Xatirə Səfər – şeirlər

Ədəbiyyat

Yenidən doğulmaq

 

Qəlbimdəki dumanı dağıtdın ki, Allahım,

Yenidən düz yolumu aydın görümmü deyə?

Yıxdın, yerlə bir yeksan etdin bütün dünyamı

Divar-divar özümü yenə hörümmü deyə?

 

Gəldi döndü başıma qaçıb getmiş idrakım

Üsyanlar qırdı mənim belimin qabırğasın.

Dedilər ki, ay insan, olma belə naşükür,

Qayıt, yoluna qayıt, düşmə Tanrıya ası.

 

Allahın tək dərgahı dönəcəyin ocaqdır,

Nə dilərsən, dilə sən “cahanın ağası”ndan.

Sən ki, əzəldən bəri saxtalığı sevmədin,

Odur ki, bərk-bərk yapış Allahın yaxasından.

07.05.2023

 

Atacan

 

Dönmüşəm körpəcə qız uşağına,

Yadıma birbəbir düşür o çağım.

Sən idin ilk dostum, ilk müəllimim,

Sən mənim ən uca, güvənli dağım.

 

Mən, görən, layiqli övlad oldummu?

Görən, neçə dəfə xətrinə dəydim?

Uşaqkən etdiyim xətalarımdan,

Hər dəfə önündə başımı əydim.

 

Böyüdüm, atacan, məhəbbətinlə,

Qayğınla qol-budaq açdı ürəyim.

İllər yaşım üstə yaş gətirsə də,

Yenə qucağına qaçdı ürəyim.

22.09.2022

 

Nakam sevgi

 

Mən həsrət nəgməsi bəstələyirəm…

Səsini duyduğum o andan bəri…

Mən elə dualar edim gərək ki,

Yaradan zamanı döndərsin geri.

 

Sən vərdiş eylədin gəlib getməyə,

Gedişini indi nəyə yozum mən?

Səninlə qurduğum xəyallarımı,

De hansı silgiylə silib, pozum mən?

 

Hər dəfə vurursan zəif yerimdən,

Qalır qursağımda bu sevgi tikəm.

Səni ürəyimə həkk eyləmişəm,

Bir ömür yetməz ki, mən onu sökəm.

09.01. 2021

 

Xocalı

 

Hansı rəng ilə əvəz edəsən ki,

Yarım(çıq) qalan həyatların,

sönmüş günəş işığını…

hansı ahlarla səsini

ucaldasan göylərə ki,

Görə bilsinlər

körpə balaların gözlərinin oyuğunu…

Qulaqların kar olan,

ürəklərin daş olan dövrü idi Xocalı.

Əgər cana qıymaq idisə,

bəs nə idi bu vəhşətin amalı?

Məgər belə tale də

alınlara yazılarmı?

İnsanların qəbirləri

diri-diri qazılarmı?

Əlim yazmaz bu taleyi,

dilim deməz olanları.

Dəhşət necə bürüməsin

ordan geri qalanları?

Bütöv olan həyatların

paramparça qırıqları.

Məhv etmişdi insanlığı

İblis, şeytan varlıqları.

Yox, yox, hələ inanmiram,

Onlar deyil şər qüvvələr.

Heç olmaya Allahından

Qorxur hələ əcinnələr.

O varlıgın tək adı var –

ermənidir, erməni.

Həmin günsə çıxdı yoxa

Duaları qəbul edən,

Eşitmədi, görmədi….

 

Duam

 

Məni qoyma öz halımla çarəsizcə baş-başa

Gəl eyləmə aram ilə taleyimə tamaşa.

De ki: “qulum, al yenidən bu yazdığım qisməti,

Doya-doya çalışasan buyurduğum tək yaşa!”

 

Çoxdan olub istəyimi bağladığım, yumduğum,

Səndən başqa yox kimimsə bel bağlayıb umduğum.

Bilirsənmi, sənsiz ömrüm olubdur dağım-duğum,

Mən ki, SƏNdən çox razıyam, əksini bilmə haşa!

 

Qarışmazlar İlahinin işlərinə əzəldən,

Başdan yarat hücrə-hücrə, damla-damla təzədən.

Dünya malın ucaldaraq gözlərimdə bəzədən

Əhd edim ki, rast gəlməyim heç vaxt daha bir “kaş”a

 

 

Səni sevirəm

 

Səsin qulağımın ən xoş sədası,

Gülüşün ruhuma paydır, birdənəm.

Sürmüşəm yarama sən adlı məlhəm,

Sabaha ağrısı qalmaz bir dənə.

 

Qolların anamın qucağı kimi,

Nəfəsin duyduğum ən isti ocaq.

Başımı dizinə qoysam o andan,

Bütün küskünlüyüm unudulacaq.

 

Dodağın cismimin atəş yeridir,

Yandırar toxunsa bütün dərdimi.

Görən, sevənlərin eşqi, sevdası,

Vüsala çatdımı, sona ərdimi?

 

Bizim məhəbbətin adını deyim?

“Bir qara eşq “olsun gərək ki, ismi.

Sən necə sevirsən xəbərim yoxdur,

Amma hər nəfəsdə doğulur cismim.

17.07.2022

 

Ümidsiz sevgi

 

Bəzən sevdiyin dəniz boğar səni suyunda,

O sevişir zənn edər qoynunda çırpınınca…

Kəsər bütün dalğalar nəfəsini bir anda,

Hiss etmərsən ölürsən kipriyin qırpınınca.

 

Tərk edər ruhun səni, ayaq açar yeriyər,

Ən dərinə batırar sevdiyini bu dəniz.

Demə unudar səni, demə heç xatırlamaz,

Coşar fırtınalarda qalar səndən boş bir iz.

 

Dil açmayan dənizin dibində ölümlər var,

Bitmiş romanları var, yarımçıq hekayəsi.

Hər gecə batmış ruhlar dalğalarla güləşər,

Batırar qulaqları ümidsiz sevgi səsi.

……2023

 

Huzur köşəm

 

Qurtulub gündəlik qayğılarımdan,

Tutdum sənə sarı yolu, huzurum.

Dualar yolladım Allah evinə,

Sarıldı boynuma qolun, huzurum.

 

Küskün həyatıma gəldin pay kimi,

Sən işıq, sən həyat, can verdin mənə.

Bu necə sevdadır düşdüm, İlahi,

Yox oldu, qalmadı dərdim bir dənə.

 

Sən demə, illərdir gözlədiyim kəs,

Elə sənin ruhun, özün imişsən.

Sən mənim başıma bu dar dünyada,

Gələn ən uğurlu, xeyirli işsən!

 

İnsan

 

Ayrılıq taqətdən saldı, yoruldu,

Ürək parçalandı, yandı, qovruldu.

Yollar ayrıcında qaldı, sovruldu,

Kim oldu bu bəxti, qisməti yazan?

 

Göründü gözlərə mələk misalı,

Yandı fəqirlərə ürəyi, halı.

Payladı aləmə, yığdığı malı,

Dost oldu axırda quyusun qazan.

 

Aldı son qüslunu, paklandı təmiz,

Çalışdı, o qoysun silinməz bir iz.

Dünyadan özünə nə varsa əziz,

Apara bilmədi, qoymadı mizan.

08.05.2022