Xarıbülbülün arzusu (hekayə) Murad MURADOV

Murad Muradov

Hər şey bu torpaqlarda baş verdi… Məhz burada. Şuşanın məşhur Çıdır düzündə…

 

Otuz ildir ki, bu yerlərdə bitkilər tamam yaprıxıblar, heç cür boy ata, çiçək aça, ləçəklərini töküb başa çıxa bilmirlər. Təkcə Xarıbülbül adlı iki güldən başqa.

İllərdir bu sevimli iki gül mamırlı qayalara, izi itən çığırlara, gecələr ayın süd aydınlığında ağaran yollara baxmaqla başlarını qatıb ömür sürürlər. Deyirlər ki, «dərdlilər danışqan olur». Amma bizim bu sevimli güllər çox nadir hallarda bir-birlərilə söhbət edərdilər. Üfürməzdilər bir-birlərinin canlarındakı həsrət közlərini.

Günlərin bir günü, nəhayət ki, onlar ən xoş arzularını dilə gətirib, gələcək barədə söhbət etməyə başladılar. Birinci Xarıbülbül dərindən köks ötürüb dedi:

— Bilirsən, kaş yenə məni qız-gəlinlər bəzək əşyası kimi saçlarına taxaydı. Məndən tac hörüb başlarına qoyaydılar. Özü də bayram vaxtları yox, adi günlərdə də. Nə gizlədim, yenə görüşə gedən oğlan və qızların yaxasında olmaq istəyirəm.

İkinci Xarıbülbül ah çəkdi:

— Məni yanlış anlama, sadəcə, içdən istəmək lazımdı. Çox istəmək lazımdı. Məsələn, mən istəyirəm ki, əbədi olaraq xeyirin, xeyirxahlığın rəmzinə çevrilim.

Birinci gül ciddi-ciddi başını yellədi. Elə bu vaxt uğultu qopdu, möhkəm bir partlayış səsi eşidildi, yer silkələndi. Xarıbülbüllər sağı-solu, irəlini-gerini dinşədilər. Çıxılmaz vəziyyətə düşən çiçəklərə tərəf güllə ata-ata əli silahlı hərbçilər gəlirdi. Onların geyimləri, çəkmələri, tərzləri, bir sözlə, görkəmləri və davranışları çox tanış gəlirdi. Xarıbülbüllər, deyəsən, bu hərbçiləri çoxdan tanıyırdılar. Hər iki gülün avazımış üzündən çaşqınlıq yağmağa başladı. Partlayış səslərinin ardı-arası kəsilmirdi. Silah səslərindən qulaq tutulurdu. Hər şey bir yuxuya bənzəyirdi… Gözüaçıq görülən bir yuxu idi olanlar…

Birinci gül səntirləyib yıxılan yaralı əsgərin altında qalıb əzildi. Əsgərin yarasından axan qan Xarıbülbülü qırmızıya boyadı. Onun qabırğası gülü amansızca əzirdi. Bu olanlar birinci gülü dəhşətə gətirdi. Budur, təngnəfəs, silahının ucuna bərkitdiyi süngünü irəli tuşlayıb, gözlərini bərəldərək ətrafı nəzərdən keçirən başqa bir əsgərin baxışları ikinci Xarıbülbülün üzərində dayandı. O, gülü kökündən qoparıb, qeyd dəftərinin arasına qoydu. Sonra onu hərbi geyiminin cibinə dürtüb nəfəsini dərdi, iti addımlarla irəlilədi.

Hər iki gül Tanrıya acı-acı şikayətləndi.

Aradan bir neçə gün keçdi. Şəhid olmuş əsgərin nəşini palçığa bulaşan şinelinin yaxasından yapışıb yerdən qaldıranda döyüşçü dostlarının baxışları əzilmiş gülə sataşdı. Onun üzərinə günəşin gur işığı düşdü. Canında günün istisini duydu. Xarıbülbül onların diqqətindən yayınmamışdı. Döyüşcülər özlərindən xəbərsiz halda uzun-uzadı gülə baxdılar. Heç vaxt — nə çöldə, nə meşədə — heç yerdə belə çiçək görməmişdilər. Onlar əzilib qana bulaşan Xarıbülbülü yerdən götürüb həlak olan əsgərin yaxasına taxdılar. Dostlardan biri şəhidin başını dizi üstə qoyub yaxasındakı gülə pərişan halda baxıb onu sığalladı. Dodaqlarını şəhidin qulağına tutub nəsə pıçıldadı. Sonra ürəkparçalayan səslə:

— Əlvida, əziz şəhidim! — dedi. Elə həmin məqamda birinci gül başa düşdü ki, arzusuna çatıb: O, şəhid sinəsini bəzəyirdi.

Bu kədər fırtınası əsib-gurlayıb sakitləşəndən sonra arıq, kətan rəngli saçları olan başqa bir əsgər damağında qalmış siqaretdən dərin qullab aldı, ömrünü başa vurmuş kötüyü yerə atıb, çəkməsi ilə əzdi. Onun rəngi sapsarıydı. Sifəti dəli adamların sifətinə oxşayırdı. Əlləri də əsirdi. O, iki dəfə danışmağa cəhd elədi, heç nə deyə bilmədi. Səbirsizliklə kitelinin ciblərini eşələdi. İkinci Xarıbülbülü çıxarıb, mobil telefonuyla şəklini çəkdi. Ardınca «Yeni tarix yazdıq. Qarabağın döyünən ürəyi Şuşamız azad olundu! Başı dumanlı dağlar, İsa bulağı, Cıdır düzü düşmən əsarətindən qurtuldu» yazıb, doğmalarına mesaj göndərdi. Bir qədər əvvəlki mənasız baxışlar və qorxu ifadəsi onun üzündən silindi. İndi onun gözlərində həvəs və arzu parıldayırdı. Yaxında dayanmış döyüşçülər də balaca çiçəyə qəhrəman kimi baxırdı. Arada onların dərindən köks ötürmələri də eşidilirdi.

İkinci gül də arzusuna çatmışdı. Bu gündən o, zəfərin, qürurun, əbədiyyətin rəmzinə çevrildi. Baş verənlər həqiqətən qeyri-adi idi. Tam fikirləşdikləri kimi olmasa da, hər iki Şuşa Xarıbülbülünün diləkləri beləcə həyata keçdi. Arzular həmişə belə olur.

Qiymət