəlmə ilə, ötkəm halda:

– Tapdıq, – dedi.

– Nə?… Tapdıq?

– Hə dəə, Tapdıq, – kəlməsini eşidincə elə bildim  dünyanın bütün qəm-qüssəsi, dərd-ələmi, hüzn və kədəri onun sifətində həmişəlik qərar tutub, nə də dəyişsə, bircə o dəyişən deyil. Onun həmişəlik olduğunu sadəcə indi hiss etmişəm, – sənəddə də bu cür yazılmışdı. Sonra onu  da itirdim. Heç bilmədim nec oldu? Arasında üç manat da pul var idi. Deyən, avtobusda cibimdən oğramışdılar.

– Ay uşaq, qalx yuxarı! – əmri gələn kimi o:

– Axı məni tapıblar, – dedi  və şeşəbığ sürücünün qapıları bağlamağı ilə  aramıza sanki keçilməz bir  sədd çəkildi. Lap arxa oturacaqda özünə yer eləyəndən sonra onun gülümsünərək çirkli şüşədən mənə necə utana-utana əl elədiyini gördüm. Heç inanmağım gəlmədi ki, o cılız canı ilə yaşda məndən böyük də ola bilər. Deyirdim bəs o bunu nəyinsə xatirinə, elə-belə deyib. Amma niyə?

Geri qayıdanda özümü lənətləyirdim ki, axı nəyimə lazım idi bu söhbət,  indi də özümə gələ bilməyim? Guya, nəyisə öyrənməyimin bir işə xeyri oldu ki? Amma nahaq özümü danlayırdım, məsələnin nə yerdə olduğunu  bilməsəydim,  onda da buna can atmadığıma görə özümü qınayacaqdım.

Bir həftədən sonra onu görəndə gözlərimə inanmadım. Sanki bu neçə gündə  böyüyüb qəşəng bir oğlan olmuşdu. Bəlkə də, belə qıvraq və yaraşıqlı görünməyi  boy-buxununa yox, əyin-başı və təzə qara çəkmələrinə görə idi. Arxadan yaxınlaşıb balaca, ensiz çiyinlərini qucaqlamaqdan özümü saxlaya bilmədim, çevrilib məni gördü, başını bədəninə qısaraq utancaq halda gülümsündü, soruşdum,  bilirmi, mən onun dostuyam, ona bir söz deyənin ağzını cıraram. Baxıb-baxıb  ərklə:

– Dostu, – soruşdu, – ya qardaşı?

Doğrusu, onun mənə bu qədər bel bağlamağından da çox, ağlıma gəlməyən  bir şey düşünüb tapmağından çaşan kimi oldum. Qürrələnsəm də,  bilmədim, onu bu fikrə gətirən nə olub? Bəlkə, ürəyindən keçən o idi? Qoy olsun. Axşamacan top qovduğum dostlarımın hamısından üzüyola, çoxundan isə dərrakəli idi o.

O vaxt ağlıma da gəlməzdi ki, bu bizim son görüşümüz olacaq.   Məktəbdən  yay tətilinə buraxılan kimi  rayona, əmimgilə yollandım və iki ay sərin dağ havasında yaxşıca  dincəlib,  bir də sentyabrın birində, dərslər başlananda geri döndüm. Yalnız bir neçə gündən sonra yadıma düşdü ki, Tapdıq gözə dəymir.  Olmaya  bir şey olmuşdu ona? Axşam  anam, heç dostunu xəbər almırsan, soruşanda bilmədim  necə inandırım ki, elə bu gün xatırlamışam onu.

– Allah haqqı, düz sözümdü, – dedim.

-Belə də dost olarlar?-anamın iradı bu tənbehlə qurtarsaydı, heç nə soruşan  deyildim. Amma onun müalicə olunduğunu   biləndə yox, sadəcə anamın səsindən hiss etdim ki, deyəsən, xoş xəbər eşitməyəcəm. Əgər elə deyildisə,  anam onun xəstəxanada olduğunu  hardan bilə bilərdi? Nə çox idi şəhərdə xəstəxana?… Ürəyimdə də Allaha yalvarırdım ki, nə olurdu-olaydı,  bircə anam işləyən xəstəxanada olmayaydı o. Amma onu da açıqca deməyə cəsarətim çatmadı, qorxa-qorxa:

– Qoy gedim onun yanına, – dedim, – gec də olsa, günahlarımı yuyum.  Ona hər şey alaram.  Əmim də cibxərcliyi verib. Təki apar məni ora.

– Elə bilirsən nəsə almaqla iş bitir? – anam başını buladı və bunu heç vaxt edə bilməyəcəyini deyəndə anladım ki, hər şey elə ürəyimə daman kimidi…

* * *

Aradan illər ötüb, xeyli yaşa dolmuşam, yaxşı iş-gücüm, ailə-uşağım var, nə müddətdi ev alıb təzə mənzilə köçmüşük. Anam da işlədiyi vərəm dispanserindən çoxdan təqaüdə göndərilib, bircə Tapdığın harda olduğundan xəbərsizəm. Ölübmü, qalıbmı, onu da bilmirəm. Bu illər ərzində, dünyanın hər üzünü görmüşəm, min cür səsini, qarğışını, alqış və söyüşünü eşitmişəm, amma məni bircə anda tək köhnə ünvanımıza deyil, həm də uşaqlıq illərimə qaytaran o dördcə kəlməlik qəribə, bənzərsiz avazın sehrindən heç vaxt olmayıb və nədənsə elə bilirəm, olmayacaq da:

– Süd vaar, süüüd, qatıııq!…

Sonralar anladım ki, o vaxt Tapdığın üzüqoyulu yerə gəlib, əlindəki qabların hərəsinin bir yana diyirləndiyi o kədərli mənzərə və bu qüssəli səs ondan mənə qalan həm də yeganə yadigardır.

mart, 2018