Xarici naxoşluq deyəndə zahirdə, üzdə olan naxoşluğu demirəm. Bu sözü mən coğrafi mənada işlədirəm, sərhəd xaricindəki naxoşluqlardan söhbət gedir…
Mən deyərdim bizim şəhərdə hakimlik sənətindən çox növbətçiliyi olan sənət yoxdur. Özüm həkiməm, günaşırı, bəlkə də daha çox növbətçi oluram. Xəstələrimə müttəsil nəzarət eləmək, gecə-gündüz müalicə prosesini izləmək nəticəsini vərəqlərə köçürmək, ən güclü bir arzu kimi heç vaxt məni tərk etmir.
Növbətçilik saatlarında yalnız ixtiyarında olan xəstələrlə məşğul olmursan. Bir də görürsən, xəstəxananın darvazası taybatay açıldı. Budur, «Volqa», «Pobeda» ya «Moskviç» maşınında, ya da lap yük maşınında «ahufla” təzə xəstələr gətirdilər. Düzdür, bizim xəstəxana şəhərin ucqar yerindədir. Çarpayısı da azdır. Hər saat oraya xəstə daşımağa icazə vermirlər. Amma gələni geri qaytarmaq da olmur. Biri qəfıldən sancılanıb, birini maşın basıb, birini araq yıxıb, bir başqasını bıçaqlayıblar. Ya it qapıb…
Nə başınızı ağrıdım, böyük şəhərdir, bədbəxt hadisələr olur. Daha belə yerdə nə həkim, nə şəfqət bacısı qapını bağlayıb xəstəni rədd edə bilər. Nəsihət oxumağa, şəhər sovetinin qərarlarından maddə gətirməyə dəyməz. Qanun da buna yol vermir. Adamın vicdanı da qəbul eləmir ki, deyəsən: «Yoldaş, yerimiz yoxdur, qayıdın gedin!» Bu axşam gətirilən xəstə dediklərimin heç birinə oxşamırdı. Nə it qapmaq, nə sərxoşluq, nə bıçaqlanmaq söhbəti var idi. Əksinə, çox sakit, çox mülayim, özündən də zarımaq, zıqqıldamaq deyilən şey eşidilmirdi! Qəbul otağında divanda uzanan xəstəyə yaxınlaşanda şoferdən soruşdum: — Nəyidir xəstənin? — Bilmirəm, doktor.
Şəfqət bacısına müraciət etdim: — Buna nə olub? — Bilən yoxdur.
— Bəlkə heç xəstə deyil, götürüb gətirmisiniz.
— Doktor, necə xəstə deyil, küçənin ortasında asfalta yıxılıb qalmışdı.
Camaat başına yığılmışdı.
Mən xəstəyə yaxınlaşdım. Doğrudan da bənizi qaçmış, rəngi solmuş, taqətdən düşmüş gənc, nazik bir qızın sifətini gördüm. Qara qaşlar altında xeyli dərinə çökmüş iri gözlər olmasa meyit güman edərdim. Sapsarı idi. Lap ipliyi üzülmüşdü. Nə bir söz, nə hərəkət? Ancaq iri gözlərini ağır-ağır o yan-bu yana çevirərək gəlib-gedəni süzürdü.
— Qızım, sənə nə olub? Mən xəstənin nəbzini yoxlamaq üçün çöp kimi nazik biləyindən tutdum.
Nəbzi zəif vururdu: — Sənin nəyindir, qız? Xəstə başını çətinliklə mənə tərəf çevirib ağır-ağır dedi: -Burada kino varmı? — Nə kino? — Televizorunuz varmı? — Sən xəstəsən, ya əyləncə axtarırsan, qız? — Axtarmıram, prosto soruşuram.
Mən sualımı bir də təkrar etdim: — Nəyindir, haran ağrıyır? — Özüm də bilmirəm.
— Haçandan beləsən? — Bu gün bulvar yanında yıxılmışam.
— Yaralanmamısan? — Yaram yoxdur.
— Bəlkə dəyib, toxunan olub? — Olmayıb! Özüm gedəndə sərələndim.
Mən xəstəni dərhal palataya, rahat bir yerə köçürdüm. İlk tibbi yardım üçün nə lazımsa əmr verdim, hazırladılar. Çox çəkmədi, xəstənin anası da gəlib çıxdı. Minnətdarlıq, razılıq edəndən sonra xüsusi bir sözü olan adam kimi mənə yanaşdı, pıçıltı ilə dedi: — Doktor, Ofelyanı nə qədər istəyirsiniz burada saxlayın, sağaltmamış buraxmayın, qadanızı alım! Xəstə sahibinin «damdandüşdü» xahişi mənə təəccüblü göründü. Təəccüblü göründü ona görə ki, belə xahişlər bizdə az olur. Əksinə, analar, atalar xəstələrini müalicə etdirən kimi tez çıxarıb aparmağa, xəstəxana rejimindən qurtarmağa tələsirlər.
Mən anadan soruşdum: — Ofelya çoxdanmı naxoşdur? — Çoxdan.
— Haçandan? — Olar bir neçə ay. Təəccüb elədim. Belə zəif bir bədənin uzun müddət naxoşluğa davam gətirməyi, həkimə, müalicəyə xəstəxanaya müraciət etməməyi qəribə idi.
— Ay xala, bu zəif qızı vaxtında nə üçün müalicəyə gətirməmisiniz. Hətta onun bizdə kartoçkası da yoxdur.
Belə başısoyuqluq olar? Ana başını tovladı, üzümə baxdı, ürəyinin dərdini açan adamlar kimi səmimi danışdı: -Ay doktor, indiki cavanlar bəyəm sözə baxır, bəyəm nəsihət eşidir, bəyəm dərdini deyir? Kinodan, konsertdən macal tapır ki, müalicəyə gəlsin, özünüz yaxşı bilirsiniz ki, hamısı incəlmək istəyir! İndi başa düşdüm ki, ana nə üçün Ofelyanın buraya düşməyinə sevinir. Evdə, sərbəstlikdə heç bir müalicə tədbirinə boyun əyməyən övladın xəstəxana rejiminə tabe olması ana üçün doğrudan da təsəllidir. Məlumdur ki, hər bir xəstəni və xəstəliyi bacarıqla müalicə üçün birinci şərt diaqnoz, yaxud Sabirin dili ilə desək «dərdi təşxis» etmək, yəni dürüst müəyyən eləməkdir, doğrudur, qocalarda, uzun müddət naxoş olub müalicəyə getməyən, bədənini əldən salan, bir neçə azarı çarpazlaşan adamlarda təşxis çətin, mürəkkəb olur. Ancaq müasir təbabət texnikanın, kimyanın köməyi ilə ən pis xəstəlikləri açır, izah edir. Qorxulu, qaranlıq bir şey qalmır.
Rentgen şüalarını nüfuz eləmədiyi damar hanı? Xüsusən Ofelya kimi cavan, on səkkiz yaşında bir qızın xəstəliyini təşxis etmək nə mürəkkəb üsul, nə də elə bir axtarış tələb edir. Təzə boy atan ting kimi gənc, yarımşəffaf bədəninin bütün imkanları, nöqsanları da göz qabağında olur. Ofelyanın müayinəsi və təhlilləri qızın zəifliyindən, qüvvətdən düşməyindən başqa heç bir xəstəlik əlaməti göstərmədi. Cavan bədən, imkanları tələbincə, vaxtında qidalanmayıb zəiflikdən üzülüb gedib, ayaq üstə dayanmağa tab gətirməyib…
Mən qızın anasını danladım: — Şükür, sizin məişətiniz, güzəranınız yaxşıdır, məktəbli bir qızın yeyibiçməyinə niyə fıkir verməmisiniz, niyə bədənini üzmüsünüz, xala? Ana dəfələrlə verilən sualdan təngə gəlmiş kimi əllərini dizinə çırpdı: — Ay doktor, başına dönüm, qurbanın olum, əgər sən Ofelyaya gündə ikicə dəfə xörək yedirdə bilsən, sənə ömrüm boyu minnətdar olaram! Yemir, yemir a qadan alım! — Necə yəni? — Yemir, əzizim! — Necə yemir, onun otuz iki dişi cağbacağ yerində, həzm aparatında da bir azar-bezar yox, mədə şirəsi də normada.
Niyə yeməsin?! — Doktor, ona baxma, yemir, öldür yemir! — Dadlı-duzlu xörəklərdən yeyər! — Dünyada hər lezzətli xörək — cücə əti, evdə bişən yağlı kökə, dolma, plov, qovurma və s. nə desin qabağına qoyuruq, geri itələyir, ayağa qalxır ki, yemirəm, kökələrəm. Məni gülmək tutdu. Hörümçək kimi bir bədən sahibinin kökəlməkdən qorxması gülməli deyilmi? — Nəyi kökələcək, onun bütün vücudunda beş kilo ət yoxdur.
— Qorxur, yemir! Onunku jurnaldır, kinodur.
— Mən onu yedirdim, sən tamaşa elə! Doğrudur, mən döşümə döyə-döyə qadını arxayın elədim. O da xəstəxana yeməkləri ilə kifayətlənmədi. Səhər-axşam cürbəcür xörəklər bişirib yaraşıqlı boşqablarda qızının yanına daşımaqda davam etdi. Ancaq sonra gördüm ki, Ofelyaya xörək yedirtmək o qədər də asan iş deyilmiş.
— Ay qız, bədənini üzməkdən məqsədin nədir? — Siz nə deyirsiniz, doktor, məni eybəcər, bədbəxt elemək fıkrindəsiniz? — Bu nə sözdür, qızım, bəyəm xörək yeyənlər eybəcər olur? — Bəs nə? Görmürsünüz necə ləndəhor qadınlar var bizdə, Yevropada hamı nazik, incədir. Adama fıqura lazımdır, fiqura! — Nə görmüsünüz Yevropada, Yevropada olmusunuz? — Mən «Ekrana» abunəyəm.
— «Ekran» artistlərin jurnalıdır, siz də artist olmaq arzusundasınız? — Xeyr, artist yox, artistka! — Artistkanın da bədəni gərək qüvvətli olsun.
— Mən qüvvət yox, fiqura istəyirəm.
— İncə olmaq istəyirsiniz? — Bəli, mən incə olmasam özümü öldürərəm.
Mən qızın zəif vücuduna işarə etdim.
— Bundan da incə? — İstəyirəm incə olum. Doktor, siz mənə bu xörəklərdənsə elə dərman verin, bədənim hörümçək kimi olsun, özüm də quş kimi uçum! Quş kimi ha!..
Mən aşkar görürdüm ki, Ofelya xəstə-zad deyil, bəzi kinofilmlərin qurbanıdır. Ofelya xəstəxanada bir həftədən artıq qalmadı. Nə məsləhət eşidir, nə dərman qəbul edir, nə də verilən xörəkləri yeyirdi. Birtəhər sürünüb özünü televizorun qabağına salır, «xarici» film olmayanda kitabxanadan «Ekran» jurnalını (şübhəsiz ki, xaricdə çıxan jurnalı) gətirib vərəqləyir, bədənini, paltarını cürbəcür biçimlərə salır, güzgü qabağında dururdu. Anası bu dəfə qızının yanına gələndə mən xahiş elədim: — Maşını buraxmayın. Qadın şoferi səsləyib dayandırdı. Güman elədi ki, mən maşına oturmaq istəyirəm.
— Buyurun, doktor! — Mən yox. Ofelya gəzmək istəyir.
— Nə gəzmək? — Kinoya getmək istəyir. Ofelya bu sözü eşidib özünü həyətə atdı, anasını səslədi: — Ana, mənim paltarlarımı gətir, tez ol. «Nizami»də «Yevo Lyubov» gedir, baxmasam ölərəm! Ofelyanı anasına qoşub göndərdim və xahiş elədim ki, buraya qaytarmasın.
— Onun azarı ancaq klubda müalicə oluna bilər.
— Bu nə azardır, doktor? — Bu xaricdən gəlmə azardır. Bizlərdə olmur, xala! — Xarici mal eşitmişdim, xarici azar birinci dəfə eşidirəm. Bəs bu zəhrimar Ofelyanı haradan tutub? — Bəzi kinolardan tutub xala, sağalar, qorxma! Bu da mal kimi bir şeydir, təzə çıxıb.