Xaliq Məmmədov (Azadi) – şeirlər

Xaliq Məmmədov

Söz məclisi

 

Bir söz məclisinə nəzər eylədim:

Sərraf öz kefində, söz öz kefində.

Gördüm ki, çatılmış ocaq boş yanır,

Qazan öz kefində, köz öz kefində.

 

Xoş niyyət tövsiyyə etsə də Mövlam,

Ürəklər boşalıb, yoxdu xoş kəlam.

Hərcayı sözlərdən  qarışıb aləm,

Qulaq öz kefində, göz öz kefində.

 

Ay Xaliq, uzaq tut tikanı güldən,

Haqqa fərman sayma, nə çıxsa dildən.

Nə xeyri deməknən:  ayıbdı eldən!

Deyən öz kefində, üz – öz kefində.

 

Tənhalıq düşüncələri

 

Yay keçdi, yetişdi yenə də payız

Saralan yarpaqlar yerə tökülür.

Pəncəra önündə durub əlacsız-

Baxıram, bayırda dünya sökülür!

 

Şüşəyə yapışan tənha vücudum,

Titrəyən budağı sayır həmdəmim.

Bilmirəm kimlərdi yaxınım-yadım!

Bilirəm: bu budaq, bu külək mənim!

 

Sinəmə bir sükut çöküb – nə şirin!

Əriyib, yox olub mənimçün dörd yan.

Olsam da tənhası bu göyün-yerin,

Küləklər qoymur ki, darıxam bir an!

 

Xəyalım qoşulub bu küləklərə!

Hansı illərimə qonaq olacaq?!

Qəlbimdə səslənən gündə min kərə-

Cavabsız suallar cavab alacaq…

 

Biləydim

 

Görməyə keçmişdən bircə günümü,

Fələkdən razılıq ala biləydim!

Enişdi-yoxuşdu həyat yolumda,

İzimi yenidən sala biləydim!

 

Çəkirəm həsrətin o keçən dəmin,

Gorünmür axırı nisgilin-qəmin!

Cavanlıq eşqimin, o ilk sevgimin,

Bir gecə mehmanı ola biləydim!

 

Dönəydim dağların axar selinə,

Gedəydim gəncliyin odlu ilinə!

Çevrilib o dövrün sevgi yelinə,

Bir gözəl köksünə dola biləydim!

 

Olaydı həmdəmim o yaşıl meşə,

Güləydi üzümə nərgiz- bənövşə!

Götürüb tütəyi çıxaydım döşə,

Bayatı üstündə çala biləydim!

 

Xaliqəm, gün keçir, ağarır saçlar,

Çoxalır kökcümdə həsrət, intizar!

Mənə  “Gəl!”- deyəydi o düzlər, dağlar,

Yer tapıb köksündə qala biləydim!

 

Yaylağın

 

Eldən ayrılığı əyib qəddini,

Çıxıbdı göylərə ahı yaylağın!

Yox olub mələşən qoyun-quzusu,

Tütəkli çobanı- şahı, yaylağın!

 

Yetim uşaq kimi boynunu bükür,

Gəlibdi payızı, göz yaşı tökür.

Binə həsrətində zülümlər çəkir,

Yoxdu keçən dəm-dəsgahı yaylağın!

 

Zirvələr sahibsiz, dərddən qocalıb,

Çəkdiyi “AH!”ları göyə ucalıb.

Köç edib obalar, çoxdan boş qalıb

Göy yaylağı-qərargahı, yaylağın!

 

Xaliqin keçənlər düşər yadına,

Bürünür sinəsi kədər oduna!

Eyləyər diləyi: yetsin dadına

Yaradanın o dərgahı yaylağın!

 

Dostum

 

Ay camahat, fikir verin,

Düşüb nə marağa dostum!

Rusca bildiyi sözləri,

Döndərir yarağa dostum.

Hamıya “svoloç!”- deyir,

Baxmır saqqal-bığa dostum!

Hər kəlməsi böyük yalan-

Sayır bizi çağa dostum!

Gəzir Ədalət Divanı,

Düşübdü sorağa dostum!

 

“Zəmanə axmaqdı”- deyir,

Əlini hər yerdən üzür.

Böhrandan söhbəti salır,

Qabağına araq düzür.

Ağır “dərdi unutmağa”-

“Pənco-pənco”, yüz-yüz süzür.

Bir manata “güllə atır”,

Günahı kənarda gəzir.

Qan ağlayır, “yoxdu” – deyir,

Güc verir arağa dostum!

 

Hər nə gəldi, içən deyil,

“BELUQA”ya naz eyləyir!

“Smirnov”la yox arası,

“Bomond” görür, söz eyləyir.

Yalnız İsveçə inanır,

“Absalyut”a göz eyləyir!

Dörd tərəfə söyö-söyə,

Özün düppə-düz eyləyir.

Axırda da, qan-yaş tökür,

Çevrilir yazığa dostum!

 

Kimsəyə verməyib xeyir,

Hamı buna əl verməli.

Qaba, savadsız gövdədə,

Baxan-alimi görməli.

Kim görsə ağlamaq tutur,

Sayır özünü gülməli.

Cəhd eyləmir axtarışa-

Bəxt özü evə kəlməli.

Dillənənin sözün kəsir,

Çıxır çox qırağa, dostum!