Xuraman Zakirqızı -«İbrət»

Xuraman Zakirqızı

Bir gün bir şəhərə güzarım düşdü,

Dost məni məclisə dəvət etmişdi.

Məclis deyəndə ki, sevdiyi qıza,

Sübh günəşi kimi parlaq ulduza.

Ay üzlü bir gülə vermis qəlbini,

Dostumun gənc oğlu tutub əlini.

Birgə yaşamaqçün öz gələcəyin,

Nişan taxıb rəsmən elədi gəlin.

 

Yaxın bildiklərin yığıb başına,

Şənlik bəxş elədi dost-yoldaşına.

Şahid olmaq üçün bu şad gününə.

Mən də qonaq düşdüm dostun evinə.

Ev deyil, maşallah qəsr, imarət!

Soruşdum, dost kimi edib cəsarət:

“Ay canım, incimə mənim sözümdən,

Təəccüb qalmışam vallah özüm də…

Bu qədər çox böyük sarayınız var,

İstəsəz, bir ordu bu evə sığar.

Nədən yığılmısız kiçik mənzilə?

Darlıqdan bilirəm çəkirsiz çilə…

Dostum təbəssümlə baxıb üzümə

Yaman kədərləndi mənim sözümə,

Dedi, can ay bacı, sən əgər bilsən,

Təəssüflə belə sual verməzsən.

…Ah! …Nələr yaşadım bu zəngin evdə…

Heç üzüm gülmədi bir yol “qəsrdə”.

Hələ çox cavandım, gənc ikən yaşım,

Öldü bir qəzada ömür yoldaşım.

Mənim də həyatım qaraldı, söndü,

Xoş bir gün görmədim, o gün bu gündü.

Döndü qaynanamın analıq üzü,

Mənə qara etdi nurlu gündüzü.

Getsə də, əlindən cavan övladı,

Gənc ikən dul qaldım, ona yanmadı.

“Maşını zay oldu”, onu deyirdi,

“Ayağım bəd imiş”, məni söyürdü.

Beləcə, bir oğul, bir qız övladı,

Yaşadıq çox acı, zəhər həyatı…

Özüm ziyalıyam bunu bilirsən,

Ən müti bir gəlin oldum o gündən.

İşlədim, çalışdım, bir gün durmadım,

Dözdüm hər əzaba, üzə vurmadım.

Çıxmadım sözündən, hörmət saxladım,

İncidim, üzüldüm, gizlin ağladım.

Dedim adım gəlin, cavanam özüm,

Qoy dilə-ağıza düşməsin sözüm.

Südü qorxa-qorxa üfürüb içdim,

Onu ana bildim, hər sözdən keçdim.

Təkəbbür, lovğalıq, bir də ki, tamah,

Yığdı üzərinə yığdıqca günah.

Nəvələrin hətta çox incidirdi,

Dünya malın bizdən əziz bilirdi.

 

Sordum:-“ bəs niyə dəyişdi, nədən?

Bəlkə hər şey onun düşüb gözündən?

Yəqin oğul dərdi çox üzüb onu…

Nə deyim, bəlkə dərd alıb ağlını?”

Çox sual eylədim təəccüblə mən,

Susdu, danışmadı rəfiqəm həmən…

Gözləri yol çəkdi, gecdən-gec dedi,

Ürək ağrısıyla dərdin söylədi:

-Mən necə düşünüm ağlın itirib?

Oğul dərdi onu zara gətirib?!

Bir gün oturmadı dərd çəkər kimi,

Etmədi təsəlli dərdi- qəhrimi.

O, oğul itirdi, mən də yarımı,

Dul gəlin saxlamaq belə olurmu?!

İstədim həm gəlin, həm qızı olum,

Qoy yadlar görməsin saralım-solum.

Dost-düşmən, yad, kimsə gülməsin bizə,

Qarışmasın adım söhbətə-sözə.

Əvvəl mühasibdi o, bir sovxozda,

Gəlirdi ət-südü payızda, yazda

Maaşı, qazancı kifayət qədər.

Dedi, qane etmir məni bu işlər.

Biznesə qarışam, qurşanam gərək,

Dedim, yox ay ana, dayan, dur görək.

Sən qadın halınla yorma özünü,

Dinləmədi hətta ərin sözünü…

Qoşulub alverə, biznesin qurdu,

Pulu çox gördükcə nəfsi qudurdu.

Elə gətirdikcə əli pul-para,

Bizə zülm eləyib gətirdi zara.

Deyirdi; ”uzaq dur, toz qondurmayın,

Heç nəyi korlayıb, əl-iz vurmayın !”

Beləcə o evdə çətindi həyat…

Nə gəlin istədi, nə nəvə-övlad.

Görmədik nə sevgi, nə xoş bir ülfət

Yetim nəvələrə kiçik məhəbbət…

Sanki daşlaşmışdı qəlbi, ürəyi

Doğmalara, bizə yoxdu gərəyi.

Daha boğuluram, dözmürəm dedim,

İstədim o evdən baş alıb gedim.

Məni uşaqlarla təhdid eylədi;

“Alaram onları əlindən”-dedi.

— Axı mən anayam, necə alarsan?

-Alaram, sən baxıb lap mat qalarsan.

Beləcə təhdidlər, qarayaxmalar,

Bizə yuxarıdan qul tək baxmalar.

Yedi həyatımı, canımı yedi,

Uzun illər dözüb, daşıdım dərdi.

Atam, anam erkən köçdü həyatdan,

Olmadı bir kimsəm, əlimdən tutan.

Qaynanam durumdan yararlandı çox

Bilirdi güvənim, tutacağım yox…

Pulu-varı  çoxdu, hökümlü, güclü,

Mən hər addımda çıxardı borclu.

Təkəbbürlü, lovğa, həm dili acı,

Eşitmədi bir yol ər, qardaş, bacı.

İstədi qul olum, diz çöküm ona,

Övlada qul kimi baxarmı ana?!

Keçdi həyatımdan çox qara yellər,

Durdum itaətdə mən uzun illər,

Uşaqlar böyüyüb, dolduqca yaşa,

Nənənin ürəyi dönürdü daşa.

Uzaqdan-yaxından tanıyan, bilən,

Qınayıb ananı, deyirdi səhvsən.

Yetimin qəlbini qırma, əziz tut,

Sığal çək başına, qəlbini ovut.

Kimsə yarımadı dünya malından,

Vallahi tək sənə bunlardı qalan.

Zaman keçər, bir vaxt sən qocalarsan,

Taqətin, qüvvətin azalan zaman

Nəvələr, gəlinin hayan olacaq,

Axı bu var- dövlət kimə qalacaq?

Qaynanam bu sözdən hiddət duyurdu,

Onu qınayanı uzaq qovurdu.

Deyirdi, etməyin mənə nəsihət,

Öz ağlım, düşüncəm edər kifayət.

Bir gün də eşitdim, obyekt tikəcək,

Ordan daha böyük pul götürəcək.

Bir bankla danışıb bağladı saziş

Bina tikmək üçün başlandı bu iş.

Evi girov qoyub kredit aldı,

Bizi də qorxuzdu, təşvişə saldı.

Yığdı ətrafına mühəndis, fəhlə

Özülün qoydular şövqlə, bəh-bəhlə.

Tikinti ucaldı, pulu azaldı,

Qazanc yeri itdi, qəlbi sozaldı.

Al-verdən yığdığı pullar da getdi,

Bank möhlət verdiyi zaman da bitdi.

Həm bina yarımçıq, qurtardı pulu

Borcu qaytarmağa qalmadı yolu

Bank həmən əl qoydu bu girov evə

Artıq çuxasına düşübdü güvə…

Bu ev tikiləndə təzə gəlindim,

Pul onun olsa da, xidmətçi məndim.

Ustaya, fəhləyə göstərib xidmət,

Yemək, çay, təmizlik, çəkdim əziyyət.

Qaynanam gəzirdi İstambul,Dubay

Al-ver eləyirdi, mal qalay-qalay.

Pulu çox gəlincə həvəsi artdı,

Daha çox qazanmaq şövqü yaratdı.

Sonu da bax belə oldu tamahın

İndi nə faydası qüssənin, ahın?!

Bilirəm, hər kəsə görüntü üçün,

Yalvardı nişanı burda keçirin.

Baxın, əziz bacım, bu ev bu “qəsr”

Adı bizim, amma bank üçün “əsir”.

Çox çəkməz,bu evi bizdən alar bank

Dəyərin dəyməzə yəqin satacaq.

Tikinti yarımçıq, bitməyib ki, heç

Haraya sığacaq bu “sevimli köç”?!

İllərlə çalışıb toplanmış gəlir,

Bax, indi kimsəyə faydası dəymir.

Doymadı ananın heç tamah gözü,

Qazandı, durmadı gecə-gündüzü.

Olduqca, daha çox istədi artsın,

Gəlirinə gəlir artırsın, qatsın.

Sonu da bax belə, olmuş peşiman,

Topuğa dəyər daş-daldan atılan…

Yüz yol af-uf etsə faydası yoxdur,

Al-verin, haramın mayası yoxdur.

Olayları yazmaq gərəkdir, duydum

İbrət götürməli məncə bu durum.

Qiymət